Sürixdən Mir Şahinə sərt cavab gəldi: Niyə qorxursunuz?
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sürixdə yaşayan jurnalist Elbəyi Həsənli Mir Şahin Ağayevin İranda baş verənlərə qarışmamaq çağırışına açıq məktubla cavab verib.
Kult.az sözügedən açıq məktubu ictimai müzakirəyə təqdim edir:
Hörmətli Mir Şahin Ağayev!
Dəfələrlə özümə söz vermişəm ki, sizin yazdıqlarınıza reaksiya verməyim. Amma siz elə bir nöqtəyə toxunursunuz ki, burada susmaq artıq şəxsi mövqe yox, milli məsuliyyətsizlik deməkdir. “İki kran arasında” adlı statusunuz jurnalistika nümunəsi deyil. Bu, ictimai şüura çəkilən qadağa xəttidir.
Mətnin zahiri çağırışı guya “prioritetləri düzgün müəyyənləşdirməkdir”. Amma alt qatında açıq, kobud və təhlükəli mesaj var: “Güney Azərbaycan mövzusu təhlükəlidir. Bu barədə danışmayın”.
Məhz buna görə bu məktubu yazıram. Ağdərə ilə Təbriz arasında seçim varmı?
Siz deyirsiniz: “Ağdərədən fikirləşin, Azərbaycandan fikirləşin”.
Bu cümlə zahirən məsumdur. Əslində isə təxribatdır.
Kim deyib ki, Təbrizi düşünmək Ağdərəni unutmaq deməkdir?
Qarabağla Güney Azərbaycan arasında seçim qoymaq səlahiyyətini sizə kim verib?
Milli düşüncə “ya–ya da” məntiqi ilə işləmir.
Milli düşüncə “həm–həm də” məntiqidir.
Qarabağ bizim torpağımız idi, sübut etdik.
Güney Azərbaycan isə fars şovinizminin işğalı altında olan xalqımız və tarixi torpağımızdır. Bunu danmaq sadəcə səhv deyil, özünü inkardır.
“Daxili iş” arqumenti: köhnə xəyanətin yeni versiyası
Siz İranla bağlı danışanlara “daxili iş” deyirsiniz. Bu arqument bizə yad deyil. Vaxtilə Qarabağ haqqında da deyirdilər: “SSRİ-nin daxili işidir.”
O vaxt da susmağı tövsiyə edənlər vardı.
Türkiyədə də vardı, İranda da, Azərbaycanın özündə də vardı.
Və tarix onları bir adla tanıdı: susaraq işğala haqq qazandıranlar.
Susmayanlar isə haqlı çıxdı.
Susmayanlar tarix yazdı.
Susanlar tarixin zibilliyində qaldı.
Bu gün “İranın daxili işidir” deyib, Güney Azərbaycan mövzusunu bağlamaq, dünən bizə qarşı istifadə olunan arqumenti bu gün öz əlimizlə legitimləşdirməkdir.
Sual açıqdır: Doğrudanmı son 35–40 ildə milli kimliyimiz bu qədər aşınıb?
Prezidentin dediyi ilə sizin dediyiniz niyə ziddir?
Prezident İlham Əliyev açıq şəkildə deyir: “Mən 50 milyonluq Azərbaycanın prezidentiyəm”; “Bizim ailəmiz Türk Dünyasıdır!”
Bu, dövlət başçısının strateji baxışıdır.
Sizin yazınız isə praktik olaraq belə deyir: “O tay–bu tay sənin işin deyil”; “Güney barədə danışmaq təhlükəlidir”; “Susmaq və kran saymaq daha təhlükəsizdir”.
Bu nə deməkdir? Siz kimin strateji baxışını ifadə edirsiniz?
50 milyonluq Azərbaycan harada başlayır, harada bitir?
Sizin mətniniz Quzey Azərbaycandakı insana açıq mesaj verir: “Sənə aid olmayan mövzulardan danışma”.
Amma bu zaman sadə sual ortaya çıxır: Əgər Azərbaycan 50 milyonluqdursa, onun sərhədi haradadır? Arazda bitir?
Bu suala cavab vermədən “susmaq” çağırışı etmək jurnalistika deyil.
Bu, ictimai şüurun amputasiyasıdır.
Qorxu nədən qaynaqlanır?
Sizin yazınızdan qürur yox, qorxu axır. Qorxu ondandır ki, Güney mövzusu idarə olunmur, rəsmi şablonlara sığmır, senzura ilə tənzimlənmir.
Amma milli mövzular həmişə belə olub.
Onlar ya danışılaraq sağalır, ya da susdurularaq partlayır.
Media nə etməlidir? Jurnalistin işi mövzunu bağlamaq deyil, barmaq silkələmək deyil, “bura bax, ora baxma” demək deyil.
Jurnalistin işi ayırd etməkdir: təxribatla milli haqqı, xarici manipulyasiya ilə tarixi məsuliyyəti.
Əgər Güney Azərbaycan haqqında danışmaq “Sahar Azeri”likdirsə, onda tarixən Qarabağdan danışanların hamısı “təxribatçı” idi.
Bu məntiqlə “Oyan, oyan, Azərbaycan” deyən Şəhriyar, “Təbrizim” deyən Süleyman Rüstəm hamısı günahkardır. Bu absurddur. Və bu absurda xidmət etmək jurnalistika deyil.
Hörmətli Mir Şahin,
Azərbaycanla fəxr etmək onu yarımçıq sevmək deyil.
Qarabağı sevmək Təbrizi inkar etmək deyil.
Milli məsələni “vaxtsızdır” deyib kənara itələmək isə jurnalistika yox, qorxunun ideologiyaya çevrilməsidir. Siz Azərbycan xalqını milli yaddaşı itirməyə, manqurt olmağa səsləyirsiz. Öz anasını öldürən manqurt olmağı siz bu xalqa necə yaraşdırırsız? Belə taleyi bizə necə rəva görürsüz?
Sualım açıqdır və dəyişmir:
Güney mövzusu sizi niyə qorxudur?
Cavabı susmaqla yox, danışmaqla vermək lazımdır!
Baxış sayı:25
Bu xəbər 14 Yanvar 2026 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















