Trautman: “Bizim üçün önəmli olan çəki yox, nəticədir”
futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Cüdo üzrə Bakıda keçirilən dünya çempionatından sonra Azərbaycan Cüdo Federasiyasının rəsmi nümayəndələrinin iştirakı ilə mətbuat konfransı təşkil olundu.
Futbolpress.az xəbər verir ki, milli komandanın performans direktoru Riçard Trautman jurnalistlərin suallarını cavablandırdı:
– Uşanqi Kokaurinin aqibəti necə olacaq? Yarışlara davam edəcək?
– Uşanqi artıq o qədər cavan deyil. Yetərincə yaşı olmasına baxmayaraq, təcrübəlidir. Nəticələrlə bunu göstərib. O, hazırda komandada ən çox çalışan idmançıdır. Kokaurinin hədəfi Los Ancelesə getməkdir. Bu çəkidə artıq təcrübəli üç cüdoçumuz var. Biri də gəncdir, hələlik gənclər arasında yarışır. Rəqabətin artması bizim üçün çox yaxşıdır.
– Hidayət Heydərov adını tarixə qızıl hərflərlə yazdırıb. Lakin son yarışlarda çəki problemi yaşayır. O, növbəti turnirlərə hansı çəki üçün hazırlaşacaq?
– Hidayət böyük çempiondur. Amma doğrudur, çəkiylə problem yaşayır. Qərarı özü verəcək, hər bir halda, onu dəstəkləyəcəyik. Düşünmək üçün qarşıda bir həftə vaxtı var. Bizim üçün önəmli olan çəki yox, nəticədir. Bunun üçün də fiziki hazır olmalıdır.
– 7 medal yaxşı nəticədir. Yaxşılıqlar fonunda narazı qaldığınız hansısa məqamlar oldu? Yəni, hansı çəkilərdə görünməyən, amma mövcud olan problemlər var?
– Yarışlardan sonra hər şeyi təhlil edirik. Başa düşürük ki, inkişafı dayandırsan, top idmançı olmayacaqsan. Sistem belə işləyir. Hakim qərarlarının müzakirəsi mənasız olur. İdmançılara da bildirmişəm, elə etməlisən ki, referinin səhvinin təsiri olmasın. Bəzi öyrənməli olduğumuz məqamlar var. Bəzən idmançı uduzanda bunu anlayır.
Ömər Rəcəbli kimi nevazası dünya səviyyəsində yüksək olan idmançımız var. Elə cüdoçumuz da var ki, nevazada yaxşı deyil. Hər idmançının inkişaf etdirməli olduğu məqamlar var. İndi düşüncəmiz klassik cüdonu (red-yapon stili) yaxşılaşdırmaqdır. Komandada bununla bağlı müəyyən çətinliklər yaşayırıq. Klassik cüdonun inkişaf yolu təhsildən keçir. Yeni layihəyə başlayırıq, 15, 16, 17 yaşlılar bu növdə çalışır. İnanıram ki, müəyyən vaxt sonra idmançılarımız nevazanı, kumikatanı, klassik cüdonu yaxşı biləcək.
– +100 kq-də kifayət qədər rəqabət yaranıb. Kənan Nəsibov bürünc medal uğrunda görüşdə millinin legioner üzvünə qalib gəldi. Qarşıda U-23 Avropa çempionatı var və orada da iştirak etmək istəyir. Nəsibovun şanslarını necə dəyərləndirirsiniz?
– İdmançılarla çox yaxşı münasibətimiz var. Kimsə yorğun olduğunu desə, ona problem yaratmayacağıq. Kənan Nəsibovun özünəinamı güclüdür. Bir az istirahətdən sonra Napolidə yaxşı nəticə göstərəcəyinə inanıram.
– Medalsız qalan idmançıların psixoloji durumu necədir?
– Durumlarını daha sonra biləcəyik. Hər idmançımız medal ümidimiz idi. Kotsoyev də, Hidayət də Tokio Qrand-Slamında iştirak etmək istədiklərini bildirib. Eyni zamanda favoritlərimizdən Balabəy Ağayev də medal qazana bilərdi. Amma cüdo elə bir sahədir ki, hər kəs məğlub ola bilər. Bu, idmanın gözəlliyidir. Bu dəfə məğlub olursansa, növbəti dəfə daha yaxşı çıxış etməyə çalışırsan. Vüsal Qələndərzadə potensiallı gənclərimizdəndir. Elcan Hacıyev əməliyyatdan qayıtmışdı, 100 faiz hazır deyildi, amma iştirak etmək istədi.
– Bəzi çəki dərəcələrində alternativlər yoxdur. Bu, sizi narahat edir?
– Böyük tədbirlər üçün namizədləri seçmək asan deyil. Şanslıydıq ki, bu dəfə daha çox idmançı ilə iştirak etməyimizə icazə verilmişdi. 60 kq-da dünya səviyyəli iki idmançımız var. Yeni nəsil də yetişdirməliyik. 100 kq-da isə yalnız Zelim favoritimizdir. Fərqli kateqoriyalarda seçim şanslarımız olur. Yuxarı çəkilərdə bu seçim azdır.
– Nəticələr sizi tam qane etdimi?
– 7 medal qazanmaq asan deyil. Açığı, bu nəticəni gözləmirdim. Bəlkə də, 5-6 medal proqnozlaşdıra bilərdim.
Şahin Cəfərov
Baxış sayı:137
Bu xəbər 12 Oktyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















