Xoşbəxt görünmək məcburiyyəti: Ruhunuzu necə zəhərləyirsiniz? Psixoloqdan açıqlama
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Pozitiv düşüncə cəmiyyətdə çox zaman sağlam həyat tərzinin göstəricisi kimi təqdim olunur. Lakin bu anlayışın həddindən artıq vurğulanması bəzən fərdlərin psixoloji rifahı üçün zərərli nəticələr doğura bilər. “Hər şey yaxşı olmalıdır” düşüncə tərzi, insanın təbii emosiyalarını bastırmasına, daxili gərginliyin artmasına və uzunmüddətli psixoloji zədələrin yaranmasına səbəb olur”
Bu sözləri Moderator.az-a açıqlamasında psixoloq Almara Ağaqızı deyib. O qeyd edib ki, psixososial reabilitasiya və inkişaf sahəsində fəaliyyət göstərən bir mütəxəssis kimi, bu fenomenin fərdlərin psixikasına təsirini elmi əsaslarla araşdırmaq vacibdir:
“Zəhərli pozitivlik — insanın bütün hallarda müsbət düşünməyə məcbur edildiyi, mənfi duyğuların isə sanki qəbul edilməz və zəiflik əlaməti kimi dəyərləndirildiyi vəziyyətdir. Bu, sosial və mədəni kontekstdə “daima gülümsə, hər şey yaxşıdır” təzyiqinin yaratdığı emosional saxtakarlıqdır.
Belə vəziyyətdə fərd kədər, qəzəb, qorxu və ya ümidsizlik kimi təbii hisslərini inkar edir, onları ifadə etməyə çəkindiyi üçün emosional autentikliyini itirir.
Zəhərli pozitivlik uzunmüddətli emosional və davranış pozuntularına gətirib çıxara bilər. Onun əsas psixoloji nəticələri aşağıdakılardır:
Duyğusal inhibisiya (emosiyaların bastırılması): Fərd daima müsbət görünməyə çalışdıqda, kədər, qorxu və narahatlıq kimi təbii duyğularını sıxışdırır. Bu isə zamanla psixosomatik gərginlik, yuxu pozuntuları və emosional tükənmə ilə nəticələnə bilər.
Autentikliyin itməsi: Emosiyaların inkarı, insanın öz “mən”indən uzaqlaşmasına səbəb olur. Fərd başqalarının gözündə “mükəmməl” görünməyə çalışarkən daxili reallığını gizlədir.
Depressiya və təşviş: Bastırılmış duyğuların uzunmüddətli yığılması daxili partlayışa — depressiv əhval, təşviş pozuntusu və özünə inamsızlıq kimi hallarına gətirib çıxarır.
Sosial uzaqlaşma: “Hər şey yaxşı olmalıdır” təzyiqi empatiyanı azaldır. İnsanlar başqalarının ağrılarını anlaya bilmədikdə, əlaqələrdə səthilik yaranır və fərd tədricən sosial tənhalığa çəkilir”.
Psixoloq zəhərli pozitivlikdən xilas olma yollarını belə izah edib:
“Zəhərli pozitivlikdən uzaqlaşmaq üçün fərdin öz emosiyalarını tanıması, qəbul etməsi və onlara hörmətlə yanaşması əsas şərtdir.
Duyğuları tanımaq və qəbul etmək: Mənfi emosiyalar da insan təcrübəsinin ayrılmaz hissəsidir. Onları bastırmaq deyil, anlamaq və emal etmək psixoloji sağlamlığın təməlidir.
Real hədəflər müəyyənləşdirmək: Həyatdan mükəmməllik gözləmək əvəzinə, gerçəkçi və həyata uyğun məqsədlər qoymaq stres səviyyəsini azaldır.
Dəstək axtarmaq: Öz hisslərini paylaşmaq emosional yükü yüngülləşdirir. Sosial və psixoloji dəstək sistemi fərdin adaptiv gücünü artırır.
Özünə şəfqət və səbr: Fərd özünü daim müsbət olmağa məcbur etmək əvəzinə, zəifliklərini qəbul etməli, özünə anlayış və mərhəmətlə yanaşmalıdır. Bu, daxili sabitliyi və özünə inamı gücləndirir.
Zəhərli pozitivlik, cəmiyyətin “müsbət qalmaq” çağırışlarının arxasında gizlənən dərin emosional təzyiq formasıdır. Bu təzyiq fərdləri öz reallıqlarını inkar etməyə və hisslərini bastırmağa məcbur edir. Halbuki, psixoloji rifahın əsası hisslərin dürüst tanınması və ifadəsidir.
Həyatın çətinliklərini real şəkildə qəbul etmək və emosional şəffaflıq nümayiş etdirmək, insanın daxili harmoniyasına və psixoloji dayanıqlığına xidmət edir. Zəhərli pozitivlikdən uzaq durmaq və emosional reallığı qəbul etmək, hər kəs üçün daha sağlam və gerçəkçi həyatın başlanğıcıdır”.
Mehin Mehmanqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 12 Yanvar 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















