Icma.az
close
up
RU
Türküstan və Azərbaycan cədidşünaslığının görkəmli nümayəndəsi

Türküstan və Azərbaycan cədidşünaslığının görkəmli nümayəndəsi

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

(Üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyinin müəllifi prof. Bədirxan Əhmədlinin elmi portretinə cizgilər)

Professor Bədirxan Əhmədli elmi-nəzəri tədqiqatlarının əsas obyekti olan XX əsr türk xalqları ədəbiyyatı tarixində ən mürəkkəb və məhsuldar mərhələlərdən biridir. Xüsusən, XX əsrin əvvəllərindəki ictimai-siyasi və ədəbi-mədəni mühit əvvəlki dövrlərdən köklü surətdə fərqlənir. Məhz bu dövrdən başlayaraq türk xalqlarının ictimai-mədəni həyatında ciddi dönüş nöqtəsi olan Cədid hərəkatı sürətlə genişlənməyə və daha böyük miqyaslarda yayılmağa başlayır.

Modernləşmə, türkçülük və islam ideyalarının sintezi ilə demokratikləşməyə can atma kontekstində bütün türk xalqlarının mədəni və mənəvi yaxınlaşması müşahidə olunur. Böyük mədəni-coğrafi məkanlarda vüsət almağa başlayan inteqrasiya prosesi özbək, Azərbaycan, türk, qazax, qırğız, qaraqalpaq, türkmən və digər türk xalqlarını ehtiva edirdi. Azərbaycanın maarifçi-cədidləri Həsənbəy Zərdabi, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Mirzə Ələkbər Sabir, Əhməd Ağaoğlu, Sultanməcid Qənizadə, Abdulla Şaiq, Abbas Səhhət, özbək cədidçiləri Mahmudxoca Behbudi, Münəvvərqarı Əbdürəşidxanov, Abdulla Əvlani, Əbdürəuf Fitrət, Abdulla Qədiri, Əbdülhəmid Çolpan, yeni türk ədəbiyyatının nümayəndələri M.A.Ersoy, M.A.Yurdakul, Y.Akçura, Z.Göyalp və başqalarının qarşılıqlı əməkdaşlığı nəticəsində cədidçilik dünyada mütərəqqi bir qüvvə kimi tanındı və etiraf olundu. Bu gün də cədidçilik hərəkatı bizim ədəbi-bədii təfəkkür tariximizdə növbəti intibah dövrü ədəbiyyatının təməl daşını qoyan bir fenomen proses hesab olunur və bu əməkdaşlıq əlaqələrini gücləndirən şəxsiyyətlərin sayəsində cədid ədəbiyyat dünya ədəbiyyatının mühüm bir hissəsinə çevrilib. XX əsrin əvvəllərində Azərbaycan və ümumən, türk xalqlarının mənəvi-mədəni həyatındakı bu böyük yenilənməni fundamental şəkildə tədqiq edib öyrənən alimlərdən biri Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya Ədəbi Əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, prof. Bədirxan Əhmədlidir. Onun ilk və böyük tədqiqat əsərlərindən biri "Sabit Rəhman satirası" adlanırdı. Bu monoqrafiyasında görkəmli ədəbiyyatşünas böyük sənətkarın yaradıcılığını təhlil edərək, satirik ədəbiyyatın çağdaş bədii təfəkkürümüzün üzvi bir hissəsi olduğunu isbat etdi. Azərbaycan satirasının inkişafı ilə bağlı "Azərbaycan satirasının İnkişaf Problemləri (1920-1980)" adlanan doktorluq dissertasiyasını müdafiə edərək zəhmətkeş alim Azərbaycan ədəbiyyatşünaslığında satiraşünaslığın banilərindən biri kimi eımi ictimaiyyət tərəfindən etiraf olundu. Sonrakı illərdə isə "Azərbaycan türklərinin ədəbi tarixi" (2016) və "Azərbaycan ədəbiyyatı tarixi" (2021) kitablarını hazırlayıb nəşr etdirib.

Professor Bədirxan Əhmədlinin "XX əsr Azərbaycan ədəbiyyatı: Təmayüllər və problemlər" (2015) monoqrafiyası milli ədəbiyyatın bütün aspektlərini əhatə etməsi ilə səciyyələnir. XX əsr Azərbaycan ədəbiyyatının əsas istiqamətlərini, janrların tərkibi və yaradıcılıq üslublarını geniş və hərtərəfli tədqiqa eədn müəllif bizim ədəbiyyatımızın, demək olar ki, bütün ədəbi janrlarda keçmiş Sovet İttifaqı ədəbiyyatlarının heç birindən geri qalmadığını və türk xalqları ədəbiyyatı dünyanın model ola biləcək, ən müasir bədii-estetik keyfiyyətlərə malik ədəbiyyatlardan biri olduğunu göstərməyə nail olur. Fundamental tədqiqatda Azərbaycan ədəbiyyatının inkişafı realizm, maarifçi realizm, tənqidi realizm və sosialist realizmi kimi "izmlər" çərçivəsində ədəbi simaların yaradıcılığı kontekstində təhlil edilir. Digər elmi işlərdən fərqli olaraq, müəllif birincilərdən olaraq Cümhuriyyət dövrü ədəbiyyatını dərindən təhlil etmiş və onun özünəməxsus bir ədəbi proses, mədəni mühit, orijinal nəsr, poeziya və dramaturgiya kimi sahələrdə yeni Azərbaycan ədəbiyyatının əsasını təşkil etdiyini göstərmişdir. Monoqrafiyada əsrin ədəbi həyatının, cərəyanlarının və problemlərinin təsnifatına yeni elmi yanaşma da diqqəti cəlb edir. Belə bir yeni elmi-nəzəri yanaşma XX əsr ədəbiyyatının dövrləşdirilməsində də özünü göstərir. Müəllif XIX əsrin sonu və XX əsrin əvvəllərindəki ədəbi prosesləri "milli hərəkat dövrü" kimi qəbul edərək, onun nəzəri əsaslarını bu baxımdan təhlil edir. "Molla Nəsrəddin" jurnalı və ədəbi hərəkat", "Azərbaycan satirik mətbuatı və milli kimlik problemləri", "Füyuzat" və füyuzatizm anlayışı", "Proletar mətbuatında sosial fikrin formalaşması problemləri" kimi bölmələrin adlarının özü tədqiqatın elmi əhatə dairəsini göstərir. "Azərbaycan ədəbiyyatında romantizm mərhələsi və onun ədəbi-estetik prinsipləri", "Tənqidi realizm mərhələsi: yaranması və inkişaf prinsipləri", "Maarifçilik hərəkatı və maarifçi realist ədəbiyyat", "Cümhuriyyət ədəbiyyatı: milli müstəqillik ideyalarının formalaşması" kimi bölmələrdə Azərbaycan ədəbiyyatı tarixinin qlobal məsələləri təhlil edilərək ümumiləşdirilir. Həmçinin, monoqrafiyada milli ədəbiyyatın əsas inkişaf mərhələləri, yüz ildən çox bir zaman ərzində milli söz sənətinin keçdiyi mürəkkəb ədəbi yol – "Cümhuriyyətdən sonrakı ədəbi proses və onun xarakteri", "Siyasi və sosial repressiya dövrü və onun xarakteri", "60-cı illərin ədəbi prosesi və onun yaranması" kimi problemlər müqayisəli-tipoloji yanaşma konstekstində işıqlandırılır. Professor B.Əhmədlinin elmi fəaliyyətinin mühüm aspektlərindən biri də “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkül, problemlər və şəxsiyyətlər” (2017) məsələsidir. Nəzərdən keçirdiyimiz monoqrafiyada da bu məsələyə fəal münasibət bildirilir və legion ədəbiyyatı mühacirət ədəbiyyatının bir qanadı kimi göstərilir. Qurban Səidin “Əli və Nino” romanının və onun milli ədəbiyyat tarixindəki yerinin öyrənilməsi tədqiqatın elmi yeniliyini əyani şəkildə nümayiş etdirir.

Məlum olduğu kimi, XX əsrin əvvəllərində milli ədəbiyyatın inkişafı türkçülük, islamçılıq və modernləşmə kontekstində baş vermişdir və bu proses M.Ə.Yurdakul, Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu və Yusuf Akçura kimi ədəbi simaların yaradıcılığında mühüm istiqamətlərdən birini təşkil etmişdir. Bu problem də B.Əhmədlinin elmi yaradıcılığının ayrıca bir hissəsini təşkil edir və müəllifin “Türkçülüyün nəzəri və tarixi aspektləri” (2019) monoqrafiyası türk milli ədəbiyyatının 150 ildən çox bir müddət ərzində keçdiyi yolu açıqlayır. Monoqrafiyada konkret ədəbi əsərlər nümunəsində bu üç prinsipin (türkçülük, islamçılıq və modernləşmə) hər birinin özünəməxsus inkişaf yolu, istiqaməti və davamlılığı göstərilib. Həsənbəy Zərdabi, İsmayılbəy Qaspıralı, Ziya Göyalp, Məhəmməd Əmin Rəsulzadə və başqalarının əsərlərində milli ədəbiyyatda türkçülük prinsiplərinin zaman və məkan daxilində inkişaf etməsi əsərdə aydın şəkildə əks olunub. Türkçülüyün yeni mərhələsində Turan ideyasının əhəmiyyəti, bu ideyanın Avrasiyaçılıq və modernizm baxışlarına uyğun gəlməsi, milli ədəbiyyatın gələcəyini mayak kimi göstərməsi ilə bağlıdır.

Professor B. Əhmədli, Azərbaycan-Asiya Ədəbi Əlaqələri şöbəsinin müdiri kimi, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda genişmiqyaslı tədqiqat işlərinə rəhbərlik edir. Məlumdur ki, həm keçmiş Sovet İttifaqı dövründə, həm də postsovet dövründə Asiya xalqlarının ədəbiyyatı Avropa və Amerika ədəbiyyatı səviyyəsində öyrənilməyib. Lakin müasir Asiya ədəbiyyatını tanımaq və onun yeniliklərindən zövq almaq bütün milli ədəbiyyatları yeni ideyalar, problemlər və sənətkarlıq sirləri ilə zənginləşdirməsi təbiidir.

Yaponiya, Koreya, Pakistan, Hindistan, Çin, Malayziya və İndoneziya ədəbiyyatındakı yenilikləri öyrənməklə milli ədəbiyyatın zənginləşməsinə və şaxələndirilməsinə töhfə verən amillərin axtarışı, onların Azərbaycan ədəbiyyatı ilə ortaq əlaqələrinin müəyyən edilməsi, eləcə də ədəbi əlaqələrin tarixi və inkişafının öyrənilməsi bu şöbənin həyata keçirdiyi səmərəli fəaliyyətin təzahürləridir. Bu istiqamətdə elmi axtarışlar aparan professor B.Əhmədli “Rabindranat Taqor: Yeni Hindistanın Manifesti” (2021) monoqrafiyasında təkcə unikal hind yazıçısının ədəbi fəaliyyətini təhlil etməklə kifayətlənməmiş, həm də onun türk xalqlarının ədəbiyyatına təsirindən bəhs etmişdir. B.Əhmədlinin tədqiqatları arasında əfqan yazıçısı Xalid Hüseyni, yapon Murakami, pakistanlı Məhəmməd İqbal, koreyalı Kim Ciha və digər Asiya yazıçılarının yaradıcılıq fəaliyyəti də yer almışdır. Bu yöndəki elmi işlərin nəticələri Asiya xalqlarının ədəbiyyatına həsr olunmuş iki beynəlxalq konfransın materiallarında, “Asiya ədəbiyyatı tədqiqatları” (2024) kitabında əks etmişdir. Ömrünün 25 ildən çoxunu müəllimliyə həsr edən professor Bədirxan Əhmədli, Bakı Slavyan Universitetində, Xəzər Universitetində və digər təhsil müəssisələrində oxuduğu mühazirələr əsasında üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı" dərslik-monoqrafiyasını nəşr etdirib. Bu fundamental tədqiqatda o, XX əsr ədəbiyyatının, ədəbi hadisələrin və şəxsiyyətlərin inkişafını yeni nəzəri prizmadan araşdırıb, bu istiqamətdə proqramlar və dərsliklər yaradıb, yeni Azərbaycan ədəbiyyatının tədrisinə mühüm töhfələr verib. Onlarla beynəlxalq elmi konfransda, Özbəkistanda keçirilən 4 elmi konfransda iştirak edib, müasir Azərbaycan ədəbiyyatı haqqında fikirlərini bölüşüb, Özbəkistan Milli Universiteti-nin, Fərqanə və Nəvai Dövlət Universitetlərinin, eləcə də Prezidentimizin təşəbbüsü ilə 2023 və 2024-cü illərdə Özbəkistanda keçirilən Cədid hərəkatına həsr olunmuş simpoziumlarda iştirak edib, türk xalqları ədəbiyyatında yenilənmə dalğaları olan Cədidçilik mövzusunda elmi mühazirələr oxuyub. O, "Cədid" qəzetində dərc olunmuş məqalələri ilə Azərbaycan yeni ədəbiyyatının xüsusiyyətlərini təbliğ etmiş, Azərbaycan mətbuatında dərc olunmuş "Özbəkistanda Müasir Cədid Elmi Hərəkatı" ("Ədəbiyyat Qəzeti", 2024, 15 may), "Özbək Ədəbiyyatşünaslığının Patriarxı" ("525-Qazet", 2024, 7 iyun) məqalələri ilə özbək ədəbiyyatının və ədəbiyyatşünaslığının Azərbaycanda tanınmasına töhfələr vermişdir. Xüsusilə, alimin "Siracəddin Seyidin poetik dünyası" məqaləsi özbək şairinin türk dünyasında tanınmasına əhəmiyyətli təsir göstərmişdir. Prof. Bədirxan Əhmədli Azərbaycanda özbək ədəbiyyatının və mədəniyyətinin təbliği-tədqiqindəki xidmətlərinə görə "Mənəvi Fədakarlıq" nişanı ilə təltif edilmişdir.

Professor Bədirxan Əhmədlinin Orta Asiya xalqlarının, o cümlədən qazax, qırğız və türkmən ədəbiyyatı haqqında onlarla məqalələri də var ki, bu da alimin elmi dünyagörüşünün genişliyindən və türk xalqlarının ədəbiyyatının inkişafına töhfələr vermək arzusundan xəbər verir. Beləliklə, Bədirxan Əhmədli təkcə özbək ədəbiyyatını deyil, həm də bütün Şərq və türk xalqları ədəbiyyatının yaxın və zəhmətkeş dostudur. Bütün Özbəkistan alimləri və elmi ictimaiyyəti adından Türküstan və Azərbaycan ədəbiyyatlarının inkişafına töhfələr verən professor Bədirxan Əhmədlini üç cildlik "XX əsr Azərbaycan ədəbiyyatı" dərslik-monoqrafiyasının Azərbaycan Dövlət mükafatına təqdim olunmasını hər cəhətdən məqbul və məqsədə uyğun sayır, zəhmətkeş alim qardaşımızın uğur qazanacağına səmim-qəlbdən inanırıq.  

Həmidulla Baltabayev, 

Mirzə Uluğbəy adına Özbəkistan 

Dövlət universitetinin professoru,

filologiya elmləri doktoru

Yaşar Qasımbəyli,

filologiya elmləri doktoru, professor, 

AMEA-nın baş elmi işçisi    

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Aprel 2026 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see891

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see561

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see324

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see304

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see292

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see289

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see287

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see280

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see241

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see215

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see197

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see183

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see178

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri