Vətənə müxalifətçilik olmaz!
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İnsan tarixçi ola bilər. Kitablar oxuya, arxivlərdə işləyə, universitet auditoriyalarında dərs deyə, elmi məqalələr yaza bilər. Amma bütün bunlar hələ onun tarixə obyektiv yanaşdığını sübut etmir.
Çünki tarixçilik təkcə keçmiş haqqında məlumat toplamaq deyil. Tarixçilik həm də hadisələrə müxtəlif tərəflərdən baxmaq, istifadə olunan terminlərin arxasındakı siyasi və tarixi məzmunu anlamaq, ən əsası isə öz siyasi simpatiyalarını tarixi həqiqət kimi təqdim etməmək bacarığıdır.
Altay Göyüşovun son açıqlamalarında isə məhz bu problem diqqəti cəlb edir.
O, “Şərqi Zəngəzur” ifadəsinin 2020-ci ildən sonra meydana çıxdığını və bu ifadəni Azərbaycanın sülh niyyətlərinə şübhə kimi təqdim edir. Ardınca isə “Şərqi Zəngəzur” ifadəsinin məntiqi olaraq “Qərbi Zəngəzur” anlayışını doğurduğunu və bununla nəyin nəzərdə tutulduğunun hamıya məlum olduğunu bildirir.
Burada ilk növbədə sual yaranır: bir siyasi terminologiyanın mövcudluğu avtomatik olaraq ərazi iddiasının sübutu sayıla bilərmi?
Əlbəttə, siyasi terminlərin araşdırılması vacibdir. Amma tarixçi üçün terminlə onun əsasında çıxarılan nəticəni bir-birindən ayırmaq daha vacibdir.
Bir ifadənin işlədilməsi həmin ifadənin arxasında mütləq konkret siyasi planın dayandığını sübut etmir. Əgər tarixçilik bu qədər sadə məntiqə endirilsəydi, dünyanın müxtəlif ölkələrində işlədilən hər bir tarixi-coğrafi ad avtomatik olaraq ərazi iddiası hesab olunardı.
Daha ciddi problem isə ondan ibarətdir ki, Göyüşov özü siyasi terminologiyanın tarixini müzakirə edərkən seçici yanaşır. Azərbaycanın Zəngəzurla bağlı tarixi yaddaşını vurğulayan ifadələri “irredentist ritorika” kimi qiymətləndirir, lakin eyni bölgənin Azərbaycan tarixindəki yerinin nə üçün belə güclü olduğunu izah etməyə ehtiyac duymur.
Axı tarixçi üçün əsas sual təkcə “bu ifadə nə vaxt ortaya çıxıb?” deyil.
Əsas sual həm də budur: Niyə ortaya çıxıb? Hansı tarixi yaddaşın üzərində formalaşıb? Cəmiyyət bu əraziyə niyə belə münasibət bəsləyir?
Bu suallara cavab vermədən yalnız ifadənin özünü ittiham predmetinə çevirmək tarixi konteksti yarımçıq qoymaqdır.
Göyüşovun məntiqinə görə “Şərqi Zəngəzur” ifadəsi varsa, deməli, “Qərbi Zəngəzur” da nəzərdə tutulur və bununla hansı əraziyə işarə edildiyi hamıya bəllidir.
Bu arqument ilk baxışdan siyasi baxımdan təsirli görünə bilər. Lakin tarixçinin işi ilk baxışda təsirli görünən arqumentlə kifayətlənmək deyil. Çünki bir ifadənin mümkün siyasi yozumu ilə dövlətin konkret ərazi iddiası arasında böyük fərq var.
Əgər “Şərqi Zəngəzur” ifadəsi avtomatik olaraq “Qərbi Zəngəzur”a qarşı irredentist iddianın sübutudursa, onda eyni metodla dünyanın istənilən yerindəki tarixi-coğrafi bölgülərdən sonsuz sayda siyasi nəticələr çıxarmaq olar.
Sadəcə “bu termin işlənib, deməli, bunun arxasında belə niyyət var” məntiqi elmi araşdırmadan daha çox siyasi yozuma bənzəyir.
Zəngəzurun Azərbaycan xalqının yaddaşındakı yeri
Daha maraqlı məqam budur ki, Göyüşov Azərbaycanın Zəngəzurla bağlı tarixi yaddaşını özü də yaxşı bilir.
Zəngəzur adı Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında təsadüfi şəkildə yaranmayıb. Bu bölgə Azərbaycanın tarixi, demoqrafiyası və siyasi tarixi ilə bağlı mürəkkəb proseslərin bir hissəsidir.
Bu gün bir azərbaycanlının Zəngəzur haqqında danışması və bu ərazi ilə bağlı tarixi yaddaşını ifadə etməsi avtomatik olaraq “irredentist” olmaq demək deyil. Tarixçi bu fərqi bilməlidir. Əks halda o, tarix ilə siyasi ritorikanı bir-birinə qarışdırmış olur.
Bir tarixçi tarixə qarşı çıxmamalıdır. Siyasi tənqidlə milli yaddaşa münasibət arasında bir sərhəd var. Özünü tarixçi kimi təqdim edən insan bu sərhədi hamıdan yaxşı bilməlidir.
Təəssüf ki, Altay Göyüşovun Zəngəzur, Azərbaycan-Ermənistan münasibətləri və Azərbaycanın siyasi ritorikası ilə bağlı fikirlərində bu sərhədin çox vaxt itirildiyi görünür.
Daha qəribəsi isə odur ki, o, bunu tarixçi mövqeyindən etdiyini iddia edir.
Əgər o, Azərbaycanın Zəngəzurla bağlı yaddaşını tənqid etmək istəyirsə, buyursun. Mənbələri ortaya qoysun, elmi arqumentlərini desin, alternativ izahını versin. Amma milli yaddaşın özünü siyasi ittihamın predmetinə çevirmək ən asan yoldur. Çünki yaddaşla mübahisə etmək çətindir. Faktlarla mübahisə etmək isə daha çətindir.
Bir insan sülh tərəfdarı ola bilər. Müharibəyə qarşı çıxa bilər. Hökumətin siyasətini tənqid edə bilər.
Amma bunların heç biri öz torpağının, şəhidinin və xalqının tarixi yaddaşının dəyərsizləşdirilməsinə haqq qazandırmır.
Çünki sülh başqa şeydir, yaddaşsızlıq başqa.
Tənqid başqa şeydir, öz xalqının ağrısını kiçiltmək başqa.
Kosmopolit olmaq başqa şeydir, öz tarixi köklərinə biganə qalmaq başqa.
Altay Göyüşovun fikirlərini tənqid edərkən məsələ onun harada yaşaması və ya hansı siyasi çevrələrlə münasibətinin olması deyil. Əsas məsələ dediyi sözlərin məzmunudur. Bir tarixçidən daha çox şey gözləmək haqqımız var.
Ən əsası isə tarixçi adından danışan şəxsdən öz xalqının tarixini və ağrısını da eyni ciddiyyətlə nəzərə almasını gözləmək haqqımız var.
Çünki tarixçi olmaq yalnız keçmiş haqqında danışmaq deyil. Tarix qarşısında məsuliyyət daşımaqdır. Və bu məsuliyyət insanın siyasi simpatiyasından, yaşadığı ölkədən, aldığı elmi addan və tutduğu mövqedən asılı deyil.
İnsanın Vətənə münasibəti onun ən mühüm mənəvi ölçülərindən biridir. Ata-babaları Ağdamda doğulan, Azərbaycan cəmiyyətinin tarixini və ağrılarını bilən bir insan üçün bu torpağın taleyinə biganə qalmaq xüsusilə düşündürücüdür.
Azərbaycanın torpaqlarını müdafiə etməsini qınamaq, bu torpaqlar uğrunda verilən canları mənasızlaşdırmaq və sonra bütün bunları “tarixçi” mövqeyi kimi təqdim etmək isə daha ağır məsələdir.
Çünki alimlik diplomla təsdiqlənə bilər. Tarixçilik elmi adla təqdim oluna bilər. Amma Vətənə münasibət insanın sözlərində və əməllərində görünür. Və insan öz kökündən nə qədər uzaqlaşsa da, tarix dəyişmir.
Ağdamın dağıdılması tarixdən silinmir. Məcburi köçkünlərin yaşadığı illər yox olmur. Şəhidlərin verdiyi canın qiyməti dəyişmir. Torpağın dəyəri də onu kiçildən bir cümlə ilə azalmaz. Ona görə də məsələ Altay Göyüşovun nə düşünməsindən daha böyükdür.
Məsələ budur ki, tarixçi adından danışan insan tarix qarşısında nə qədər dürüst davranır?
Bu suala cavab vermək isə artıq oxucunun ixtiyarındadır.
Altay Göyüşovun Zəngəzurla bağlı fikirlərində diqqəti çəkən başqa bir məqam da onun müxalif mövqeyi ilə dövlət maraqlarını bir-birinə qarışdırmasıdır. Hökumətlə dövlət eyni anlayış deyil. Hökumət dəyişir, lakin dövlət dəyişmir!
Belə müxalifətçilik olmur!
Hakimiyyətə qarşı çıxmaqla dövlətə qarşı çıxmaq arasında sərhəd qoymağı bacarmayan siyasi yanaşma sağlam müxalifətçilik deyil. Dövlətin ərazi bütövlüyünü, milli təhlükəsizlik maraqlarını və xalqın tarixi yaddaşını hədəfə almaq artıq başqa məsələdir.
Bu, hökumətə müxalifət olmaq deyil. Bu, dövlət məsələlərini siyasi mübarizənin alətinə çevirməkdir. Belə davranış vətənə xəyanətdir! Bunu özünü ziyalı və tarixçi hesab edən insanlar hamıdan yaxşı bilməlidir.
Ölkədən uzaqda yaşamaq insana əlbəttə ki, fikir söyləmək hüququnu itirmir.
Amma məsafə məsuliyyəti də aradan qaldırmır!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 Sentyabr 2026 00:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















