Icma.az
close
up
RU
Uşaqlar təhlükədədir: Dönərlər ölmüş heyvan ətindən hazırlanır

Uşaqlar təhlükədədir: Dönərlər ölmüş heyvan ətindən hazırlanır

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Məktəb yanındakı dönər köşkləri kütləvi zəhərlənmə mənbəyidir

Gəncədə dönərdən zəhərlənən məktəblilərin vəziyyəti qənaətbəxşdir. Hadisə ötən gün axşam saatlarında baş verib. Saat 21:30 radələrindən başlayaraq 5-i kişi, 3-ü qadın cinsli olmaqla 8 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Bu barədə TƏBİB-in məlumatında bildirilir. Qeyd edilib ki, dəqiqləşdirilməmiş mənşəli qastroenteritlər və kolitlər diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Zəhərlənmə diaqnozu qoyulan məktəblilərin kimliyi məlum olub. APA-nın yerli məlumatına görə, zəhərlənənlər 2015-ci il təvəllüdlü F.İsmayılov, 2015-ci il təvəllüdlü X.Tağıyeva, 2014-cü il təvəllüdlü Ə.Zeynalov, 2015-ci il təvəllüdlü N.Məmmədova, 2015-ci il təvəllüdlü A.Məmmədzadə, 2014-ci il təvəllüdlü T.Cəfərzadə, 2015-ci il təvəllüdlü H.Hüseynli və 2015-ci il təvəllüdlü Ə.Mirzəyevdir. Məlumata görə, hazırda zəhərlənən şagirdlərin vəziyyətləri normaldır. Zəhərlənən məktəblilər Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin şagirdləri olub. Onların dərsdən sonra dönər yedikləri və vəziyyətlərinin ağırlaşdığı, təcili yardımla xəstəxanaya aparıldıqları bildirilir. Dərhal onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Dönərlərin keyfiyyətsiz ətdən hazırlandığı zatən bəllidir. Şübhəsiz, aidiyyətli qurumlar şagirdlərin hansı dönərxanadan yemək aldıqlarını, ərzağın keyfiyyətini, bişirilmə zamanı standartlara nə dərəcədə əməl olunduğunu, əlavə qatqıların, yoxsa ətin zəhərlənməyə səbəb olduğunu araşdıracaqlar. Üzərində düşünülməli məsələ isə niyə şagirdlər dərsdən çıxıb dönər yeyir, olmalıdır. Oxucu irad tuta bilər, dönər qidalanmanın ayrılmaz hissəsinə çevrilib, küçə qidalarına daxildir, ayaqüstü, tez-bazar yemək üçün uyğundur, valideyn işləyir, günorta, axşam saatlarında da işdə olan valideynlər var, uşaq nə yesin və sair. Övladının sağlam gələcəyini düşünən valideyn xörəyini axşamdan hazırlayır. Övladını da erkən yaşlardan, körpəlikdən ev yeməkləri, özünün bişirdiyi xörəklərə alışdırıbsa, uşaq məktəbdən çıxıb evə gələcək və anasının, nənəsinin bişirdiyi xörəyi yeyəcək. Dönər ötən əsrin sonlarından menyumuza daxil edildi. Daxil oldu yox, məhz edildi. Bilərəkdən. Bununla da, Azərbaycan ailələrinin bir çoxu küçədə, ayaqüstü qidalanmaya alışdırıldı zaman-zaman. Məktəblərin, ali təhsil müəssisəsələrinin, hər metro stansiyasının “başında”, getdikcə az qala hər addımda qarşımıza çıxan dönərxanalar, “isti-isti” "fast-food" hazırlanan təkərli köşklər milli mətbəximizi, ev, ailə ocağında bişirilməli olan xörəklərdən iraq edib çoxlarını. Nəticə də budur. Dərsə gedən də, dərsdən çıxan da, pulu azdırsa, dönər almağa cumur, pulu bir az çox olansa daha bahalı hazır qidalara. Yeniyetmənin, gəncin mənşəyi məlum olmayan ətlərdən hazırlanmış burger, "fast-food", ya dönər yeməsinin orqanizmə heç bir xeyri, faydası olmur. Bəzi hallarda isə zəhərlənmə kimi faciəli hadisələr yaşanır. Təhsil müəssisələrinin qənşərinə gətirilir dönər, "fast-food" köşkləri. Dərsdən çıxan gənc elə oradaca mədəsini doldurur, yalançı toxluq hissi yaranır. Faydası isə sıfırdır.    

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında qeyd etdi ki, dönərdən zəhərlənmələr daim davam edəcək, nə qədər ki bu sahədə ciddi dönüş olmayıb:

- Ölkədə dönərləri təmiz ətdən hazırlayıb, dana və toyuq ətlərini şişə taxıb mənfi 40 dərəcə şok dondurmadan keçirib ətlərin tərkibindəki mümkün bakteriyaları öldürüb, sonra ətləri "skoç”a sarıyıb xüsusiləşmiş avtomobillərdə iaşə obyektlərinə çatdıran cəmi iki müəssisə var. Lakin dönərxanaların bəlkə də, ancaq 1-2 faizi bu dönərləri alır. Əksəriyyəti bir dəfə alır, həmin ətlərin sənədini, sertifikatını asır obyektin divarından, sonra isə öz bildiyi kimi, necə sərf edirsə, o cür hazırlayır dönəri.

E.Hüseynov bildirdi ki, zəhərlənməyə səbəb ətlər yox, istifadə olunan əlavə qatqı maddələri ola bilər:

- Ətin zəhərlənmə verməsi üçün xarab olması lazımdır. Xarab olmuş ətin rəngi göyərmiş, iylənmiş olur, bunu hər adam hiss edə bilər. İylənmiş, qaralmış, ya da göyərmiş ətə heç it, pişik də yaxın durmur. Hesab edirəm ki, zəhərlənməyə səbəb ətə vurulan, bükmənin arasına çəkilən mayonez, ketçuplardır. Ya da boyat, dünəndən qalan dönərlər ola bilər. Dönər bu gündən sabaha saxlanırsa, hətta soyuducuda da çirklənmiş qida hesab olunur və qida üçün yararsızdır. Dönər elə hazırlanmalıdır ki, bu gündən sabaha qalmasın. Xüsusən toyuq dönəri. Mayonezlər, ketçupların saxlanma müddəti 5 saatdan artıq olmamalıdır. Dönərlərin çox zaman təsadüfi ətlərdən hazırlandığı da məlumdur. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dəfələrlə bu cür faktlar aşkarlayıb, ölmüş at, eşşək ətləri Bakıya, ehtimal ki, kafe-restoranlara, dönərxanalara daşınırmış. Son vaxtlar bu məsələdə nəsə sakitlik yaranıb. Yoxlamalar dayanıb. Təhlükəli ətlərin dönərxanalara çatdırılmasına son qoyulmalıdır. Valideynlər elə etməlidir ki, uşaqlar dönərə, "fast-food"lara alışmasın. Valideyn övladının sağlamlığının qeydinə qalmalıdır. 2 manat pul verir uşağa, göndərir məktəbə, istədiyini al, ye, deyir. Bu məsələdə müəllim və valideynlərin məsuliyyəti böyükdür. Dönər köşklərini məktəblərin yaxınlığında açırlar. Qızardılmış ətin qoxusu cəlb edir uşaqları, böyükləri. Pul qazanırlar insanların sağlamlığı üzərindən. Amma keyfiyyətə nəzarət edilmir. Valideyn övladını sağlam qidalandırmalıdır. Dönərxanalar kütləvi və tədrici zəhərlənmə mənbəyinə çevrilib artıq. AQTA elə bir iş aparmır ki, insanlar seçim edə bilsin, bilsinlər ki, harada normal dönər verilir. Bütün dönərxanalarda uyğunluq sertifikatı asılıb divardan. Amma ona uyğun hazırlanırmı? Bu kimi problemlər həll edilməyincə, zəhərlənmə halları da davam edəcək. Dönərçilər indi başqa üsula əl atır. Qiyməti bir qədər yüksəldərək dönərin keyfiyyətli ətdən hazırlandığı görüntüsü yaradırlar insanlarda. Bu, növbəti aldatmadır. Normal dönərin qiyməti 3-4 manat arası olmalıdır.

Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında bildirdi ki, bu məsələdə hər iki tərəfin məsuliyyətsizliyi var:

- Qida təhlükəsizliyi strateji məsələdir. AQTA-nın plansız yoxlamaları ləğv olunub. Plansız yoxlama yoxdursa, dönərxanalar istədiklərini edəcəklər, sanitar qaydalara əməl etməyəcəklər. Biz zəhərlənmə halları barədə tez-tez eşidəcəyik. Valideyn məsuliyyəti də əsasdır. Uşağın qida rejimi var. Səhər məktəbə yola salanda ana uşağın çantasına nəsə bir qida qoyur. Tapşırır, küçədə heç nə yemə, evə gələrsən, evdə yeyərsən. Bunu etməyən analarsa, uşağa pul verib məktəbə yola salır və deyir ki, nə istəsən al, ye. Günorta saatlarında dönərxanaların qarşısında növbələri hamımız görürük. Bu, heç xoşagələn hadisə deyil. Ayaqüstü qidalanma mədə-bağırsaqları tədricən sıradan çıxaran əsas səbəbdir. Valideynlərin çoxu uşağının qəbizliyindən şikayət edirlər. Niyə? Çünki quru qidalara üstünlük verirlər, "abur-çubur", hazır paketlənmiş qidalar uşaqlara da, böyüklərə də, hamıya ziyandır. Bunu nə qədər demək olar axı?!. Uşaqlarınızı normal ev xörəkləri ilə qidalandırın, əziyyət çəkin azacıq, evdə yemək bişirin, şirniyyat hazırlayın, verin uşağınız yesin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Dekabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see264

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see235

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see226

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see145

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see145

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see126

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri