“Son mənzil”in mənəvi dəyəri və “bazar” qiyməti
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məzar yerlərini qazanc mənbəyinə çevirənlər kimlərdir?
Bu gəlimli-gedimli, bir ucu ölümlü dünyanın qonağıyıq hamımız. Nə ömrə-günə etibar var, nə də “beşiyindən bizə tabut düzəldən, bələyindən kəfən tikən” dünyaya. Elə buna görədir ki, insan sabahın xəyalını qurduğu vaxtda belə ömür yolunun son dayanacağı barədə düşünür. Bəzisi var-dövlətini kimə miras qoyacağını, kimisi də son mənzilə necə yola salınacağını götür-qoy edir.
Ölüm qarşısında hamı bərabərdir, nə varlının torpağı geniş, nə də kasıbın qəbri dar olur. Amma sonsuz arzuların dalınca yürüdüyümüz enişli–yoxuşlu həyat yolunun sonuna çatanda da kasıbla varlı təbəqə arasında fərq özünü göstərir. Həyatda şad-xürrəm yaşayan, hər nazü-nemətdən dadanlar son mənzili də “yaxşı yerdən” seçir, lazım gəldi-gəlmədi böyük bir sahəni zəbt edirlər. Halal zəhmətlə yaşayan, övladına yük olmaq istəməyən kasıb valideyn isə dolanışacağına güclə yetən təqaüdündən qəpik-qəpik yığıb özünə qəbir evi almağa çalışır. Sözsüz ki, ömür vəfa etsə ...
Avropa ölkələrinin əksəriyyətində qəbiristanlıqlar dövlətin, bələdiyyələrin və ya dini icmaların idarəçiliyindədir. Bu ölkələrdə torpaq ehtiyatlarının qorunması, qəbiristanlıq sahələrinin səmərəli idarə olunması məqsədilə hüquqi baxımdan vətəndaş qəbir yerlərindən müəyyən müddət istifadə edə bilir.
Türkiyədə bələdiyyələr müəyyən kateqoriyalar üçün dəfn yerini pulsuz ayırır. Xüsusi ərazilərdə, ailə məzarı və ya əvvəlcədən qəbir yeri ayrılması üçün isə ödəniş tələb olunur. Lakin ödəniş edildikdə belə həmin torpaq yeri satılmır, vətəndaşa istifadə hüququ verilir.
Almaniya, Fransa, Böyük Britaniya, Niderland və Belçikada qəbir yerləri əsasən müddətli konsessiya əsasında ayrılır. Ailələr torpağın mülkiyyətini deyil, müəyyən müddətə dəfn hüququ əldə edirlər. Müddət bitdikdə yenidən ödəniş etməklə vaxtı uzatmaq olar. Əks təqdirdə, qanunvericiliyin tələblərinə uyğun olaraq, xüsusilə böyük şəhərlərdə torpaq çatışmazlığı səbəbindən həmin sahə hüquqi prosedurdan sonra yenidən istifadəyə verilir. Skandinaviya ölkələri – İsveç, Norveç və Danimarkada da oxşar model tətbiq olunur.
Ölkəmizdə qəbiristanlıqların idarə olunması “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlar və Nazirlər Kabinetinin təsdiq etdiyi “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” ilə tənzimlənir. Qaydalara əsasən, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan və kimsəsiz şəxslərin dəfn edilməsi üçün qəbir yerləri qəbiristanlığın müdiriyyəti tərəfindən ödənişsiz ayrılır.
Amma gündəlik həyatımızda dəfn yerlərinin satılması, məzarlıqların “xüsusi zonalara” bölünməsi, bir sözlə, insanın son haqqının alverə çevrilməsi hallarına tez-tez rast gəlinir. Etiraf edək ki, dünyadan köçən şəxsin yaxınının müvafiq quruma müraciət edib asanlıqla, ödənişsiz qəbir yeri ala bilməsi müşkül məsələdir, bəzi hallarda isə mümkünsüzdür. Çünki məzarlıqlar bir qrup insanın gəlir mənbəyinə çevrilib.
Bəs dinimizdə bu məsələyə necə yanaşılır? Qəbir yerlərinin pulla verilməsi, məzarlıqların əlavə tikililərlə bəzədilməsi İslamın prinsipləri baxımından düzgündürmü? Mövzunun aktuallığını nəzərə alaraq öncə məsələnin dini və mənəvi aspektlərini araşdırmağa çalışdıq.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Fuad Nurullayev qəbiristanlıq torpaqlarının din və şəriət baxımından vəqf mülkiyyətinə aid edildiyini bildirdi:
– Vəqf mülkiyyəti Allah adına ayrılmış və hədiyyə olunmuş deməkdir. Bu mülkiyyətə qəbiristanlıqlar, məscidlər, müxtəlif ibadətlər, ayinlər və dini hökmlərin icrası üçün ayrılan ərazilər daxildir. Hətta həmin yerlərə hədiyyə olunan hər hansı əşya da vəqf mülkiyyətinə aid edilir. Yəni xalqın, cəmiyyətin vəqf mülkiyyətində haqqı və hüququ var. Dəfn yerlərinin verilməsinə gəlincə, qeyd edim kmi, hər hansı qəsəbə, kənd və rayonda ayrılan qəbiristanlıq torpaqlarında məhz o ərazidə yaşayan insanlar dəfn olunmalıdır.
Məzar yerlərinin alqı-satqısı ilə məşğul olmaq şəriət qanunlarına zidd və eyni zamanda, günahdır. Bir məsələni də qeyd etmək istəyirəm. Bəzi insanlar rəhmətə gedənini dəfn edərkən əlavə yer alır, düşünürlər ki, valideynin yanında dəfn edilməyin böyük savab və fəziləti var. Xeyr, dinimizdə belə bir zərurət yoxdur. Haqq dünyasında insanları bir-birinə yalnız əməlləri yaxınlaşdırar. İslam qanunlarında doğmasının yanında başqa adamın dəfn olunmasına icazə verməmək kimi hökm yoxdur. Belə məsələlərdə həssas olmalı və qaydalara düzgün riayət etməliyik.
Müsahibimiz məzarlıqların hasara alınması və ya qəbirlərin üzərində hər hansı bir tikilinin də şəriət qanunlarına zidd olduğunu dedi. Bir məqama da aydınlıq gətirdi ki, istisna hallarda bəzi məzarların üzərində hər hansı tikilinin olması icazəlidir və bu, zərurətdən doğur:
– Vətənimizin müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın, dövləti, xalqı yolunda canını fəda etmiş tarixi şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə tikilməsini, yaxud bir nişanə qoyulmasını dinimiz, şəriətimiz inkar etmir. Bu, millətin formalaşmasına, inkişafına göstərilən xidmətə, vətən sevgisinə verilən yüksək qiymətdir. Lakin rəhmətə gedən sadə insanların məzarları üzərində qeyri-adi tikililərin aparılmasına, ətrafının hasarlanmasına dinimizdə icazə verilmir.
Fuad Nurullayevin fikirlərinə istinad edərək məsələyə daha geniş mənada yanaşdıq. Bəli, çox təəssüf ki, təmtəraqlı qəbirüstü abidələrin, hündür hasarların, çardaqların bu dünyada qaldığını, həyatdan köçənlərimizə zərrə qədər də xeyri olmadığını bilə-bilə torpağın altındakı bərabərliyi yerüstü bərabərsizliyə tabe etdirməyə çalışırıq. Əlbəttə, yaxının, doğmanın qəbrini ziyarət etmək mənəvi borcdur. Amma bəlkə də sağlığında günlərlə, həftələrlə, hətta aylarla valideyninə baş çəkib halını soruşmayan övlad ata-anası dünyasını dəyişdikdə onun məzarı üstündə “cah - cəlal” yaradır. Yaxud dünyadan vaxtsız köçən insanların valideynləri özlərini ovutmaq üçün bəzən məzarlıqda “imarət” ucaldırlar.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov qeyd etdi ki, İslam bütün hallarda ayrı-seçkiliyin əleyhinədir.
– Əslində, Həccdə, Ümrədə insanların eyni geyim geyinməsinin bizə verdiyi mesaj odur ki, hamımız Adəm övladıyıq və dinimiz insanlar arasında ayrı-seçkiliyə imkan vermir. Qəbiristanlıqlarda da belə hallar yolverilməzdir.
Ümumiyyətlə, İslama görə bahalı başdaşıların qoyulması, istifadəsi qəti qadağandır. Qəbrin hündürlüyü cəmi 3 qarış olmalıdır. Amma təəssüf ki, bu gün qəbirlərin üzərində imarətlərin tikildiyinin şahidiyik. İslam dini nəinki buna icazə vermir, bu əməllər dinimizdə günah sayılır. Məsələ ondadır ki, heç də cəmiyyətin bütün təbəqələrinin kifayət qədər imkanı yoxdur ki, onlar da bu cür etsinlər. Təsəvvür edin ki, bir insan çox cüzi maddi imkanlara malikdir, doğmasının qəbir daşını ucuz qiymətə götürür və bir də onun qəbrinin yanında çox bahalı daşlar, bahalı ağaclar, güllər, çardaqla bəzədilmiş bir məzar var. Belə hallar cəmiyyətdə ciddi narazılıq doğurmaqdadır.
Qəbiristanlıqlarda qoyulan bahalı başdaşları, ətrafda əkilən ağaclar, güllər artıq əndazəni aşır. Bu məsələlərin insan dünyadan köçəndən sonra onun üçün heç bir xeyri yoxdur. Əksinə, bunu edən insanlar pulda, malda, dövlətdə israfçılıq etdiklərinə görə böyük günah qazanırlar. Bu mənada, biz vətəndaşlara müraciət edirik ki, belə əməllərdən çəkinsinlər. İslam dini insanları israfçılıqdan uzaq olmağa çağırır.
Respublikamızda qəbiristanlıqlarda israf edilən maliyyəni, vəsaiti hesablasaq, yüz milyonlardan söhbət gedir. Və nəzərə alsaq ki, bu bahalı daşların çoxu xaricdən gətirilir, təsəvvür edin ki, nə qədər böyük vəsait ölkəmizdən xaricə çıxarılır. Bu çox ciddi narahatlıq doğuran məsələdir.
Məsələnin dini və mənəvi tərəfinə ilahiyyatçıların mövqeyində aydınlıq gətirməyə çalışdıq. Təbii ki, problemin hüquqi və idarəetmə müstəvisi də var. Qeyd etdiyimiz kimi, Nazirlər Kabinetinin təsdiq etdiyi vahid qaydalara uyğun olaraq ümumi istifadədə olan qəbiristanlıqların salınması, saxlanılması, idarəsi, abadlaşdırılması və mühafizəsi bələdiyyələrin səlahiyyətlərinə aiddir. Elə bu səbəbdən qəbir yerlərinin satılması ilə bağlı iddiaların və mövcud qaydaların tətbiqi barədə bələdiyyə sədrlərinin fikirlərini öyrəndik.
Suraxanı rayon Zığ bələdiyyəsinin sədri Arzu Aslanova bildirdi ki, qanunvericiliyə görə, məzarlıqlar municipal mülkiyyətdə tənzimlənən dövlət torpaqlarıdır və burada hər bir vətəndaşa dəfn yeri pulsuz ayrılır.
– Bələdiyyələr dəfnin qeydiyyatını aparır, qəbiristanlığın planlaşdırılmasını, sanitar-gigiyenik və ekoloji normаlara əməl olunmasını, eləcə də ərazinin abadlaşdırılması və qorunmasını təmin edir. Məzar yerlərinin satılması və ya bu prosesin hər hansı alver obyektinə çevrilməsi qətiyyən yolverilməzdir, hüquqa və mənəviyyata ziddir. Qanunvericilikdə hər bir vətəndaşın bərabər hüquqları var. Əsas məqsədimiz dəfn xidmətlərini mərkəzləşdirilmiş və nəzarət olunan qaydada təşkil edərək hər hansı qanunsuz müdaxilələrin kökünü kəsməkdir.
Qəbiristanlıqların idarə olunması qaydalarını pozan, torpaq sahələrini qanunsuz satan, şəxsi qazanc məqsədilə istifadə edən və ya məzarlıq ərazisinə zərər vuran şəxslər barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və müvafiq hallarda Cinayət Məcəlləsində məsuliyyət tədbirləri nəzərdə tutulub. Vəzifəli və ya digər şəxslər tərəfindən yol verilən qanun pozuntuları inzibati cərimələrdən tutmuş cinayət məsuliyyətinə qədər ciddi hüquqi nəticələr doğurur.
Sədr qeyd etdi ki, Suraxanı rayon Zığ bələdiyyəsinin balansında bir qəbiristanlıq fəaliyyət göstərir. Sakinlərin dəfn yeri ilə bağlı müraciətləri operativ və tam təmənnasız şəkildə həyata keçirilir. Vətəndaş vəfat haqqında tibbi arayış və ya şəhadətnamə ilə müraciət etdikdə, bələdiyyənin məsul əməkdaşı ardıcıllıq qaydasında boş olan seksiyadan dərhal dəfn yeri təyin edir, müvafiq kitabda qeydiyyat aparır və heç bir süni maneə yaradılmır. Onu da deyim ki, Nazirlər Kabinetinin müəyyən etdiyi standartlara əsasən, bir nəfər üçün ayrılan qəbir yerinin uzunluğu 2, eni 1, dərinliyi isə 1.5 metr təşkil edir. Qəbirlər arasında keçid üçün müəyyən olunmuş məsafələr də ciddi şəkildə qorunmalıdır.
İnsan vəfat etmədən qəbir yerinin rezervasiya olunması və ya satılması qəti qadağandır. İstisna hal yalnız vəfat etmiş şəxsin yanında həyat yoldaşı üçün əlavə bir nəfərlik yerin ayrılması ilə bağlı ola bilər ki, bu da yalnız yaxınlarının müraciəti ilə tənzimlənir. Qeyri-qanuni şəkildə əvvəlcədən yer “rezerv” etmək torpaq resurslarının ədalətsiz bölgüsünə və sosial narazılığa səbəb olur. Tərəfimizdən bu prosesə ciddi nəzarət olunur və ərazidə yalnız faktiki vəfat halı olduqda sıranı gözləməklə yer ayrılır.
Bələdiyyəmizin balansında olan qəbiristanlıq ərazisi müvafiq seksiyalara bölünüb və hər seksiya nömrələnib. Girişdə quraşdırılan məlumat lövhəsində ərazinin xəritə-sxemi, seksiyalar, dəfn qaydaları haqqında ətraflı məlumat əks olunub ki, vətəndaşlar əraziyə daxil olarkən öz hüquqlarını və planlamanı aydın görə bilsinlər.
Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov dedi ki, vətəndaş ölüm faktını təsdiq edən sənəd və vəfat etmiş şəxsin şəxsiyyət vəsiqəsinin surətini təqdim etdikdə qəbiristanlığın müdiriyyəti müraciətə dərhal baxmalı və boş yer olduğu halda dəfn üçün yer ayırmalıdır:
– Ölkə vətəndaşlarının, eləcə də qaydalarda nəzərdə tutulan digər şəxslərin dəfni üçün qəbir yerləri ödənişsiz ayrılır. İnsanın ən ağır və həssas məqamında qeyri-qanuni ödəniş tələb edilməsi qanunvericiliyə ziddir. Qaydalar qəbir yerlərinin ödənişsiz ayrılmasını və qəbirlərin müəyyən edilmiş ardıcıllıqla yerləşdirilməsini nəzərdə tutur. Hətta şəffaflığın təmin olunması məqsədilə qəbiristanlığın girişində boş qəbir yerlərinin sayı barədə məlumatın yenilənməsi tələb olunur. Sosial vəziyyətindən asılı olmayaraq, dəfn üçün qəbir yeri məsələsində hamıya eyni münasibət göstərilməlidir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına dair ayrıca müddəa mövcuddur. Məsələn, dəfn barədə məlumatın vahid dövlət reyestrinə daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək cərimə edilə bilərlər. Bundan əlavə, konkret pozuntunun xarakterindən asılı olaraq digər qanunvericilik normaları ilə də məsuliyyət yarana bilər.
Qaraçuxur bələdiyyəsinin balansında 2 qəbiristanlıq var. Qəbiristanlıqların idarə olunması, ərazidə təmizlik və abadlıq işlərinin aparılması, sanitar vəziyyətin qorunması və dəfn prosesinin müəyyən edilmiş qaydalara uyğun təşkili daim diqqət mərkəzində saxlanılır. Dəfn yeri ilə bağlı müraciətlər müəyyən edilmiş qaydada qəbul olunur. Vəfat faktını təsdiq edən sənədlər təqdim edildikdən sonra boş qəbir yeri olduğu halda müraciətə dərhal baxılır və yer ayrılır. Burada əsas prinsip qəbir yerlərinin müəyyən edilmiş sıra və seksiyalar üzrə ayrılması, bütün dəfnlərin qeydiyyata alınması və məlumatların vahid dövlət reyestrinə daxil edilməsidir. Boş yer olmadığı halda isə qəbiristanlığın müdiriyyəti bələdiyyəni məlumatlandırmaqla digər qəbiristanlıqda boş yer ayrılmasına köməklik göstərməlidir.
Bələdiyyə sədri əvvəlcədən, yəni ehtiyac olmadan qəbir yerlərinin verilməsinin böyük narazılıq doğurduğunu da vurğuladı:
– Bu məsələdə qanunvericilik kifayət qədər konkret yanaşma müəyyən edir. Ümumiyyətlə, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Yalnız xüsusi bir hal istisna təşkil edir: vəfat edənin həyat yoldaşının yazılı müraciət əsasında dəfn olunmuş şəxsin yaxınlığındakı qəbir yerini əvvəlcədən götürməsinə icazə var. Belə rezervasiya da mütləq qeydiyyata alınmalı və vahid dövlət reyestrində əks etdirilməlidir. Ərazidə boş yerlərin müəyyən şəxslər tərəfindən əvvəlcədən tutulması digər vətəndaşların, xüsusilə aztəminatlı ailələrin yaxınlarının dəfn olunması zamanı çətinliklə üzləşməsinə səbəb olur.
Qaydalar qəbiristanlıq ərazisində qəbir yerlərinin yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyəti, milli adət-ənənələri və müəyyən edilmiş qəbir ölçüləri nəzərə alınmaqla seksiyalara ayrılmasını tələb edir. Bu barədə məlumat məzarlığın girişində aydın görünən elan lövhəsində yerləşdirilməlidir. Bu tələb təsadüfi deyil. Məqsəd sistemli yerləşdirmənin və dəfn mərasimlərinin milli və dini ənənələrə uyğun təşkilinin təmin edilməsidir. Eyni zamanda qəbiristanlıqlarda boş və tutulmuş yerlərin uçotu aparılmalı, qəbirlərin sıra ardıcıllığına riayət olunmalı və məlumatlar müvafiq reyestrə daxil edilməlidir.
Daha bir vacib məqamı da diqqətə çatdırmaq istəyirəm. Belə ki, qaydalara əsasən, qəbiristanlığın sanitariya mühafizə zonasında yaşayış və ictimai binaların, kənd təsərrüfatı və qida məhsullarının istehsalı müəssisələrinin, məişət-içməli su təchizatı qurğularının tikintisinə yol verilmir. Təbii ki, gül, yaxud dəfn xidmətləri və qəbir ziyarəti zamanı tələb olunan ləvazimatların satışı üçün ərazidə köşklər quraşdırılır. Bu mənada, qanunla icazə verilən xidmət obyektləri ilə qanunsuz kommersiya fəaliyyəti dəqiq şəkildə fərqləndirilməlidir. Qəbiristanlıq dəfn və ziyarət məkanıdır və onun ərazisində sanitariya, ekoloji və mənəvi-etik tələblərə ciddi əməl olunmalıdır.
Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov, Bülbülə bələdiyyə sədri Nəsib İsmayılov da məzar yerlərinin satılmasının həm dini, həm də qanunvericiliyin tələblərinə zidd, yolverilməz olduğunu, rəhbərlik etdikləri qurum tərəfindən dəfn yerlərinin ayrılmasının müəyyən olunmuş qaydalar əsasında həyata keçirildiyini vurğuladılar.
Qanunvericilikdə də, dinimiz də dəfn yerlərinin satılmasına yol verimir. Bəs, cəmiyyətdə baş alıb gedən narazılıqlar haradan qaynaqlanır? Sorğumuzu müxtəlif ünvanlara göndərdik. Cavab verən qurumlar dəfn yerlərinin satılmadığını, qanunvericiliyə əsasən vətəndaşlara ödənişsiz ayrıldığını bildirdilər. “Sizinlə əlaqə saxlanılacaq” kimi vədlər verən bələdiyyə sədrləri isə suallarımızı cavablandırmadılar. Bəlkə məsələnin görünməyən tərəflərini məhz elə bu susqunluğun arxasında axtarmaq lazımdır…
Redaksiyadan: Yeni Suraxanı və Abşeron rayon bələdiyyələri ilə dəfələrlə əlaqə saxlasaq da suallarımıza cavab ala bilmədik. Cavabsız qalan suallar isə başqa sual doğurur: onları cavab verməkdən çəkindirən nədir?
Mehparə ƏLİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 20 Avqust 2026 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















