Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Ankarada Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. İclas 2 saata yaxın davam edib. Məlumatı “Anadolu” verib.
Toplantıdan sonra Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir:
1. Ölkənin milli birlik və həmrəyliyinə qarşı yönəlmiş hər cür təhdid və təhlükələrə qarşı, xüsusilə PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ terror təşkilatlarına qarşı daxildə və xaricdə qətiyyət və müvəffəqiyyətlə həyata keçirilən əməliyyatlar, eləcə də son beynəlxalq proseslər barədə Şuraya məlumat verilib.
2. Şura üzvləri “Terrorsuz Türkiyə” hədəfinə çatmaq üçün atılan addımları nəzərdən keçirərək, PKK terror təşkilatının məhv edilməsi prosesinin hər addımını yaxından izləmək, terroru ölkə gündəmindən əbədi çıxarmaq, millətimizin birlik və həmrəyliyini gücləndirərək daha güclü və firavan Türkiyəyə nail olmaq əzmində olduqlarını vurğulayıblar.
3. Qeyd edilib ki, bütün terror təşkilatlarının ortaq coğrafiyamızdan silinməsi nəticəsində region ölkələri, xüsusilə qonşularımız İraq, Suriya və İran üçün sülh dövrü başlayacaq. Təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsi bütün region üçün ümumi gələcəyin qurulmasına mühüm töhfə verəcək.
P.ƏMİRCANOV
XQ


