Suriyada kürd dilinin tanınması: Tarixi qərar, yoxsa siyasi manevr?
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Suriya Prezidenti Əhməd əş-Şaraa kürd dilini milli dil olaraq tanıyıb və ölkə vətəndaşlığının bütün kürdlərə aid ediləcəyini bildirib. Şaraanın imzaladığı sərəncama əsasən, kürd dili artıq Suriyada ərəb dili kimi statusda olacaq. Üstəlik, kürd əhalinin yaşadığı bölgələrdəki məktəblərdə kürd dilində təhsilə icazə veriləcək. Sərəncama əsasən, Novruz bayramı da Suriyada rəsmi bayramlar sırasına daxil edilib. Bu isə Suriyanın müstəqillik qazandığı 1946-cı ildən bəri ilk dəfədir ki, kürdlərin milli və dil haqlarının hökumət tərəfindən rəsmi olaraq tanınması deməkdir. Maraqlıdır ki, prezidentin bu qərarı ötən həftə Hələbdə kürd silahlıları ilə Suriya ordusu arasında toqquşmalardan sonraya təsadüf edir. Bu döyüşdən sonra Hələbin iki məhəlləsi kürd silahlılardan təmizlənib və Suriya ordusunun nəzarətinə keçib.
Bununla yanaşı, Suriyanın mərkəzi hökumətinə Türkiyənin dəstəyi də davam edir. Əhməd əş-Şəraa hökuməti Türkiyə tərəfindən hərbi, siyasi və hüquqi baxımdan dəstəklənir.
Təbii ki, ilk növbədə, bütün bunlar ondan xəbər verir ki, Suriya hakimiyyəti həm dinc kürdlərin bütün hüquqlarını rəsmi olaraq tanıyır, həm də YPG/SDQ-nin tərk-silahı və Suriyanın dövlət institutlarına inteqrasiya razılaşmasına tam əməl edir. Razılaşmanın şərtlərini pozan qruplaşmalar isə zərərsizləşdirilir. Bəs bu proses gələcəkdə regiona və regionla birbaşa və ya dolayısı ilə əlaqəli olan ölkələrə nə vəd edir?
Diqqəti çəkən ilk məqam sərəncamın hansı şərtlər və hadisələr fonunda verilməsidir. Belə ki, rəsmi Dəməşq və Suriya Demokratik Qüvvələri (SDQ) arasındakı inteqrasiya və tərk-silah razılaşması hələlik tam həyata keçirilməyib, razılaşmada qeyd olunan SDQ-nin öz idarəetmə və hərbi strukturlarını dövlətin strukturlarına daxiletmə prosesi yekunlaşmayıb, eləcə də bütün bunların fonunda Hələbdə tərəflər arasındakı qarşıdurma cəmi bir neçə gün əvvəl baş verib.
Bu kontekstdə sərəncam həm də Suriya hakimiyyətinin kürd icmasını terror qruplaşmalarının nəzarətindən uzaqlaşdırıb mərkəzi hökumətə bağlamaq addımı kimi görünür. Kürd siyasi və icma liderləri bu addımı ilkin olaraq müsbət qəbul etsələr də, tənqidçi baxışlar da az deyil. Məhz bu narahatlıq regionda ictimai etibarın bərpası üçün əsas maneələrdən biridir. Əgər bu qərar və onunla bağlı proses hökumətlə SDQ arasında daha geniş siyasi razılaşmaya çevrilərsə, bu, Suriyada mərkəzi hakimiyyətin güclənməsində və regionda qeyri-sabitliyin aradan qalxması istiqamətində rol oynaya bilər.
Türkiyə kontekstində isə Ankara üçün PKK-nin silahlı strukturlarının mövcudluğu və sərhəd təhlükəsizliyi əsas prioritetdir. Bu, Türkiyənin Suriyada hərbi müdaxilələrini davam etdirməsi ehtimalını azalda bilər, lakin tamamilə aradan qaldırmır.
Suriyadakı türk hərbi qüvvələrinə qarşı hücum və ya təxribat ehtimalına qarşı Türkiyə ordusu hazır vəziyyətdədir və Suriyanın ərazi bütövlüyünün qorunması istiqamətində terror təşkilatlarının silahı yerə qoyması prosesi ilə paralel şəkildə Suriya hökumətinə inteqrasiyası rəsmi Ankara tərəfindən diqqətlə izlənilir. Türkiyənin müvafiq rəsmi qurumları da milli təhlükəsizlik baxımından yaranacaq istənilən təhdidə qarşı cavab vermək gücünə, imkan və qabiliyyətə malik olduqları ilə bağlı xəbərdarlığı dəfələrlə qarşı tərəflərin diqqətinə çatdırıblar.
ABŞ Suriya kürdləri ilə uzun müddət bəzi mübarizələrdə müttəfiq olub. Yeni siyasi kontekst Vaşinqtonun da Suriya siyasətini yenidən korrektə etməsini gündəmə gətirir. ABŞ diplomatiyasının bu prosesi dəstəkləmək üçün nə dərəcədə rol oynayacağı da regionun gələcəyi baxımından mühüm aspektdir.
Beləliklə, Əhməd əş-Şaraanın qərarı tarixi addım hesab olunsa da, bunun real nəticələrini zaman göstərəcək. Çünki hüquqi əsasların gücləndirilməsi və tətbiqi, inteqrasiya prosesinin tam həyata keçirilməsi və beynəlxalq dəstək proseslərin hansı formada nəticələnməsinə təsir göstərəcək. Bütün bu qaranlıq məqamlar aydınlığa çıxarsa, Suriya yalnız daxili etnik gərginliyi azaltmayacaq, həm də region daha sabit və diplomatik fazaya keçid edə bilər. Əks halda, gərginlik yenə də davam edəcək.
Mərahim Nəsib
Baxış sayı:81
Bu xəbər 19 Yanvar 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















