Icma.az
close
up
RU
Uşaqlar sosial şəbəkə torunun hədəfində

Uşaqlar sosial şəbəkə torunun hədəfində

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zorakılıq mənzərəsi onların kövrək qəlbini sarsıdır

Müasir dövrdə rəqəmsal texnologiyalar həyatın ayrılmaz hissəsinə çevrilib. İnternet, sosial media platformaları və mobil tətbiqlər uşaqlara informasiya əldə etmək, ünsiyyət qurmaq və öyrənmək üçün geniş imkanlar yaratsa da, onların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar da gündəmə gəlir. Xüsusilə son illərdə uşaqların sosial şəbəkələrdə qarşılaşdıqları zərərli məzmun, kibertəzyiq, internet asılılığı və psixoloji problemlər dünyanın bir çox ölkəsində hökumətləri müəyyən tədbirlər görməyə vadar edir.

Mütəxəssislər bildirirlər ki, uşaqların qarşılaşdıqları əsas bəlalardan biri yaşlarına uyğun olmayan məzmunların sürətlə yayılıb onları da ağuşuna almasıdır. Sosial media platformalarında zorakılığı təşviq edən videolar, təhlükəli çağırışlar və müxtəlif manipulyativ məzmunların azyaşlı istifadəçilərin psixoloji inkişafına mənfi təsir göstərməsi artıq ictimai narahatlıq yaradır. Alqoritmlərin istifadəçilərin diqqətini mümkün qədər uzun müddət platformada saxlamağa yönəlməsi isə uşaqların belə ziyanlı təsirlə tez-tez qarşılaşmasına səbəb olur.

Valideynlər övladlarının gündəlik həyatına nəzarət etsələr də, internetdə qarşılaşdıqları hər bir məzmunu izləmələri həmişə mümkün olmur. Bu səbəbdən bir çox ölkələr uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasını artıq yalnız ailələrin deyil, dövlətlərin və texnologiya şirkətlərinin də məsuliyyəti hesab edirlər.

Bu istiqamətdə tədbirlər Böyük Britaniyada da müzakirə olunur. Baş nazir Keir Starmerin təklifinə əsasən, 16 yaşdan kiçik uşaqların sosial media platformalarına girişinə məhdudiyyətlərin tətbiqi nəzərdən keçirilir. Məlumatlara görə, təşəbbüs ölkə üzrə aparılan məsləhətləşmələrdən sonra daha intensiv şəkildə gündəmə gətirilib və hökumət mümkün hüquqi mexanizmləri araşdırır.

Britaniya hökuməti bu məsələdə ötən il oxşar qərar qəbul edən Avstraliyanın təcrübəsini də öyrənir. Ekspertlər hesab edirlər ki, Avstraliya modeli gələcəkdə digər ölkələr üçün də nümunə ola bilər. Ölkədə 2025-ci ildən etibarən 16 yaşdan kiçik uşaqların “TikTok”, “YouTube”, “Instagram” və “Facebook” kimi platformalara çıxışı məhdudlaşdırılıb. Qaydalara əməl etməyən şirkətləri isə 49,5 milyon Avstraliya dollarına qədər cərimə gözləyir. Avropa İttifaqında isə uşaqların rəqəmsal təhlükəsizliyini gücləndirmək məqsədilə yeni qaydalar hazırlanır. Avropa Parlamenti 16 yaşdan kiçik uşaqların valideyn icazəsi olmadan sosial media platformalarına girişinin qadağan edilməsini, 13 yaşdan aşağı uşaqlar üçün isə tam qadağa tətbiq olunmasını təklif edib.

ABŞ-da uşaqları onlayn risklərdən qorumağı hədəfləyən qanun layihələri yenidən müzakirəyə çıxarılıb. Bəzi ştatlarda sosial media hesabı açmaq üçün valideyn razılığı tələb olunur. Çin uşaqların ekran qarşısında keçirdiyi vaxtı məhdudlaşdıran xüsusi “uşaq rejimi” tətbiq etdiyi halda, Malayziya 16 yaşdan aşağı şəxslərin sosial media hesabı yaratmasına qadağa qoymağa başlayıb.

Mütəxəssislər təklif edirlər ki, sosial mediadan həddindən artıq istifadə uşaqlarda diqqət dağınıqlığı, yuxu pozuntuları, narahatlıq, depressiya əlamətləri və sosial münasibətlərdə çətinliklər yarada bilər. Xüsusilə özünü başqaları ilə müqayisə etməyə sövq edən məzmunlar yeniyetmələrin özünəinamına mənfi təsir göstərir. Bu səbəbdən bir çox psixoloq və pedaqoq uşaqların ekran qarşısında keçirdiyi vaxta nəzarətin vacibliyini vurğulayır.

Hicran HÜSEYNOVA,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri:

– Hazırda informasiya-kommunikasiya texnologiyaları dövrümüzün ən vacib tələblərindəndir. Bu gün elə bir sahə yoxdur ki, yeni nəsil texnologiyaların xidmətindən istifadə edilməsin. İnternet, sosial media hər kəsə informasiyaya rahat çıxış imkanı yaradır. Bu, yeni dövrün reallıqlarıdır. Bu sahədə kompleks yanaşma nümayiş etdirilir.

Uşaqlar dövlətin sərvəti, gələcəyə olan ümidi, sərmayəsidir. Azərbaycanda uşaqların müdafiəsi, sağlam inkişafı, təlim-tərbiyəsi, bilik və bacarıqlarının artırılması üçün geniş imkanlar yaradılır. Bu gün bir çox dövlətlərin qarşısında dayanan vacib məsələ informasiya təhlükəsizliyidir. Sosial şəbəkələrin həyatın ayrılmaz hissəsi olduğu dövrdə uşaqların psixoloji sağlamlığı üçün nəzarətsiz istifadənin qarşısının alınması vacibdir. Hazırda sual "qadağan etmək və ya etməmək" deyil. Əsas məsələ uşaqları inkişaf, öyrənmə və sosial qarşılıqlı əlaqə üçün vacib imkanlardan məhrum etmədən real dünya təhlükələrindən qoruyan rəqəmsal mühitin yaradılmasıdır.

Dünyada müxtəlif tədqiqatlar aparılır. Məsələn, Avstraliyada 10-15 yaşlı uşaqların 96 faizi sosial mediadan istifadə edir və onların 70 faizi zərərli məzmun və davranışlarla qarşılaşır. Amerikada 2025-ci ildə aparılan bir araşdırma göstərib ki, 13-17 yaşlı qızların 71 faizi, oğlanların isə 54 faizi kiberzorakılıqla qarşılaşır. Amerikalı yeniyetmələrin 19,2 faizi kiberhücum səbəbindən məktəbi buraxdığını bildirib. Kiberbullinqə məruz qalan yeniyetmələrin 12 faizi son bir ildə özünə zərər verməyi düşünüb, 6 faizi isə buna cəhd edib. Ən yüksək riskə malik platformalar: “Instagram” kiberzorakılıq hadisələrində liderdir (42 faiz), ardınca “Facebook” (37 faiz) və “Snapchat” (31 faiz) gəlir. Digər tədqiqatlar “YouTube” ən yüksək göstərici olduğunu müəyyən edib. “YouTube”dakı uşaqların 79 faizi kiberhücuma məruz qalıb, ardınca “Snapchat” (69 faiz), “TikTok” (64 faiz) və “Facebook” (49 faiz) gəlir. Dövlət Statistika Komitəsinin 2024-cü ildə ev təsərrüfatlarında İKT-də istifadəyə dair seçmə statistik müayinənin nəticələrinə görə, əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 90,8 olub. Bu göstərici 6-15 yaş qrupu üzrə isə 90,1 faiz təşkil edib. Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci il sorğusuna görə, məktəbyaşlı övladı olan respondentlərin 63,5 faizi övladının sosial mediadan istifadə etdiyini, 36,5 faizi isə istifadə etmədiyini bildirib.

Beynəlxalq təcrübə müxtəlif yanaşmalar nümayiş etdirir: Avstraliya, Danimarka, Norveç, Türkiyə və Fransa kimi ölkələr yaş məhdudiyyəti tətbiq edir, ABŞ və bəzi Avropa ölkələrində valideyn nəzarəti sistemləri yaradılıb. Çində sərt dövlət tənzimləmələri tətbiq olunur. Postsovet ölkələrinin bir çoxunda da minimum yaşla bağlı müzakirələr aparılır. Bu gün müzakirə etdiyimiz məsələnin məqsədi aydındır: uşaqları kibertəhdidlərdən, zorakılıqdan, zərərli məzmundan və mənfi zehni sağlamlığa təsirlərdən qorumaq. Ölkəmizdə 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul edilib. Eyni zamanda, uşaqların hüquqlarının qorunması ilə bağlı digər sahələrdə də yaş məhdudiyyətləri tətbiq olunub, uşaqların siqaret, alkoqol, soyuq silah satışına, pornoqrafik məzmunlara çıxışına məhdudiyyət qoyulub. Mövcud qanunvericiliyə edilən dəyişikliklər uşaqların hüquqlarının qorunmasına yönəlib. Biz də bu dəyişiklikləri qəbul etməklə onları daha təhlükəsiz bir həyat vermiş oluruq.

Ceyhun MƏMMƏDOV,
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü:

– Sosial medianın və ağıllı telefonların uşaqlara təsiri, ümumilikdə isə, rəqəmsal mühitdə gənclərin zərərli təsirlərdən qorunması bu gün dünyada ən çox müzakirə olunan məsələlərdəndir. Bu problem qlobal miqyasda ciddi narahatlıq doğurur və cəmiyyətlər qarşısında yeni çağırışlar yaradır.

Ölkəmiz də bu reallıqları nəzərə alaraq müəyyən addımlar atmağa hazırlaşır. Bir müddət əvvəl Azərbaycan Prezidentinin imzaladığı sərəncamda Nazirlər Kabinetinə tapşırıq verilib ki, yetkinlik yaşına çatmamış şəxslərin sosial mediadan istifadəsinə dair müvafiq məhdudiyyətlərin tətbiqi ilə bağlı təkliflər hazırlansın.

Bu, zamanın tələb etdiyi bir qərardır. Belə bir addıma uzun müddətdir ehtiyac duyulurdu və məsələ cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. İnanırıq ki, həyata keçiriləcək tədbirlər təhsil prosesinə, uşaqların psixoloji sağlamlığına və ümumilikdə onların inkişafına müsbət təsir göstərəcək. Növbəti illərdə də bu qərarın nəticələrini daha aydın şəkildə müşahidə etmək mümkün olacaq.

Hesab edirəm ki, tətbiq olunacaq məhdudiyyətlər uşaqların və yeniyetmələrin zərərli təsirlərdən qorunmasına mühüm töhfə verəcək. Eyni zamanda, bu qərarın effektiv nəticə verməsi üçün müvafiq icra və nəzarət mexanizmlərinin hazırlanmasına da ehtiyac var. İnanıram ki, aidiyyəti dövlət qurumları bu istiqamətdə lazımi tədbirləri həyata keçirəcəklər.

Məsələ son dərəcə ciddi və aktualdır. Gənclərin, xüsusilə də məktəblilərin rəqəmsal mühitdə qarşılaşa biləcəkləri risklərdən qorunması dövlət və cəmiyyət üçün prioritet məsələlərdən biri olmalıdır. Bu baxımdan sosial media istifadəsi ilə bağlı tənzimləyici addımların atılması müsbət nəticələr verəcək və gənclərə yönələn mənfi təsirlərin qarşısının alınmasına kömək edəcək.

Lakin bununla yanaşı, maarifləndirmə işlərinin də genişləndirilməsi vacibdir. Gənclərlə davamlı şəkildə işləməli, onlara rəqəmsal təhlükəsizlik və məsuliyyətli internet istifadəsi barədə məlumat verilməlidir. Eyni zamanda, ailələrlə də mütəmadi iş aparılmalı, valideynlər övladlarını rəqəmsal mühitin risklərindən qorumaq üçün lazımi bilik və bacarıqlarla təmin edilməlidirlər. İlk növbədə, valideynlər uşaqlarının rəqəmsal mühitdə fəaliyyətlərinə məsuldurlar. Bu baxımdan belə bir addımın atılması olduqca vacibdir.

Ləman TƏHMƏZ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyun 2026 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

08 İyun 2026 12:45see471

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see272

Lotus şirkətinin baş direktoru şirkətin hiperkarı haqqında rəy bildirib

08 İyun 2026 20:45see266

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see245

Bakıda şagirdin saçı qırxıldı Dərsdə saqqız çeynədiyinə görə VİDEO

08 İyun 2026 23:04see228

Azərbaycanda minlərlə iş yeri bağlandı Nə baş verir?

08 İyun 2026 14:16see224

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see221

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see206

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see195

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see184

Gənc ana və oğulları

09 İyun 2026 03:48see170

Dünyada tanınan azərbaycanlılar arasında Tünzalə Ağayevanın adı var FOTO

08 İyun 2026 13:49see167

Azərbaycan gimnastları üç “qızıl” qazandı

08 İyun 2026 18:18see165

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see165

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see160

Xaricdə təhsil üzrə Dövlət Proqramında müsahibə mərhələsi BAŞLADI

08 İyun 2026 18:15see160

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see157

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see157

Ofelya Sənanidən emosional arzu

08 İyun 2026 21:32see153

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri