Viorel Gutu: Kənd icmalarının həyati elementi olan fermerləri qorumağa çalışmalıyıq
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakıda keçirilən COP29-da konkret həllər və məhsuldar danışıqlar əldə olundu. COP29 yalnız danışıqlardan ibarət deyildi, həm də real nəticələr doğurdu.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorun köməkçisi, Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu Bakı İqlim Fəaliyyəti Həftəsində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakı Harmoniya İqlim Təşəbbüsü dünyanın hər yerindən fermerləri dəstəkləyən mühüm platformadır.
““Harmoniya” təşəbbüsü çərçivəsində kənd təsərrüfatının dayanıqlı inkişafı yerli və qlobal səviyyədə iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayacaq. Bakı İqlim Fəaliyyəti Həftəsi də bu liderliyi davam etdirəcək. Mən Azərbaycanın iqlim gündəmini daim dəstəkləyirəm. Kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və su idarəçiliyi iqlim gündəminin əsas elementlərindəndir. Azərbaycanın bu istiqamətdə əldə etdiyi tərəqqi təqdirəlayiqdir. Dünyada iqlim dəyişikliyi sərhəd tanımır və hər bir ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını göstərir. 2024-cü ildə dünyada təxminən 2,3 milyard insana qida çatışmazlığı təsir edib. Ona görə də biz davamlı kənd təsərrüfatını təşviq etməli, sudan daha səmərəli istifadə etməli, kənd icmalarının həyati elementi olan fermerləri qorumağa çalışmalıyıq”, - deyə FAO rəsmisi bildirib.


