“Xaricdə yaşayan bloqerlər və “ekspertlər” yersiz müzakirələr açır”
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni Qanunun qəbulundan sonra qanun ətrafında manipulyasiyalar başlayıb.
Xaricdəki bloqer və “ekspert”lərin savadsızlığı və qərəzi
Xüsusilə xaricdəki bəzi bloqerlər, özünü ekspert kimi təqdim edən bəzi şəxslər sənədi qərəzli şəkildə şərh edirlər. Onlar bildirirlər ki, yeni qanuna əsasən, bundan sonra daxili qoşunların komandanını Prezident vəzifəyə təyin edəcək və vəzifədən azad ediləcək.
Yeni qanun haqqında səslənən digər manipulyativ fikriləri bir kənara qoyaraq, təkcə bir faktı vurğulamaq kifayətdir ki, bu “ekspertlərin” savadsız və qərəzli olduqları onunla sübut olunur ki, daxili qoşunların komandanının təyin (azad) olunmasının Prezident tərəfindən həyata keçirilməsi yeni məsələ deyil. Bu səlahiyyət həmişə dövlət başçısında olub.
Bu günə qədər daxili qoşunların fəaliyyəti “Daxili qoşunların statusu haqqında” Qanunla tənzimlənirdi. Həmin Qanuna əsasən, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı daxili qoşunların komandanını təyin (azad) edir.
25.12.2025-ci il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” yeni qanunla əvvəlki qanun (“Daxili qoşunların statusu haqqında”) ləğv edildiyindən daxili qoşunların komandanının təyin (azad) olunması məsələsi bu günə qədər olduğu formada yeni qanuna daxil edilib. Yəni, daxili qoşunların komandanının təyini və azad edilməsi ilə bağlı hər hansı yeni norma tətbiq edilməyib, illərdir mövcud olan yanaşma əvvəlki qanun ləğv edildiyi üçün yeni qanuna və bununla əlaqədar fərmana daxil edilib.
Yeri gəlmişkən, bəzi media orqanlarında təqdim olunan xəbərlərdə də, əsasən, daxili qoşunların komandanının, habelə ali hərbi rütbələr nəzərdə tutulan vəzifələr üzrə zabitlərin bundan sonra birbaşa Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcəyi vurğulanıb və bu, yenilik kimi təqdim edilib. Halbuki yuxarıda qeyd edildiyi kimi, indiyə qədər qüvvədə olmuş qanunda da bu səlahiyyətlər dövlət başçısında olub, yəni, hər hansı yenilikdən söhbət getmir.
Xaricdə yaşayan bloqerlər və “ekspertlər” isə yersiz müzakirələr açaraq, yeni qanunu yanlış şərh etməklə ictimaiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər.
“Artıq daxili qoşunlar birbaşa Prezidentə tabe olacaq” kimi ifadələr səsləndirən Ərəstun Oruclu və bu kateqoriyadan olan şəxslər məsələni hüquqi kontekstdən çıxarır, qərəzli informasiya yayır, yanlış fikir formalaşdırmağa cəhd edirlər.
Daxili qoşunlar Vətən müharibəsində
Onların bu istiqamətdə daxili qoşunları hədəfə alması isə heç bir ölçüyə sığmır.
Halbuki Azərbaycanın daxili qoşunları şərəfli yol keçib.
Azərbaycanın təhlükəsizlik sistemində Daxili Qoşunların xüsusi yeri var. Silahlı münaqişələr və fövqəladə hallar zamanı bu qurumun fəaliyyəti xüsusilə əhəmiyyət kəsb edir. Daxili Qoşunlar həm arxa cəbhədə təhlükəsizliyin qorunması, həm də strateji obyektlərin mühafizəsi, ictimai asayişin təmin olunması kimi mühüm vəzifələri icra edir. Daxili Qoşunlar həm Birinci, həm də ikinci Qarabağ müharibəsində öz xidmətini yüksək peşəkarlıq və vətənpərvərliklə yerinə yetiriblər, qəhrəmanlıqla döyüşüblər.
Birinci Qarabağ müharibəsində daxili qoşunların şəxsi heyətindən 680 nəfər şəhid olub, 5 nəfər itkin düşüb, 1178 nəfər yaralanıb. 9 nəfər Milli Qəhrəman adına layiq görülüb (8-i ölümündən sonra).
Vətən müharibəsində də daxili qoşunların hərbçiləri, o cümlədən xüsusi təyinatlılar şücaət göstərib, torpaqlarımızın işğaldan azad edilməsində digər qoşun növləri ilə birlikdə misilsiz igidlik və vətənpərvərlik nümayiş etdirib.
Vətən müharibəsində daxili qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 nəfər yaralanıb. 4 nəfər Vətən Müharibəsi Qəhrəman adına layiq görülüb (1-i ölümündən sonra). Daxili qoşunların şəhidlərin əməkdaşlarının bir çoxunun qəhrəmanlıqları, şücaəti qiymətləndirilərək adları əbədiləşdirilib, 24 məktəbə, 7 məhəllə və küçəyə, bir körpüyə, bir mədəniyyət evinə onların adları verilib.
Bununla yanaşı, döyüş bölgələrinə yaxın ərazilərdə təhlükəsizliyin təmin olunmasında, təxribatların qarşısının alınmasında, mühüm kommunikasiya xətlərinin qorunmasında daxili qoşunlar mühüm rol oynayıb. Bu xidmət, ordunun ön xətdə apardığı əməliyyatların daha təhlükəsiz şəkildə həyata keçirilməsinə mühüm töhfə verib.
Ekoloji aksiyalar və ictimai nizamın təmin olunması
Şuşa şəhəri ərazisində - Xankəndi-Laçın qolu üzərində keçirilən ekoloji aksiyalar zamanı da daxili qoşunların fəaliyyəti xüsusi olaraq diqqət mərkəzində olub. Aksiyalar dövründə daxili qoşunların şəxsi heyəti həm təhlükəsizliyin təmin olunması, həm də əraziyə giriş-çıxışın mərhələli nəzarətdə saxlanılması istiqamətində sistemli tədbirlər həyata keçirib. Bu prosesdə məqsəd yalnız ictimai nizamın qorunması deyildi, eyni zamanda aksiyada iştirak edən şəxslərin təhlükəsiz, idarəolunan və stabil mühitdə öz mövqelərini ifadə edə bilmələrinə şərait yaratmaq idi.
Xüsusi qeyd olunmalıdır ki, daxili qoşunların əməkdaşları bu mərhələdə peşəkar hazırlıq, intizam, təmkin və yüksək məsuliyyət nümayiş etdiriblər. Vətəndaşlarla etik ünsiyyətə üstünlük verilməsi, qanun çərçivəsində davranış standartlarının qorunması, mümkün risklərin əvvəlcədən qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi aksiyaların ümumi gedişinə pozitiv təsir göstərib. Nəticədə, bölgədə təhlükəsizlik rejimi pozulmadan, ictimai-siyasi sabitlik qorunmaqla, eyni zamanda aksiyaların məqsəd və məramı çərçivəsində sivil mühit formalaşdırıldı.
Daxili qoşunların koronavirus pandemiyası zamanı apardığı xidmət də yüksək qiymətləndirilməlidir. Onlar polis əməkdaşları ilə çiyin-çiyinə vətəndaşların təhlükəsizliyinin təmin olunması, pandemiya qaydalarına riayət edilməsi, bununla da, COVİD-19 virusunun daha geniş miqyasda yayılmasının qarşısının alınması üçün əllərindən gələni etdilər.
Bu faktlar bir daha göstərir ki, daxili qoşunlar yalnız hərbi strukturu təmsil edən bir qurum deyil. Onların fəaliyyəti həm də vətəndaş yönümlü proseslərdə təhlükəsizliyin təmin olunması, dövlətçilik prinsiplərinin qorunması, ictimai asayişin möhkəmləndirilməsi və fövqəladə situasiyalarda çevik reaksiya verilməsi kimi çoxşaxəli missiyaları əhatə edir. Məhz bu funksional xüsusiyyətlər daxili qoşunların müasir dövrdə ölkənin təhlükəsizlik arxitekturasında mühüm strateji rol oynadığını təsdiqləyir.
Daxili qoşunların institusional əhəmiyyəti
Daxili qoşunların institusional əhəmiyyəti onların fəaliyyətinin hüquqi dövlət prinsiplərinə əsaslanması ilə müəyyən olunur. Bu qurumun vəzifələri yalnız təhlükəsizliklə məhdudlaşmır, həm də cəmiyyətin sabit və təhlükəsiz mühitdə yaşamasına xidmət edir. Daxili qoşunlar ictimai asayişin qorunmasında, kütləvi tədbirlər zamanı nizam-intizamın təmin edilməsində, strateji və mühüm dövlət obyektlərinin mühafizəsində əsas rol oynayır. Eyni zamanda fövqəladə hallar baş verdikdə digər strukturlarla birlikdə operativ dəstək göstərir, risklərin azaldılması və insan həyatının qorunması istiqamətində koordinasiyalı fəaliyyət göstərir.
Təhlükəsizlik mühitinə təsir göstərə bilən təxribat və digər risklərin qarşısının alınmasında da daxili qoşunların rolu mühümdür. Silahlı münaqişə dövrlərində daxili təhlükəsizliyin təmin edilməsi, sabitliyin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması onların əsas funksiyalarından biridir. Bu fəaliyyət sahələrinin hər biri yüksək intizam, peşəkarlıq, hüquqi bilik və məsuliyyət tələb edir. Şəxsi heyətin hazırlıq səviyyəsi, xidmət intizamı və qanunvericiliyə riayət olunması dövlətin təhlükəsizlik arxitekturasında daxili qoşunların etibarlı institut kimi formalaşmasına şərait yaradır. Qəbul edilən yeni qanun isə idarəçilik mexanizmlərinin təkmilləşdirilməsinə, səlahiyyətlərin daha dəqiq tənzimlənməsinə və fəaliyyətin müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Bu, daxili qoşunların dövlətçilik sistemində mühüm dayaqlardan biri kimi mövqeyini daha da gücləndirir.
Xaricdəki manqurtlar
Təhlükəsizlik və ictimai sabitlik hər bir dövlətin dayağıdır. Bu dayağın möhkəm olmasında daxili qoşunların xidmətləri mühüm yer tutur və onların fəaliyyəti milli təhlükəsizliyin strateji komponentlərindən biri olaraq qalır.
Xaricdəki bəzi manqurtların, savadsız və qərəzli “ekspert”lərin ölkənin təhlükəsizliyinin əsas elementlərindən olan bir təsisatı etibarsızlaşdırmaq cəhdləri isə onların xislətindən irəli gəlir. Bu “ekspert”lərin əvvəlki qanunla yeni qanunu müqayisə etməyə belə savadları çatmır. Bununla belə, ictimaiyyəti yanlış yönləndirir, xalqa ağıl öyrətmək iddiasına düşürlər. Nəticədə çox vaxt olduğu kimi, yenə də fakt qarşısında gülünc vəziyyətdə qalırlar.
APA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 26 Dekabr 2025 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















