Xaqanidən üzü bəri, şeirimiz dillər əzbəri
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Məlum olduğu kimi, bu ilin əvvəlində Azərbaycan Prezidenti İlham Əliyev böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 və Səməd Vurğunun 120 illik yubileylərinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu il Məhəmmədhüseyn Şəhriyarın da 120 yaşı tamam olur. Hər 3 klassikin yaradıcılığı Azərbaycan ədəbiyyatının dünya mədəniyyəti xəzinəsini zənginləşdirən ədəbi sərvətidir.
Dahi şairlərimizin qoyduğu poetik ənənələr layiqincə davam etdirilir. Bugünkü yaradıcı nəsil də Xaqaninin, Vurğunun, Şəhriyarın söz bulağından su içməkdə, milli mənəviyyatımıza xidmət etməkdədir. Vətənpərvərlik, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu məktəbin səciyyəvi cəhətləridir. Yeri gəlmişkən, ötən həftə Şuşada “Sözün hekayəsi” şüarı altında keçirilən ənənəvi Vaqif Poeziya Günlərində “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” mövzusunda elmi konfrans, “Sözün ovçusu – “Könlüm keçir Qarabağdan” və “Sözün həsrəti – “Heydərbabaya salam” bədii-musiqili kompozisiyaları dahilərin söz aləminə səyahət baxımından yaddaqalan olub.
Bu səhifəni yubilyar şairlərimizin şeirləri ilə açır və ardınca onların çağdaş xələflərinin bədii nümunələrini oxuculara təqdim edirik.
Tapmışam
İsminin zikrində dastan tapmışam,
Mən bu adla abi-heyvan tapmışam.
Hər öpəndə kuyinin torpağını
Eylə billəm ətrdən can tapmışam.
Asitanəndə durub, bir qul kimi,
Asimanə yüksəlib, şan tapmışam.
Sən hüma adlandıran gündən məni,
Mən qidamı üstxandan tapmışam.
Qəm torundan, rəhm qıl, qurtar məni,
Aşiyan şövqünü çoxdan tapmışam.
Əldəki sərmayəm eşqindir sənın,
Ömrdən, hərçənd, nöqsan tapmışam.
Aşiqəm, aşiqlərin xaqanıyam,
Söz atı altımda cövlan tapmışam.
Əfzələddin XAQANİ
Dünya
Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır Ay,
Fəqət nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə acıyır, nə yaşa, dünya.
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya.
Ellərə baxıram bağçalı, bağlı,
Göylərə baxıram qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya.
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Əzəldən belədir, çünki kainat,
Cahan daimidir, ömur amanat.
Əldən-ələ keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa, dünya!
Səməd VURĞUN
Behcətabad xatirəsi
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı.
Gözlər asılı yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə düşürməkdədi darı.
Yatmış hamı, bir Allah oyaqdır, daha bir mən,
Məndən aşağı kimsə yox, ondansa yuxarı.
Qorxum budu yar gəlməyə birdən açıla sübh,
Bağrım yarılır, sübhüm, açılma, səni tarı.
Dan ulduzu istər çıxa, göz yalvarır çıxma!
O çıxmasa da, ulduzumun yoxdu çıxarı…
Mehrabi şəfəqdə özümü səcdədə gördüm,
Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.
Eşqi var idi Şəhriyarın güllü-çiçəkli,
Əfsus qəza vurdu, xəzan oldu baharı.
Məhəmmədhüseyn ŞƏHRİYAR
And
“Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirmişəm”.
İlham ƏLİYEV
Kaş sənə bənzəyəydi oğullar da hər zaman,
ürəklər bir-birinə belə məhrəm olaydı.
Nigaran getməyəydi, atalar da dünyadan,
kaş nə belə ayrılıq, nə belə qəm olaydı.
Dəyişəydi yer üstə əsrimizin havası,
insan bağ becərəydi, meyli gülə düşəydi.
Bir Tanrı duasıdır, hər ananın laylası,
o da kaş bu könüldən, o könülə düşəydi.
Yüz il ömür sürüblər, səs çıxmayıb tək əldən,
təsadüf, ya bəlkə də, xəlvəti bir qəsd olub.
İlahi bir sirrimiş, deyirlər, bu, əzəldən, -
oğul xoşbəxt olanda, ata da xoşbəxt olub.
“44 Gün”ə yazıldı “Dəmir yumruq” dastanı,
milyonların andı var, onun hər varağında.
Yox, Nuhun tufanı yox, qalxdı xalqın tufanı;
Azərbaycan deyilən Qarabağ torpağında.
Dedin ki, – Gözəl Şuşa! Sən azadsan! – bu səsi,
bu eşqi ürəyimdə mən də təkrar elədim.
Şuşa, İlham, Ərdoğan, “Şuşa müqaviləsi!”,
“Bir millət, iki dövlət”, – deyənə rəhmət, – dedim.
Nəriman HƏSƏNZADƏ
Gəlirəm
Məni belə fağır bilmə,
Hələbdən, Xoydan gəlirəm.
Ruhum yurda yas saxlayır,
Təbrizdən toydan gəlirəm.
Xəbis oğlu, nakəs gədə
Bu nə barmaq, bu nə hədə?!
Tanrılı enməz heç vədə,
Tanrılı taydan gəlirəm.
Bilirsənmi nər türk nədi,
Bəy türk nədi, ər türk nədi?
Mosul nədi, Kərkük nədi –
Aşıb Altaydan gəlirəm.
Qalır “bəlkə”si, “hələ”si,
Demə əyilib şələsi.
Min duzağı, min tələsi
Olan bir boydan gəlirəm.
Çaylar keçdim bir dəryacan,
O tayı ruh, bu tayı can.
Mən Doğudan Batıyacan
Ulu bir soydan gəlirəm.
Nadir AZAYOĞLU
Var
Bu dünya yiyəsiz deyil,
Hər yerdə yüz adamı var.
Əyrini döyüb düzəldən,
Gör neçə düz adamı var.
Ahı fələkdən keçməyən,
Dəni küləkdən keçməyən,
Sözü ələkdən keçməyən,
Nə qədər söz adamı var.
Füzulidi söz Allahı,
Vicdan – qəlbin düz Allahı,
Adamların öz Allahı,
Allahın öz adamı var.
Qılman İMAN
Müharibə
O qız əlcək toxuyurdu
dilində həsrətli bayatı,
Qəlbində ayrılıq dərdi
İlmələr cağların çiynində gedirdi.
Özü kimi ağ ipi titrəyirdi
xəfifcə Hər ilməni çalanda.
Nişanlısı sevinəcək,
öyünəcək, geyinəcək
Əlcəkləri alanda.
Qız şəhərdən yola saldı
onu öz əlləriylə:
Oğlan alıb sığalladı
protez əlləriylə....
Yaqub CABBAROV
Qucaq düzəldə bilmədin
Sən bu qara sevdalardan,
Heç ağ düzəldə bilmədin.
Demişdin ki, düzəldəcəm
Ancaq düzəldə bilmədin...
Düşdün o şah xəyallara,
Uşaq-uşaq xəyallara,
Amma uzaq xəyallara,
Uçaq düzəldə bilmədin.
Vur ağzımdan yalan desəm,
Bu haq-divan, bu mən, bu Sən...
Məni Sənə qurban kəsən,
Bıçaq düzəldə bilmədin.
Gəlmişdi Sənə əlaca,
Eşqim quşuydu, alaca…
Ona qəlbində balaca
Bucaq düzəldə bilmədin.
Yığılmadım yollarından,
Sağlarından, sollarından...
Niyə mənə qollarından,
Qucaq düzəldə bilmədin?!
Ayaz ARABAÇI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 01 Avqust 2026 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















