Tehranda məcburi hicaba nəzarət üçün yüz minə yaxın qüvvə səfərbər ediləcək
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tehranda məcburi hicab qaydalarına nəzarəti gücləndirmək məqsədilə 80 min təlim keçmiş qüvvənin fəallaşdırılması planlaşdırılır.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bununla Tehranın Düzgün İşlərə Çağırış və Pis İşlərdən Çəkindirmə qərargahının katibi Ruhullah Mömin Nəsəb açıqlama verib.
Onun sözlərinə görə, "İffət və Hicab Vəziyyəti Otağı" adlı yeni qurum vasitəsilə qadınların hicaba riayət etməsi izləniləcək, düşmənin fəaliyyətləri təhlil ediləcək və aidiyyəti qurumlara təqdim olunacaq.
Layihə çərçivəsində 80 mindən çox nəzarətçi ilə yanaşı, 5 min hüquq-mühafizə əməkdaşı və təlimatçı da xüsusi hazırlıqdan keçərək, bu prosesə cəlb olunacaq.
Qeyd edək ki, İranda məcburi hicabla bağlı yeni qanun layihəsinin qüvvəyə minməməsinə baxmayaraq, "ictimai nizamın qorunması" adı altında hicab qaydalarını pozanlara qarşı sərt tədbirlər tətbiq olunmağa davam edir.

