Tropik meşələrin altında gizlənən nəhəng sivilizasiya aşkar edildi
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Uzun illər hesab olunurdu ki, avropalıların gəlişinə qədər Amazoniyanın tropik meşələri seyrək məskunlaşıb. Lakin son araşdırmalar göstərib ki, sıx meşə örtüyü qədim cəmiyyətlərin izlərinin böyük hissəsini gizlədib. Hava lazer skaneri (LiDAR) texnologiyasından istifadə edən alimlər yüzlərlə naməlum torpaq quruluşu aşkar edərək belə nəticəyə gəliblər ki, təxminən 2 min il əvvəl Amazoniyanın cənub-qərb hissəsində 3 milyona qədər insan yaşamış ola bilər.
Kolumbdan əvvəlki dövrdə Amazoniyanın nə dərəcədə məskunlaşdığı uzun müddət elmi mübahisə mövzusu olub. Sıx meşə örtüyü relyefi gizlətdiyi üçün arxeoloji abidələr əsasən meşəsi qırılmış ərazilərdə və ya havadan görünən yerlərdə aşkarlanırdı. Bu isə həmin cəmiyyətlərin sayı və ətraf mühitə təsiri barədə dəqiq təsəvvür yaratmağa imkan vermirdi. LiDAR texnologiyası isə ağacların tacı altındakı yer səthini görüntüləməyə imkan verərək vəziyyəti dəyişib.
"Nature" jurnalında dərc olunan yeni tədqiqatın müəllifləri Braziliyanın Akri və Amazonas ştatlarını ətraflı araşdırıblar. Onlar xəndəklər və torpaq bəndləri ilə əhatə olunmuş iri dairəvi, kvadrat və çoxbucaqlı meydançalardan ibarət geoglifləri tədqiq ediblər. Bəzi geogliflərin sahəsi bir neçə hektara çatır, xəndəklərinin dərinliyi isə 5 metrə qədərdir. Alimlər bu tikililərin qədim Akiri mədəniyyəti ilə əlaqəli olduğunu ehtimal edirlər.
Araşdırmaya görə, geogliflərin inşasına 2500 ildən çox əvvəl başlanılıb. Bu ənənəyə aid obyektlərin əksəriyyəti eramızdan əvvəl təxminən 600-cü ildən eramızın 850-ci ilinə qədərki dövrə aiddir.
Tədqiqatçılar ümumi uzunluğu 4430 kilometr olan marşrut üzrə hava lazer skaneri vasitəsilə ərazini xəritələşdiriblər. LiDAR məlumatlarının emalından sonra bitki örtüyü altında gizlənən xəndəklər, torpaq bəndləri, yollar və meydançalar rəqəmsal relyef modellərində aydın görünməyə başlayıb. Nəticədə ümumilikdə 432 torpaq quruluşu qeydə alınıb ki, bunlardan yalnız 36-sı əvvəllər elmə məlum idi.
LiDAR məlumatlarını peyk görüntüləri, arxeoloji qazıntılar və məlum geogliflərin yayılma xəritələri ilə müqayisə edən alimlər Akiri mədəniyyətinin təxminən 183 min kvadratkilometrlik ərazini əhatə etdiyini müəyyənləşdiriblər. Onların hesablamalarına görə, bu bölgədə ümumilikdə 24–30 min torpaq quruluşu mövcud ola bilər və onların təxminən üçdə ikisi Akiri dövrünə aiddir. Geogliflərin ən intensiv şəkildə inşa və istifadə edildiyi dövrün isə eramızın 100–300-cü illəri olduğu ehtimal edilir.
Araşdırma göstərir ki, geogliflərin çoxu yaşayış məntəqəsi və ya qala deyil, ətraf ərazilərdə yaşayan insanların vaxtaşırı toplandığı ictimai, dini və siyasi mərkəzlər olub. Belə komplekslərin tikintisi və saxlanılması çoxsaylı işçi qüvvəsi, əmək bölgüsü, həndəsi biliklər və yüksək təşkilatlanma tələb edirdi.
Məhz buna əsaslanaraq tədqiqatçılar Akiri sivilizasiyasının ən yüksək inkişaf dövründə əhalisinin 1,25–3 milyon nəfər arasında olduğunu hesablayırlar. Onların fikrincə, daha az əhali bu qədər iri miqyaslı tikinti və infrastruktur yarada, həmçinin onu uzun müddət qoruyub saxlaya bilməzdi.
Alimlər həmçinin müəyyən ediblər ki, həmin dövrün sakinləri qarğıdalı, balqabaq və digər bitkilər becərir, torpağın məhsuldarlığını qoruyur, nəzarətli yandırma üsullarından istifadə edir, Braziliya qozu və müxtəlif palma növləri kimi faydalı ağacların yayılmasına şərait yaradırdılar. Bu fəaliyyət uzun illər geniş ərazilərdə davam etdiyindən, müasir Amazon meşələrinin bitki örtüyü və torpaq xüsusiyyətlərinin bir hissəsinin qədim insanların təsiri nəticəsində formalaşdığı ehtimal edilir.
Hazırladı:
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 01 Avqust 2026 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















