“Toyumdan bir gün əvvəl məşqdə idim” Azərbaycanın Lamiyəsi ilə müsahibə
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Çoxları onu Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı qızıl və gümüş medallardan sonra tanıdı. Cəsarəti ilə diqqət çəkən paraatlet, türkiyəli idmançı Yusif Dikeçin əl hərəkəti ilə təbrikini də yaddaşlarda qaldı. Söhbət dördqat Paralimpiya çempionu Lamiyə Vəliyevadan gedir. Paraatletimiz bu il ailə həyatı qursa da, karyerasını eyni tempdə və eyni həvəslə davam etdirir.
Moderator.az xəbər verir ki, Teleqraf-a verdiyi müsahibədə 23 yaşlı idmançı bu mövzular ətrafında yaranan sualları özü cavablandırıb.
– Qarşıdan Səudiyyə Ərəbistanın Riyad şəhərində keçiriləcək İslam Oyunları yaxınlaşır. 7-21 noyabr tarixlərində baş tutacaq yarışa hazırlıqlar necə davam edir?
– Hazırlıqlar çox güclü davam edir, həmişəkindən daha intensivdir. Çünki bir il öncə müəllimimi dəyişmişəm və indi başqa bir sistemlə məşq edirəm. İnanıram ki, daha yaxşı nəticələr göstərəcəyəm. Bu dəfə komanda şəklində iştirak edəcəyik və yaxşı nəticə əldə edəcəyimizə ümid edirəm. Hazırda daha çox 100 və 200 metr qaçış növlərinə fokuslanıram. Bu dəfə müəllimimlə qərara gəldik ki, 400 metr məsafəyə qaçmayacağam. Özümdən gözləntilərim böyükdür. Əsas məqsədim ilk “üçlük”də olmaqdır.
– Builki yarışda dəyişiklik oldu?
– Azərbaycan rekordunu yenilədim. 2017-ci ildən bəri yenilənməmiş rekordları qırdım: 200 metr məsafədə rekordu yenilədim, 100 metr məsafədə isə təkrar qaçdım və rekordumu təkrarladım. Hərçənd, 100 metr məsafədə rekord tam qırılmadı, amma təkrar etmək də böyük nailiyyətdir. İnanıram ki, bu, yalnız başlanğıcdır. Ümid edirəm ki, daha yaxşı nəticələr olacaq, çünki müəllimimi dəyişmişəm və indi özümə daha çox inanıram.
.jpg)
– Müəlliminizi dəyişdikdən sonra karyeranızda nələr baş verdi?
– Bilindiyi kimi, Paralimpiya oyunlarından qayıtdıqdan sonra şəxsi həyatımdakı dəyişiklik oldu, toyum baş tutdu. Amma karyerama təsir etmədi, çünki həyat yoldaşım da atletdir və qaçışla məşğul olur. Hər ikimiz birlikdə bu yolu davam etdiririk və o, mənə motivasiya verir. Müəllimimi dəyişməkdə ən çox yoldaşım mənə dəstək oldu. Əvvəlki müəllimim Tofiq Əliyevə də həmişə minnətdaram, çünki 10 il onunla məşğul olmuşam. Sadəcə həyatımın yeni etabı gəldiyinə görə bunu etməliydim ki, daha böyük uğurlara imza atım.
– Yeri gəlmişkən, yoldaşınızla tanışlığınız necə baş tutub?
– 2022-ci ildə Çində Dünya İnstitutlararası yarışı zamanı Tembo Jon Monarenglə tanış olduq. Əvvəlcə hər ikimiz atlet olduğumuzu bilmirdik, öyrəndikdə maraqlı gəldik. İlk dəfə dost kimi tanış olduq, bir neçə ay danışdıq, sonra anladıq ki, sevirik. Sonra iki il uzaq məsafədə olduq, amma inandıq ki, bir-birimizi yenidən görəcəyik. O, hər şeyini satdı ki, Azərbaycana gəlsin. Yoldaşım da dünya çempionatında iştirak edib, dördüncü yeri tutub və çox təcrübəlidir.
.jpg)
– Ailəniz bu münasibətə ilk başlarda necə reaksiya verdi?
– Atam bir şərtlə onu qəbul etmişdi ki, mənim qızım burada qalacaq. O da bütün həyatını dəyişdi, gəldi. Karyerasını Azərbaycanda davam etdirəcək. Anam və atam əvvəl tərəddüd etdi. Atam dedi ki, vaxt verək. Onu tanıdıqdan sonra gördülər ki, yaxşı insandır, hörmətcil biridir və bütün qohumlar onu yaxşı qəbul etdi.
– Bəs, yoldaşınızın ailəsi necə?
– Ailəsi ilk gündən normal qarşıladı. Bacısı toyumuzda iştirak etdi. İkinci toyumuz da orada olacaq. Bunu da bir-iki il ərzində etməyi düşünürük.
– Toyunuza rəsmi şəxslər dəvət edilmişdi?
– Bəli, gənclər və idman naziri Fərid Qayıbovu, Atletika Federasiyasının prezidenti Cavid Qurbanovu, MOK-un prezidenti Çingiz Hüseynzadəni dəvət etmişdim. Düzdür, gələ bilmədilər, amma hədiyyələrini göndərdilər. Gəlmədikləri üçün incimədim.
– Bəs çağrılıb gəlməyən idmançılar?
– Bəziləri gəlmədi, əsasən avqust ayında olduğuna görə tətildə idilər. Səbəblərini bildirdilər. Mənim üçün əsas o günün şən keçməsi idi. Toy günü həyəcanlı idim, çünki bilirdim ki, görüntülər tezliklə yayılacaq. Bu mənim seçimim idi və heç kimin qərarına qarışmadım. Toyumuz sadə oldu, təmtəraqlı istəmirdim. İnanın toydan bir gün əvvəl məşqdə idim. Yəni mənim düşüncəm yox idi ki, toyumuz olacaq. Bir gün fasilədən sonra məşqləri ikimiz birlikdə davam etdirdik. Dayanmaq olmaz, qarşıda oyunları var.
– Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra sizi qınayanlar da az olmadı…
– Bəzi şərhlər xoşagəlməz oldu, amma mən başa düşürəm ki, bu, mənim seçimimdir və hər kəs öz xoşbəxtliyini seçməlidir. Mənim yoldaşım Azərbaycanı sevir. Öz karyerasını burada davam etmək, Azərbaycanı təmsil etmək niyyətindədir. Ötən ilin noyabr aylarından buradadır. Təəssüf ki, legioner olduğu üçün bəzi problemlər var.
– Elə bu səbəbdən Gənclər və İdman Nazirliyi ilə probleminiz yaranmışdı. Problem nədir?
– Nazirlik bildirdi ki, legioner lazım deyil. Amma mən belə düşünmürəm. İnsandır, mənim də həyat yoldaşımdır, yəni legioner sayılmır, rəsmi oturumu var. Ona görə qanunu şəkildə istərdim ki, Azərbaycanı təmsil etsin. Bunu edə bilər.
– Bəs, rəsmi proseslər nə yerdədir?
– Hazırda Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadə ilə danışıqlar aparırıq. O, çalışır ki, bizə kömək etsin. Görək, gediş necə olacaq.
– Yoldaşınızın peşəkar idmandan kənar qalması ona psixoloji olaraq necə təsir edir?
– Çox pis təsir edir. Məşq edir, amma bilmir ki, nə vaxt rəsmi yarışa çıxacaq. Hazırda öz ölkəsinin adında qalır, amma federasiya vasitəsilə başqa ölkəni təmsil edə bilər. Bu, onu motivasiya baxımından çətin vəziyyətə salır. Çünki bizdə məqsəd olmalıdır ki, onun arxasınca gedək. Hazırda onun məqsədi yoxdur. Bilmir, hansı yarışa hazırlaşır. O da mənim müəllimimlə məşq edir. Hər an hazır olması üçün birlikdə güclü şəkildə məşq edirik.

– Səhv etmirəmsə, hazırda Azərbaycan Media Liqasında iştirak edir...
– Bəli, hazırda "Aslion" klubunda oynayır. O, futbolu çox sevir. Mən də həmişə müsahibələrimdə bidlrimişəm ki, Ronaldu azarkeşi olmuşam, amma Messi də hörmət etdiyim oyunçudur.
– Bir-birinizlə hansı dildə ünsiyyət qurursunuz?
– Mən ingilis dilində yaxşı danışıram. Yoldaşım artıq bir ildir burada yaşayır və Azərbaycan dilini yaxşı bilir. İnanıram ki, 1-2 il ərzində sərbəst danışacaq.
– Yarışlarda dəstək olurmu?
– İslam oyunlarına gedə bilməyəcək, amma Azərbaycanda keçirilən yarışlarda dəstək olur. Onun dəstəyi mənim üçün çox vacibdir.
– Bu cür atletika sevgisi sizə haradan gəlir?
– Atam keçmişdə atletika ilə məşğul olub, amma futbola yönəldilib. Babam da yüngül atletika ilə məşğul olub. Bu, nəsildən mənə gəlib. Babamın əziyyətini yerə qoymadım və atletikaya yönəldim. Atletika idman növündə bəzi xüsusiyyətlər anadangəlmə olmalıdır. Məsələn, çox sayda növ var, mən qaçışdayam. Atam həmişə icazə verirdi ki, uşaqlarla açıq havada futbol oynayım. Mən qız olmağıma baxmayaraq, oğlanların içində futbol oynayırdım, çünki sürət və texnikamın olduğunu bilirdim. Əslində futbola da yönələ bilərdim, amma ürəyim qaçışa çəkdi, çünki bu idman növündə özümə daha çox güvənirdim.
– Ailənizdə sizin kimi idmana yönələn olubmu?
– Bəli, çox insan atamla əlaqə saxlayıb atletikaya yazılıb. Olimpiya oyunlarında uğur qazanandan sonra bu idman növü Azərbaycanda daha çox yayıldı. Atletika idmanların “kraliçası” sayılır, amma bizim ölkədə çoxları tanımır və ya izləmirlər. Atletikaya yazılıblar, amma niyəsə sonra dayandırıblar. Çünki çoxlarında xarakter zəif olur. Bilmirlər ki, bütün çempionlar bu yoldan keçiblər. Əziyyət çəkmək lazımdır. Məsləhətim budur ki, səbrli, intizamlı olsunlar. Əziyyətli olmasaydı, hamı bunu edərdi.
– İdmanda motivasiyanız nədir?
– Həmişə irəli getmək lazımdır. Əsas odur ki, ulduz xəstəliyinə tutulmayaq. Mən sadəliyimi qoruyub saxlayıram və heç kimdən asılı deyiləm.
– Paris-2024 yay olimpiya oyunlarından sonra daha türkiyəli paraetlet Yusif Dikeçinin jesti ilə insanların qəlbinə yol tapmağı bacardınız. Bəs sonra Dikeç sizi təbrik etmişdi?
– O mənə video göndərdi və dedi ki, Lamiyə, səni təbrik edirəm. Videonu gördüyüm zaman şok oldum, inanmadım ki, bu qədər yayılar. Əslində olimpiya oyunlarından sonra bir çox oyunçu belə jestlər göstərirdi. Paralimpiyadada mən düşünürdüm ki, qızıl medal qazansam, azərbaycanlı idmançı olaraq bunu mən edəcəm. Türkiyə-Azərbaycan qardaşlığını bu jestlə göstərmək istədim. Bundan əvvəl Tokio-2020 Yay Olimpiadasında Türkiyə bayrağını da Azərbaycanla birgə qaldırmışdım. Bu video gözlənilməz oldu. Bundan sonra olimpiadalarda ürəyimdən gələn hər hansı jesti edə bilərəm. Yəni bu barədə əvvəldən düşünmürəm, öz içimdən gəlir.

– Prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edildiniz, Birinci vitse-prezident Mehriban Əliyeva da sizi rəsmi şəkildə təbrik etdi...
– Tokio-2020 Yay Paralimpiadasında qazandığım 1 qızıl və 1 gümüş medal üçün birinci dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olundum. Paris-2024 Yay Olimpiya Oyunlarında 1 qızıl və 1 gümüş medal qazandım. Ən böyük orden - “Şöhrət” ordeni ilə təltif olundum. Cənab Prezidentilə görüşmək həsrəti ilə yaşayıram. Dövlət başçısı ilə ünsiyyət qurmağı çox istəyirəm. Bu, mənə daha çox stimul verir. Daha çox özümü idmanda sübut etmək prinsipi ilə davam edirəm. İnanın bu, mənim yuxularıma kimi təsir edir.
– Hazırda qarşıya qoyduğunuz əsas hədəf nədir?
– Əsas hədəfim Olimpiya oyunlarına vəsiqə qazanmaqdır. Çoxları düşünür ki, mən bunu edə bilmərəm. Amma sübut edəcəyəm ki, bacaracağam. Həmişə mən nəyisə sübut etməliyəm ki, insanlar bunu görsün.

- Bunun üçün şansınız nə qədərdir?
- 200 metr qaçışda daha çox şansım var. İnanıram ki, bu gedişlə müəllimim Olesya Abbasova məni o səviyyəyə çatdıracaq. Daha çox 200 metr məsafəyə fokuslanmışam və müəllimim Olesya xanımın rəhbərliyi ilə bunu bacaracağıma inanıram. Ən böyük arzum Los Anceles -2028 Yay Olimpiya Oyunlarında iştirak etməkdir.
– Karyeranızda fasilə verməyi düşünürsünüz?
– Xeyr, fasilə vermək planım yoxdur. Məqsədim Los Anceles - 2028 Olimpiya oyunlarına lisenziya qazanmaqdır. Paralimpiya oyunlarında da iştirak edəcəyəm. Eyni anda iki yerdə iştirakım mümkündür. Göz kateqoriyam buna icazə verir. Bildiyiniz kimi, T-13 kateqoriyasında çıxış edirəm. Təbii ki, Allahın da bizə uyğun öz planı var. Məqsədim fasiləsiz, dayanmadan məşq etməkdir. Ara vermək barədə düşünə bilmərəm.
– Bir çox qadınlar ailə qurur, ana olur və sanki idmandan kənarlaşır…
- Bəli, çox qadınlarda belədir. Amma mən bu streotiplə yaşamıram. Çünki xaricdə də atletika idman növündə olan qadınlar ana da olduqdan sonra davam edirlər, 20 il bu sahədə olurlar, dünyada 1-2-ci yerləri tututurlar. Bizim limitimiz beynimizdədir. Yəni beynimizdə sxemi qurmasaq, olmayacaq. Mən də beynimdə qurmamışam ki, evləndim, ana oldum, dayandıracam. Psixoloji güclülük lazımdır. Mənim 23 yaşım var. Qətiyyən o cür düşünmürəm. Əsas odur ki, idmanı davam etdirim. Heç kimin planı ilə getməyi sevmirəm.

– Gənc idmançılara nə məsləhət verirsiniz?
– Heç vaxt başqalarının planları ilə yaşamayın. Çətinliklər olacaq, amma səbrli və intizamlı olmaq vacibdir. Valideynlər uşaqların fikirlərinə daha çox önəm verməlidirlər. Məktəbdə dəstəyim çox yaxşı deyildi, amma atam dedi ki, idmanda yaxşısan və burada özünü göstərə bilərsən. Əksəriyyət iki seçim arasında qalır, amma insan özü düzgün seçim etməlidir. Çox valideyn deyir ki, təhsil əsasdır, idman nədir? Amma bu, yanlış yanaşmadır. Övlad idmanda yaxşıdırsa, onu həmin sahəyə yönəltmək lazımdır. Mən həm təhsilimi aldım, universitetə daxil oldum və 5 il oxudum. Təhsil var, amma peşəkar olaraq idmanı seçdim. Cəsarətli qərar vermək lazımdır.


