Xalq artisti Nəzakət Teymurova: Arzum budur ki, yaxşı hər zaman pisin yolunu kəsə bilsin
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Zamanın necə sürətlə ötdüyünün hamımız fərqindəyik. Sanki bir göz qırpımında yola saldığımız həftələr bu gün bizi ilin son ayına gətirib çıxardı. İl isə sıradan bir il olmadı. Şanlı Zəfərimizin beşinci ili kimi tarixə düşdü. Bu beş ildə külə dönmüş torpaqlara can gəldi, fəsillər öz yerini aldı, daşlaşmış cığırlara yeni izlər düşdü, yurd yerləri sakinlərinin nəfəsilə qızındı, evlərdə işıqlar yandı, ocaqlar alovlandı. Və bir daha sönməsin...
Bu il biz jurnalistlər üçün də əlamətdar oldu - Milli Mətbuatımızın 150 illiyi kimi yaddaşlarda qaldı. Fəxri ad alanlar da oldu, mükafatla təltif edilənlər də. Əsas qələmin gözü hər zaman sərraf olsun... Beş il əvvəl biz Zəfər içində bir zəfər də yaşadıq. Otuz il özünü "qalib" hesab edənlər 44 gün ərzində tək kapitulyasiyasını imzalamadılar, Qarabağın üç gözəlini - Ağdamı, Kəlbəcəri və Laçını qeyri-şərtsiz sahiblərinə qaytardılar. Biz öz şərtimizi daha artıq qan axmasın deyə qoymuşduqsa, on bir min fərarisi olan bir tərəf üçün bu, göydəndüşmə bir fürsət idi. Hələ də özünə gəlməyən qarşı tərəf üçün ən böyük zərbə 24 saata Xankəndinin azad edilməsi oldu.
Deyirlər Qarabağ Azərbaycanın konservatoriyasıdır, çünki burada doğulan körpələr belə, muğam üstündə ağlayır. Bu sirr hələ də açılmamış qalsa da, gözlə görünənin başqa adı yoxdur. Yəqin Qarabağ və muğam kəlmələrini oxuyan oxucuya artıq bəlli oldu ki, bu gün onun görüşünə qarabağlı bir sənətkarla gəlmişik.
Beləliklə, şənbə qonağımız Akademik Opera və Balet Teatrının solisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının pedaqoqu, Xalq artisti Nəzakət Teymurovadır.
- Bir zamanlar Ağdamın Əlimədətli kəndində Xosrov kişi böyük ailəsi ilə yaşayıb...
- Bəli, yaşayıb... Ömür-gün yoldaşı Firəngiz xanım və on övladı ilə birlikdə. Ailədə on uşağın olması bu gün nağıla bənzəsə də, o zaman üçün heç də qeyri-adi deyildi. Hər rayonda, hər kənddə belə böyük ailələr vardı və alın təri ilə böyüyən bu uşaqlar zəhmətin, əməyin nə olduğunu dərk edərək yürüməyə başlayıb. Ailəmizdə oxumağa, təhsil almağa qarşı bir qadağa qoyulmayıb, hansımız istəmişiksə, oxuyub təhsil almışıq.
- Bildiyim qədər bu böyük ailənin sonbeşiyi də sizsiniz...
- Elədir. Rəhmətlik atam məni çox sevib. O zamanlar kənddə yaşayan uşaqlarda şəhərdə yaşamaq istəyi güclü idi. Bəlkə də elə bu güc və istəyin təsiri bizlərin təhsilə olan marağını artırıb. Kənddən çıxmağın yeganə yolu oxumaq olub. Açıq deyəcəyəm, elələrindən biri də mən olmuşam. Atam bu çırpıntılarımı gördüyündən səkkizinci sinfi bitirəndən sonra məni Bakıya təhsil almağa göndərdi və Energetika Texnikumuna daxil oldum.
- Amma sizin səsiniz vardı və bunu bilirdilər...
- Əlbəttə bilirdilər, özü də tək ailədə yox, rayonda da hamıya bəlli idi mənim oxumağım. Üçüncü sinifdən başlayaraq bütün tədbirlərdə, bayram şənlikləridə artıq ifalarımla tanınırdım. Mən bir haşiyə çıxmaq istərdim. Qarabağ elə bir bölgədir ki, oranın torpağı musiqi ilə yoğrulub. Orada axan bulaqların şırıltısında bir avaz var. Qarabağda sənətindən asılı olmayaraq hamının bir musiqi istedadı var. Barmaqla sayılacaq qədər ev olardı ki, oradan bir musiqi alətinin səsi gəlməsin. Bir ingilis dili müəllimimiz vardı, tarda elə məharətlə ifa edərdi ki, kənardakılar onu musiqi müəllimi sanardılar və o, bizim əlimizdən tutub kənddən rayon mərkəzinə tədbirlərə aparardı. Azərbaycanda ayrı-ayrı bölgələrin muğam məktəbləri var. Amma mənim üçün Qarabağ muğam məktəbinin əvəzi yoxdur. Qayıdaq söhbətimizə... Texnikumda oxuya-oxuya özfəaliyyət dərnəklərində, keçirilən müsabiqələrdə iştirak edirdim. Müsabiqələrin birində qalib oldum və o zaman Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri Lidiya Rəsulova məni çağıraraq dedi ki, ay qızım, bu səslə sən niyə Energetika Texnikumunda təhsil alırsan? Energetik olacaq kifayət qədər gənclərimiz var, sən bu səsin arxasınca getməlisən. Və beləcə məni Asəf Zeynallı adına Musiqi Texnikumunda xanəndəlik dərsi verən Nəriman Əliyevin yanına göndərdi. Bir il hazırlıqda oxudum və texnikuma qəbul oldum. Nəriman müəllim Seyid Şuşinskinin tələbəsi olmuşdu və bu gün həmin yolun davamçısı olmaqdan qürur duyuram. Daha sonra indiki Bakı Musiqi Akademiyasının tələbəsi kimi ustad, mərhum Arif Babayevin tələbəsi, eyni zamanda Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti oldum. İyirmi üç yaşımda operanın səhnəsində ilk rolum "Leyli və Məcnun"da Leyli olub.
- Nəzakət Teymurova həm xanəndədir, həm opera solistidir, həm də bəstəkar mahnılarının ifaçısı. Üç fərqli istiqamət...
- Xanəndəlik mənim üçün köklü bir çinar ağacıdır ki, onun müxtəlif şaxələri var. Mənim düşüncəmdə xanəndə tək trio ilə çıxış etməklə kifayətlənməməlidir. Özünü hər istiqamətdə sınamalıdır. Opera səhnəsində mən yalnız xanəndə deyiləm axı, burada mənim rolum var, bir obraz yaradıram, deməli, həm də aktyor sənətini, orkestrlə ifa etməyi bacarmalıyam. Bəstəkar mahnılarını duyaraq, hiss edərək ifa edəndə onda tamam başqa duyğular yaşayıram. Mən tələbələrimi də bu istiqamətdə yetişdirməyə çalışıram. Musiqinin sonu yoxdur, onun dibini görmək mümkün deyil. Əgər istedadı inkişaf etdirmək mümkündürsə, ondan qorxmaq, qaçmaq lazım deyil. Özünü sınamaq hər zaman lazımdır. Mən özümü həm sınadım, həm də istəyimə nail olmağa çalışdım və nəticədə dediyiniz üç fərqli istiqamətdə özümü ifadə edə bilirəm.
- Amma ruhunuza daha yaxın biri var yəqin ki...
- Mən xanəndəyəm, muğam ifaçısıyam və bu, mənim ruhumdur.
- Elə isə muğamdan danışaq...
- Mənim üçün muğam səsin Allaha doğru uzanan yoludur. Muğam xalqımızın uzaq qərinələrdən gələn yaddaşının səsə çevrilən ruhudur. Muğam təkcə musiqi deyil. Hər nəfəsdən ucalan bir dua, hər qəlbin qaranlıqda bir işıq axtarışıdır. Həm dərdin ahəngi, həm ümidin şöləsi var muğamda. Muğam sanki illərin hikmətini insanın ruhunda yaşadan bir sehrdir. Muğam ifaçını içindən tanıyır. Ona görə də muğam mənim üçün səsin yox, ruhun dilidir. Muğam bizim nadir milli sərvətimizdir. Onu bütün dünya dinləyib, dinləyir və hər dəfə də bu möcüzəyə valeh olur. Belə olmasaydı, Azərbaycan muğamı UNESCO-nun Qeyri-maddi irsin Reprezentativ siyahısına daxil edilməzdi. Bu, bir xalqın, millətin mənəvi dəyərinə verilən yüksək qiymətdir.
- Muğamı belə ki gözəl tərif etdiniz, deməli, hamısını sevirsiniz...
- Əslində muğamlarımızın hamısı gözəldir, lakin Şur, Segah, Humayun mənə daha yaxın olub. Zaman keçdikcə sanki daxilən sənə yaxın olmayan muğamın içində elə incəliklər tapırsan ki, özlüyündə düşünürsən niyə bunu əvvəl hiss etməmişəm. Hər muğam özünün təmkinliyi ilə sevgi aşılaya biləcək qədər gözəldir.
- Bayaq dediniz ki, muğamı dünya dinləyir. Sizin də səsiniz dünya səhnələrindən kifayət qədər yayılıb, amma dinləyiciniz əcnəbidir, ifa etdiyiniz muğamın qəzəlinin sözlərini də bilmir...
- Tez-tez işlənən bir fikir var - musiqinin dili olmur. Bəli, olmur, çünki musiqini əvvəl eşidir, sonra qəlbinlə duyursan. Türkiyə, ABŞ, Fransa, Yaponiya, Almaniya, Koreya, Macarıstan, İran və digər ölkələrdə keçirilən konsert proqramlarında muğamı ləyaqətlə təmsil edənlər sırasında olmuşam. Bir misal deyim. Fransada bir neçə dəfə solo konsertlə çıxış etmişəm. Orada konsertə gəlmək istəyən aylar əvvəl biletini alır. O bilmir ki, gələn Nəzakətdir və ya qeyrisi. Bilmir nə oxuyacaq, tamaşaçıya nə təqdim edəcək. Onlar bizim muğama antik irs kimi baxırlar. Gəlir, oturur, səni yalnız dinləyir. Mən hiss etmirəm, o, dinlədiyini bəyənir? Yox, bəyənmirsə, sona qədər dinləməyə məcburdur, yəni zaldan sənə heç bir enerji gəlmir. Lakin konsert başa çatanda zal sanki tüğyana gəlir, sürəkli və davamlı alqışlar səni dönə-dönə səhnəyə qaytarır. Yalnız onda anlayırsan ki, sən muğamı sevdirə bilmisən. Bu, onların tamaşaçı mədəniyyətidir. Eləcə də başqa ölkələrdə. Muğam elə bir dəryadır ki, istənilən tamaşaçı onun sehrinə düşə bilir.
- Sizi doğma yurda həsrət qoyan uzaq 22 iyul 1993-cü il...
- Ağdamın işğalı günü... Mən on altı yaşından Ağdamdan çıxmışdım və işğala qədər 1992-ci ildə sonuncu dəfə olmuşdum yurdumda. Ailəmiz sona qədər Ağdamdan çıxmadı. Qardaşlarım, bacım oğlanları, əmi və bibi uşaqları hamısı sona qədər Ağdamın keşiyində dayandı. Bir bacım tibb bacısı, o biri rabitəçi olub. Anam əsgərlər aclıq çəkməsin deyə, aşpazlıq edib ki, isti yeməkləri olsun. Lakin sonunda onu eşitdim ki, Ağdam işğal olundu. Bu itkilə heç zaman barışa bilmədim. O boyda Ağdam bir Quzanlıya sığınmışdı. Ora gedəndə üzü kəndimizə sarı dayanıb dağlara baxa-baxa qovrulurdum, uçan quşlara həsəd aparırdım ki, onlar bir balaca qanadları ilə istədiyi yerə uçub qayıdır, mənim isə əlim heç yerə çatmır. Böyük sənətə gəldim, uğurlar qazandım, fəxri adlar aldım, sevincli günlərim çox oldu, amma mən yuxularımda ancaq kəndimizi gördüm. Olub ki, səbəbsiz yuxudan hövlnak oyanmışam, torpaqlarımızı düşünə-düşünə səhəri diri gözlə açmışam. Bu iyirmi yeddi ildə Ağdamı xatırlamadığım gün olmayıb. Ayrılıq illərində anladım ki, qoynunda cəmi on altı il yaşadığım torpağın itkisi heç demə, mənim üçün hər şey demək imiş. Ömründən iki müharibə dövrü keçsə də, beş il əvvəl bizə Zəfər sevincini yaşadan Ali Baş Komandanımıza, canını qurban verən şəhidlərimizə, düşmənə baş əyməyən qazilərimizə borcumuz ödənməzdir.
- Ağrısını yaşadığınız iyirmi yeddi ilə 44 gün son qoydu...
- Müharibənin başlanması xəbərini eşidəndə çaşqınlıq keçirsəm də, Allaha şükür etdim. Həmin dönəmdə pandemiya dövrünü yaşayırdıq, şəhər bomboş idi, əhvallar ürəkaçan deyildi. Belə bir vaxtda müharibə xəbəri bəzilərini sarsıtsa da, mən şükür edənlərdən oldum. Elə ilk gündən gəlməyə başlayan qələbə xəbərləri xalqı bir yumruq kimi birləşdirə bildi. İllərlə torpaq itkisinin acısı ilə yaşayanlar daha yaxşı bilər nə yaşadığımı. O günlərdə televizorun qarşısından ayrılmayan yaşlı anamın dayanmadan etdiyi duaları indi də eşidirəm. Bilirəm ki, həmin günlərdə elə bir ev olmadı ki, oradan dua səsi gəlməsin. Noyabrın səkkizində müharibə dayandı xəbərini eşidəndə, içimdəki gözlənti sızıldadı, alınmamış üç rayonumuzdan biri Ağdam idi. Lakin bağlanan üçtərəfli sazişdən sonra günləri saymağa başladım. Noyabr ayının iyirmisinə vur-tut onca gün qalmışdı, amma mənə sanki iyirmi yeddi ildən də çox gəldi. Çox tələssəm də, vədə vaxtında gəldi və torpağımız qayıtdı. Heyif ki, yaşanan hissləri sözlə tam olduğu kimi ifadə etmək olmur.
- Müharibə başlayanda şükür edənlərdən olmusunuzsa, deməli, bu savaş lazım idi...
- Biz sənət adamlarıyıq, ölkəmizi beynəlxalq səviyyəli tədbirlərdə, müsabiqələrdə təmsil edən insanlarıq. Təbii ki, bu illər ərzində belə tədbirlərdə iştirakçı kimi bədnam qonşularımızla da üz-üzə gəlirdik. Bilirsiniz, onların istehza dolu baxışları ilə qarşılaşmaq nə demək idi? Bax müharibə həm də o baxışları kor qoymaq, dünyanın qarşısında başımızı dik tutmaq naminə lazım idi. Çünki bu illər ərzində bizim sülh istəyi ilə uzatdığımız əlimizi geri çevirən onlar idilər.
- Hiss olunur ki, indi çox məmnunsunuz...
- Haradasa onlarla üz-üzə gəlmək məcburiyyəti yaranıbsa, öz müharibəmi aparmışam, həmişə haqlı olduğumuzu sübut etmək üçün çarpışmışam, heç vaxt dava-dalaşsız geri qayıtmamışam. Çox vaxt mənə deyirdilər ki, vurub öldürəcəklər səni, əllərindən gələn ən asan işdir. Mən öz savaşımı belə aparmışam. Mənim xalqımın mahnısını göz görə-görə erməni musiqisi kimi təqdim edirlərsə, mən bunu necə sakit qarşılaya bilərəm? Heç uzağa getmirəm, bu ilin sentyabr ayında Dubayda keçirilən bir müsabiqədə münsiflər heyətinin üzvü idim. Bir çox ölkələrin nümayəndələri qatılmışdı müsabiqəyə, o cümlədən qonşularımız da. Baxmayaraq ki, sülh müqaviləsi bağlanmaq haqqında söhbətlər gedir, onlar imiclərini heç dəyişməyib. Hansı ağılda, nə fikirdə olublarsa, elə də davam edirlər. Eşidirəm ki, səhnə arxasında bizim musiqilərimiz səslənir. Dərhal təşkilatçılara öz iradımı bildirdim. Az keçməmiş onların nümayəndəsi mənə yaxınlaşıb dedi ki, musiqinin dili yoxdur və mənim atam azərbaycanlı olub, mən də sizlərdən biriyəm. Dedim ki, bəli, musiqinin dili yoxdur, amma heç bir azərbaycanlı öz mahnısını erməni dilində oxutdurmağı özünə sığışdırmaz. Arada gərginlik yarandı, özünün erməni sifətini göstərib qızardı-bozardı. Buna baxmayaraq, təşkilatçılara bildirdim ki, bizim iki mahnımızı erməni dilində oxumaqları bəs deyil, hələ öz musiqiləri kimi təqdim etdikləri üçün mən tərəfdən onlara xal verilməyəcək və dediyim kimi də etdim. Təsəvvür edin, iki mahnımızı - Füzulinin "Can vermə qəmu eşqə ki, eşq afəti-candır" qəzəli üstündə oxunan Hicaz təsnifi və Rəşid Behbudovun ifa etdiyi "Çal oyna" mahnısı erməni musiqisi adı ilə müsabiqəyə təqdim edilib. Bunun həyasızlıqdan başqa adı varmı? Dərhal Bakı ilə əlaqə saxladım, hər iki musiqinin müəllif hüququnu təsdiq edən sənədlərini göndərdilər, onu təşkilatçılara təqdim etdim və dediyim kimi, həmin iki mahnıya görə onlara xal vermədim. Böyük mübahisə yarandı və sonda mənə yaxınlaşıb öz dilimizdə dedi ki, iki yüz il əvvəl azərbaycanlı vardı? Bircə onu dedim ki, bax, bu, sənin əsl simandır ki, axırda göstərdin. İndi siz deyin, mən bu 44 günlük müharibədən necə məmnun olmayım?
- Qələbədən sonra ilk dəfə gördüyünüz Ağdam...
-1992-ci ildə çıxdığım torpağa 2022-ci ildə ayağım dəydi. Yaşıllıqlar içində qoyub çıxdığım Ağdam bomboz idi. Heç yerin nə səmti bəlli idi, nə istiqaməti. Düşmən elə bil torpaqla, daş-kəsəklə, təbiətlə müharibə aparmışdı. Gücüm səsimi içimdə boğmağa yetdi, əslində isə var gücümlə haray çəkmək istəyirdim, çünki bu qədər ürək dağlayacaq bir mənzərə ilə qarşılaşacağımı təsəvvür etməmişdim. Yenə də şükür etdim ki, ayağım öz torpağımdadır. Bilirsiniz, mənim üçün Vətən doğulduğum yerdən başlayır və həmin yer artıq mənimdir...
- Bir qızınız var... Ola bilməz ki, bu səsdən ona ötürülməsin...
- Deyərdim ki, Nigar məndən də istedadlıdır. Səsi də var, yaradıcılığı da. Şeir yazır, öz sözlərinə mahnılar bəstələyir. Sadəcə istəmədim ki, onun istedadı mənim adımın altında yer alsın. Ən əsası isə sənətin yolu rahat və hamar deyil, istəmədim ki, qızım çətinliklərlə üz-üzə gəlsin. İki ali təhsili var, dövlət qulluğunda çalışır. Öz növbəmdə çalışmışam ki, onu adət-ənənələrimizə dəyər verməyi bacaran əsl insan kimi yetişdirə bilim.
- Siz eyni zamanda bir pedaqoqsunuz, yəni daima gənclərin əhatəsindəsiniz...
- Sualınızı anladım... Əvvəla onu deyim ki, qələbəni bizə yaşadan, torpaqlarımızı qaytaran bu günün gəncləri olub. Bunu unutmağa haqqımız yoxdur. O ki qaldı tələbələrimə, razı qaldıqlarım da var, narazı olduqlarım da. İstəyirəm ki, necə biz ustadlarımızdan öyrənə-öyrənə sənəti yaşadıb davam etdirirksə, bizdən sonra da bu ənənə onlara qalsın. Bizimlə müqayisədə bugünkü gənclik informasiya bolluğunda yaşayır, necə deyərlər, bir düyməni basmaqla informasiya özü onların ovcuna düşür. Çalışsınlar, bacardıqca çox öyrənsinlər, biz müəllimləri sualları ilə yorsunlar, gələcəkdə Azərbaycan incəsənətini layiqincə təbliğ və təmsil etsinlər.
- Bu il Milli Mətbuatımızın 150 yaşı oldu. Giley-güzarınız varmı bizlərdən?
- Açıq deyəcəyəm, yəqin ki, inciməzsiniz. Sifarişli, maraq naminə yazılanları oxuyanda, yazı mədəniyyəti görməyəndə, etika gözlənilməyəndə gileyli oluram. Birinin ünvanına təhqir yağılanda gileyli oluram. Deyilən sözün başına ip salıb onu istədiyi şəklə salanlardan gileyli oluram. Ən əsası bu gün tamaşaçını öz təsiri altına salan efirlərdən çox narazıyam. Təbii ki, aralarında istisnalar var.
- Deməli, az-az görünməyinizin səbəbi budur...
- Əksər aparıcıların öz verilişlərinə dəvət etdikləri qonaqlarına qarşı davranışının adı nədir, bilmirəm. İştirakçılara ünvanlanan məntiqsiz sualların, onlar arasında gərginlik, qalmaqal salmaq istəyinin arxasında hansı məqsəd var? Əgər bunun adı şoudursa, onda o, bizə lazım deyil. Peşəkarla sənətə təsadüfi gələni eyni verilişə dəvət edirlər və ona elə suallar verilir ki, özünə hörmət edən adam düşünür ki, axı mənim burada nə işim var? Bütün bunları görəndə çəkilib kənarda dayanmaq, bacardığın işi peşəkarcasına görmək daha düzgün seçimdir. Söhbətimizi belə bədbin notlarla bitirmək istəmirəm. Köhnə ilin son ayındayıq, yaşananların yaxşısı da bizimdir, pisi də. Arzum budur ki, yaxşı hər zaman pisin qarşısında bir maneə olaraq onun yolunu kəsə bilsin.
SÖZARDI: Müsahibə üçün daxil olduğum sinif otağında Nəzakət xanımın dərsi hələ bitməmişdi. Bir neçə dəqiqəlik də olsa, xanəndəlik dərsinin necə keçdiyini izlədim. Hansı muğam olduğunu bilmədim, amma gördüm ki, bir peşəkar muğamdakı eyni məqamı yorulmadan dəfələrlə ifa edərək onu tələbəsinə necə ürəklə öyrətməyə çalışır və yadıma Bəxtiyar Vahabzadənin misraları düşdü:
"Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
Mənə çox mətləbi ahəstə qandırdı muğam".
Tamilla M-ZADƏ
Baxış sayı:18
Bu xəbər 08 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















