Icma.az
close
up
RU
Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR

Xərçənglə təkbaşına mübarizə: İcbari Tibbi Sığortanın onkoloji xəstələrə verdiyi tək şey ÜMİDDİR

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Onkoloji xəstəlikdən əziyyət çəkən vətəndaşlar dövlət hesabına müalicə imkanlarının olmamasından şikayətlənirlər.

Oxu.Az-a daxil olan müraciətlərdə bildirilib ki, İcbari Tibbi Sığortanın (İTS) Xidmətlər Zərfində (XZ) onkoloji xəstələr üçün hər hansı xidmətin nəzərdə tutulmaması bu kateqoriyadan olan pasiyentlərin vəziyyətini daha da ağırlaşdırır.

"Atam iki ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. Müalicələrini davam etdirmək üçün artıq sata biləcəyimiz heç nə qalmayıb. Müalicə çox bahadır və əksər ailələr bu xərcləri qarşılayacaq imkanda deyillər. Bəs bu xəstələrin taleyini niyə düşünən yoxdur?" - deyə müraciətdə bildirir.

Məsələni araşdırmağa çalışdıq.

Araşdırma zamanı məlum oldu ki, hazırda onkoloji xəstələrin tibbi təminat məsələsi açıq qalmaqda davam edir.

Belə ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, onkoloji xəstəliklərin diaqnostika və müalicəsi dövlət büdcəsi hesabına həyata keçirilməli olsa da, hazırda bu xidmətlər İTS-nin XZ-yə daxil edilməyib. Bu da onkoloji xəstələrin dövlət dəstəyindən kənarda qalmasına, vaxtında və keyfiyyətli müalicə ala bilməmələri səbəbindən tez vəfat etmələrinə və həyat keyfiyyətlərinin azalmasına səbəb olur.

Əvvəlcə onu diqqətə çatdıraq ki, hələ ötən il, 2025-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məsələni gündəmə gətirmişdi.

O, ürək-damar xəstəliklərindən sonra ən çox ölüm hallarının onkoloji xəstəliklərlə bağlı olduğunu xatırladaraq, bu kateqoriyadan olan vətəndaşların İTS sisteminə daxil edilməməsini qəbuledilməz adlandırmışdı.

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) artıq 5 ildir fəaliyyət göstərir, amma onkoloji xəstələrin bu sistemə cəlb olunması istiqamətində heç bir ciddi addım atılmayıb. Onkoloji xidmətlərə ayrılan vəsait isə cəmi 50 milyon manat civarındadır", - deyə komitə sədri bildirmişdi.

Oxu.az-ın məsələ ilə bağlı sorğusuna cavab olaraq İTSDA-dan bildirilib ki, hazırda onkoloji xəstəliklərin XZ-yə daxil edilməsi ilə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılır.

"Onkoloji xəstəliklərlə bağlı mövcud vəziyyət təhlil edilir. Tibbi statistik məlumatlar analiz edilir. Xidmətin maliyyə yükü proqnozlaşdırılır, icbari tibbi sığorta fondunun büdcəsinin potensialı öyrənilir və xidmətin göstərilməsi imkanları araşdırılır", - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, "Onkoloji yardım haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım müvafiq dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

"Sözügedən qanuna uyğun olaraq onkoloji xəstələrin Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi üzrə tədbirlər dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta hesabına şişönü xəstəliklərin erkən diaqnostikası qarşılanır. Bu tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki doqquz elmi-tədqiqat institutu və mərkəzində göstərilir.

Sözügedən xidmətlərə funksional diaqnostika, şüa diaqnostikası, laborator və endoskopik müayinələr daxildir. Xəstəliyin erkən mərhələdə aşkarlanması məqsədilə ultrasəs müayinə, mamoqrafiya, biopsiyaların olunması, onkomarkerlərin yoxlanması, Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya və digər müayinələr aparılır.

Müayinələr xərçəngönü xəstəlikləri erkən mərhələdə aşkar etməyə və vaxtında müalicəyə başlamaqla gələcəkdə həmin patoloji halların bədxassəli törəməyə keçməsinin qarşısını almağa imkan yaradır. Habelə, bəzi xoşxassəli şişlərin çıxarılması əməliyyatı da icbari tibbi sığorta ilə qarşılanır", - deyə açıqlamada vurğulanıb.

Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli şiş diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 nəfər təşkil edib.

"Onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadındır. 2023-cü ildə ölkədə bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyata alınan insanların sayı 69 435 nəfər olub. Onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri qadın idi", - deyə məlumatda bildirilib.

Sonda belə bir statistikanı da diqqətə çatdırmaq istərdik:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) onkoloji xəstəliklərin problemləri ilə məşğul olan Beynəlxalq Xərçəngin Öyrənilməsi Agentliyinin (BXÖA) hesablamalarına görə, 2022-ci ildə dünyada 20 milyon xərçəng xəstəsi qeydə alınıb. 9.7 milyon insan bu xəstəlikdən dünyasını dəyişib. Diaqnoz qoyulan andan 5 il sonra sağ qalan insanların sayı 53.5 milyon olub. Təqribi olaraq hər beşinci adamda xərçəng xəstəliyi inkişaf edir, təxminən doqquz kişidən biri və on iki qadından biri xərçəngdən dünyasını dəyişir.

Xərçəng xəstəlikləri arasında ən çox yayılmış ağciyər xərçəngidir. Xərçəngə yeni yoluxma hallarının (2.5 milyon) 12,4 faizi bu növün payına düşür.

İkinci yerdə süd vəzi xərçəngi (2.3 milyon yoluxma, 11,6 faiz), kolorektal xərçəng (1.9 milyon yoluxma, 9,6 faiz), prostat vəzi xərçəngi (1.5 milyon, 7,3 faiz) və mədə xərçəngi (970 000 yoluxma, 4,9 faiz) gəlir.

Əzizə İsmayılova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 01 Avqust 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri