Tək oğlun və pul verənlərin hərbi xidmətdən azad edilməsi mümkün olacaq? AÇIQLAMA
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hərbi xidmət və çağırış sisteminə edilən mümkün dəyişikliklər cəmiyyəti maraqlandıran əsas mövzulardan biridir. Bu yaxınlarda ölkədə həqiqi hərbi xidmət keçmədə son həddi 35 yaşdan 30 yaşa endirilib. Bu da, Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli 111-VIIQD nömrəli “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanunun tətbiqi ilə bağlı imzaladığı fərmanda əks olunub.
Əvvəllər həqiqi hərbi xidmət keçmənin son yaş həddi 35 idi. Artıq dinc və sülh dövründəyik. Müharibəni zəfərlə başa vurduq. Müharibə başa çatdıqdan sonra təhlükəsizlik mühitinin hökm sürməsi cəmiyyətdə hərbi xidmətə dair qaydalarla bağlı yeni fikirlər yaradıb. Xüsusilə, tək oğlu olan ailələr üçün əlavə güzəştlərin tətbiqi, arxa cəbhədə xidmət etdirilməsi və ya ümumiyyətlə, tək övladların hərbi xidmətə cəlb edilməməsi kimi məsələlər geniş müzakirə olunur. İctimai müzakirələrə çoxuşaqlı ailələr, xüsusilə də 3 və daha çox uşağı olan ailələrə verilən mövcud güzəştlərin 2 uşaqlı ailələr üçün də genişləndirilməsi ehtimalı da daxildir. Digər tərəfdən, sadaladığımız nüanslar reallaşarsa gələcəkdə hərbi xidmət etməyənlərin karyera planlarına təsiri ətrafında müəyyən suallar da yaranır.
Bununla yanaşı, ictimaiyyətdə ödənişli hərbi xidmət modelinin mümkün olma ehtimalının səslənməsidir. Nəzərə alsaq ki, bu model artıq Türkiyədə tətbiq olunur, Azərbaycanda da tətbiq olunarsa hansı nəticələr doğurar?

İctimaiyyəti maraqlandıran müzakirələrlə bağlı hərbi ekspert Üzeyir Cəfərov Avtosfer.az-a bildirib ki, tək övladların ümumiyyətlə, hərbi xidmətə göndərilməməsi məsələsi dəfələrlə müzakirə olunub və ordumuz tam peşəkar sistemə keçəndən sonra mümkün ola bilər: “Evin tək oğlu o deməkdir ki, bu nəslin, bu ailənin sonuncu ümid yeridir. Ona görə də hesab edirəm ki, evin tək oğlanları arxa cəbhədə olmalıdır. Düzdür, artıq Qarabağ məsələsi həll olunub, deyə bilərik ki, arxa və ön cəbhə yoxdur. Amma hər halda riskli hərbi hissələrdənsə sakit hərbi hissələrdə xidmət keçməsi vacibdir, lazımdır. Deyə bilərlər ki, əksər ailələrdə bir oğlan uşağı var. Mən də deyirəm ki, ordumuz ümumiyyətlə peşəkar ordu qismində fəaliyyət göstərməlidir və orada da evin tək oğlu qorunmalıdır”.
Ekspert 3 və daha çox uşağı olan güzəştin 2 uşaqlı ailələrə də şamil edilmə ehtimalına da aydınlıq gətirib. O bildirib ki, güzəşt 2 uşaqlı ailələrə də şamil edilməlidir: “Çünki güzəştlər həm də stimullaşdıracaq. Yəni gələcəkdə uşaqların sayının, oğlan-qız fərqlərinin sayının artmasında bu məsələ də müəyyən rol oynayacaq. Güzəşt olunsa, həmin şəxslər hərbi xidmətə getməsələr, sonradan işlə, polis və ya digər dövlət vəzifələrində işləmələrində problem yaranması kimi məsələləri qanunvericiliklə çox rahat şəkildə həll etmək mümkündür. Bunun da yolları var, yəni hərbi xidmətə getməmək o deməkdir ki, sən alternativ xidmət seçə bilərsən. Bunu qanun da qəbul etməlidir”.
Üzeyir Cəfərov Türkiyədə olan sistemin Azərbaycanda da tətbiq olunacağı və alternativ xidmət haqqında fikirlərini də açıqlayıb: “Bunu qanunvericilik tənzimləməlidir. Alternativ xidmət anlayışı, yəni yüksək məbləğdə ödəniş etməklə faktiki xidmətə getməmək, lakin hərbi biletin “yararlıdır” statusu ilə verilməsi, bunun gələcəkdə hüquq-mühafizə orqanlarında çalışmağa mane olmaması yalnız hüquq-mühafizə orqanları və güc strukturları ilə birlikdə hazırlanmalıdır. Hərbi xidmətlə bağlı olan qurumların nümayəndələri bu məsələlərin həllində iştirak etməlidirlər. Alternativ hərbi xidmət haqqında qanun mütləq qəbul edilməlidir və ediləcək. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun hazırdır. Sadəcə ona müəyyən düzəlişlər, yüngül dəyişikliklər edilməlidir ki, bundan sonra hər şey öz qaydasına düşsün. Bir sözlə, hər bir insanın seçim hüququ var, o seçim hüququna hörmətlə yanaşılmalıdır. Mən sırf mədəniyyət sahəsinə bağlı adam olsam, təhsil sahəsinə bağlı adam olsam, nəyə görə sevimli peşəmdən, istiqamətdən ayrılmalıyam? Konstitusiyada mənim seçmə və seçilmə hüququm var və mənim də insan kimi seçimimə hörmətlə yanaşılmalıdır”.
Digər hərbi ekspert Ədalət Verdiyev Avtosfer.az-a bildirib ki, tək oğlu olan şəxslərin hərbi xidmətdən azad edilməsi hələlik müzakirə olunmur: “Evin tək olan oğlunun hərbi xidmətə çağrışdan azad olunması kifayət qədər mənfi hallara gətirib çıxara bilər. İndi bu, müzakirə olunmur, amma bu və ya digər hərbi xidmətlə bağlı məsələlər müzakirə ola bilər. Türkiyə sisteminin, yəni müəyyən ödəniş qarşılığında ordu sıralarına çağrışdan azad olunması məsələsi gələcəkdə müzakirə olunası məsələdir. Yalnız o vaxt mümkün ola bilər ki, Azərbaycan daha kompakt bir ordu formatına keçid barədə qərar qəbul etsin”.
Nurcan Babək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 04 Dekabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















