Icma.az
close
up
RU
Üçüncü minillik sübhünün filosofu (Esse)

Üçüncü minillik sübhünün filosofu (Esse)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rahid Ulusel

Sən yalnız azərbaycanlısansa, filosof deyilsən!

Sən yalnız ərəbsənsə, filosof deyilsən!

Sən yalnız fransızsansa, filosof deyilsən!

Sən yalnız Qərb və ya yalnız Şərq dünyasını təmsil edirsənsə, çəpərlənmiş bir mədəniyyətin, bölgəsəl və ya kontinental düşüncənin, qapalı bir coğrafiyanın iqlimindəsənsə, filosof deyilsən!

Sən hansısa irqin, millətin, cəmiyyətin, dinin, ideologiyanın, siyasətin, partiyanın, təlim və doktrinanın, alimənsəb elitanın və ya marginal azlığın, ailə, qrup, dost və məsləkdaşların çevrəsi içrəsənsə, filosof deyilsən!

Sən Budda, İsa, Məhəmməd üçbucağının bir küncünə qısılıbsansa, və ya ateist postamentində şax dayanıbsansa, filosof deyilsən!

Sən yalnız müsəlmansansa, filosof deyilsən! Sünni, ya şiəsənsə, – heç deyilsən!

Sən yalnız xristiansansa, filosof deyilsən! Katolik, pravoslav, protestantsansa, – heç deyilsən!

Sən yalnız buddist, ya krişnaçısansa, filosof deyilsən! Onların qollarına bağlısansa, – heç deyilsən!

Sən məsciddə başını möhürə vurub səcdə edənləri kilsədə xaç çevirib şam yandıranlardan, induist, iudaist, şaman, şintoist, daos ... ayinlərini icra edənlərdən, qoyunu, keçini, dananı, dəvəni qurban kəsənləri hind toyuğunun boğazına bıçaq qoyanlardan, saqqalını uzadıb şalvarının balağını qayçılayanları başını daz qırxdıran və ya kəkil saxlayanlardan üstün tutursansa, filosof deyilsən!

Sən öz ocağının tüstüsünü yad ocağının közündən müqəddəs sayırsansa, filosof deyilsən!

Sənəqədərki və səndənsonrakı nəslinin, uzun həsrətdən sonra doğulan tək övladının yanında bir tikə çörəyə möhtac Afrika yoxsullarının yanar çöllərdə ürüyüb-artan çolma-cocuğu sənin üçün heç kimdirsə, sən filosof deyilsən!

Sən öz dövlətinin sərhədlərini müdafiə səddi, özgəninkini maneə, öz kitabını səmavi, digərinkini qaralama sayırsansa, filosof deyilsən!

Sənin anlamında mərmər torpaqla, tac yarpaqla, xəzinə bataqlıqla, bülbül cəh-cəhi qurbağa qurultusu ilə, tovuz quşu ilanla, bənövşəli meşə qızmar səhra ilə, dumduru göy ildırımlı alatoranla tutuşdurulmazdırsa, filosof deyilsən!

Sən suyu Kainatın damarlarında dolanan qan kimi deyil, yalnız soyuducuda buz, stəkanda buğlanan çay kimi təsəvvür edirsənsə, filosof deyilsən!

Sən Harmoniya və Xaosu varlığın iki doğma üzü, bir-birini törədən buğumları kimi görmürsənsə, filosof deyilsən!

Sən seçmək bacarığınla qürrələnirsənsə, “varlar” və “yoxlar”, “doğmalar” və “yadlar” ayrıntısında dayanırsansa, “xeyir” və “şər”i, “yaxşı” və “yaman”ı öz arşınınla ölçürsənsə, deməli, kosmik əxlaqın dışındasan, filosof deyilsən!

Sən zamanlar, tarixlər, cəmiyyətlər, siniflər, qütblər, maraqlar arasındakı yarğanlarda itib-batırsansa, filosof deyilsən!

Sən bütün çağlara mayak, qurucu insanların – böyük sənətkarların, mütəfəkkirlərin, siyasətçilərin əsərlərini, tarixi irsi, abidələri, sivilizasiya dəyərlərini, mədəniyyət qaynaqlarını öyrənib araşdırırsansa, yalnız fəlsəfəşünassan, mötəbər araşdırıcısan, alimsən, ancaq filosof deyilsən!

Sən öz fəxriyyənlə insanı “dünyanın əşrəfi” sayırsansa, “hər şeyin meyarı – insandır” deyirsənsə, insanı bütün Varlıqdan və onun hər düründən, hər zərrəsindən yüksəyə qaldırırsansa, filosof deyilsən!

Sən təkcə Konfutsi, Platon, Aristotel, İbn Sina, Kant, Hegel, Marks, Nitsşe, Ramakrişna, Vivekananda, Husserl, Freyd, Vitgenşteyn, Haydegger, Derrida, Çomski və s. ünlü filosof və fəlsəfi məktəblərin ardınca gedirsənsə, filosof deyilsən!

Filosof kiminsə, nəyinsə arxasınca getməz. Hansısa çanağın tısbağası olmaz. Əksinə, elmi, fəlsəfəni, ədəbiyyatı, mədəniyyəti, dini, ideologiyanı, siyasəti öz ardınca çəkib aparar, sonra onları azdırar ki, planetin sübhündə və sükutunda, qaranlıq və təlatümündə onlar özləri yeni yol, yeni yön, yeni cığır arasınlar...

Böyük fəlsəfə yolayrıcılarından yola, yoldan yolayrıcılarına doğrudur.

Sən kosmik eranın lap başlanğıcından Yer ziddiyyətlərini həyatın mümkün ola biləcəyi ekzoplanetlərə elə olduğu kimi, hətta daha mürəkkəbləşib qatılaşmış, gərginləşib tarıma çəkilmiş miqyasda daşıyacaq “mənim-sənimli” zehniyyətin qınındasansa və belə bir qapalı zehniyyətdən qurtuluşun çabasında deyilsənsə, bu çabaların mistika və ya romantika olduğunu düşünürsənsə, filosof deyilsən!

Sən hətta kosmopolitansansa, yenə filosof deyilsən!

Hə... Ramiz Rövşən demişkən, “atam balası!”, sən yalnız bir halda filosofsan: Sən bütün bunlardan – bütün yoluxma, zəhərlənmə və şəkərlənmələrdən, əyilmə və meyllənmələrdən, daralma və büzülmələrdən, uzantı və kəsintilərdən, ən nəhayət, daim boy verən eqo vəcdi və müstəsnalığından yuxarıdasansa! – Sən Vəhdət içrəsənsə, Onun bir parçasısansa və o bir parçanı Kainat tək yaratmaq qüdrətindəsənsə! Cücərmədən çürüməyədək və əksinə, bütün həyat proseslərinin axınında o Vəhdətin mahiyyətindəki ali Loqosun yelkənlərini təkcə özün açıb, təkcə öz kompasınla üzə bilirsənsə!

Sən filosofsan – düşmənin yaralı əsir əsgərini öz ordunun əsgəri tək müalicə edən həkim əxlaqına sahibsənsə!

Yanlış yozulmasın dediklərim ki, guya mücərrəd bir intellektual yalnız Kainatdan, sayrışan ulduzlardan, hələ ayaq basmadığı, ünü yetmədiyi məkanlardan söz açanda filosof olar. Guya filosof heç kimdən, heç nədən öyrənməyən, heç bir fəlsəfi məktəb keçməyən, ayaqları yerdən üzülü kəs, “əbədi dəyərlər” təmsilçisi, fövqəladə məxluq, anadangəlmə mütəfəkkir, metafizik personadır...

Yox. Filosof gerçək həyatın hər üzündən, olub-olacaqlardan, tarix, sivilizasiya, elm, texnologiya, mədəniyyət, ədəbiyyat, din, ideologiya, fəlsəfə, etika, estetika, təhsil, informasiya, hüquq, insan və dövlətin, milli və beynəlxalq siyasətin, sosial psixologiyanın dərinliklərinə onların içində olmadan, müəyyən dairələrə sancaqlanıb onlardan asılılıq yaşamadan, dar mənafelərin cinah və barrikadalarında açıq və ya gizli şəkildə qılaflanmadan toxunur. Nəyə toxunursa da toxunsun, filosofun dayandığı tək mövqe – Kainat neytrallığıdır. Heç bir mərkəzi olmayan Kainat neytrallığı!

Çünki o, sivilizasiyanın indiyədək qazandığı intellektual, psixoloji, texnoloji, siyasi potensialını, birtərəfliliklərdən arınmış saf zəka enerjisini səfərbər etməklə, belə bir universal mövqedə dayanmasa, bioloji-demoqrafik Bəşəriyyət substansial İnsanlığa çevrilmədən öz qarı ziddiyyətləri ilə ya Yerə gömüləcək, ya da qanı bütün tarixə damcılayan o ziddiyyətləri utanıb-qızarmadan, daha böyük tüğyanında Kainata qəlpələndirəcək!

Üçüncü minilliyin filosofu bu iki absurd ssenarini cırıb fəzaya tullayaraq, Üçüncü Yolu açan məntiqin övladıdır! O filosof kosmik idrakın NASA-sıdır! (NASA Yer planetindən 40 trilyon km. məsafədə olan Alpha Centauri ulduz sisteminə 2069-cu ildə uçuş missiyasını hədəfləyir.)

Filosof – sıldırımları bağlayan o Yolun körpə Körpüsüdür. Üzərindən dünya fəlsəfəsini keçirən o Yol uzanır – zərrə-Yerdən külli-Kainata və onun yolayrıcılarına!

Filosof – Yeni İnsan yaratmır, Yeni Dünyagörüşü yaradır.

Şair – sözün dumana büründüyü fəzanın, Filosof – sözün kristallaşıb ideyaya çevrildiyi yuvanın filosofudur.

Ancaq hər ikisinə Mütləqlik yaddır. Yaddırsa, deməli, Şair və Filosof – İnsanlığı onun həqiqi mahiyyətinə çatdıracaq və doğuracaq Bətnin bir-birinə bənzəməyən əkizləridir.

Filosof – antropologiyadan kosmologiyaya qədər humanitar-etik düşüncənin dönüş refleksiyalarını, metafizik devrimlərini törədir.

Filosof – elmdə obyektivliyin, insanda ədalətin tarix sınaqlarından keçmiş böyük təcrübəsini iliklərində yaşadaraq, Üçüncü minilliyin ilk əsrində özünün neytralitet paradiqmasını cilalayıb əsaslandırmaqla, onu yeni tarixi zamanda kosmosivilizasiyanın inkaredilməz meyar-dəyərinə çevirmək səlahiyyətindədir!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Sentyabr 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see353

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see345

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see281

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see277

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see274

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see270

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see266

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see265

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see251

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see217

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see217

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see216

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see215

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see212

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see211

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see209

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see208

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see207

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri