“Sumqayıt” qəzetinin yetirməsi və rəhbəri
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
O, bütün varlığı ilə milli mediaya bağlı olan qələm sahiblərindəndir. 70 yaşı olsa da, gənclik şövqü, həvəsi ilə çalışır, sələflərinin estafetini inamla davam etdirir, gənc jurnalistlərdən qayğısını əsirgəmir.
Haqqında bəhs etdiyim Sübhan Qafar oğlu Quliyev 1956-cı il oktyabrın 21-də Tovuz rayonunun Göyəbaxan kəndində dünyaya göz açıb. Qovlar qəsəbəsindəkı 8 illik məktəbdə oxuyarkən stansiyada “nəfəs dərərək” Bakıya və ya Tbilisiyə yollanan qatarlara baxa-baxa xəyala dalar, arzu qanadlarında uzaqlara pərvazlanardı.
Orta məktəbi bitirən gənc Sübhanı tale yolları Sumqayıta gətirib. “Üzvi sintez” birliyində fəhləlik edib, istehsalatdan ayrılmadan şəhərdəki Kimya-Texnologiya Texnikumunda və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.
İlk yazıları Tovuzda çıxan “Həqiqət” qəzetində və “Pioner” jurnalında dərc olunan Sübhan Qafaroğlunun imzası sonralar “Sumqayıt”, “Azərbaycan gəncləri”, “Kommunist”, “Vışka”, “Bakinski raboçi” qəzetlərində, eləcə də “Azərbaycan qadını” jurnalında tez-tez görünməyə başlayıb.
Ordu sıralarında hərbi xidmətdən sonra yenidən Sumqayıta qayıdan Sübhanla ilk tanışlığımız da elə o vaxtlara təsadüf edib. İlk qələm təcrübələrimizi ürəyimiz əsə-əsə şəhər qəzetinin redaksiyasına aparar, Kamran Hacıyev, Xasay Cahangirov, Sevil Bayramova, Çingiz Süleymanzadə, Qüdrət Məlikov kimi peşəkar jurnalistlərə təqdim edər, dəyərli məsləhətlər alardıq.
Sübhan istehsalatı yaxşı bildiyi üçün bu mövzuda yazdığı məqalə, reportaj və oçerklər daha maraqlı alınardı. O, sonralar bir neçə il Sumqayıtın çoxtirajlı “Sintez” qəzetində müxbir kimi fəaliyyət göstərərək daha da püxtələşib. Düz 35 il əvvəl – 1991-ci ildə şəhər qəzetinə dəvət alan həmkarımız bu redaksiyada müxbir, sənaye və tikinti şöbəsinin müdiri vəzifələrində çalışıb. Artıq bir neçə ildir ki, “Sumqayıt” qəzetinin baş redaktorudur.
Sübhan Qafaroğlu yalnız ürəyinə yaxın olan, duyğu süzgəcindən keçirdiyi mövzulara könül verir. Şeirləri və publisistlik yazıları ölkə mətbuatında və almanaxlarda işıq üzü görüb. Müxtəlif illərdə çapdan çıxmış ikicildlik “Ömrümüzün günəşi” kitabının həmmüəllifi, üçcildlik “Ömrə düşən izlər”, “Zəhmət və gözəllik”, ikicildlik “Sumqayıtın işığında” və “Möcüzə şəhər” kitablarının müəllifidir. Mükafatları, təltifləri də var. Gənclik şəhərinin tərəqqi salnaməsini yorulmadan qələmə aldığına görə “Tərəqqi” medalına layiq görülüb.
Son illər şəhər və rayon qəzetlərinin bir çoxu fəaliyyətini dayandırsa da, Sumqayıt rəhbərliyinin dəstəyi və redaksiya kollektivinin fədakar səyləri ilə “Sumqayıt” qəzetinin çapı davam edir. Şəhərin ictimai-siyasi və mədəni həyatında baş verən mühüm hadisələr, ilk növbədə, məhz bu qəzetdə işıq üzü görür. Sübhan Qafaroğlu qəzetin baş redaktoru kimi işinə böyük məsuliyyətlə yanaşır, şəhər həyatının mətbu güzgüsündə aktual mövzularda olan yazılara daha çox üstünlük verir.
Ömrünün 35 ilini həsr etdiyi qəzetin yaşaması həmkarımızın 70 illik yubileyinə ən böyük dəyərdir.
Əli NƏCƏFXANLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 22 Oktyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















