Süni intellekt əmək bazarını necə dəyişir?
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarında yeni imkanlar yaratmaqla yanaşı, peşələrə və tələb olunan bacarıqlara dair yanaşmaları da dəyişir. Bu şəraitdə işçilərin yeni texnologiyalara uyğunlaşması, süni intellekt bacarıqlarının inkişafı və gələcəyin əmək bazarına hazırlıq məsələləri xüsusi aktuallıq qazanır.
Bu dəyişikliklərin Azərbaycan əmək bazarına təsirini, işçilər qarşısında yaranan yeni tələbləri və insan kapitalının inkişaf perspektivlərini Milli Süni İntellekt Mərkəzinin İnsan resurslarının idarə olunması departamentinin müdiri Günel Mahmudova ilə müzakirə etdik.
– Bu gün Azərbaycan əmək bazarında süni intellekt bacarıqlarına real tələbatı necə qiymətləndirirsiniz?
– Azərbaycan əmək bazarında süni intellekt bacarıqlarına tələbatın artdığını müşahidə edirik. Bu tendensiya rəqəmsal transformasiya proseslərinin sürətlənməsi və süni intellekt texnologiyalarının müxtəlif iqtisadi fəaliyyət sahələrində tətbiqinin genişlənməsi ilə bağlıdır. Dəyişikliklər işəgötürənlərin əməkdaşlardan gözlədiyi bilik və bacarıqlara da birbaşa təsir göstərir.
Müasir əmək bazarında müxtəlif peşə sahiblərinin süni intellekt alətlərinin imkanlarını anlaması, onlardan işin xarakterinə uyğun istifadə etməsi və əldə olunan nəticələri düzgün qiymətləndirməsi getdikcə daha çox əhəmiyyət qazanır. Məsələn, maliyyə sektorunda məlumatların təhlili və risklərin qiymətləndirilməsi, marketinqdə istehlakçı davranışlarının öyrənilməsi, təhsildə fərdiləşdirilmiş öyrənmə imkanlarının yaradılması, sənayedə isə istehsal proseslərinin optimallaşdırılması süni intellektin tətbiq oluna biləcəyi istiqamətlərdəndir.
Bu baxımdan, süni intellekt bacarıqlarını yalnız texniki biliklər çərçivəsində qiymətləndirmək düzgün olmazdı. Verilənlərlə işləmək, analitik və tənqidi düşünmək, düzgün suallar formalaşdırmaq, texnologiyanın təqdim etdiyi nəticələri yoxlamaq, məlumatların təhlükəsizliyini qorumaq və süni intellekt həllərini mövcud iş proseslərinə inteqrasiya etmək bacarıqları da mühüm kompetensiyalar sırasındadır.
İnsan resurslarının idarə edilməsi baxımından bu dəyişikliklər iki istiqamətdə yeni yanaşma tələb edir. Bir tərəfdən, işə qəbul zamanı namizədlərin rəqəmsal və süni intellekt bacarıqlarının qiymətləndirilməsi aktuallaşır. Digər tərəfdən, əmək bazarında rəqabət qabiliyyətini qorumaq üçün artıq çalışan mütəxəssislərin biliklərinin yenilənməsi, əlavə bacarıqlar qazanması və yeni texnologiyalara uyğunlaşması vacibdir.
Milli Süni İntellekt Mərkəzi olaraq prioritetlərimizdən biri əmək bazarının formalaşmaqda olan ehtiyaclarına uyğun insan kapitalının inkişafını dəstəkləməkdir. Bu istiqamətdə süni intellekt üzrə bilik və bacarıqların genişləndirilməsi, cəmiyyətin müxtəlif təbəqələrinin yeni texnologiyalardan istifadə imkanlarının artırılması və mütəxəssislərin gələcəyin əmək bazarına hazırlanması mühüm məsələlərdir. Məqsədimiz texnologiyadan istifadə edən insanlarla yanaşı, onun imkanlarını düzgün dəyərləndirən, tətbiq sahələrini müəyyənləşdirən və konkret problemlərin həllində real fayda yaradan mütəxəssislərin formalaşmasına töhfə verməkdir.
– Süni intellektin geniş tətbiqi Azərbaycanda hansı peşələrin məzmununu daha çox dəyişə bilər?
– Süni intellektin təsirini konkret peşələrin yox olması prizmasından deyil, işin məzmununun və tələb olunan bacarıqların dəyişməsi kontekstində qiymətləndirmək daha məqsədəuyğundur. Çünki texnologiyanın inkişafı bir çox hallarda peşələrin tamamilə aradan qalxmasından daha çox, həmin peşələr çərçivəsində yerinə yetirilən tapşırıqların xarakterini dəyişir. Bu zaman bəzi funksiyalar avtomatlaşdırılır, yeni iş istiqamətləri yaranır, mütəxəssislərdən gözlənilən bilik və bacarıqlar isə yenilənir. Azərbaycanda da bu prosesin iqtisadiyyatın müxtəlif sahələrinə mərhələli şəkildə təsir göstərəcəyini gözləmək olar.
Maliyyə, hüquq, marketinq, insan resursları, müştəri xidmətləri, proqramlaşdırma və analitika kimi sahələrdə təkrarlanan və standartlaşdırılmış tapşırıqların avtomatlaşdırılması potensialı yüksəkdir. Məsələn, maliyyə sektorunda məlumatların emalı, ilkin hesabatların hazırlanması və müəyyən risk göstəricilərinin təhlili, hüquq sahəsində sənədlərin ilkin araşdırılması və müqayisəsi, marketinqdə mətnlərin hazırlanması və müştəri davranışlarının təhlili süni intellektin dəstəyindən faydalana bilən fəaliyyətlərdir.
Proqramlaşdırma və məlumat analitikası sahələrində də müəyyən dəyişikliklər baş verir. Süni intellekt kodun yazılması, təhlili və sınaqdan keçirilməsi, eləcə də böyük həcmli məlumatların emalı kimi tapşırıqlarda mütəxəssislərin işini sürətləndirə bilər. Lakin bu imkanlardan səmərəli istifadə etmək üçün problemin düzgün müəyyənləşdirilməsi, nəticələrin yoxlanılması, təhlükəsizlik tələblərinin nəzərə alınması və yekun qərarların məsuliyyətlə verilməsi vacibdir.
Bu dəyişikliklər əməkdaşların vaxtını daha çox strateji qərarverməyə, yaradıcılığa, mürəkkəb problemlərin həllinə və insanlarla qarşılıqlı əlaqə tələb edən fəaliyyətlərə yönəldə bilər. Məsələn, müştəri xidmətləri sahəsində standart sualların avtomatlaşdırılmış sistemlər vasitəsilə cavablandırılması əməkdaşlara daha mürəkkəb müraciətlərin həllinə və fərdi yanaşma tələb edən məsələlərə diqqət ayırmaq imkanı yaradır.
Bununla belə, transformasiyanın təsiri bütün peşələr və təşkilatlar üzrə eyni olmayacaq. Süni intellektin tətbiq sürəti müəssisələrin texnoloji imkanlarından, maliyyə resurslarından, məlumat infrastrukturundan, fəaliyyət sahəsindən və əməkdaşların hazırlıq səviyyəsindən asılı olacaq. Həmçinin hər hansı tapşırığın texniki baxımdan avtomatlaşdırıla bilməsi onun dərhal avtomatlaşdırılacağı anlamına gəlmir. Hüquqi məsuliyyət, məlumatların məxfiliyi, nəticələrin dəqiqliyi və insan nəzarətinin zəruriliyi kimi amillər də qərarvermədə nəzərə alınmalıdır. Buna görə Azərbaycanda peşələrin gələcəyini qiymətləndirərkən ümumi texnoloji tendensiyalarla yanaşı, ölkənin əmək bazarının xüsusiyyətləri və ayrı-ayrı sahələrin real ehtiyacları da nəzərə alınmalıdır.
Əsas məsələ texnologiyanın hansı işləri əvəz edə biləcəyi ilə yanaşı, insanların hansı yeni dəyəri yarada biləcəyini müəyyənləşdirməkdir. Bu yanaşma işçilərin dəyişikliklərə passiv şəkildə uyğunlaşmasını deyil, yeni imkanlardan istifadə edərək məhsuldarlıqlarını və peşəkar potensiallarını artırmasını nəzərdə tutur. Burada süni intellekt alətlərindən istifadə bacarığı ilə yanaşı, tənqidi düşüncə, ünsiyyət, yaradıcılıq, uyğunlaşma və peşəkar biliklərin davamlı inkişafı da mühüm əhəmiyyət daşıyır.
– İşçilər üçün əsas sınaq süni intellektdir, yoxsa süni intellektdən istifadə etməyi bacaran əməkdaşlarla rəqabətə hazır olmamaqdır?
– Əsas tələblərdən biri texnologiyanın yaratdığı dəyişikliklərə vaxtında uyğunlaşmaqdır. Süni intellekt bəzi tapşırıqları avtomatlaşdırmaqla işin məzmununu dəyişir, eyni zamanda, yeni bacarıqlara və fərqli peşə imkanlarına tələbat yaradır. Bu şəraitdə texnologiyadan istifadə etməyi bacaran əməkdaşlar tapşırıqları daha sürətli və səmərəli yerinə yetirməklə müəyyən üstünlüklər əldə edə bilərlər.
Bu prosesdə üstünlük yalnız süni intellekt alətlərindən istifadə edənlərdə deyil, həmin alətləri öz peşə bilikləri, analitik düşüncə və qərarvermə bacarıqları ilə birləşdirə bilən mütəxəssislərdə olacaq. Çünki süni intellektdən faydalı nəticə əldə etmək üçün alətdən istifadə etmək kifayət etmir; nəticələri düzgün qiymətləndirmək, mümkün səhvləri müəyyənləşdirmək və onları real iş prosesində tətbiq etməyi bacarmaq da vacibdir. Bu baxımdan, mövcud bilikləri davamlı şəkildə yeniləmək və yeni texnologiyaları öyrənməyə açıq olmaq əmək bazarında rəqabət qabiliyyətinin qorunmasında mühüm rol oynayacaq.
Bununla yanaşı, məsuliyyəti yalnız əməkdaşların üzərinə qoymaq düzgün olmazdı. Təşkilatlar da əməkdaşların yeni bacarıqlar əldə etməsi, dəyişikliklərə uyğunlaşması və texnologiyadan məsuliyyətli istifadə etməsi üçün müvafiq imkanlar yaratmalıdır. Təlim proqramlarının təşkili, praktiki öyrənmə imkanlarının genişləndirilməsi və süni intellektin iş proseslərinə mərhələli şəkildə inteqrasiyası bu baxımdan əhəmiyyətlidir. Əməkdaşlara lazımi dəstək göstərilməsi həm dəyişikliklərə uyğunlaşmanı asanlaşdırar, həm də texnologiyanın yaratdığı imkanlardan daha səmərəli istifadəyə şərait yaradar.
Gələcəyin əmək bazarında dayanıqlılığın əsas şərtlərindən biri davamlı öyrənmə və dəyişikliklərə uyğunlaşma bacarığı olacaq. Buna görə süni intellekti yalnız rəqabət amili kimi deyil, peşəkar inkişaf və məhsuldarlığın artırılması üçün bir imkan kimi də qiymətləndirmək lazımdır.
– İşçilər süni intellekt sahəsində fəaliyyətə nədən başlamalıdırlar?
– Süni intellekti ayrıca texnoloji mövzu kimi deyil, mövcud peşə bacarıqlarını inkişaf etdirmək üçün praktiki imkan kimi qiymətləndirmək lazımdır.
Başlanğıc üçün işçilər gündəlik fəaliyyətlərində konkret bir tapşırıq seçərək süni intellekt alətinin həmin işi necə daha səmərəli yerinə yetirməyə kömək etdiyini sınaqdan keçirə bilərlər. Burada yalnız nəticənin sürəti deyil, onun dəqiqliyi, keyfiyyəti və etibarlılığı da qiymətləndirilməlidir.
Eyni zamanda verilənlərlə işləmək, düzgün sorğu formalaşdırmaq, nəticələri tənqidi təhlil etmək və məlumat təhlükəsizliyi prinsiplərini anlamaq vacibdir.
Məqsəd süni intellekt alətlərini sadəcə öyrənmək deyil, onlardan istifadə etməklə konkret problemləri həll etməyi öyrənmək olmalıdır. Çünki əmək bazarında real üstünlük texnologiya haqqında bilikdən daha çox, həmin biliyi praktik nəticəyə çevirmək bacarığından yaranır.
Müsahibəni hazırladı:
Nurlan ABDALOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Oktyabr 2026 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















