Türkiyə Azərbaycanın dabaq xəstəliyi ilə mübarizə səylərini dəstəkləyir
Azertag saytına istinadən Icma.az xəbər verir.
Ankara, 12 sentyabr, AZƏRTAC
Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nəzdində Ankarada fəaliyyət göstərən Peyvənd İnstitutu ötən il Azərbaycana heyvanlar üçün, o cümlədən dabaq xəstəliyinə qarşı 10 milyon 815 min doza vaksin tədarük edib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə İnstitutun direktoru Ertan Aktürk məlumat verib.
Direktorun sözlərinə görə, Azərbaycana müxtəlif növ peyvəndlərin, xüsusən də serotip (SAT-1 – “SouthAfricaTerritories 1”) dabaq xəstəliyi virusuna qarşı vaksinin tədarükü 5 ildir davam edir.
Eyni zamanda, Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin göstərişi ilə Gürcüstana peyvəndlərin tədarükünə başlanması planlaşdırılır.
O qeyd edib ki, Türkiyədə SAT-1 serotipinə qarşı heyvanların peyvəndlənmə səviyyəsi 85-90 faizə çatıb ki, bu da əvvəllər bağlanmış heyvandarlıq məhsulları bazarlarının açılmasına imkan verib.
“İlin əvvəlindən bəri rəhbərlik etdiyim institutda 31,5 milyon doza müxtəlif peyvənd istehsal olunub ki, bunun da 13,7 milyondan çoxu SAT-1 serotipinə qarşı peyvənd olub. Onun təsiri 5-6 ay davam edir. Nəticədə heyvanlar arasında dabaq xəstəliyinə yoluxma halları kəskin şəkildə azalıb və bu virus mal-qara üçün artıq təhlükəli deyil”. – deyə Aktürk bildirib. O əlavə edib ki, insanlar və heyvanlar üçün təhlükəli olan bu virus külək vasitəsilə 50-60 km-ə qədər məsafəyə yayıla bilər.
Türkiyə Peyvənd İnstitutunun mütəxəssisləri əvvəllər COVID-19-a qarşı yerli vaksinin hazırlanmasında fəal iştirak ediblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara


