Icma.az
close
up
RU
Vaşinqtonda dönüş nöqtəsi: Prezident İlham Əliyev Cənubi Qafqazın yeni arxitekturasını təsbit edir

Vaşinqtonda dönüş nöqtəsi: Prezident İlham Əliyev Cənubi Qafqazın yeni arxitekturasını təsbit edir

Icma.az bildirir, Milli.az portalına istinadən.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri təkcə diplomatik hadisə deyil, Cənubi Qafqazda beynəlxalq münasibətlərin yeni arxitekturasının formalaşmasında mühüm bir mərhələ oldu. Bu hadisənin əhəmiyyətinə bir neçə prizmadan baxmaq lazımdır - həm Bakı-Vaşinqton ikitərəfli formatı baxımından, həm də son mərhələsinə çatan Ermənistan-Azərbaycan münaqişəsinin həlli kontekstində.

Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasındakı qarşılıqlı əməkdaşlıq strateji xarakter daşıyır. Diqqətçəkən məqam odur ki, ABŞ-də 2024-cü il seçkilərinə hələ üç ay qalmış, Şuşada keçirilən Qlobal Media Forumunda Azərbaycan lideri Tramp haqqında açıq şəkildə müsbət fikir səsləndirmişdi. Bu, sadəcə bir replikadan ibarət deyildi - bu, ilk prezidentlik dövründə hərbi gücdən istifadədə təmkin göstərmiş və ənənəvi dəyərlərin möhkəmlənməsinin açıq tərəfdarı olmuş bir siyasətçi ilə konstruktiv əməkdaşlığa hazır olduğunun siqnalı idi.

Trampın Ağ Evə geri dönməsindən sonra münasibətləri keyfiyyətcə yeni mərhələyə keçirmək üçün bir "imkan pəncərəsi" açıldı. Telefon danışıqları, məktub mübadiləsi və nəhayət, Vaşinqton səfəri yeni siyasi-iqtisadi xəttin formalaşmasına gətirib çıxardı. Bunun institusional ifadəsi strateji tərəfdaşlıq haqqında Xartiyanın inkişafı məqsədilə Strateji İşçi Qrupunun yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumunun imzalanması oldu. Gələcək əməkdaşlığın üçpilləli strukturu energetika, ticarət və tranziti; süni intellekt də daxil olmaqla yüksək texnologiyalar sektoruna iqtisadi investisiyaları; həmçinin hərbi-siyasi əməkdaşlığı və terrorizmə qarşı birgə mübarizəni ehtiva edir.

Əslində, söhbət Azərbaycanın qlobal texnoloji zəncirlərə cəlb olunmasından və infrastruktur, eləcə də, enerji layihələrinə Amerika kapitalının axınından gedir. Siyasi müstəvidə isə bu, qarşılıqlı asılılığın möhkəmlənməsi deməkdir - Bakı qabaqcıl texnologiyalara və investisiyalara çıxış əldə edir, Vaşinqton isə Avrasiyanın nəqliyyat-enerji marşrutlarının əsas qovşağında yerləşən strateji əhəmiyyətli regionda etibarlı tərəfdaş qazanır.

Ən mühüm siyasi qərarlardan biri Donald Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması haqqında sənədin imzalanması olacaq. 1992-ci ildə Ermənistanın "blokadası" kimi əsassız bəhanə ilə tətbiq edilən bu tədbir onilliklər boyu Bakıya təzyiq aləti kimi istifadə olunub. Bayden-Blinken administrasiyasının bu rıçaqı yenidən işə salmaq cəhdi isə Azərbaycanın daha müstəqil hərəkət etmək əzmini gücləndirdi. İndi isə ABŞ qanunvericiliyinin bu elementi faktiki olaraq Azərbaycanın xarici siyasətinə təsir vasitəsi kimi əhəmiyyətini itirib.

Səfərin ikinci əsas bloku Bakı-İrəvan sülh gündəliyi ilə bağlıdır. Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək və nəticədə Birgə Bəyannamə imzalanacaq. Daha əvvəl İrəvan tərəfindən "qeyri-məqbul" sayılan Azərbaycan şərtləri razılaşmaların əsasını təşkil edəcək: ATƏT-ə Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciət və Ermənistan Azərbaycana ərazi iddialarını istisna edən Konstitusiya islahatı.

Bu məqamların əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Minsk qrupunun ləğvi faktiki olaraq nəticəsiz qalmış beynəlxalq vasitəçilik dövrünü bağlayır. Ermənistanın Konstitusiyasına ediləcək dəyişikliklər isə Azərbaycanın ərazi bütövlüyünün hüquqi baxımdan tanınmasını rəsmiləşdirəcək.

Bəyannamədə Azərbaycan Respublikasının əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz quru əlaqəsinin prinsipinin təsbit olunması xüsusi diqqətə layiqdir. 2020-ci ilin müharibəsinin sonundan etibarən Bakı tərəfindən ardıcıl olaraq bəyan edilən Zəngəzur dəhlizi artıq təkcə regional deyil, həm də beynəlxalq zəmanətin predmetinə çevrilir. Maraq doğuran məsələ odur ki, məhz ABŞ, Donald Trampın vasitəsilə, bu dəhlizin işə düşməsinin zəmanətçisi kimi çıxış edir.

İki ölkə arasında sülh müqaviləsinin mətni üzrə paraflanma yekun nöqtə deyil, 2026-cı ildə Ermənistanda Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendumdan sonra imzalanması üçün möhkəm təməl rolunu oynayır. Trampın bu prosesdəki rolunu Kemp-Devid danışıqlarında Cimmi Karterin vasitəçiliyi ilə müqayisə etmək heç də şişirtmə deyil: hər iki halda söhbət maraqlar balansını təsbit edib qarşıdurmaya qayıdışı önləyə bilən xarici "arbitrdan" gedir.

Qeyd etmək lazımdır ki, Vaşinqtonun sülh gündəmi protokol naminə diplomatik ritorika deyil, bütövlükdə regional konfiqurasiyanın kağız üzərində təsbitidir. Prezident İlham Əliyev 2020-ci ildə hərbi qələbə qazanıb, 2023-cü ildə ölkənin tam suverenliyini bərpa etməklə müharibənin nəticəsini yeni reallıqların siyasi təsbitinin əsası kimi istifadə etməyi bacardı.

Bu məntiq hadisələrin xronologiyasında aydın görünür. Vətən müharibəsindən sonra Bakı Ermənistana sülh müqaviləsinin "beş prinsipi"ni təklif etdi - sərhədlərin qarşılıqlı tanınmasından iddialardan imtina, kommunikasiya xətlərinin açılması və diplomatik əlaqələrin qurulmasına qədər. Ermənistan, demək olar ki, iki il ərzində konkret cavab verməkdən yayındı, Qarabağın erməni əhalisinin məsələsini gündəmə qaytarmağa çalışdı. Azərbaycan mövqeyi dəyişməz qaldı: ölkənin daxili məsələləri dövlətlərarası sazişin tərkib hissəsi ola bilməz.

Beynəlxalq oyunçuların - Bayden-Blinken administrasiyasının və Fransa prezidenti Makronun - müdaxiləsi nəticəsiz qaldı. Onların təzyiq göstərmək, sanksiya ritorikasına müraciət etmək və beynəlxalq insan hüquqları qurumlarını siyasi təsir vasitəsi kimi istifadə cəhdləri diplomatik məngənəyə çevrildi. Həqiqi danışıqlar yalnız 2023-cü ildə Azərbaycanın 24 saat ərzində həyata keçirdiyi antiterror əməliyyatından sonra başladı və 2025-ci ilin martında sülh müqaviləsinin mətninin razılaşdırılması ilə başa çatdı.

Vaşinqtonda veriləcək Birgə Bəyannamə bu xəttin kulminasiya nöqtəsi olacaq. Ermənistan Minsk Qrupunun ləğvinə və yeni reallığın hüquqi tanınmasını təmin edən konstitusiya dəyişikliklərinə razılıq verdi. Hələ yaxın vaxtlara qədər İrəvan tərəfindən qəti rədd edilən Zəngəzur dəhlizi məsələsi artıq icra mərhələsinə keçdi. Beləcə, Vaşinqton görüşü yalnız əldə olunan razılaşmaları təsdiqləməyəcək, onları beynəlxalq zəmanətlər sisteminə daxil edəcək. Prezident İlham Əliyevin səfəri təkcə diplomatik hadisə olmaqla qalmadı, eyni zamanda, Azərbaycanın xarici siyasət doktrinasının yetkinliyinin nümayişi oldu; bu doktrina milli maraqları dünya paytaxtlarının əsas qlobal gündəliyinin arxitekturasına uğurla inteqrasiya edə bildi. Strateji tərəfdaşlıq memorandumunun imzalanması, 907-ci düzəlişin tətbiqinin dayandırılması və Zəngəzur dəhlizi üzrə zəmanətlərin təsbit olunması Bakı üçün çoxtərəfli beynəlxalq münasibətlər sistemində daha çevik və asimmetrik xarici siyasi manevr imkanı yaradan yeni geosiyasi platforma formalaşdırır.

Beynəlxalq münasibətlər nəzəriyyəsi nöqteyi-nəzərindən bu, "hard power"in "soft power"ə uğurlu çevrilməsinin klassik nümunəsidir - yəni hərbi qələbənin dayanıqlı siyasi-hüquqi və iqtisadi əlaqələr sisteminə konversiyasıdır. Siyasi elmlərdə belə hallara "münaqişə sonrası institusionalizasiya" deyilir ki, burada silahlı qarşıdurmanın nəticəsi yalnız güc faktoru ilə deyil, həm də formalizə olunmuş müqavilələr, qarşılıqlı zəmanət mexanizmləri və beynəlxalq normalar sisteminə (rule-based order) daxil olmaqla möhkəmlənir.

Vaşinqtondakı danışıqların effekti çoxsəviyyəlidir. Bakı üçün bu, Qərb texnologiyalarına və kapitalına çıxışın genişlənməsi, investisiya cəlbediciliyinin artması, regional siyasətdə subyektlik səviyyəsinin yüksəlməsi və müharibə sonrası status-kvo ante-bellum-un sonuncu təsbitidir. Vaşinqton üçün isə bu, Cənubi Qafqazda güc proyeksiyası alətlərinin möhkəmlənməsi, tranzit və enerji imkanlarının genişləndirilməsi və Azərbaycanın strateji orbitasına daxil edilməsidir. İrəvan üçün isə bu, "realpolitik" məntiqi ilə yeni reallığa labüd adaptasiya deməkdir; burada simvolik bəyanatların maddi güc balansı qarşısında artıq təsiri yoxdur.

Vaşinqtonda imzalanmış sənədlərin nəticələri Azərbaycan əleyhinə antaqonistik narrativ quraraq fəaliyyət göstərən qüvvələr üçün dağıdıcı olacaq. Fransanın Prezidenti Emmanuel Makron üçün kənardan Azərbaycana qarşı düşmən mövqe və Parisin "normativ missiya" konsepsiyası əsasında Qafqaz vektorunu formalaşdıran şəxs olaraq, bu, strateji uğursuzluqdur. Hüquqi baxımdan mövcud olmayan kvazi-dövlət qurumunu tanıyan fransız deputatları, Avropa Parlamenti, "Amnesty International" və "Human Rights Watch" kimi insan haqları təşkilatları, eləcə də, ABŞ-dəki ANCA rəhbərliyindəki erməni lobbi siyasi marjinalizasiya vəziyyətinə düşüblər. Onların "sanksiyalar diplomatiyası" və izolyasiya alətləri ilə təzyiq göstərmək cəhdləri iflasa uğrayıb, Bakıya qarşı təzyiq formatlarının tükəndiyini nümayiş etdirib.

Azərbaycan Prezidenti İlham Əliyev müasir dünya siyasətində nadir bir ssenarini həyata keçirdi: müharibəni qazanmaqla yanaşı, həm də sülhü qazandı, nəticəni beynəlxalq razılaşmalar, strateji alyanslar və hüquqi cəhətdən bağlayıcı zəmanətlər sisteminə çevirdi; bu sistem Azərbaycanı müstəqil və bərabərhüquqlu aktor kimi qlobal təhlükəsizlik arxitekturasına inteqrasiya edir.

Elçin Alıoğlu
Trend

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see216

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see209

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126

“Qarabağ”da məcburi əvəzlənmə: Kadi Borges zədələndi

05 Noyabr 2025 22:23see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri