Icma.az
close
up
RU
Ukraynada sökdülər Puşkinin heykəlini Nadir Yalçının yeni şeirləri

Ukraynada sökdülər Puşkinin heykəlini Nadir Yalçının yeni şeirləri

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Nadir Yalçının yeni şeirlərini təqdim edir.

Leysanda

Şəhər yatıb, gecə oyaq, navalçalar sayıqdı,
bu gecənin sözü yaş-yaş yazılır çökəkliyə.
Alınmayan misralarım gölməçədə qayıqdı,
Şam ağacı necə məğrur! Hey boylanır səkiyə...

Səkilərin sakinləri mürgü döyür hardasa,
qaldırımlar təlatümlə hey boylanır — boğulur.
Küçə boyu işıq saçır etibarlı dirəklər —
müştərisi ərşə çıxan baqqalları yoluxur.

Təkəmseyrək gözün yumur hənirli pəncərələr,
pərdələrin meh arzusu… çaydanların buxarı…
Gözlərini yumub daha rəngli avtomobillər,
yağmurlar da geri dönür, Allahacan — yuxarı.

Gözləyəcək bu sabahı şam ağacı, dirəklər,
bir də kağız qayıqlar, pərdələr, pəncərələr.
Baqallar gözləyəcək müştərisin təlaşla,
bir işıq dirəkləri, bir də yamyaş pişiklər.

Gözətçi daxmasının işığı sönməyəcək,
bu gecə də, sabah da, ondan sonrakı gün də.
Yenə yağış yağacaq, yənə Günəş doğacaq,
bu gecə də, sabah da, ondan sonrakı gün də.

***

Bu gün səni sevmək
Gözəldir dünən səni sevməkdən
Sabah səni sevmək qədər
Heç nə gözəl ola bilməz
Ola bilməz bu eşq
bir günah ola
ya bir huş,
ya röya,
ya da ah ola,
bütün zülmət gecələrim
sənintək sabah ola
sabah səni sevmək qədər
heç nə gözəl ola bilməz.

***

Ukraynada sökdülər Puşkinin heykəlini,
qoymadılar həmvətənlərinin mərmisindən,
bir rus zabitinin gülləsindən,
ağ, göy, qırmızı rəngə bürünmüş
tankın lüləsindən sökülsün.
Qoymadılar özünü güllələsin Puşkin,
özü özünə silah sıxsın.
Üzünə qan sıçramadan sökdülər
Puşkinin heykəlini Ukraynada.

Həyətində sərçələr cikkildəşən,
dəhlizlərində
dümağ xalatlı şəfqət bacıları dolaşan,
məşhur və mərhum akademikin adını daşıyan doğum evində
bomba partlayışında ölən körpələri seyr etməyi
rəva bilmədilər Puşkinə.
Özünü öldürməyi
rəva bilmədilər...

Bu dəfə müharibə Dantesdən də qəddar...
Sökdülər Ukraynada Puşkinin heykəlini.

Puşkinin heykəli söküləndə Ukraynada
Günəş saçlı, mavi donlu,
bayraq kimi məğrur bir qız
sevindi mərmisiz, gülləsiz sökülən heykələ.
Mərmisiz, gülləsiz gözləyirdi sevgilisini də.
Dikəldib qamətini pıçıldadı səssizcə:
"Qafqaz altımdadır, ən müdhiş zirvədə mən,
tutmuşam tək uçurum dağlı qar üstündə qərar".

***

Rauf Ra üçün ağı

“Gənc şair dəm qazından öldü”
Ekran ağı deyirdi
ağı deyirdi külək
boş qalmış quş yuvaları quş ağısı
bahara tamarzı budaqlar qış ağısı
Əhməd Cəmil küçəsinin aşağısı
ağı deyirdi.

Bir şair öldü
qəfil
birdən
lapdan
obaşdan verilən azanın səsini eşitmədim
dan yeri söküləndə uğultu gəlirdi pəncərədən
Əlibala telefonda ağı deyirdi.

Şair beləcə xəbər oldu
bir gecənin içində
düz Bakının ortasında
qərib payız dəmindən
qaz dəminə düşdü
havası çatmadı
bu boyda Yer üzündə
hər şeydən çoxdu hava
bu boyda Yer üzündə
bir şairə hava çatmadı
şəhər sakit-sakit ağı dedi:

“ölüm hava şəklində,
ölüm payız çağında…
qayıt, bağa bir də gəl
oynayım qabağında

indi sənin yaz dəmin,
yaz arzun, avaz dəmin,
niyə nataraz dəmin
yatmısan qucağında?!

Birinci gördün kimi,
Zərdüşt, Mövlud, Məliki?
qalmısan onlar kimi
kədərin ocağında”.

Xəzəli tapdalayıb şair xəbərinə tələsəndə,
sarı-sarı yarpaqlar əsəndə
Qubanın sarı dərdi
Ra dərdi, Günəş dərdi dilə gələndə
Yandakı maşının maqnitafonu ağı deyirdi:
“Sən belə deyildin əzəl, ay Quba…”

***

Bəzən bir mesajın
ya da gülüşün,
ya bir xoş baxışın,
ya nəvazişin,
bilmirəm, eləcə özünə möhtac,
eləcə “sevirəm” sözünə möhtac
yaşaya bilərəm lap sona kimi.

Yaşamaq mümkündü təkcə səninlə
ya Yer kürəsi oldu, olmadı,
Asiyada Everest oldu, olmadı,
adamlar, maşınlar, ağaclar, quşlar —
fərqi yox, mənimçün, nə də olmasa,
təkcə məhlənizlə, pəncərənizlə —
yaşamaq mümkündü təkcə səninlə.

Bu xəzəl ömürümün yaşıl yarpağı
gizlənib hardasa sənin simanda,
sənin hənirində yaz havası var,
sənin ləpirində bahar gizlənib.
üryan budaqların,
boş yuvaların,
tənha sərçələrin,
boz obaların
gümanı bahara, yaya, Günəşə —
mənim bahar arzum sənsən həmişə.

***

Yolkamızın sonuncu ulduzu yoxa çıxdı,
Yolkamızın ulduzu ayaq açdımı görən?
Şaxtalı küçələrin soyuq-buz sakinləri,
Ulduzumuz hardadır, bilinmir, yoxmu görən?

Bəlkə elə əzəldən olmayıb ulduzumuz,
Hər il belə allanıb uşaq kimi başımız.
Yuxuya tez gedəndə bacımız, qardaşımız
Allanıb anam, atam, bir də qoca nənəmiz.

Nənəm aş qazanına güllü papaq qoyanda,
Təkliyini qarğayıb qonşumuz Güllü xala.
– Nənə, ulduzu bəlkə Güllü xala tapacaq?
– O ulduz tapanacan dünya qaralar, bala.

Həmin il inanırdı nənəm dedi-qoduya,
“Dekabrın son günü işıqlar sönər birdən”
Həmin il də sönmədi işığı kainatın
Güllü xala çıxmadı sonrakı təzə ilə.

Gecənin bir aləmi səmaya uçmaq eşqi!
Gedim sevinc axtarım, ulduz tapıb gətirim.
Səmanın bağrı geniş, mənə ulduz tapılar,
Gecənin qucağından gündüz tapıb gətirim.

Yolkamızın sonuncu ulduzu yoxa çıxdı,
Yolkamızın ulduzu ayaq açdımı görən?

O darıxır…

31 dekabr
o darıxır…
nə külək döyür pəncərəsini
nə şaxta qurudur üz dərisini
ocağı isti
bacası tüstü
hər yer pisdi
onsuz…
31 dekabr
iyuldan uzaq
marta yaxın…
Şəhərin sakinləri gəlir axın-axın
milyonlarla ailənin naləsi
minlərlə qarışqa ailəsinin
batırır qulağını.
Dağıdın işıqları,
açın yolları
o gözləyir…
Bədənim yüz ilin ölüsündən də ölü,
tənhasından da tənha,
ürəyim tələsir…
31 dekabr...
– Qar yağır?
– Yağmır.
– Yağacaq?
– Oxşamır.
Bilmirəm, məktubun sonuna nə yazım…
Həsrət boğazıma qəhər düyünü vurub, dəyişib avazım.
Son söz əvəzi
illərin qovuşduğu tarixi həkk edəcəm:
31 dekabr
O darıxır…

***
Məmməd İsmayıla…

Bir adam yol gedir bizdən qabaqda,
bir adam qarşıda çıraq yandırıb.
Kimsə səfərindən, səfindən azıb
kimsə yazdığını tərsinə yazıb
kimsə qorxusundan məzarın qazıb...
Bu adam yolların özünü yorub –
bir adam yol gedir bizdən qabaqda.
Kərəm kərəmliyin itirə bilməz,
Fərhad qaya əzmin itirə bilməz,
Daha bu yollar da, bu yolçular da
min daşa-kəsəyə, zavala gəlməz —
bir adam yol gedir bizdən qabaqda.
ay adam,
ay bulud,
ay məhək daşı,
milyon addım gəzsən Yer kürəsini,
nə vaxtsa ləprini ot basa bilməz.
Qəddi qələm olan söz sarvanının
qırx quldur yığışsa, yolun kəsəmməz.
Yaz sənin üzünün nuruna gəlir,
yazın müjdəçisi sənin yolundur,
kədərin yoludur, qəmin yoludur.
Bahar arzularım çiçək açırsa,
sevginin yoludur bu getdiyin yol.
Baxım addımına gərək doyunca,
cığırın boyunca bahar axtarım.
Ay məndən qarşıda gedən ipək yol,
danış, hər kəlməndə nübar axtarım.
Qapını döyməyə gələn sözdü söz,
bu ərk qapısını həmişə özün aç.
Onəlli döyürəm qapını bu gün,
yüzəlli yapışan söz yaxasından
minəlli yapışan köz yaxasından
şairin qapısın döyürəm bu gün,
biryolluq gələn var qapına hər gün.
Qarşıda yol gedən kimdi, görəsən?
Qarşıda yol gedən, ay torpaq adam,
ay dastan, ay qopuz, ay çıraq adam,
nə qədər bu yol var qalacaq adam –
bir adam yol gedir bizdən qabaqda.

"Qohumları onun həyat yoldaşını qətlə yetirmişdilər..." - Erməni rejissor niyə azərbaycanlı aşıq haqqında film çəkdi? "Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi? Bu oyunda kim uduzdu, kim uddu? - Məmməd Arazın şeirləri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see313

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see192

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see142

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see138

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see135

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see126

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see123

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see122

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see121

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see121

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri