Universitetlərin reytinqi açıqlandı: dünya elm yarışında haradayıq?
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əbülfəz Süleymanlı
Professor
[email protected]
Avqustun 15-də dünyanın ən çox izlənilən universitet reytinqlərindən biri olan “Academic Ranking of World Universities” – daha çox Şanxay reytinqi kimi tanınan ARWU-nun 2026-cı il nəticələri açıqlandı. Hər il olduğu kimi, bu dəfə də diqqət universitetlərin reytinqdəki yüksəliş və geriləmələrinə yönəldi. Əslində isə bu siyahı təkcə universitetlərin deyil, ölkələrin elm, innovasiya və gələcək uğrunda apardığı yarışın da aynasıdır. Bu mənada universitetlərin dünya miqyasında tutduğu mövqe bir ölkənin təkcə ali təhsil sisteminin vəziyyətini yox, müəyyən mənada gələcəyə hazırlıq səviyyəsini də göstərir. Güclü universitet yalnız diplom vermir; yeni bilik yaradır, insan kapitalı yetişdirir, texnoloji yeniliklər üçün zəmin hazırlayır və cəmiyyətin gələcək haqqında düşünmə imkanlarını genişləndirir.
ARWU 2026-da 2500-dən çox universitet qiymətləndirilib, onların ən yaxşı 1000-i açıqlanıb. Nobel və Fields mükafatları, yüksək istinadlı tədqiqatçılar, Nature və Science jurnallarındakı məqalələr və beynəlxalq elmi bazalarda indekslənən nəşrlər əsas göstəricilər sırasındadır. Başqa sözlə, bu reytinq universitetlərin ilk növbədə elmi-tədqiqat gücünü və dünya elminə töhfəsini ölçür. Siyahının ilk pillələrində yenə tanış adları görürük: Harvard, Stanford, Massaçusets Texnologiya İnstitutu, Kembric və Berkeley. Oksford yeddinci, Paris-Saclay 13-cü, Tsinghua Universiteti isə 18-ci pillədədir.
Bu universitetlərin hər biri sadəcə bir ali təhsil müəssisəsi deyil; öz ölkəsinin elmi gücünü, innovasiya potensialını və gələcəyə nə qədər iddialı olduğunu göstərən göstəricidir. Bu gün süni intellektdən biotexnologiyaya, yeni enerji mənbələrindən kosmik texnologiyalara, tibbi innovasiyadan rəqəmsal iqtisadiyyata qədər gələcəyi müəyyən edən sahələrin arxasında məhz güclü universitet və tədqiqat ekosistemləri dayanır. Stanfordu Silikon Vadisindən, MIT-ni Amerikanın texnoloji inkişafından, Tsinghuanı Çinin elmi-texnoloji yüksəlişindən ayrı təsəvvür etmək çətindir.
Ona görə reytinqlərə yalnız “kim neçənci oldu?” marağı ilə yanaşmaq kifayət etmir. Reytinq qüsursuz ölçü sistemi olmaya bilər, amma ölkələrin elmi məhsuldarlığını, tədqiqat keyfiyyətini və institusional imkanlarını görmək üçün əhəmiyyətli bir güzgüdür.
Türk dünyası baxımından bu güzgüdəki mənzərə ayrıca diqqət tələb edir. ARWU 2026-nın ilk minliyində Türk dövlətlərindən əsas təmsilçilik Türkiyəyə məxsusdur. İstanbul, Hacettepe, Ankara, Koç, İstanbul Texniki və Orta Doğu Texniki universitetləri də daxil olmaqla Türkiyənin bir sıra ali məktəbləri ilk 1000-də yer alır. Digər Türk dövlətlərinin universitetləri isə bu reytinqin ilk minliyində yer almayıb.
Ancaq digər sıralamalarda Türk dünyası universitetləri ilə bağlı daha müsbət mənzərə ortaya çıxır. Məsələn, 2026-cı ilin iyununda açıqlanan QS World University Rankings 2027 nəticələrində Azərbaycandan Bakı Dövlət Universiteti 565-ci, UNEC isə 634-cü, Qazaxıstanın Əl-Fərabi Universiteti 177-ci, L.N.Qumilyov adına Avrasiya Milli Universiteti 338-ci, Satbayev Universiteti 351-ci, Qırğızıstan-Türkiyə Manas Universiteti 1001-1200 aralığında, Özbəkistanın TIIAME Milli Tədqiqat Universiteti 458-ci Türkiyənin İstanbul Texniki Universiteti 279-cu, Orta Doğu Texniki Universiteti 305-ci yerdə qərarlaşıb. Türkiyədən Boğaziçi və Koç universitetləri də ilk 350-likdədir.
Təbii ki, QS 2027 reytinq kimi cədvəllərdə universitetlərimizin yer alması əhəmiyyətlidir. Lakin əsas məsələ yalnız sıralamada görünmək yox, universitetlərin elmi bilik, innovasiya və insan kapitalı vasitəsilə ölkənin inkişafına nə qədər əlavə dəyər yarada bilməsidir. Rəqəmlərin özündən daha vacibi də onların bizə nə deməsidir. Bir reytinq beynəlxalq nüfuzu, digəri fundamental tədqiqat və elmi məhsuldarlığı daha çox ön plana çıxara bilər. Amma əsas sual dəyişmir: universitetlərimiz dünya elminin istehsal olunduğu mərkəzlərə və cəmiyyət üçün real dəyər yaradan elmi institutlara nə dərəcədə çevrilə bilir?
Məsələnin Türk dünyası üçün mühüm tərəfi də məhz burada başlayır. Universitetlərimizin səviyyəsinin yüksəldilməsini yalnız ayrı-ayrı ölkələrin daxili ali təhsil siyasətinin vəzifəsi kimi görmək kifayət etmir. Siyasi, iqtisadi, nəqliyyat və mədəni əməkdaşlığın genişləndiyi bir dövrdə ortaq elmi məkan yaratmaq imkanlarımız da artır.
Süni intellekt, rəqəmsal transformasiya, demoqrafiya, iqlim dəyişikliyi, su ehtiyatları, energetika, biotexnologiya və sosial transformasiya kimi problemlər artıq milli sərhədləri aşır. Bu sahələrdə universitetlərimizin elmi potensialının yüksəldilməsi ilə yanaşı, ortaq tədqiqat layihələrinin, birgə laboratoriyaların, doktorantura proqramlarının və elmi şəbəkələrin genişləndirilməsi Türk dünyasının qlobal elm sistemindəki mövqeyini gücləndirə bilər.
Sevindirici haldır ki, bunun üçün institusional zəmin də tədricən formalaşır. Türk Dövlətləri Təşkilatı çərçivəsində ali təhsil əməkdaşlığı son illərdə daha sistemli xarakter alıb. Türk Universitetlər Birliyinin – TURKUNİB-in artıq 170 universiteti birləşdirməsi, Orhun Mübadilə Proqramının genişləndirilməsi, Türk Dünyası Ali Təhsil Məkanının formalaşdırılması, diplomların qarşılıqlı tanınması, müəllim və tələbə mübadiləsinin inkişaf etdirilməsi istiqamətində atılan addımlar bunun göstəricisidir.
Bu prosesdə Beynəlxalq Türk Akademiyasının fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq statuslu elmi təşkilat kimi Akademiya Türk xalqlarının ortaq tarixinin, dilinin və mədəni irsinin öyrənilməsi ilə yanaşı, müxtəlif ölkələrin alimlərini ortaq tədqiqat və elmi layihələr ətrafında birləşdirən mühüm platformaya çevrilib. Akademiyanın fəaliyyət dairəsini müasir dövrün çağırışlarına doğru genişləndirməsi, süni intellekt, rəqəmsal transformasiya və yeni texnologiyaların Türk dünyasına təsiri kimi istiqamətlərə də diqqət yetirməsi bu baxımdan xüsusilə əhəmiyyətlidir.
İndi əsas məsələ mövcud əməkdaşlığın daha çox ortaq elmi nəticəyə çevrilməsidir. Konfrans və toplantılar vacibdir, lakin onların ardınca beynəlxalq səviyyəli ortaq nəşrlər, böyük tədqiqat layihələri, birgə doktorantura proqramları, laboratoriyalar və elmi mərkəzlər gəlməlidir. Və ən vacibi, bu ali təhsil müəssisələrində yetişən gənclərin bilik və bacarıqlarının, aparılan tədqiqatlardan əldə olunan nəticələrin ölkə iqtisadiyyatına, innovasiya mühitinə və ictimai inkişafına real dəyər kimi çevrilməsidir. Başqa sözlə, Türk dünyasında elmi əməkdaşlığın yeni mərhələsinin əsas sualı belə səslənə bilər: birlikdə nə qədər yeni bilik yarada və bu biliyi nə dərəcədə real inkişaf gücünə çevirə bilirik?
Reytinqlərə münasibətimizi də bu sual müəyyənləşdirməlidir. Məqsəd reytinqdə yüksəlmək naminə universitet qurmaq yox, elmi keyfiyyəti artırmaq, güclü tədqiqat mühiti yaratmaq, istedadlı gəncləri elmə cəlb etmək və beynəlxalq elmi dövriyyənin fəal iştirakçısına çevrilməkdir. Reytinqdə yüksəliş bunun təbii nəticəsi olacaq.
Güclü universitet üçün maliyyə və texnoloji infrastruktur vacibdir. Amma sağlam elmi rəqabət, akademik keyfiyyət, beynəlxalq əməkdaşlıq, gənc alimlərə etimad və tədqiqat azadlığı da eyni dərəcədə önəmlidir. Çünki universitet təkcə ali təhsil müəssisəsi yox, cəmiyyətin düşüncə keyfiyyətinin və gələcək təsəvvürünün formalaşdığı əsas məkanlardan biridir.
Son dövrlərdə ictimai müzakirələrimizdə keçmişə, tarixi hadisələrə və şəxsiyyətlərə böyük maraq göstəririk. Tarixi anlamaq və yaddaşı qorumaq, əlbəttə, vacibdir. Amma bir əvvəlki yazımızda da qeyd etdiyimiz kimi, intellektual enerjimizin əsas hissəsini daha çox gələcəyin suallarına yönəltməliyik: universitetlərimiz on il sonra harada olacaq, süni intellekt və yeni texnologiyalar yarışında hansı mövqedə dayanacağıq, gənc alimlərimizi necə yetişdirəcək və necə qoruyacağıq?
Bu mənada bəlkə də universitet reytinqlərinin bizə verdiyi ən vacib mesaj budur: gələcəyə iddiası olan cəmiyyət ilk növbədə biliyə, elmə və insana yatırım edir. Bu mənada həm Azərbaycanın, həm də bütövlükdə Türk dünyasının gələcəyin siyasi və iqtisadi xəritəsində daha güclü mövqe tutmasının yolu, dünya elm xəritəsində də daha görünən, məhsuldar və təsirli yer qazanmasından keçir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 17 Avqust 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















