Vətəndaş “zavod sağlamlığıma zərər vurub” demişdi Təzminat alacaq
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Azərbaycanda vətəndaş neft emalı zavoduna qarşı iddia qaldıraraq bildirib ki, sağlamlığına dəyən zərər həmin zavodun fəaliyyəti ilə bağlıdır.
“Qafqazinfo” xəbər verir ki, o, zavodun mülki məsuliyyətə cəlb edilməsini və dəymiş zərərin ödənilməsini tələb edib.
İşə baxılarkən iddiaçıya məxsus fərdi yaşayış evi yaxınlığında aparılan monitorinqlər nəticəsində havada və suda zərərli maddələrin miqdarının normadan artıq olması məlum olub. Belə ki, aparılan yoxlamalarda atmosferə atılan çirkləndirici maddələrin, xüsusən də etil-benzolun qatılığının sanitar norma həddini bir neçə dəfə keçdiyi müəyyən edilib. Hava və su nümunələrinin analizləri zamanı digər bəzi göstəricilərdə də normadan kənar nəticələr aşkarlanıb.
Apellyasiya instansiyası məhkəməsi qeyd edilənləri nəzərə alaraq mənəvi zərər üçün əhəmiyyətli məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar verib. Cavabdeh zavod mənəvi təzminatla razılaşmayaraq Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmənin Mülki kollegiyası isə sağlam ətraf mühitdə yaşamaq hüququ və bu hüququn pozulması nəticəsində vurulan zərərin ödənilməsi ilə bağlı məhkəmə təcrübəsini təmin edən qərar qəbul edib.
Ali Məhkəmənin Mülki kollegiyası qeyd edib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsiyyət hüququnun tərkib hissəsi olmaqla hər kəsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir. Bu hüquq Konstitusiyanın 39-cu maddəsi, Azərbaycanın tərəfdaş olduğu digər beynəlxalq hüquqi sənədlər, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında” qanunlar və digər aidiyyəti normativ hüquqi aktlarla qorunur.
Ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühit dedikdə, iqlim və ekosistem (ağacların qırılması, torpağın şoranlaşması və eroziyası, su hövzələrinin qurudulması, bioloji müxtəlifliyin azalması və s.), fiziki (səs-küy, toz, radiasiya, istilik, vibrasiya və s.), kimyəvi (qaz, neft məhsulları, pestisidlər, ağır metallar və s.), bioloji (bakteriyalar, virus, göbələk və s.) və mexaniki (plastik tullantılar, tikinti qalıqları və s.) cəhətdən çirklənməmiş mühit (hava, torpaq, su, yerin təki, flora və fauna) başa düşülür. Ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququnu pozduğu halda isə bu, ona mənəvi zərərin əvəzinin ödənilməsini istisna etmir.
Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab edilən zavodlar tərəfindən ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ, habelə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına və ona mənəvi zərərin vurulmasına səbəb ola bilər.
Bu baxımdan istehsal müəssisələri və digər təşkilatlar öz fəaliyyətlərini həyata keçirən zaman bu hüquqların pozulmasından çəkinməlidirlər.
Baxış sayı:105
Bu xəbər 13 Noyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















