Icma.az
close
up
RU
Təkbaşına dünyanı gəzən və nasistlərlə mübarizə aparan yazıçı səyyah

Təkbaşına dünyanı gəzən və nasistlərlə mübarizə aparan yazıçı səyyah

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün məşhur sloven yazıçı, səyyah, poliqlot Alma Karlinin doğum günüdür.

Kulis.az bu münasibətlə Martina Zoldosun "Calvert Journal"da nəşr edilən yazısı əsasında hazırlanmış materialı təqdim edir.

...1927-ci ilin sonları idi. Alma Karlin ölüm yatağında olan anasından bir neçə məktub almışdı. Bu məktublarda ailə, 38 yaşlı qızlarının yeddi il davam edən dünya səyahətini bitirib evinə qayıtması üçün yalvarırdı. Karlin səyahəti zamanı Peruda təcavüzə məruz qalmış, Panamada isə onu qəsdən zəhərləməyə cəhd etmişdilər. ABŞ-da alçaldılmış, Tayvanda polis tərəfindən dindirilib, Yaponiyada qarşılıqsız bir sevgi yaşamışdı. Sakit okean adalarında isə yoxsulluğa qarşı mübarizə aparmışdı. Karlin anasının son arzusuna əməl etdi. O, ağrılar içində idi, depressiyaya düşmüşdü. Qızdırma və dizenteriyadan əziyyət çəkirdi, vəziyyəti ağır olsa da, fiziki və ruhi halına məhəl qoymadan Avropaya, bu günkü Sloveniyanın ərazisində yerləşən doğma şəhəri Celjeyə qayıtmaq üçün Kəraçidə bir gəmiyə mindi.

Lakin bu “acı son” əslində onun üçün yeni bir başlanğıcın qapısını açdı. Səyahətləri zamanı və ondan sonra Karlin çoxlu bədii və bədii olmayan əsərlər yazıb nəşr etdirmişdi. Bunun sayəsində Avropaya həm çox satılan yazıçı, həm də etnoqraf kimi döndü. "The New York Times" da daxil olmaqla bir çox qəzetlər onu, dünyanı heç bir xarici maliyyə dəstəyi olmadan təkbaşına gəzən ilk qadın kimi təqdim etdilər. Vyana, Berlin, London və Paris kimi şəhərlərdə verdiyi mühazirələr böyük maraq doğurdu, oxucular ona heyranlıqlarını ifadə edən məktublar göndərirdilər. Onun populyarlığı o qədər artdı ki, hətta pərəstişkar klubları belə yarandı.

Lakin uğuru çox çəkmədi - Almaniyada nasionalsosializmin yüksəlişi ilə şöhrəti azalmağa başladı. Hitler rejiminin amansız tənqidçisi olan Karlin bütün enerjisini rejimə qarşı mübarizəyə və siyasi qaçaqlara yardım göstərməyə yönəltdi. Bu qaçaqların bir çoxu onun evində sığınacaq tapmışdı. Nasislər Yuqoslaviyanı işğal etdikdə Karlin dərhal həbs olundu. Berlinli nüfuzlu dostlarının səyi ilə azad edilsə də, o, müharibənin dəhşətlərindən heç vaxt tam qurtula bilmədi. 1950-ci ildə vərəm və xərçəngdən, yoxsulluq içində vəfat etdi.

Alma Karlin 1889-cu ilin oktyabrında Celje şəhərində, yaşlı bir hərbçi və alman dili müəlliməsinin ailəsində doğulmuşdu. Valideynləri nə onu arzulamış, nə də övlad sahibi olmağı planlaşdırmışdılar. Atası, Avstriya-Macarıstan ordusunun zabiti, qızını sərt hərbi intizamla böyüdürdü; anası isə daim onun fiziki “qüsurlarını” vurğulayırdı. Karlin sol gözü sallanmış vəziyyətdə doğulmuşdu və sonradan bir az qabarıq çiyinə sahib olduğu müəyyənləşdirilmişdi. Bu “kəşf” onun 13 yaşında saatlarla “işgəncə alətləri” adlandırdığı ortopedik dəstək qurğularına bağlanmasına səbəb olmuşdu. Kiçik burjua məhdudiyyətləri ilə dolu bu çətin uşaqlıq dövrü, onu - hər nə qədər melanxolik və inadkar olsa da, dərin bilik və səyahət ehtirası ilə alışan, müstəqil bir qadına çevirdi.

Karlin azadlığını 1908-ci ildə, 18 yaşında qazandı. Anasının etirazına baxmayaraq xarici dillər öyrənmək üçün Londona getdi. İngilis, ispan, italyan, fransız, rus, dan, fin və isveç dillərini öyrənərək on dildən ibarət və sonralar sadiq yol yoldaşına çevriləcək bir lüğət tərtib etdi.

Londonda tərcümə və dil dərsləri verməklə dolanırdı. Orada çinli tələbə Xu Yonq Lun ilə tanış oldu və ona ingilis dili dərsi verirdi. Onların arasında dərin bir hissi və ya fiziki bağlılıq olmasa da, Karlin evlənməyi qəbul etdi. O, bu nişanı həyatına mənalar qatmaq və planlaşdırdığı intihar cəhdindən qurtulmaq üçün bir fürsət kimi görürdü. Bir neçə aydan sonra nişanı pozdu, lakin bu təcrübə onun ilk romanı “Mənim kiçik çinlim”("My Little Chinese) üçün əsas mövzuya çevrildi.

Karlinin Londondakı həyatı 1914-cü ildə Birinci Dünya müharibəsinin başlanması ilə yarımçıq qaldı. Artıq o, düşmən dövlət – Avstriya-Macarıstan imperiyasının vətəndaşı olduğuna görə Britaniyada istənməyən şəxs sayılırdı. Daim nəzarət altında idi, gəliri də azaldılmışdı. Bütün bunlara tab gətirə bilməyəcəyini hiss edərək neytral ölkə olan Norveçə getdi. Orada həyatını dəyişdirəcək iki nəticəyə gəldi: birincisi, yazmağın onun həyati vəzifəsi olduğunu dərk etdi; ikincisi isə, müharibə bitər-bitməz “dünyaya açılmaq” qərarına gəldi.

1918-ci ildə Celjeyə qayıtdı və orada xarici dil kursu açdı. Bir il sonra isə Cənubi Amerikaya səyahət etmək üçün kifayət qədər pul toplaya bildi. Əlində çamadanı, lüğəti və daktilosu ilə o, Peru, Panama, ABŞ, Havay, Yaponiya, Koreya, Çin, Tayvan, Avstraliya, Yeni Zelandiya, Fiji, Yeni Kaledoniya, Solomon Adaları, Papua Yeni Qvineya, İndoneziya, Malayziya, Tayland, Myanma və Hindistana qədər uzanan bir macəraya çıxdı.

Karlinin macəraları evə qayıtdıqdan sonra da bitmədi. O, səyahət təəssüratlarını iki hissədən ibarət əsərə çevirdi. Dünya səyahətini təsvir edən bu iki səyahətnamə ona arzuladığı uğur və şöhrəti qazandırdı. İlk kitabı “Tənha səyahət” 1929-cu ildə nəşr olundu və Amerikaya, Uzaq Şərqə və Avstraliyaya səfərlərini əhatə edirdi. Növbəti il isə "Cənub dənizinin sehri" adlı əsəri çıxdı və bu kitabda o, Sakit okean adalarındakı təcrübələrini qələmə aldı. Hər iki kitab qısa müddətdə yenidən çap olundu.

Alman Müstəmləkə Cəmiyyəti bu iki kitabı “dönəmin ən macərapərəst səyahət gündəliyi” adlandırdı: “Alma Karlin yeni torpaqlar kəşf etməmiş ola bilər, lakin onun dünya səyahətindəki gündəlik macəraları bir çox ekspedisiya hesabatlarından daha maraqlı və həyəcanvericidir”.

Sonrakı illərdə Karlin 20-dən çox beynəlxalq qəzet və jurnal üçün 40-dan artıq müstəqil əsər və saysız-hesabsız məqalə yazdı. Səyahətnamələrini bitki və insan rəsmləri, daha sonra isə öz fotoşəkilləri ilə bəzəmişdi.

Karlinin səyahət gündəliklərini bənzərsiz və məşhur edən əsas cəhət, dünyanın ən ucqar yerlərində tək bir qadın kimi qarşılaşdığı çətinlikləri, təhlükələri və uğursuzluqları səmimi şəkildə təsvir etməsi idi. O, ustalığını və dözümlülüyünü göstərən saysız detallar yazmışdı. Məsələn, bir mərasim zamanı onu öldürmək istəyən Vutunq qəbiləsindən təsadüfən qaçmağı bacarmışdı. Çinli ev sahibinin atası vəfat etmişdi və bu hadisə ona yerli xalqın ölüm mərasimləri haqqında real təsəvvür yaratmışdı.

Bütün bunlara əlavə olaraq, Karlin malyariya xəstəliyinin müxtəlif əlamətləri ilə mübarizə aparırdı, bu isə onda dərin depressiyaya səbəb olmuşdu. Berlinin "Das Echo" qəzeti yazırdı: “Böyük tədqiqatçıların kəşf ekspedisiyaları, Karlinin səyahəti ilə müqayisədə asudə bir gəzintidir”.

Zaman-zaman dəhşətli hadisələr yaşasa da, onun hekayələri canlı dialoqlar və incə yumorla balanslaşdırılmışdı. Doğma yurdunda daim cəmiyyətin “normalarına uymadığı” üçün tənqid edilən Karlin tez-tez qadının yad mədəniyyətlərdəki rolu və qadın-kişi münasibətləri barədə düşünürdü.

Zamanının digər ağdərili qadın səyyahlarından fərqli olaraq, o, heç bir zəngin və ya nüfuzlu himayədardan dəstək almamışdı. Buna görə də, o dövrdə az tədqiq edilmiş mövzulara yönəldi — din, qədim mədəniyyətlərin mistisizmi, xurafat, sehr, okkultizm və cadugərlik. Çoxsaylı şaman və cadugərlərlə tanış olması ona bu mövzular barədə nadir bilgilər qazandırdı. Əsərlərinin çoxu etnoqrafik və antropoloji cəhətdən dəqiqliklə yazılmışdı. Polineziya, Melaneziya və Mikroneziya xalqları arasında yayılmış inanclar və mərasimlər haqqında yazdığı "Cənub dənizinin mistisizmi" buna parlaq nümunədir.

Bu səbəbdən, otuz yaşlarının ortalarında daha da dərin mənəviyyata yönəlməsi təəccüblü deyildi. O, dostu Tea Şreiber Qamelinə yazdığı məktubda deyirdi: “Dünyada etdiyim bu axmaq səyahətdən qurtulmaq istəyirəm. Mən həmişə mistik şeylər haqqında yazmaq istəmişəm”.

Nəhayət, bu arzusunu gerçəkləşdirdi. "Isolanthis" (1936), "Angel on Earth" (1936) və "Blue Moon" (1938) kimi sonrakı əsərlərində buddizm və teosofiyanın insan ruhunun birliyi, ölümsüzlüyü və dünyəvi varlığın zəncirlərindən qurtuluşla bağlı təlimlərini izah etdi. Oxucularını xeyir, hikmət və həqiqət axtarmağa təşviq edirdi.

Karlin nəşr olunmamış "Mən necə insan oldum" adlı avtobioqrafiyasında yazırdı: “Dünyanı gəzə bilməyən insanlar üçün onun bütün gözəlliyini kəşf etmək istəyirdim. Mən başqa yarımkürələrin sehrinə qapılacaq və millətim üçün yad düşüncə və şüurun daşıyıcısı olacaqdım”.

Karlin üçün səyahətlər sadəcə macəra deyildi — o, digər mədəniyyətlər haqqında yazmaqla dünya xalqları arasında sülh və qarşılıqlı hörməti təşviq etməyə çalışırdı.

İstanbulda ispandilli ədəbiyyat günləri - 3-cü İbero-amerikalı Yazıçıların Görüşü başlayır Söyülən, saçı qırxılan gəlinlər, bəyi öpən qadınlar - Dünyanın ən qəribə evlilik ritualları Praqada Avropanın ən böyük müəllif kuklaları sərgisi açılıb
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://kulis.az
archiveBu xəbər 12 Noyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri