Xarici dövlət borcunun artırılırması zamanı nədən ehtiyatlı olmalıyıq?
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Pərviz Heydərov yazır...
Ölkəmizin dövlət borcunun real səviyyəsi nəyinki heç bir təhlükə xarakteri daşımır, kənar maliyyə və iqtisadi dairələr üçün ən cəlbedici göstəricilərdən sayılır. Odur ki, kredit reytinqimiz də yüksək qiymətləndirilir.
2025-ci il dekabrın 1-nə ümumi dövlət borcumuzun həcmi 25 milyard 272.7 milyon manat olub ki, bu, ötən il üzrə proqnoz edilən ÜDM-in 19.5%-i demək idi. Bunun 8 milyard 195.2 milyon manatı xarici, 17 milyard 77.5 milyon manatı daxili dövlət borcunun payına düşüb. Xarici dövlət borcu 4 milyard 820.7 milyon ABŞ dolları ekvivalentində olub ki, bu göstərici 2025-ci ilin əvvəli ilə müqayisədə 309 milyon ABŞ dolları və ya 6% azalmış sayılır.
Diqqəti cəlb edən əsas məsələ odur ki, daxili dövlət borcu da 17 milyard 77.5 milyon manat təşkil etməklə 2025-ci ilin əvvəli ilə müqayisədə 1 milyard 582.2 milyon manat və ya 8.5% azalıb. Qeyd edim ki, son illər ərzində borclanma üzrə götürülən yeni strategiya xəttinə görə isə daxili dövlət borcu durmadan artırdı.
Ümumiyyətlə, dövlətin borclanmasında bu cür azalma məlum olduğu kimi, bilavasitə ölkə başçısının illər öncə hökumətdən tələbinin nəticəsidir. 24 avqust 2018-ci il tarixli 424 nömrəli Sərəncamla "Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya" təsdiqlənmişdi. Sənəddə dövlət borcu sahəsində dayanıqlığı təmin etməklə onun ÜDM-ə nisbətdə həcmini tədricən azaltmaq qarşıya məqsəd olaraq qoyulmuşdu.
2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətdə yuxarı həddinin 30%-dən çox olmaması, 2025-ci ilədək 20%-dən aşağı salınması hədəf olaraq götürülmüşdü. Xarici borc öhdəlikləri səviyyəsini isə yerli maliyyə bazarını inkişaf etdirməklə ÜDM-in 10%-dən aşağı hissəsinə endirmək planlaşdırılmışdı.
Yeri gəlmişkən, həmin vaxtda, yəni sözügedən strategiya təsdiq olunan ildə xarici dövlət borcunun ÜDM-ə nisbəti 20.3% təşkil edirdi ki, 2023-cü ilin əvvəlinə bu rəqəm 2.5 dəfə azaldılaraq artıq, 8.6%-ə salınmışdı. 2024-cü ilə isə 8.9%-ə... Hazırda isə yuxarıda qeyd etdiyim son rəqəmlərə əsasən 6%-in bir qədər üstündə təşkil edir.
2022-ci ilin 30 dekabr tarixində isə "Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi" təsdiq edildi ki, bu sənəddə isə qarşıya daha yeni hədəflər qoyuldu.
Belə ki, strategiyada əvvəlki sənəddə müəyyən edilən əsas istiqamətlər və məqsədlər dəyişməz olaraq saxlanılmaqla, 2022-2025-ci illər üçün dövlət borclanmasının idarəedilməsinə dair yeni çərçivə müəyyən olundu və 2030-cu ilin sonunadək uzunmüddətli baxış irəli sürülmüş oldu.
Başqa sözlə, yeni strategiya da əvvəlkində müəyyən olunduğu kimi yalnız, yeni borcalmalarla bağlı deyil, dövlət borcu və zəmanəti ilə alınan vəsaitlərlə də bağlı cari vəziyyətin təhlil edilməsini, riskləri, görüləcək işləri əhatə etmiş sayılır.
Ona görə də Prezident yerli telekanallara müsahibəsində xatırlatdı ki, bir neçə il öncə mən xarici borcumuzu azaltmaq üçün hökumətin qarşısına vəzifə qoydum və buna nail olduq. "Biz borc götürməyi tamamilə dayandırdıq və beynəlxalq maliyyə təsisatları ilə bütün münasibətlərimizi, aktiv münasibətlərimizi bitirdik", - deyə dövlət başçısı vurğulayıb.
Bütün bu qeyd olunanlar fonunda narahatlıq doğuran bir məqam var. Məsələ bundadır ki, bu il xarici dövlət borcu artırılacaq. Yəni, ötən ilin əvvəlindən də məlum idi ki, ölkəmiz xarici borclanma kursunu, yəni bu sahədə siyasətini tezliklə əks, artıma doğru dəyişəcək.
Belə ki, ölkə iqtisadiyyatının genişləndirilməsi ilə bağlı qarşıda duran bir sıra məsələlərlə əlaqədar müvafiq maliyyə tələbləri dövlət büdcəsinə və ehtiyatlarımıza yük yarada bilər. Odur ki, xaricdən borc alışının indiyədək olanın əksinə olaraq, artırılması tələb olunur.
"Biz sosial sahəyə maliyyələşməni kəsmək istəmirik. Biz müdafiə sahəsinə, Qarabağın yenidən qurulmasına maliyyələşməni kəsmək istəmirik. Lakin bizə nəqliyyat layihələrimiz, su-kanalizasiya sistemi üçün və əsasən bağlılıq məsələlərində maliyyələşmə lazımdır. Bunun üçün biz borc götürəcəyik", - deyə dövlət başçısı nəzərə çatdırıb.
2026-cı ilin dövlət büdcəsi haqqında qanunda Azərbaycanda daxili dövlət borclanmasının yuxarı həddi (limiti) iki milyard manat, xarici isə altı milyard manat olacaq. Bu rəqəmlər, 2025-ci ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq eyni və 71.4% çox təşkil edir.
Xarici borclanmanın artırılması əlbəttə problem deyil, yəni burada qeyri-adi heç nə yoxdur. Lakin borca dövlət büdcəsindən xidmət məsələsi, başqa sözlə desəm, dövlətin aldığı daxili və xarici borclar üzrə əsas məbləğin qaytarılması və faizlərin ödənilməsi prosesi var.
Hər il dövlət büdcəsindən bu məqsədlə pul ayrılır.
Məsələn, 2026-cı il üzrə dövlət büdcəsində dövlət borcuna xidmət xərcləri üçün 2 milyard 457.6 milyon manat vəsait ayrılıb. Bu, 2025-ci ilin eyni göstəricisi ilə müqayisədə təxminən 60 milyon manat civarında çoxdur.
Hesablama Palatası "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə də məhz yuxarıda qeyd etdiyim narahatedici məqama toxunmuşdur ki, xaricdən borc alınmasının artırılması planı və tendensiyası ilə dövlət büdcəsi gəlirlərinin qarşıdakı illərdə artım tempi arasında yarana bilinəcək disbalans qorxusu mütləq nəzərə alınmalıdır. Palata qeyd olunan disbalansın borca xidmət xərclərinin fiskal yükdə payını artıraraq, manevr imkanlarını məhdudlaşdıra və prioritet xərcləri maliyyələşdirməyə mənfi təsir yarada biləcəyi qənaətindədir.
Belə ki, "2026-cı il və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi üzrə gəlir və xərclərin proqnozu" və dövlət borcunun ortamüddətli dövr üzrə göstəricilərinin təhlili bir sıra fiskal risklər ortaya çıxarır. O səbəbdən ki, ortamüddətli dövrdə dövlət borcunun həcmi cari səviyyə ilə müqayisədə təqribən 25%-ə qədər yüksələcəyi halda, dövlət büdcəsinin gəlirləri cəmi 1.5 milyard manat və yaxud 3.9% artacaq.
Odur ki, dövlət borcu məsələsində biz, bundan sonra bəlkə də daha ehtiyatlı olmalıyıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 13 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















