Vətən üçün ölərəm, yaşayaram mən!
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
- Bu yazımı əfsanəvi qərargah rəisi, Azərbaycan Xüsusi Təyinatlılarının ilk şəhidi Fikrət Məmmədovun Pakistan İslam Respublikasında xatirəsinin əbədiləşdirilməsinə həsr etsəm də, onun ömür salnaməsindən də bəhs etməyi özümə mənəvi borc bildim.
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ilk şəhidi, qərargah rəisi, kapitan Fikrət Akif oğlu Məmmədov haqqında dillər əzbəri olan: “Vətən üçün ölərəm, yaşayaram mən” məşhur deyimi nəinki öz hərbçilərimiz, eləcə də bu gün qardaş Pakistan İslam Respublikasının hərbçiləri arasında əbədi olaraq yaddaşlara həkk olunub. Cəsur hərbçimiz Pakistanda beynəlxalq xüsusi təyinatlı hərbi kursu birinciliklə başa vurmuş və yüksək peşəkarlığı, şücaəti, intizamı ilə hər kəsə örnək olan peşəkar zabit mövqeyi ilə qardaş dövlətin zabit və əsgərlərinin qəlbində əbədiyyət işığı yandırmışdır. Hələ sağlığında ikən İslamabad yaxınlığındakı Çerat qəsəbəsində yerləşən hərbi muzeydə onun adına xüsusi guşə yaradılmışdı. Bu gün də Pakistan Ordusunda şəhid Fikrət Məmmədovun xatirəsi hörmətlə anılır. İslamabad yaxınlığındakı Çerat qəsəbəsindəki hərbi muzeydə xüsusi təyinatlılar kursunun məzunu kimi onun adı əbədiləşdirilmişdir. Muzeyi ziyarət edənlər Fikrət Məmmədovun döyüşkən ruhlu bir zabit kimi tərcümeyi-halı ilə ətraflı tanış olurlar. Bu günlərdə Pakistandan ürək açan xəbər aldıq. Pakistan dövləti Şəhidimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq, ali hərbi təhsil alan tələbə zabitlərin yeməkxanasına kapitan Fikrət Məmmədovun adını vermişdir. Bu addım Azərbaycan və Pakistan xalqları arasında dostluq və qardaşlığın bariz nümunəsidir.
Fikrət Məmmədov 12 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. 1989-1999-cu illərdə Bakı şəhərinin Nəsimi rayonu 111 saylı tam orta məktəbində təhsil alıb. 2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş və 2005-ci ildə məzun olmuşdur. 2007-ci ildə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kursunu uğurla başa çatdırdıqdan sonra, 2008-ci ildə Azərbaycan hərbçiləri sırasında zabit kimi xidmətə başlamışdır. Kapitan Fikrət Məmmədov Pakistan İslam Respublikasında xüsusi təyinatlı hərbi kursda təhsil alarkən, həmin ölkənin hərb tarixində 80 illik rekordu yenidən təzələyən ilk azərbaycanlı hərbçi olmuşdur. O yüklə birlikdə 70 km məsafəni qaçaraq verilən tapşırıqları dəqiqliklə yerinə yetirmiş və birinci yerə çıxaraq Azərbaycan dövləti və hərb tariximiz üçün qürurverici bir imza atmışdır. Fikrətin şərəfli zabit tərcümeyi-halı Pakistan İslam Respublikasının İslamabad yaxınlığındakı Çerat qəsəbəsində yerləşən hərbi müzeydə müqəddəsləşdirilib. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Qərargah rəisi, kapitan Fikrət Məmmədov 2014-cü il mayın 28-də Füzuli istiqamətində erməni işğalçılarının təxribatının qarşısını alarkən, qəhrəmancasına şəhid olub. 2-ci Fəxri Xiyabanda dəfn olunub. Fikrət Məmmədov ölkə Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. Ailəlidir. İki övladı var. Qızı Qəmər, oğlu Rəsul.
-Fikrətin son dəfə yola düşdüyü hərbi şəhərcikdəki mənzilindəyəm. Xanımı Xəyalə xanımla onun barəsində söhbət edirəm. Xəyalənin baxışları bayırdan günün batmasına şahid olan pəncərəyə dikilib və kövrək səsi sükutu pozur:
Çox ailəcanlı idi. İşdən gələndə çəkməsini soyunmadan qapının yanında dizlərini yerə qoyub otururdu, övladlarını haraylayırdı, hər dizinin üstündə birini saxlayırdı, hardasa 10 dəqiqə onları əzizləyirdi, hətta məni də çağırırdı ki, sən də gəl yanımızda otur. Bizim birgə keçirdiyimiz həmin anlar sanki sehrli bir dünya idi... O anlar gözümün önündən çəkilmir. Hər dəfə Fikrət döyüş əməlyyatına gedəndə bilirdim ki, qayıtmaya bilər, mən buna hazır idim. Axırıncı dəfə gedəndə də mayın 26-sında mənə dedi ki, görürəm narahatsan, qorxma, mayın 28-də qayıdacağam. Onu da deyim ki, Fikrət hərbi əməliyyat günlərini məndən gizli saxlayırdı, evdən ayrılmağına 1-2 gün qalmış xəbər tuturdum. Bir gün əvvəl bildirdi ki, inşallah, apardığım uşaqların hamısını sağ-salamat qaytarım, bu anda əllərini göyə açdı və dua etdi. Mənim isə həyəcanıma son qoymaqdan ötrü həmişə olduğu kimi:” Hər şey yaxşı olacaq” , deyərək gülümsədi. Bütün bunlar nigaran ömür-gün yoldaşını sakitləşdirməkdən ötrü məğrur bir Vətən sevdalısının təsəllisindən başqa bir şey olmasa da, mən hərbçinin həyat yoldaşı kimi taleyimlə barışmışdım. Amma Fikrət qərargah rəisi idi, getməyə bilərdi, lakin o, xaraktercə elə bir mübariz döyüşçü idi ki, yoldaşlarını qorumaq üçün əməliyyata özü rəhbərlik etməyə, öndə getməyə qəti qərar vermişdi.
... O xəbər gələndə mənim ilk sualım bu oldu ki, Fikrətin apardığı döyüşçülər sağdırmı? Çünki bu onun arzusu idi, hətta Fikrət əllərini Tanrıya açıb yalvaranda mən demişdim ki, bəs özünə niyə dua etmirsən? Axı bizim də ümid yerimiz sənsən... Fikrət sanki nəhəng bir qayanı üstünə götürmüşdü və gözlərimin içinə nigarançılıqla baxaraq demişdi: Yoldaşlarımı sağ-salamat gətirməliyəm, əgər onlara nə isə olsa övladlarının üzünə baxa bilmərəm. Bu bizim 25 mayda olan sonuncu söhbətimizdir.
Fikrət cismən bizim yanımızda olmasa da, ruhu burda- isti ocağımızdadır.
Prezident Ilham Əliyevin şəhid ailələri ilə görüşündəki çıxışı məni də, övladlarımı da çox qürurlandırır:
-Həyat belədir ki, onun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır, amma Şəhid olmaq xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir. Şəhid əbədi qalır, əbədi! Və əməyi, qəhrəmanlığı əvəzolunmazdır!
- Bəli, Xəyaləni dinlədikcə sözün dərgahında insana dəyər verən Məhəmmədhüseyn Şəhriyarın misralarını xatırladım:
Bir insan köçürsə, dünyadan əgər,
Sən elə bilmə ki, tək bir can gedir.
Hər sönən baxışda saysız diləklər,
Hər kiçik tabutda bir cahan gedir!
- Bəli, Azərbaycan deyəndə ayağa qalxan, silaha sarılan oğullar cahana sığmayan igidlərimizdir. Yaralanmış torpaqlarımıza qanı, canı ilə məlhəm olan, onu Vətən edən Şəhidlərimiz! Şəhidlik əbədiyyətdir, onlar əbədiyyət işığından bir “nur parçası” kimi qopub Vətən torpaqlarını müqəddəsləşdirdilər.
Xəyalə xanım üçün nə qədər ağır, iztirablı olsa da, Fikrətin hərbi formasını, istifadə etdiyi əşyaları bir yerə toplayaraq yaşadıqları mənzildə kiçik bir xatirə guşəsi yaradıb. Oğlu Rəsul atasının döyüş ləvazimatlarına, masadakı bütün detallara elə baxırdı ki, sanki atasının əllərinin izini görmək, nəfəsini hiss etmək istəyirdi. Rəsul balaca barmaqları ilə atasının şinelini tumarladı, saatına baxdı, saat işləyirdi. O, atasının tablosu ilə üz-üzə, göz- gözə qalmışdı. Sanki ata-oğulun bir-birinə deyəcəkləri vardı:
- Ata: Gözümün nuru oğlum! İstifadə etdiyim əşyalarıma diqqətlə bax. Döyüşdən-döyüşə qələbə ruhumun nişanələridir, bunlar! Oğul, Vətəni sənin kimi övladlarımıza əmanət qoymuşuq, qoruyun, torpaqlarımızı! Ağac əkin, ağac! Barış, sülh ağaclarının bünövrəsini möhkəmləndirin! Bu ağaclar Şəhidlərin Vətən - Azərbaycan naminə, qanları, canları ilə əkdikləri müqəddəs sülh ağaclarıdır...
Rəsul atasının məğrur, həm də narahat simasına baxdı. Məsum baxışları ilə atasının nigarançılığına son qoydu:
- Canım atam, qəhrəman atam! Sənin nəfəsin dəydiyi bu əşyalar, hər qarış torpaq mənim üçün əzizdir, qiymətlidir! Başımın tacı atam, rahat yat, bizə əmanət qoyduğunuz torpaqlarda Sizin adınıza ağaclar əkiləcək, böyüyəcək, bar verəcək. Qarabağ torpaqlarında bizi Mübarizlərin, Fəridlərin, Cəbrayılların, Poladların, İlqarların, Fikrətlərin adına əkilmiş ağaclar qarşılayacaq. Canım ata, Sən zamansan, Sən tarixsən! Sənin adın mənim şərəfim, qürurumdur!
Fikrətin təhsil aldığı 111 saylı tam orta məktəbdə Şəhidlərin adına hazırlanmış foto-stendlər, guşələr şagirdlərin ziyarət etdiyi ən müqəddəs ünvandır. Fikrətin sinif rəhbəri Esmira Tayirova titrək səsiylə şagirdinin həyat hekayətindən danışdı.
- Məktəb bizim ikinci ailəmizdir. Fikrəti tanıyan gündən onun bütün problemləri ilə maraqlanırdım. Onu övladım bilirdim. 5-ci sinifdən 11-ci sinifə qədər onun sinif rəhbəri olmuşam. Fikrət valideyn sevgisinə möhtac idi. Uşaq yaşlarından anasını itirmişdi. Xalasının himayəsində böyümüşdü. Onu övladım kimi əzizləyirdim, tapşırmışdım ki, nə sözün olsa məndən gizlətmə. Amma o, daha çox susurdu. Sanki uşaq qəlbi ilə çəkdiyi iztirabları başqalarına büruzə vermək istəmirdi. Həssas baxışlarının dərinliyində uşaqlıq dünyasının ağrı-acısı kök salmışdı. Fikrətin çox kövrək ürəyi var idi. Məktəbimizdə hamı onu tərbiyəli, dərslərinə məsuliyyət daşıyan bir şagird kimi tanıyırdı. Mənim ona olan isti nəvazişimi böyük məhəbbətlə qarşılayırdı: “Narahat olmayın, Esmira müəllimə hər şey qaydasındadır!” Onun şirin səsi bu gün də qulaqlarımdadır. Məktəbi qurtaranda mənə arzusunu bildirdi: “Müəllim, mən hərbçi olacağam. Torpaqlarımızı işğaldan azad etməliyik.” Xeyir-dua verdim. İllər keçsə də, gözləyirdim onu. Nə vaxtsa Fikrət sinif otağının qapısını açacaq, özü də zabit geyimində...
... Bir gün məktəbimizin direktoru Jalə müəllimə mənə yaxınlaşıb dedi: Sizin Fikrət adında şagirdiniz olub?... Fikrətin şəhid olması haqqında xəbəri eşidəndə gözlərim qaranlıqlaşdı, dünya başıma fırlandı. Əziz balamı, sevimli şagirdimi itirdim. Hələ öyrənəndə ki, Fikrətin ömür-gün yoldaşı onunla birlikdə oxuyan, sinfimin əlaçısı Xəyalədir, həmin günü özümə yer tapa bilmədim, bizi müharibəyə sürükləyənlərə lənət yağdırdım. Bircə təsəllim ondadır ki, şagirdim olmuş Xəyalə Fikrətin yadigarlarını sədaqətlə, məhəbbətlə böyüdəcək. Mübaliğəsiz deyirəm, şagirdim Fikrətin döyüşkənliyi haqqında dastanlar yazılsa belə, azdır. Bu gün onun təhsil aldığı 111 saylı tam orta məktəbin dəhlizlərində, sinif otaqlarında şanlı tariximizin, qələbəmizin ab-havası yaşayır. Sinif otaqlarımıza şəhid şagirdlərimizin adı verilib. Hələ siz görəsiniz şagirdlərimiz həmin sinif otaqlarını necə səliqə-səhməna salıblar, şəhidlərin şəkillərini doğmaları kimi əzizləyirlər. Divarlardan asılmış şəhid fotoları qarşısında uşaqlar sanki bir hesabat verirlər. Şəhidlik tariximizi qanları ilə yazan oğulların hər biri canımızın bir parçası, ürəyimizin sönməz odudurlar. Bu cahan durduqca. Şəhidlərimiz əbədi yaşayacaq, Fikrət Məmmədov kimi!
- Vətən Müharibəsi Qəhrəmanı, xüsusi təyinatlı Gündüz Səfərli də Fikrət haqqında ürəyinin səsini bizə çatdırdı:
- Fikrət mənim yaxınım, sirdaşım idi. O, mənə demişdi ki, uşaqlıqdan qərarımı vermişəm. Mən düşməndən qisasımızı almalıyam. Bir də Fikrət ölümlə bağlı düşüncələrini bizimlə bölüşməzdi. O ölümün varlığını qəbul etmirdi. 28 May 2014-cü il! Xalqımız Müstəqillik bayramını qürurla qeyd edirdi. Dəhşətli qonşumuz olan erməni işğalçıları həmin gün hamıdan xəbərsiz xain bir plan hazırlamışdılar. Xalqımız tarixi Qələbəsinin –müstəqilliyimizin sevincini yaşayırdı. Amma, xain qonşumuzun növbəti təcavüzkar hərbi əməliyyat planından xəbərsiz idik. Məhz, düşmənin namərd planını alt-üst edən və ona layiqli cavab verən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgər və zabitləri vətənin keşiyində ayıq-sayıq dayanmışdılar. Xain düşmən həmin gün növbəti təxribatını Füzuli istiqamətində həyata keçirə bilmədi və Qərargah rəisi, kapitan Fikrət Məmmədovun rəhbərliyi altında döyüş əməliyyatı uğurla başa çatdı. Erməni işğalçıları 28 May 2014-cü ildə Füzuli istiqamətində darmadağın olundu.
- Bəli, həmin gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əfsanəvi döyüşçüsü Fikrət Məmmədov Vətən uğrunda canını qurban etdi. Şəhidlik zirvəsini fəth etdi. Düşmənin qəddini əydi. Məhz, həmin tarixi gündən addım-addım 44 günlük zəfər yürüşümüzə doğru gedirdik.
... Fikrətin şəhid olması bizim döyüşkənlik ruhumuzu daha da gücləndirdi və bu cəsur, yenilməz qərargah rəisinin və şəhid olmuş digər komandirlərin yetişdirdiyi xüsusi təyinatlıların sayəsində 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi altında Dəmir Yumruq - Azərbaycan Ordusu və xalqı olaraq qalibiyyətimizi elan etdik, torpaqlarımızı geri aldıq, şəhidlərimizin- Fikrətlərin qisasını aldıq.
- Bəli, Fikrət ölməyib, o, Şəhidlik zirvəsində - uca məqamda əbədi yaşayır. Bu zirvədən bütün Azərbaycan - azad olmuş Qarabağ görünür.
Qardaş Türk ordusunda kurs keçərkən mənə bir zabitin dediyi qiymətli fikri çatdırmaq istəyirəm:” Biz sevgimizi Vətənimizə, ailəmizin sevgisini isə həyat yoldaşlarımıza vermişik.” Fikrət də əmin idi ki, ömür-gün yoldaşı onun övladlarını bu Vətən üçün çox gözəl yetişdirəcək. Və mən inanıram ki, şəhidlərimizin xanımları bundan sonra da Azərbaycan xalqı üçün layiqli vətəndaşlar böyüdəcəklər.
- Fikrət və onun döyüşçü dostu, Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun Pakistan İslam Respublikasının İslamabad yaxınlığındakı Çerat qəsəbəsində yerləşən hərbi muzeydə qürurverici tərcümeyi-halları şərəf lövhəsinə vurulub. Saleh Həsənovla görüşdüm və Fikrət Məmmədov haqqında danışmağını xahiş etdim.
Vətən Müharibəsi Qəhrəmanı, xüsusi təyinatlı Saleh Həsənov: Xüsusi Təyinatlı Qüvvələrin şüarı onlar üçün hər şey deməkdir: “ Sədaqətim Şərəfimdir!” Fikrətin şəhid olması ilə Xüsusi Təyinatı Qüvvələr ilk şəhidini verdi. Fikrət şəxsi heyəti arxasınca aparan, ölümü belə fərqinə varmayan zabit idi. Həmin gün... başda komandanlıq olmaqla bütün şəxsi heyət məğrur duruşunu saxlaya bilsə də, göz yaşını saxlaya bilmədi. Fikrətin şəhid olması döyüş yoldaşını itirməyin, bir şəhidin necə qiymətli olduğunu, şəhid zirvəsinə yüksəlməyin nə olduğunu xüsusi təyinatlılara öyrətdi. Ruh düşgünlüyünə qətiyyən qapılmadıq. Qolumuz daha da gücləndi. Fikrətlə xüsusi təyinatlılar kursunu ardı-ardına keçmişik, Pakistanda da ilk hərbi kursu keçən Fikrət oldu. Bu kurs çətinliyinə görə dünyada ilk beşlikdə duran bir kursdur. Fikrət Pakistandan qayıtdıqdan sonra, mən 2011-ci ilin əvvələrində Pakistana ezamiyyət olundum və orada Fikrəti daha çox tanımağa başladım. Məlum oldu ki, Pakistan ordusunda çox ağır bir məsafədə qaçış var ki, Fikrət orada birinci yerə çıxıb. Bu mənim üçün çox böyük bir stimul oldu və mən də həmin tapşırığı yerinə yetirərək qalib oldum. Pakistan ordusunda hər kəs onun hərbçi kimi cəsurluğundan, vətənpərvərliyindən danışırdı. Onun zabit şərəfini hər şeydən üstün tutması hər kəs üçün örnək, dillər əzbəri idi. Hətta mənim Azərbaycandan gəldiyimi biləndə, gülümsəyərək Fikrəti soruşurdular, onunla birgə keçirdiyi təlimlərini xatırlayırdılar.
2020-ci ildə bütün şəhidlərimizin- Fikrətlərin qisasını aldıq. Onların ruhu qarşısında baş əyirik.
Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuş Bilal Haye ilə görüşümdə Fikrət haqqında, 2020-ci ildə qazandığımız Zəfərimizlə bağlı təəssüratlarını bizimlə bölüşməyini xahiş etdim:
- Pakistan 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının yanında idi və mən onu da qeyd etmək istəyirəm ki, müharibənin başlanmasından 1 neçə gün əvvəl Azərbaycana, Bakıya gəldiyim üçün Vətən müharibəsi zamanı gedən bütün proseslərə şahid oldum. Müharibə müddətində baş verən hadisələri, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderlik qabiliyyətini, milləti necə yönləndirdiyini, Azərbaycan Ordusunu Ali Baş Komandan kimi necə uğurla idarə etdiyini görə bildik. Prezident İlham Əliyev beynəlxalq mediada, kütləvi informasiya vasitələri qarşısında dəfələrlə çıxış etdi. Biz də öz növbəmizdə Azərbaycanın Xarici İşlər Nazirliyinin keçirdiyi brifinqlərdə iştirak edirdik. Azərbaycan son dərəcə düzgün və beynəlxalq hüquq normaları çərçivəsində bir mövqe nümayiş etdirirdi. Buna görə də biz haqlı olaraq Azərbaycanın yanında olduq. Azərbaycanın 44 günlük döyüşlərdə Zəfər qazanmasının səbəbi isə ilk növbədə cəsur və igid Azərbaycan əsgəridir. Onlar öz torpaqları uğrunda canlarından keçərək işğal edilmiş doğma ərazilərini geri qaytardılar. Pakistan İslam Respublikası da bu qələbə münasibətilə Azərbaycanı çox yüksək səslə alqışladı və açıq şəkildə öz mövqeyini ortaya qoyaraq onu dəstəklədi.
Pakistan Hərb Məktəbində təhsil almış, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ilk şəhidi, kapitan Fikrət Məmmədovun haqqında çox eşitmişəm. Fikrət Məmmədov çox cəsur bir insan və öz ömrünü ölkəsinə xidmət etməkdən şərəf duyan zabit olub. Onu Pakistanda həyatından keçmək bahasına belə olsa, öz əqidəsi uğrunda vuruşan hərbçi olaraq tanıyırlar. Bir hərbçinin xidməti işinin nə qədər çətin olduğunu bilirik. Bunu ona görə deyirəm ki, hamımız müxtəlif işlərdə çalışırıq, amma hərbçi işi bütün peşələrdən fərqlidir və işlərin ən çətinidir. Niyə? Çünki komandanlar tərəfindən əmr veriləndə onlar həyatlarından belə keçməyə hazırdırlar. Bax bu səbəbdən Vətənə xidmət edən hər bir hərbçinin, əsgərin işi ən çətin işdir. Bu insanlar lazım gələndə həyatlarını qurban verib Şəhid olurlar. Şəhid adı müqəddəsdir. Pakistan və Azərbaycan müsəlman ölkələri olduqları üçün biz inanırıq ki, əgər bir əsgər öz vətəni uğrunda canında keçərsə Allah ona şəhidlik mərtəbəsini qismət edir. Allah “Qurani-Kərimdə” buyurur ki, “Şəhidlər ölməyib onlar Allah yanında diridirlər. Onlar ölümsüzdürlər, hər zaman həyatdadırlar.” Fikrət Məmmədov da “Şəhid” adını qazanan çox şanslı bir vətənpərvər hərbçi olub. Pakistan dövləti şəhidlərin qiymətini çox yaxşı bilir. Bilirik ki, onlar bir amal uğrunda ölkələrini qorumaq naminə şəhidlik zirvəsinə ucalıblar. Azərbaycanda da şəhid ailələrinə nə qədər hörmət qoyulduğu, ehtiram göstərildiyi göz qabağındadır. Şəhidlər Azərbaycan tarixinin bir parçasıdırlar. Gələcək nəsillərin rifah içində, xoşbəxt yaşamaqları üçün canından keçən qəhrəman əsgərləri yetirən, həyata hazırlayan onların ailələridir. Bu ailələr qəhrəman əsgərlər tərbiyə edib və cəmiyyətə yetişdirib. Elə buna görə də, şəxsən mən Fikrət Məmmədovun ailəsinə salamlarımı çatdırır və dərin hörmətimi, ehtiramımı bildirirəm. Son olaraq yenə də təkrar edirəm, Şəhidlər ölümsüzdür, onlar bizim ürəyimizdə əbədi yaşayırlar.
Fikrətin yaşadığı mənzili tərk edəndə son dəfə onun oğlu Rəsula tərəf baxdım. Rəsul atasının tablosu qarşısında fikrə getmişdi. Elə bil səssizcə atasına qulaq asırdı:
1. Bilirəm, məndən nigaransınız. Yolumu gözləyirsiniz. Mənə Vətən naminə Ali bir rütbə verilib. Uca bir zirvədəyəm. Əlçatmaz bir zirvədə!
Arzularım həyata keçib. Torpaqlarımız rahat nəfəs alır. Hər il Qarabağa - Zəfər yurdumuza Xarıbülbülü görməyə tələsin! Bütün Qarabağ laləzara çevriləcək! Oğul, sənə dediyimi unutma: Şəhid qanı dəyən torpaqlarımıza ayaq basanda ağac əkərsən! Bu ağaclara qulluq edin, çünki onlar şəhidlərimizin arzularıdır, tükənməyən, sonsuz niyyətləridir. Şəhidlərin qanı ilə müqəddəsləşən torpaqlarda əkilən ağaclar bəşər övladına nəfəs verəcək, çünki bəşəriyyətin sülhə, əmin-amanlığa, ədalətə ehtiyacı sonsuzdur. Bax, ona görə də, Sənə inandım, Sənə güvəndim, ata nəsihətimi etdim. Yurdumun yurdçusu oğlum! Ruhum Sizinlədir!
Kəmalə Abdinova
XQ


