Icma.az
close
up
RU
Tovuz döyüşləri Azərbaycanın hərbi qüdrətini nümayiş etdirdi

Tovuz döyüşləri Azərbaycanın hərbi qüdrətini nümayiş etdirdi

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Düşmənin bu gerçəyi anlamaması Vətən müharibəsinə apardı

Bu ilin payızında Azərbaycanın 30 il müddətində itirilmiş ərazi bütövlüyünü bərpa etmiş Vətən müharibəsinin başlanmasının və 44 gündə qələbə ilə başa çatmasının 5 ili tamam olur. Müstəqil Azərbaycan dövlətinin Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və Qarabağ Zəfərinin 5 illiyi şərəfinə ölkəmizdə davam edən “Konstitusiya və Suverenlik İli”nin əlamətdar tarixləri sırasında Vətən müharibəsinə aparan yolun uğur başlanğıcı sayılan, Azərbaycanın işğalçı Ermənistana sonuncu xəbərdarlıq dərsi olmuş 2020-ci ilin iyul Tovuz döyüşləri də öyünclə yad edilir.

Hərbi tarixçi, Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru Mehman Süleymanov XQ-yə açıqlamasında Tovuz döyüşlərinin Qarabağ zəfərinə aparan yolun müjdəçisi olduğunu vurğuladı. Müsahibimiz qazanılan qələbənin həmin günlərsdə Silahlı Qüvvələrimizə yüksək döyüş əzmi və mənəvi ruh gətirdiyini, xalqımıza inam və sevinc sevinc hissləri yaşatdığını söylədi:

– Qarabağ cəbhəsində 2016-cı ilin aprelində təcavüzkar Ermənistanın hərbi təxribatına cavab olaraq aparılmış uğurlu hücum əməliyyatından sonra 2020-ci ilin iyulunda işğalçı ölkənin Tovuzda sərhədlərimizi keçmək cəhdinin qarşısınının dərhal və qətiyyətlə alınması xalqımıza ikinci dəfə qələbə sevinci bəxş etdi, düşmənə isə məğlubiyyət acısı yaşatdı. Lakin Aprel döyüşlərində Silahlı Qüvvələrimizin sürətli hücum qabiliyyəti düşmənə dərs olmadığı kimi, Tovuz hadisələrində sərgilədiyi çevik müdafiə qüdrəti də təcavüzkar dövləti yalançı məstlikdən ayıltmadı.

İyul döyüşləri zamanı bölgədəki hərbi qüvvələr dərhal bu təcavüzün qarşısının alınmasına səfərbər olundu. Azərbaycan Ordusunun malik olduğu müasir hərbi texnika çox dəqiqliklə işə salındı. Tovuz döyüşləri zamanı ordumuzun döyüş təyyarələri Ermənistanın istər sərhəd boyu, istərsə də Ermənistanın dərinliklərində olan hərbi obyektlərini darmadağın etdi, təcavüzkara ağır itki verildi. Erməni hərbi qüvvələrinin ələ keçirməyə çalışdığı ərazilər geri qaytarıldı və düşmənə bu bölgədə bir qarış da olsa torpaq verilmədi. Qısa zaman ərzində toparlanan və düşmənə sarsıdıcı zərbə endirməyə qadir olan belə bir ordunun yaradılması İlham Əliyevin prezidentliyi dövründə Ali Baş Komandan kimi əldə etdiyi tarixi nailiyyətlərdən biridir.

2020-ci il iyul ayının 12–15-də Ermənistan – Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində baş verən hadisələr zamanı isə Azərbayvcan Ordusu bölmələri tamamilə yeni bir keyfiyyət ortaya qoydular. Ordunun komandir və zabit heyətinin yüksək peşəkarlığı, təşəbbüskarlığı və çevikliyi Ali Baş Komandan tərəfindən verilən tapşırıqların tam şəkildə yerinə yetirilməsinə yol açdı.

Bütün bunların nəticəsində Azərbaycan Ordusu Ali Baş Komandanın bütün əmrlərini vaxtında yerinə yetirməyə və Azərbaycan xalqının ümidlərini doğrultmağa qadir olan bir qüvvəyə çevrildiyini sübut etdi. Həmin günlərdə İlham Əliyev Ali Baş Komandan kimi ordunun hazırlıq səviyyəsini belə qiymətləndirmişdi: “Bu gün biz güclü ordu yaratmışıq. Bir daha demək istəyirəm ki, Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra edə bilər. Biz böyük qələbə qazanmışıq”.

Tovuz hadisələrinin uğurla başa vurulmasına yol açan göstəricilərdən biri də, sözsüz ki, iqtidar–xalq birliyinin real qüvvəyə çevrilərək Ermənistanın hərbi-siyasi rəhbərliyinə qarşı güclü bir zərbəyə çevrilməsi idi. Bu hadisələrin başlaması ilə Azərbaycan xalqı dövlət rəhbərliyi ilə dünyanı heyrətə gətirəcək bir həmrəylik nümayiş etdirdi. Keçirilən möhtəşəm aksiyalarda və mötəbər bəyanatlarda xalq torpaqlarımızın müdafiəsi üçün nəinki Ali Baş Komandanının yanında olmağa, hətta onun bir əmri ilə cəbhəyə yollanmağa hazır olduğunu da ortaya qoydu. Bununla Vətənin müdafiəsi məsələsində Ali Baş Komandan–Xalq vəhdətinin əyaniliyinə Azərbaycanın dostları da, düşmənləri də şahid oldular.

2020-ci ilin İyul döyüşləri zamanı dövlət rəhbərinin öz fəaliyyətində, xüsusən Vətənin müdafiəsində xalqa arxalanmağın, ağır gündə xalqla bir yerdə olmağın yeni bir nümunəsini göstəryini qeyd edən hərbi tarixçi dedi:

– Prezident İlham Əliyev o zaman bu birliyi belə dəyərləndirmişdi: “Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Bu gözəl mənzərə vətəndaş həmrəyliyinin bir rəmzi idi. Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi. Bu gün xalq–iqtidar birliyi Azərbaycanda sabitliyin inkişafının əsas şərtidir”.

Tovuz döyüşləri zamanı tarixi zəfərin əldə edilməsinin bir göstəricisi də, şübhəsiz, qüdrətli Azərbaycan Ordusunun mövcudluğu idi. Qəfil, namərdcəsinə haqlanmasına baxmayaraq, Ali Baş Komandanın vəziyyətə nəzarəti dərhal öz əlinə alması, baş verən təcavüzün aradan qaldırılması üçün soyuqqanlılıq, iradə və qətiyyət nümayiş etdirməsi, vaxtında verdiyi zəruri göstəriş və əmrlərin icrasına nail olması çox tezliklə vəziyyətin sabitləşdirilməsinə, şəhid olmuş hərbçilərin qisasının alınmasına, başlıcası isə dövlət sərhədinin Azərbaycan hissəsini bütünlüklə nəzarət altına götürülməsinə yol açdı.

Ali Baş Komandan döyüş xəttində təşəbbüsün ələ alınması və Ermənistanın hərbi-siyasi rəhbərliyinin yerində oturdulması üçün zəruliliyi və səmərəliliyi şübhə doğurmayan qərarlara əl atdı. Ordumuzun İyul zəfərinə aparan yol dövlət başçısının düzgün rəhbərliyindən və onun qəbul etdiyi zəruri-operativ qərarlardan başladı. Bu zəfəri həm də böyük qələbənin ərəfəsi saymaq olar.

Nəticə etibarilə İyul döyüşləri Qarabağ zəfərinə aparan yolun yaxınlaşdığını sərgilədi. bu gerçəyi Ali Baş Komandanın son bəyanatlarından duymaq mümkün idi. Bu mesajlar əminliklə onu deməyə imkan verirdi ki, böyük zəfərin addım-addım yaxınlaşdırılması, Azərbaycan bayrağının işğal olunmuş ərazilərə sancılması üçün Ali Baş Komandanın son nəticəyə hesablanmış və uğuru şübhə doğurmayan strateji xətti vardır: “O ki qaldı, bizim addımlarımıza, lazım olan vaxtda lazım olan addımları atırıq və atacağıq. Nəyi ediriksə, dəqiqliklə edirik. Son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bundan artıq hələ ki, nəsə demək düzgün olmaz. Biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır”.

Professor Mehman Süleymanov onu da bildirdi ki, Tovuz hadisələri zamanı şəhid olan hərbçiləri dövlət başçısı İlham Əliyev nisgilli duyğularla yad etmiş, onların qəhrəmanlığını gənc nəsil üçün örnək saymışdır:

– Bu da əslində, Ali Baş Komandan tərəfindən Vətən müdafiəçilərinə göstərilən qayğının bir nümunəsi idi. Bununla İlham Əliyev həm də onu anladırdı ki, Vətənin müdafiəsi yolunda canını fəda edənlər heç zaman unudulmayacaqlar. Əksinə, Azərbaycan xalqı haqlı olaraq onlarla fəxr edəcəkdir: “General Polad Həşimov, polkovnik İlqar Mirzəyev həlak olmuşlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

2020-ci il sentyabrın 27-də başlanmış qalibiyyətli Vətən müharibəsindən ayyarım əvvəl Azərbaycanın işğalçı Ermənistana sonuncu xəbərdarlıq dərsi olmuş Tovuz döyüşləri Silahlı Qüvvələrimizin gücünü nümayiş etdirən irimiqyaslı döyüş məşqi kimi də tarixə yazıldı. Bu döyüşlərindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq” bəyanatı isə göstəririrdi ki, qəhrəman ordumuzun torpaqlarımızı işğaldan azad edəcəyi gün çox da uzaqda deyil. Bunu cəbhədə və beynəlxalq aləmdə əldə edilən uğurlar, bir də Ali Baş Komandanın inamlı qətiyyəti deməyə əsas verirdi. Ötən hər gün bizi Azərbaycanın haqq işinin təntənəsinə, Ali Baş Komandanın xalqımıza qazandıracağı böyük və son zəfərə yaxınlaşdırırdı.

Azərbaycanı yeni ərazilər itirəcəyi ilə hədələməkdə davam edən Ermənistanın sentyabrın 27-də törətdiyi növbəti irimiqyaslı hərbi təxribat isə işğalçını öz ərazilərindən qovub çıxarmaqdan başqa yolu qalmayan Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsinə başlaması ilə nəticələndi.

Müsahibimiz daha sonra qeyd etdi ki, 44 günlük II Qarabağ savaşının gedişində ötən 30 ildə dünyanın 50 ən güclü ordusu sırasına daxil olmuş Azərbaycan Silahlı Qüvvələri uzun sürən müharibə vəziyyətində yorulub əldən düşmüş, xaraba qoyduğu işğal zonasında ilişib qalmış Ermənistan ordusunu darmadağın etdi:

– Bu tarixi zəfər I Qarabağ müharibəsindəki məğlubiyyətin acısına son qoymaqla yanaşı, həm də xalqımıza çoxminillik tarixinin ən böyük qələbəsini qazandırmış ordumuzla bağlı sonsuz bir öyünc ünvanı oldu. Şuşanın alındığı 8 noyabr günündə Prezident, Ali Baş Komandan İlham Əliyev böyük təntənə ilə bəyan etdi: “Yenilməz ordu Azərbaycan Ordusudur. Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. Budur bizim fəaliyyətimiz. Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gücümüzü göstərdi. Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!”.

Tarixə Vətən müharibəsi adı ilə düşən II Qarabağ savaşı Azərbaycan Ordusunun zəfər tarixinə çevrildi. Dünyanın müxtəlif ölkələrinin hərbi mütəxəssislərinin qeyd etdiyi kimi, Azərbaycan Ordusu XXI əsrin yeni müharibəsinin aparılmasının nümunəsini nümayiş etdirdi. Qarabağ uğrunda Azərbaycan xalqının 2020-ci ilin payızında apardığı Vətən müharibəsi, şübhəsiz, “soyuq müharibə” dövründən sonra dünya miqyasında baş vermiş ümumxalq-ümummilli müharibənin, müharibə aparan bir ölkədə xalq–dövlət ordu birliyinin ən dəyərli bir nümunəsidir.

Hazırladı:
Tahir AYDINOĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyul 2025 00:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see268

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see261

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see250

Kürdəmirdə bir kəndə canavar hücumu: bu dəfə... FOTOLAR

25 Noyabr 2025 14:53see189

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see166

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see142

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see142

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see138

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see137

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see134

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see134

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see132

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see131

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see129

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see126

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see126

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see125

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri