Sükan arxasında infarkt keçirən sürücü həyatını itirdi
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Bilecik vilayətinin Bozüyük rayonunda sükan arxasında infarkt keçirən sürücü faciəvi şəkildə dünyasını dəyişib.
Avtosfer.az türk mediasına istinadən xəbər verir ki, hadisə Bozüyük–Eskişehir magistral yolunun Terminal prospekti hissəsində baş verib. 50 yaşlı Murat Tunçelinin idarə etdiyi 16 BOM 687 nömrə nişanlı avtomobil, hələ kimliyi müəyyən edilməmiş başqa bir nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin təsirindən avtomobil idarəetməni itirərək əks istiqamətdən gələn iki yükdaşıyan vasitəyə dəyib və dayanıb.
Əraziyə təcili yardım və polis əməkdaşları cəlb edilib. Aparılan ilkin tibbi müayinədə Murat Tunçelinin sükan arxasında olarkən ürək tutması nəticəsində qəza törətdiyi müəyyən edilib. O, dərhal Bozüyük Dövlət Xəstəxanasına aparılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb.
Hadisə zamanı yaralanan digər şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib, lakin onun səhhətinin stabil olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.(Sonxeber)


