Tanışını döyərək öldürməkdə təqsirləndirilən şəxsin cəzası ağırlaşdırılıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Biləsuvarda tanışını döyərək qətlə yetirməkdə təqsirləndirilən Semur Məmmədquliyevin apellyasiya şikayəti, eləcə də dövlət ittihamçısının hökmdən verdiyi apellyasiya protesti ilə bağlı məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Semur Məmmədquliyevin cəzası 1 il 6 ay artırılıb. Ona qəti olaraq 16 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Semur Məmmədquliyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi
Qeyd edək ki, Cəbrayıl rayon prokurorluğunun yaydığı məlumata görə, ötən il oktyabrın 27-si saat 20 radələrində Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahveediyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub. Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


