Slovakiya ilə münasibətlərdə yeni mərhələ: Unikal tarixi dövr yaşanır
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Dekabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasına rəsmi səfər edib.
Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlət başçısı qeyd edib ki, birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir:
“Slovakiya ilə Azərbaycan, sözün əsl mənasında dost ölkə və strateji tərəfdaşlardır. Keçən il ilk dəfə Azərbaycan qazı Slovakiyaya ixrac edilib. Azərbaycan qazının ixrac edildiyi ölkələrin sayı 14-ə çatıb”.
Azərbaycan Prezidenti vurğulayıb ki, yeni qaz yataqlarının işlənməsi hesabına qaz həcmi daha da artacaq:
“Bu gün 8 AB-yə üzv ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin edir. Müdafiə sənayesi sahəsində əməkdaşlığa gəldikdə qeyd edilməlidir ki, biz müharibə aparmaq fikrində deyilik. Sadəcə burada bir sinergiya yaratmaq üçün yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər. Bu istiqamətdə konkret layihələr üzərində çalışırıq”.
Səfər çərçivəsində keçirilən görüşlərdə müxtəlif məsələlər müzakirə olunub. Bu müzakirələr iki ölkə arasındakı münasibətlərin gələcək inkişafını aydın şəkildə göstərib.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, bu gün Avropa İttifaqı dünyanın güc mərkəzlərindən biri olduğu üçün Azərbaycan-Avropa münasibətləri elə bir səviyyəyə çatıb ki, avropalılar artıq Azərbaycanla strateji əməkdaşlıq qurmaq üçün böyük maraq göstərirlər:
“Avropa İttifaqı–Azərbaycan münasibətlərinin hazırkı durumunu dəyərləndirsək, həqiqətən də unikal bir tarixi dövr yaşadığımızı görərik. Azərbaycan lideri hal-hazırda Avropa İttifaqının gündəmini formalaşdırmaq imkanına malikdir — enerji təhlükəsizliyi, hərbi-siyasi məsələlər və strateji müttəfiqlik baxımından təsir rıçaqları olan dünya lideridir.
Ermənistan-Azərbaycan münaqişəsi tənzimləndikdən sonra Azərbaycan çox güclü potensiala sahib olub.
Cənab Prezidentin Slovakiyaya son səfəri yenə də Mərkəzi -Şərqi Avropada Azərbaycanın nüfuzunun göstəricisidir. Prezidentin qeyd etdiyi kimi, Azərbaycan ümumilikdə 14 ölkəyə qaz ixrac edir ki, bunlardan 11-i Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzv ölkəsidir”.
Deputat vurğulayıb ki, Slovakiyayla münasibətlərə nəzər salsaq, Slovakiya Prezidentimizin ölkəyə ilk rəsmi səfərini qəbul edir:
“Keçən ildən başlayaraq Azərbaycan qazı Slovakiyaya ixrac edilir və elə keçən il dekabr ayında Slovakiya ilə Azərbaycan arasında strateji-tərəfdaşlıq münasibətlərini təsdiqləyən sənəd imzalanmışdır.
Beləliklə, Avropa İttifaqının 27 ölkəsindən 10-u, yəni 3-də 1-dən çoxu artıq Azərbaycanla strateji-tərəfdaşlıq münasibətlərinə malikdir və bunu təsdiqləmişdir.
Bu gün Azərbaycan-Avropa İttifaqı münasibətləri unikal bir hadisədir: Avropa İttifaqının üzvü olmayan Azərbaycan, blokun böyük marağına səbəb olan və geosiyasi gündəmin formalaşmasında mühüm aktora çevrilmişdir. Azərbaycan orta dəhlizin əsas açar ölkəsi olaraq Avropa İttifaqı üçün böyük maraq kəsb edir.
Avropa İttifaqının Azərbaycanla münasibətləri yalnız enerji təhlükəsizliyi ilə məhdudlaşmır. Düzdür, enerji təhlükəsizliyi çox mühüm amildir. Bundan əlavə, Avropa İttifaqı Azərbaycanla münasibətlərini qurarkən dünyanın əsas transit kommunikasiya xətlərinin keçdiyi orta dəhliz faktorunu da nəzərə alır. Çünki Ukrayna-Rusiya müharibəsi səbəbindən şimal istiqamətində heç bir marşrut işlək deyil.
Yaxın Şərqdəki gərginlik səbəbindən, istər Qırmızı dəniz vasitəsilə Süveyş kanalından keçməklə, istərsə də Fars körfəzindən keçməklə mümkün olan bütün marşrutlar risklərlə doludur. Buna görə də hazırda yeganə işlək marşrut, dəniz və okean sularından yan keçərək daha qısa zamanda, loqistik baxımdan daha ucuz şəkildə daşınmanı təmin edən orta dəhlizdir. Bu səbəbdən Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər orta dəhliz komponenti çərçivəsində qurulur və böyük diqqət cəlb edir”.
Tural Gəncəliyev əlavə edib ki, Slovakiya dənizə çıxışı olmayan bir ölkə olduğundan Azərbaycana bir fürsət və imkan pəncərəsi kimi baxır:
“Yəni Slovakiya kimi kiçik bir ölkə, Avropa İttifaqında bəzən kənarda qalan və strateji çəkisi az olan bir ölkə, Azərbaycanda əməkdaşlıq kontekstində çox güclü mövqe əldə edir. Ona görə hesab edirəm ki, Slovakiyanın xarici siyasət kursu ilə Azərbaycanın siyasət kursu arasında da oxşarlıqlar mövcuddur. Slovakiya müstəqil və suveren siyasət aparır. Mən hələ Xarici İşlər Nazirliyində diplomat işlədiyim vaxt, 10 il bundan əvvəl Çexiyadakı Azərbaycan səfirliyinə ezam olunduğum zaman, Çexiya və Slovakiya yaxın qonşu ölkələr olduğundan Slovakiya siyasətini yaxından izləyirdim. Vişeqrad Qrupu dördlüyü çərçivəsində Slovakiya, Avropa İttifaqı çərçivəsində olsa belə, öz müstəqil və suveren xarici siyasətini, milli maraqlarını qətiyyətlə müdafiə edən və öz dəsti xətti olan bir ölkə kimi tanınmışdır.
Ona görə də Slovakiya hazırda Azərbaycanda əməkdaşlığa böyük önəm verir və bu, təbii ki, mühüm amil hesab edilir. Slovakiya üçün və Mərkəzi və Şərqi Avropada, ümumiyyətlə Avropa İttifaqında Azərbaycanın artan nüfuzu, strateji çəkisi və geosiyasi gündəmlərə təsir etmək qabiliyyəti Azərbaycanın potensialını açıq-aşkar ortaya qoyur”.
Deputat qeyd edib ki, müharibəni başa çatdırdıqdan sonra Azərbaycan qlobal siyasətdə aktiv rol oynayır və Avropa İttifaqı da dünyanın güc mərkəzlərindən biri kimi istisna deyil.
“Cənab Prezident bir daha vurğuladı ki, Azərbaycan hazırda 25 milyard kub metr qaz ixrac edir və bu qaz 14 ölkəyə göndərilir. Bunlardan 11-i Avropa ölkəsi, 8-i isə Avropa İttifaqı üzv ölkəsidir. Azərbaycanın gücü və stabil tərəfdaş kimi nüfuzu Avropa İttifaqı tərəfindən çox güclü və dərin şəkildə qiymətləndirilir”,-deyə deputat fikirlərini yekunlaşdırıb.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 10 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















