Icma.az
close
up
RU
Uzundərənin uzundərə taleyi : Qanlı hərbi baza, rəqs, şəhidlər xiyabanı

Uzundərənin uzundərə taleyi : Qanlı hərbi baza, rəqs, şəhidlər xiyabanı

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən yazımda "Yolumuz Ağdamadır" -dedik, amma unutduq ki, Ağdamdan əvvəl baş əyiləsi, ziyarət ediləsi bir məkan da var: Uzundərə!
Başdan başlayım: Oxucularımıza ərz edim ki, niyə bu Uzundərə müqəddəs yer hesab olunur. Əslində şəhidlərimizin qanı süzülən bütün Qarabağ torpaqları müqəddəsdir! Diz üstə çöküb, o torpaqlara sitayiş etmək lazımdır. Amma Uzundərə adi təpəlikdən müqəddəs bir məkana çevrilməsi, sözün həqiqi mənasında “uzundərə” söhbətdir.

Uzun dərənin hekayəti... 


Uzundərə Ağdam -Bərdə yolunun tam da üstündədir. Ağdamlıların da, Ağdama qonaq gələnlərin də yadında olar:Sovet dönəmində Ağdam şəhər girişini simvolizə edən rəngli daşlarla işlənmiş abidə Uzundərədə  təpəliklərin üzərində quraşdırılmışdı. Səhv etmirəmsə, çörək muzeyinin üzərinə çəkilmiş şəbəkəni xatırladırdı. Ağdama düz 6 km qalmış başlayan bu yer müharibədən əvvəl barlı bərəkətli, varlı-dövlətli Göytəpə kəndinin ərazisinə aid idi. O vaxt o cənnət Göytəpəyə Bərdə tərəfdən giriş edəndə bilirdik ki, Uzundərənin körpüsü ( tarixi dəmiryol körpüsü Köçərli-Ağdam xətti) bir addımlıqdadır. Amma indi Göytəpə adlı cənnəti bayquşlar xarabalığa çevirdiyinə görə, körpünü görməyincə Uzundərədə olduğumu anlaya bilmədim.

Müharibə başlayandan yox, hələ lap qədim zamanlardan bura müqəddəs hesab olunub. Rəvayətə görə, qədimdə ya dağlıq, ya da aran Qarabağa gəlin aparanda gəlin karvanı bu dərədən keçər və burda bir qədər dincələrmişlər. Kişilər, qadınlar, gəlinlər vaxtlarını boş keçirməmək üçün musiqinin müşayiəti ilə oynayarmışlar. 

Həmin rəqslərdən birinin -  məşhurunu həmin yeri adı ilə “Uzundərə” adlandırıblar. Ənənəvi toy rəqsi olan “Uzundərə”, adətən qızlara, gəlinlərə, bəzən isə qocalara aid edilir. Bu rəqs olduqca cazibəli, aram, incə və lirik melodiyadır. Zərif və emosional kompozisiyalı “Uzundərə” üçün adi gəziş, yana gəziş, süzmə və s. xarakterikdir. Bu rəqs qadın ifası üçün daha səciyyəvi, daha uyğun və münasib olduğu üçün əsasən, gəlin gətirilən vaxt qadınlar ifa edirdilər. Bəzi yerlərdə bu rəqsi kişilər, bəzən də qadınla kişi oynayır. Dahi Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” operettasında bu xalq rəqsinin melodiyasından istifadə edib.

Yeri gəlmişkən, həmişə Uzundərə adı çəkiləndə bir xatiirə yadıma düşür. Təxminən 1986-cı ilin yanvarı idi. Qış tətili olduğu üçün dərsə getmirdik. Məktəbdən zəng etdilər ki, sinif yoldaşlarınızdan bir neçəsini götürün , gəlin məktəbin qarşısına . Gedirik Yeni İl Şənliyi Keçirməyə. Bir neçə sinif yoldaşıma zəng edib məktəbin qarşısına yığıldıq .

Düşünürdük ki, yəqin bizi Ağdamın mədəniyyət evinə aparacaqlar. Xülasə, bizi gətirib , bərri-biyaban olan həmin Uzundərədə avtobuslardan düşürdülər. Demək olar ki, Ağdamın bütün məktəbliləri bura yığılmışdı. Nağara, qarmon... Orada bir çal-çağır başladı ki. Böyük siniflər olduğumuz üçün oynama utandığımız bir vaxtda Gülgəz müəllimə bizə elə bir qıyqacı baxış baxdı ki, hamımız tökülüşdük ortaya... Oynadıq ee! Təsəvvür edin, oynaya -oynaya gözümüz qalıb Gülgəz müəllimin üzündəki, Allah bu nə vaxt insafa gəlib deyəcək ki, siz ortanı tərk edib o biri uşaqlar gəlsin rəqs eləsin! Bu da həmin günlərdən qalan yeganə foto.

Ağdam boyda, Ağdama təhlükə - Uzundərə hərbi bazası
Hələ sovet hökümətinin vaxtında o ərazidə böyük bir hərbi hissə yerləşdirilmişdi. Daha dəqiq, SSRİ Müdafiə Nazirliyinin Zaqafqaziya Hərbi Dairəsinin artilleriya döyüş sursatlarının anbarı və SSRİ Ordusunun 44060 nömrəli hərbi hissənin hərbi bazası yerləşirdi. Ətrafına heç kəsi yaxınlaşmağa imkan verməzdilər. Hər şey yerin altında olduğu üçün oralarda nələr oldunu da bilməzdik.
1990-cı ildə Sovet ordusundan kifayət qədər yararlanaraq dişinə qədər silahlanmış erməni terror dəstələri və özünümüdafiə batalyonları camaatımıza hücumlar edəndə, qırğınlar yaratmağa təzə-təzə başlayanda bizim xalqın nümayəndələrində adi “quş tüfəngi” də yox idi, öz məmurlarımız tərəfindən yığdırılmış , ruslara təhvil verilmişdi. Ağdamın qeyrətli, pullu oğlanları öz ciblərinin pulu ilə özümüzün müdafiə dəstələrinə haralardansa silah alıb verir, onları vaxtaşırı güllə və digər xırda çaplı silahlarla təmin edirdi.
1991- Bax, həmin dövrdə artıq sovet rejimi də çökmək üzrə idi , kimsə bu çökmədən istifadə edib, məzlum duruma düşmüş Azərbaycan xalqına, Qarabağda, Ağdamda yaranmış özünümüdafiə dəstələrinə kömək olmalıydı.
1990-cı ilin yanvarın 13-də bazaya hücum təşkil edildi. Sovet əsgərləri ilə baş verən silahlı qarşıdurmada hücum edən 6 nəfər həyatını itirdi. 2 gün sonra növbəti hücumda bir sovet əsgəri yaralandı. Mənbələrin verdiyi məlumatda deyilir ki, 1990-cı ilin yanvarın 18-dən 19-na keçən gecə bazaya yeni bir hücum edildi. Sovet əsgərləri hücum edənlərin avtomobilinə atəş açaraq onu partlatdılar, qarşıdurmada həmçinin bir Sovet əsgəri də yaralandı.
1990-cı ilin may ayının sonunda həyata keçirilən növbəti hücumda etnik azərbaycanlı olan bir Sovet əsgəri öldürülmüş və daha biri yaralanmışdı. Bu hücumun ermənilər və ya azərbaycanlıların təşkil etdiyi məlum deyil.
1991-ci ilin fevral ayında baş tutan daha bir hücumda bir Sovet əsgəri öldürüldü. Bu hücumun da azərbaycanlılar yaxud ermənilər tərəfindən təşkil edildiyi məlum deyil. 1991-ci ilin sonunda Sovet ordusu Uzundərə bazasını tərk etməyə başladı. Nəhayət 23-26 fevral 1992-ci ildə Ağdam milis (polis) idarəsinin şəxsi heyəti, ona tabe polis batalyonu (taboru), yerli könüllü silahlı dəstələrin iştirakı ilə Şellidən Xocalı şəhəri istiqamətində hücuma hazırlaşırdı. Lakin İdarə rəisi polis polkovniki İslah Paşayevin xüsusi rabitə vasitəsi ilə verdiyi əmrə uyğun olaraq onlar Uzundərə istiqamətində hücuma keçib bu bazanı ələ keçirdi.
Sən demə, Uzundərə hərbi bazasının anbarında 728 vaqon artilleriya sursatı, 245 vaqon reaktiv mərmi, atıcı silah üçün 131 vaqon güllə saxlanılırdı. Bu sursatlara güllələr, qumbaralar, 76 mm-dan 152 mm-a kimi artilleriya mərmiləri, tank mərmiləri, Qrad və Smerç RYAS üçün raketlər, beş BMP-1, beş ədəd 110 mm doludağıdan mərmilər varmış...
Mənbələr qeyd edir ki,  silah sursatın bir qismi qara bazarda satılıb, reaktiv raket sursatlarının saxlandığı yeşiklər isə döşəmə üçün tikinti materialı kimi istifadə edilib, bir miqdar döyüş və hərbi sursat nəzarətsiz şəkildə paylanıb, bir hissəsi isə ehtiyatsızlıq ucbatından sıradan çıxarılıb.
Sonradan həmin ildə (1992) baza yeni yaradılmağa başlanılan Azərbaycan ordusunun nəzarətinə verilib.
Uzun sözün qısası, Uzundərə məhz bu bazaya görə, Qarabağın ən diqqət mərkəzində olan ərazisi olub.Təsəvvür edin, Uzundərə yeraltı hərbi bazasının sahəsi Ağdam şəhərinin ümumi sahəsinə bərabərdir. (Bu obyektin hərbi məqsədlərlə istifadəsi "Böyük Qayıdış" layihəsi çərçivəsində müzakirə predmetidir). Ermənilər də, ruslar da, azərbaycanlılar da həmin bazanı ələ keçirmək üçün böyük risqlərə girib, itkilər verib. Amma ən pisi isə odur ki, ruslar bazanın ermənilərin əlinə keçirməsi üçün onlara hər bir hərbi dəstək verdilər. Nəhayət 1993-cü ilin iyul ayında Ağdam işğal edilən gün ermənilər də, ruslarda Uzundərəni ələ keçirərək arzularına çatdılar. Yerdə qalan az miqdarda silahlar ermənilərin oldu.
Onu da qeyd edim ki, Ağdam rayonundan olan döyüşçülər, həm də ora döyüşməyə gələn eloğullar məhz o baznın azərbaycanlılar tərəfindən ələ keçirilməsindən sonra döyüşlərin daha qızgın müstəviyə keçdiyinin şahidi idilər. Məhz 1992-ci ildən başlayaraq Ağdamın mərkəzi mütəmadi olaraq reaktiv mərmilərə, Top, Qrad və digər raket hücumlarına məruz qaldı. O mərmi yağışlarının altında Ağdamın məşhur Qarağacı qəbirsanlığına gedib orada ya şəhidləri, ya da mərmidən həlak olan mülki vətəndaşları dəfn etmək mümkün deyildi . Bax elə həmin məşəqqətli günlərdə rayonun ikinci Şəhidlər Xiyabanı Uzundərədə yerləşirdi.
Əslində 1993-cü ildə ermənilər ağdamlılardan qisas almaq üçün ilk öncə qəbiristanlıqlara hücum edir, xüsusən şəhid məzarlarını təhqiramiz şəkildə dağıdırdılar. Uzundərədən yanıqlı qalan bu məlunlar buradakı şəhidlər xiyabanını da hədəf aldılar. Düşmənçiliklərini burda da sərgilədilər .
Hazırda ərazidəki şəhidlər xiyabanı bərpa olunub. Şəhidlərin yaxınları da rahatlıqla gəlib oraları ziyart edirlər. Elə Ağdama gedən hər kəs mütləq orada ayaq saxlayır, şəhidləri ziyarət edib, o təpəni sonra tərk edirlər.
Son olaraq bunu da deyim, day sizi yormayacağam!
İşğal vaxtı bizə gözdağı vermək üçün ermənilər bütün hərbi təlimlərini Uzundərədə keçirirdilər. Təmas xəttində olan kəndlərdə o təlimin gurultusu eşidilirdi. Çünki təlimdə də rusların bəxşiş verdiyi silah- sursatdan geninə-boluna istifadə edirdilər. Elə yaralı, ağrılı günlərdən birində ağdamlı şairimiz Rəfail Tağızadənin bir şeiri qarşıma çıxdı:
Bu nə toydu, Uzundərə-
tar-qavalın qırıq-qırıq,
çadırların cırıq-cırıq,
qəlblər ölü, sınıq-sınıq.
Havana tanklar oynayır,
toyunda mərmi partlayır,
bu nə toydu, Uzundərə?
Dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.
Gəlinlər getməz bu yolu,
gül bitirməz sağı-solu,
kim qaldırar burda qolu,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.
Nələr çəkər başın hələ,
bu dərd sığmaz göyə, yerə,
oynayırıq sənsiz yenə:
bir hava çal, “Uzundərə”
çal, kəsik qolum oynasın,
yox olan yolum oynasın,
boş qalan solum oynasın,
qoy durub ölüm oynasın.
Ürəksiz oğlun oynasın
ağrıları kürəyində,
qovruluram ürəyimdə,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.
Yolun hara-Şuşayamı,
sağın-solun şiş qayamı,
yaylağa köçlər daşıyan
karvanlar düşdü “hay”amı?
Mərmi dolu maşın gedir
faytonlar gedən yolları,
içində ölüm aparır,
toyların fəryad qoparır,
dərd dolusu mənim dərəm,
dərdim mənim, Uzundərəm.

Hörmətli şairimizin bu şeiri məni kədərə boğsa da, qəfil yadıma düşdü ki, boy, mən niyə kədərlənim axı?  Ağdamda bizdədir, Göytəpədə bizdədir, Uzundərəm  də bizimdir, bizdədir və heç bir erməni  terrorçusu cəsarət edib o tərəflərə üzükməz! Min dəfə Allaha şükür  etdikdən sonra dilimdən bu kəlmələr çıxdı:

 Bütün hallarda şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirəm, Qazilərimizə Allahdan şəfa diləyirəm! Dünyanın bu çətin məqamında xalqıma əminamanlıq, dözüm, səbr və qurub-yaratmaq  həvəsi arzulayıram! 

Əntiqə Rəşid

 Əntiqə Rəşid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://adalet.az
archiveBu xəbər 09 Aprel 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see201

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see175

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see163

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see138

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see129

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see126

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see122

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see120

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see119

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see118

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see116

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri