Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mükəmməl bədən quruluşları ilə tanınan məşhur qadınların 2010-cu illərdəki favoritinə çevrilən qələvi pəhriz böyük sürətlə populyarlaşmış, eyni sürətlə də nüfuzunu itirmişdi. Yeni araşdırmalar bu pəhrizin elmi əsasının ola biləcəyinə işarə edir, lakin bəzi mütəxəssislər hələ də buna şübhə ilə yanaşır. Bəs doğrudanmı təsirlidir?
Qaynarinfo xəbər verir ki, Viktoriya Bekhem 2013-cü ildə "Twitter"də paylaşım edərkən bunun yaradacağı təsirdən böyük ehtimalla xəbərsiz olub. "Spice Girls" qrupunun üzvü kimi tanınan modelyer Bekhem "Honestly Healthy" adlı yemək kitabının fotosunu paylaşaraq altına "Bu sağlam qidalanma kitabını çox sevirəm!" yazmışdı.
Həmin dövrdə Bekhem pop və moda karyerası ilə yanaşı, incə bədən quruluşu və sərt qidalanma vərdişləri ilə də məşhur idi. Bu populyarlıq kitabın satışlarına da müsbət təsir göstərmişdi.
Qələvi qidalanma modelinə fokuslanan "Honestly Healthy" Bekhemin paylaşımından sonra bir il ərzində ən çox satılan kitablar siyahısında birinci yerə yüksəlmiş və davam kitabı da yazılmışdı.
Qələvi qidalanma modeli aktrisa və sağlam həyat tərzi təbliğatçısı Qvinet Paltro, "Friends" serialının ulduzu Cennifer Eniston və supermodel El Makferson kimi məşhurların da diqqətini çəkmişdi.
Qələvi və turşu qidalar bölgüsü
Bu yanaşma qidaları turşu və qələvi olmaqla iki qrupa ayırır. Ət, quş əti, süd məhsulları, yumurta, emal olunmuş qidalar və alkoqol turşu qrupda yer alır. Təzə meyvə və tərəvəzlər, çərəzlər, paxlalılar və tam taxıllar isə qələvi qidalar hesab olunur.
Bu anlayışa görə, turşu qidalar həzm olunduqda turşu yaradır və qanın təbii olaraq zəif qələvi olan pH səviyyəsini pozur. Bunun nəticəsində aşağı enerji, zəif yaddaş, baş ağrısı, əzələ ağrıları və yuxusuzluq kimi problemlər ortaya çıxır.
Qələvi qidaların isə bədənin pH balansını bərpa etməyə kömək etdiyi, sağlamlıq problemlərini azaltdığı və hətta qocalma prosesini ləngitdiyi iddia edilir.
Qələvi pəhriz tərəfdarları bildirirdilər ki, rasiondan bütün turşu qidaları çıxaran insanlar yorğunluq, köp, sızanaqlardan tutmuş ürək xəstəlikləri, sümük əriməsi, osteoporoz, artrit və hətta xərçəngə qədər bir çox problemin qarşısını ala bilərlər.
Sürətli yüksəliş, sürətli eniş
Lakin bu qidalanma modelinin yüksəlişi nə qədər sürətli olduğu kimi, enişi də bir o qədər kəskin olub. Alimlər qələvi pəhrizin arxasındakı iddiaları araşdırdıqca onun etibarlılığı şübhə altına alınıb.
Mütəxəssislər qidalanmanın qanın pH səviyyəsini dəyişə biləcəyi və ya bu yolla xərçəngin qarşısının alına biləcəyi fikrini təkzib ediblər.
Onların fikrincə, qələvi pəhrizin faydası daha çox ondan ibarət idi ki, "turşu" sayılan qidalar (kofein, şəkər və emal olunmuş məhsullar daxil olmaqla) adətən daha zərərli, "qələvi” qidalar isə əsasən meyvə və tərəvəzlərdən ibarətdir.
Hətta bu pəhrizin yaradıcısı kimi tanınan naturopatik həkim Robert Yanq 2017-ci ildə lisenziyasız həkimlik fəaliyyəti göstərdiyi və ölümcül xərçəng xəstələrini soda infuziyası ilə müalicə etdiyini iddia edərək insanları aldatdığına görə həbs edilmişdi.
İllər sonra yenidən gündəmdə
On ildən artıq vaxt keçdikdən sonra qələvi pəhriz yenidən gündəmə gəlib. Son araşdırmalar bu cür qidalanmanın osteoporoz, 2-ci tip diabet və böyrək xəstəlikləri riskini azalda biləcəyini göstərir.
Əvvəllər irəli sürülən qeyri-müəyyən, detoks xarakterli iddialardan fərqli olaraq, müasir yanaşma potensial böyrək turşu yükü və ya PRAL adlanan ölçülə bilən anlayışa əsaslanır.
PRAL qidalar metabolizə edildikdən sonra böyrəklərin xaric etməli olduğu turşu miqdarını ifadə edir. Bu turşular əsasən zülal və fosforun parçalanması zamanı yaranır və tullantı kimi sulfat və fosfor turşusu əmələ gətirir.
Meyvə, tərəvəz və paxlalılar kimi mənfi PRAL dəyərinə malik qidalar daha az turşu yan məhsul yaratdıqları üçün qələvi yaradan hesab olunur. Ət, süd məhsulları və rafinə edilmiş taxıllar isə adətən müsbət PRAL dəyərinə malikdir və daha çox turşu yaradır.
Ekspertlər iki yerə bölündü
Tədqiqatçılar hesab edirlər ki, pH səviyyəsində ciddi dəyişiklikdən daha çox, bu yan məhsulların uzun müddət bədəndə toplanması xroniki xəstəliklərə töhfə verə bilər.
Bəzi mütəxəssislər bu iddiaların hələ də şişirdilmiş ola biləcəyi barədə xəbərdarlıq edərkən, digərləri elmi sübutlara əsaslanan bu pəhrizin piylənmə böhranına qarşı həll yolunun bir hissəsi ola biləcəyini düşünür.
Vaşinqtonda yaşayan endokrinoloq doktor Hana Kaxleova "Daily Mail"ə açıqlamasında bildirib ki, nə qədər çox qələvi qida qəbul etsəniz, bədəniniz üçün çəki itirmək bir o qədər asan olar. O əlavə edib ki, GLP-1 dərmanlarının arıqlamaq üçün effektiv olduğu bilinsə də, onların bahalı, yan təsirli olduğu və əzələ itkisinə səbəb ola bildiyi məlumdur. Onun sözlərinə görə, bunun əvəzinə daha çox insan qidalanma vərdişlərini dəyişməlidir.
Doktor Kaxleovanın Yuta Universiteti və Corc Vaşinqton Universitetinin tədqiqatçıları ilə birlikdə apardığı araşdırma qələvi qidalanmanın iştirakçıların həftədə orta hesabla yarım kilo çəki itirməsinə kömək etdiyini göstərib.
Qələvi pəhriz ilə Aralıq dənizi pəhrizi müqayisə edildi
Qələvi yönümlü, az yağlı veqan qidalanma ilə ət, balıq və zeytun yağı ehtiva edən Aralıq dənizi pəhrizini müqayisə edən tədqiqatda 62 artıq çəkili yetkin hər iki qidalanma formasını dörd ay ərzində sınaqdan keçirib. Hər iki pəhrizdə kalori məhdudiyyəti tətbiq edilməyib və iştirakçılar doyduqları qədər yeyiblər.
Qələvi pəhriz tətbiq edənlər 16 həftədə orta hesabla 5,98 kilo arıqladıqları halda, Aralıq dənizi pəhrizi ilə qidalananlarda çəki itkisi qeydə alınmayıb.
Doktor Kaxleova bildirib ki, vegan pəhrizdə qan təzyiqi ilə yanaşı insulin həssaslığı və qan lipidləri yaxşılaşıb, iştirakçılar isə əzələ qazanaraq yağ itiriblər. Bunun səbəbi kimi, turşu qidaların stress hormonu olan kortizolun ifrazını artırması və bədənin pH balansını qorumaq üçün daha çox çalışmaq məcburiyyətində qalması göstərilir. Araşdırmalar yüksək kortizol səviyyəsinin maddələr mübadiləsini pozduğunu və qarın bölgəsində yağ yığılmasını artırdığını göstərir.
Tək səbəb daha az yeməkdir?
Surrey Universitetinin professoru Syuzan Lenhem-Nyu isə qələvi pəhrizin çəki itirmə təsirinin şişirdilə biləcəyini bildirib. Onun sözlərinə görə, enerji qəbulu eyniləşdirildikdə fərq statistik baxımdan əhəmiyyətini itirir və veqan qidalananlar sadəcə daha az yeyiblər. Buna baxmayaraq, doktor Kaxleova kalori fərqi nəzərə alındıqda belə, qida mənşəli turşu yükünün azalmasının çəki itkisi ilə əlaqəli qaldığını vurğulayıb.
2017-ci ildə San-Paulu Universitetində aparılan araşdırma həddindən artıq turşu qida qəbulunun və qələvi qidaların az istehlakının iltihablanmaya və nəticədə böyrək zədələnməsinə səbəb ola bilən yüngül metabolik asidozla əlaqəli olduğunu göstərib.
Bu il "International Journal of Cardiology Cardiovascular Risk and Prevention" jurnalında dərc olunan başqa bir məqalə isə daha turşu pəhrizin ürək xəstəlikləri ilə əlaqəli arterial qalınlaşma ilə bağlı olduğunu ortaya qoyub.
Veqan qidalanmanın da riskləri var
Professor Lenhem-Nyu qeyd edib ki, pəhriz mənşəli turşu yükü maraqlı anlayışdır və pəhrizin qələvi yönümlü olmasının sağlamlığa müsbət təsirləri ola bilər, lakin daha çox araşdırmaya ehtiyac var.
Qidalanma terapevti Qreys Kinqsvell isə veqan qidalanmanın və ya heyvani məhsulların azaldılmasının müəyyən çətinliklər yaratdığını bildirib. Onun sözlərinə görə, uzunmüddətli vegan qidalanma zamanı qida maddələri çatışmazlığı riski mövcuddur və zülal qəbulu xüsusilə vacibdir.
Bununla belə, turşu yükünü azaltmaq üçün "ya hamısı, ya heç nə” yanaşmasına ehtiyac olmadığı vurğulanır. Doktor Kaxleova bildirib ki, məqsəd yalnız qələvi qidalar yemək deyil, daha çox qələvi yönümlü qidalanmaya mərhələli keçiddir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 20 Yanvar 2026 08:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















