Tailand Kamboca sərhədində atəşkəs niyə pozuldu və regionu nə gözləyir?
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Cənub-Şərqi Asiyada Tailand və Kamboca arasında sərhəd xəttində baş verən son insident regionda onsuz da həssas olan təhlükəsizlik balansını yenidən gündəmə gətirib.
Dekabrın sonlarında əldə olunan atəşkəs razılaşmasından cəmi bir neçə həftə sonra qarşılıqlı ittihamların və silahlı insidentin baş verməsi bu razılaşmanın nə qədər kövrək olduğunu göstərir. Hadisə təkcə iki qonşu ölkə arasındakı münasibətləri deyil, eyni zamanda ABŞ və Çin arasında bölgədə davam edən geosiyasi rəqabətin mümkün təsirlərini də ön plana çıxarır.
Belə bir şəraitdə sual yaranır: bu gərginlik lokal xarakter daşıyır, yoxsa daha geniş regional proseslərin tərkib hissəsidir?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ-nin bu gərginlikdən yararlanmaq potensialı var, amma bu, daha çox dolayı və diplomatik mexanizmlər üzərindən ola bilər. Onun sözlərinə görə, Vaşinqton regionda sabitliyi qorumağı Çin təsirinin balanslaşdırılması ilə paralel aparmağa çalışır. Belə insidentlər ABŞ-yə vasitəçi və ya təhlükəsizlik tərəfdaşı kimi çıxış etmək imkanı yaradır:
“Bununla yanaşı, Tailandın balanslı xarici siyasəti ABŞ-nin açıq dominant rol oynamasını çətinləşdirir. Kambocanın Çinlə yaxın münasibətləri də Vaşinqtonun manevr imkanlarını məhdudlaşdırır. Ona görə də, ABŞ bu gərginlikdən daha çox siyasi mövcudluğunu gücləndirmək üçün istifadə edə bilər, amma birbaşa eskalasiyada maraqlı deyil”.
“ABŞ və Çin arasında regional rəqabət bu sərhəd qarşıdurmasını dərinləşdirə bilərmi” sualına cavabında Z.Qarayeva bildirib ki, ABŞ-Çin rəqabəti regiondakı bir çox lokal münaqişələrə dolayı təsir göstərir və bu hadisə də istisna deyil. Kambocanın Pekinlə strateji yaxınlığı sərhəd insidentlərinə geosiyasi çalar verir. Tailand isə təhlükəsizlik məsələlərində ABŞ ilə əməkdaşlığı saxlayan, eyni zamanda Çinlə münasibətləri pozmayan ölkədir:
“Bu balanslı mövqe qarşıdurmanın genişlənməsinin qarşısını qismən ala bilər. Amma böyük güclərin rəqabəti fonunda hər bir lokal insident daha həssas qəbul olunur. Bu da risklərin artmasına səbəb olur”.

Züriyə Qarayeva: Qısa müddətdə gərginliyin tam aradan qalxması çətin görünür
Müsahibimiz hesab edir ki, hazırkı mərhələdə bunu atəşkəsin tam iflası kimi qiymətləndirmək tezdir. Daha çox razılaşmanın zəif mexanizmlərlə qurulduğunu göstərən bir epizoddan söhbət gedir. Belə hallarda əsas məsələ tərəflərin reaksiyasıdır. Politoloq bildirib ki, əgər insident qarşılıqlı ittihamlarla davam edərsə, atəşkəs faktiki olaraq mənasını itirə bilər. Amma diplomatik kanallar aktiv saxlanılarsa, vəziyyəti sabitləşdirmək mümkündür. Bu baxımdan həlledici olan siyasi iradədir.
Z.Qarayeva qeyd edib ki, qısa müddətdə gərginliyin tam aradan qalxması çətin görünür. Sərhəd məsələləri və tarixi narazılıqlar bu münasibətləri həmişə həssas edib. Eyni zamanda tərəflər genişmiqyaslı qarşıdurmanın hər iki ölkə üçün mənfi nəticələr verəcəyini anlayır. Bu da kompromis axtarışlarını stimullaşdırır.
“Regional təşkilatların və üçüncü tərəflərin vasitəçiliyi mühüm rol oynaya bilər. Ən real ssenari dalğavari gərginlik və nisbi sabitliyin növbələşməsidir”, - deyə Züriyə Qarayeva qeyd edib.
Zülfü Məmmədov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 07 Yanvar 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















