Xoşbəxtlik üçün nəyimiz yoxdur ki... İnsan əldə etdiyi daha çox əmlakın, texnikanın qulluqçusuna çevrilir
Icma.az, Bizimyol saytına istinadən bildirir.
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, sağlam cəmiyyət olmayanda, insanlar arasında mübarizə, hərarət qızışır: “Xoşbəxtliyin yeganə şərti minimalizm, sadə həyat tərzi, maddi bağlılıqların olmamasıdır. Bundan başqa heç bir yolu yoxdur. Ola da bilməz. Dünya tarixində də, bugünkü dünyada da əyani sürətdə bu sübut olunur. Ən yaxşı cəmiyyətlər, ən sağlam ən düzgün ölkələr - əsasən də Skandinaviya ölkələridir. İnsan həyatının prinsiplərinin nədə olduğunu bizə əyani göstərir. Çox təəssüf ki, bəzi cəmiyyətlər, o cümlədən biz həyatımızı yalnız maddiyat üzərində qurmuşuq. Zənginlik, göstəriş, maddi israfçılıq, dəbdəbə - bu kimi məsələlər bizim cəmiyyəti həm fərd olaraq, həm cəmiyyət, həm də ölkə olaraq bizi məhv edir. Çox təəssüf ki, bu bizdə əmələ gəlməyəcək. Bizim milli genetik xüsusiyyətlərimiz, psixologiyamız, min illərdi belə formalaşıb və bunun dəyişilməsi praktik olaraq mümkün deyil, yalnız nəzəri cəhətdən düşünmək olar. Təəssüf ki, bu baş verməyəcək. Amma hər halda biz gözümüzün qarşısında görürük ki, həyatın əsas prinsipi nədir? Ona görə də müdriklər həmişə qeyd edir ki, xoşbəxtlik çox şeyə malik olmaqda deyil, az şeyə ehtiyacı olmaqdadır. Bu cümlə hər şeyi ifadə edir. Biz cəmiyyət olaraq, xalq olaraq heç vaxt bu prinsipə yaxın gəlməmişik. Bizdə insanlara verilən qiymət də, hörmət də yalnız onun vəzifəsinə, puluna, maddi imkanına, bahalı geyiminə, telefonuna, avtomobilinə, evinə, əşyalarına görədir. Bu xəstə, bədbəxt bir cəmiyyət deməkdir və bu cəmiyyətin ən yaxşı halı da bugünkü vəziyyətidir. Bundan yaxşı ola bilməz. Normalda bundan dəfələrlə ağır olmalıdır. Sadəcə bəxtimiz gətirib ki, bir az təbii sərvətimiz var onu satıb bəzi işləri ölkədə həll edə bilirlər. Sağlam cəmiyyət olmayanda, insanlar arasında mübarizə böyüyür. Hətta daha çox oğurlamaq, daha çox rüşvət almaq, başqalarının haqqına girmək, başqalarını aşağılamaq, vəzifə uğrunda mübarizə aparmaq kimi halların sayı çoxalır”.
Elçin Bayramlı
Elçin Bayramlı qeyd edib ki, bizdə aşağı vəzifədə işləyən işçilərlə yuxarı maaş alan işçilərin arasında fərq on dəfələrlə ölçülür, onlarda heç 2 dəfə də fərq yoxdur: “Bir neçə il qabaq səhv etmirəmsə, Norveçdə nazir vəzifəsinə 9 ay adam tapa bilmədilər. Heç kim razı olmurdu. Çünki orda heç bir əlavə üstünlüklər yox idi. Orda heç kim rüşvət almır, oğurlamır, əksinə məsuliyyətdir, başağrısıdır. Tutaq ki, nazirin maaşı 6 min krondursa, sadə işçilərin də maaşı 4500-5000 krondur. Cüzi fərqə görə heç kim ağır məsuliyyətin altına girmir. Yəni vəzifə hərisliyi yoxdur. Sistem elə qurulub ki, sosial bərabərlik, gəlir bölgüsü o qədər düzgün qurulub ki, uçurum yoxdur. Bizdə məsələn, aşağı vəzifədə işləyən işçilərlə yuxarı maaş alan işçilərin arasında fərq 10 dəfələrlə ölçülür. Yəni 10, 30, 50, 100 dəfə fərq var. Bu ölkələrdə isə heç 2 dəfə də fərq yoxdur. Faizlə fərq var. Maksimum 30 %. Əlavə də heç bir gəlir yoxdur, heç bir hökmranlıq yoxdur. Çünki şəffaf cəmiyyətdir. Hər şey düzgündür, ictimai nəzarət var. Vəzifədə olanlar məsuliyyətini dərk edir, anlayır. Büdcədən 1 qəpik oğurlaya bilmir. Hər şey səs verməklə olur. İnsanlar yaxşı işləməyən məmurları anında çıxarda bilirlər. Səs verirlər. Bu İsveçrədə də, Norveçdə də, İsveçdə də, Finlandiya da və bir çox ölkələrdə belədir. Belə bir sistem qurublar. Çünki insanların maddi hərisliyi, vəzifə hərisliyi yoxdursa, saqqal-daraqları almağa ehtiyacı olmayan əşyaları almaq hərisliyi yoxdursa, onlar üçün bu problem deyil. Rüşvət, talama, istismar olmur, başqalarının haqqına girmək olmur. Ölkənin nəyi varsa əhali arasında gəliri, torpağı, maaşı, evi də normal bölünür. Elə hesablanır ki, bütün ölkə vətəndaşları bərabər şəkildə bəhrələnsinlər.
Normal psixologiya odur ki, insanlar tez-tez mebel dəyişməz, bahalı avtomobillər almaz, geyimləri bir ay geyib atmazlar. Onlar bu şeyləri başqalarına göstərmək üçün etməzlər. Belə evlərə girəndə görürsən ki, 50-100 illik mebellər, 70 il əvvəl alınmış pərdələr, eyni stollar hələ də istifadə olunur. Bu cür sadə və minimalist həyat tərzi insanlara rahatlıq və xoşbəxtlik gətirir. Heç kim bir-birindən utanmır, kimsə sadə geyindiyinə, bahalı zinət əşyaları taxmadığına görə hörmətsiz yanaşılmır. Vəzifəyə və ya pula görə insanlar bir-birinə üstünlük vermirlər. Bu, dünyada sağlam cəmiyyətin nümunəsidir.
Biz bu cəmiyyətlə özümüzü müqayisə etdikdə, yerlə göy qədər fərq olduğunu görürük. Tamamilə fərqli dünyalar, fərqli psixologiyalar mövcuddur. Əgər biz də sağlam bir cəmiyyət qurmaq istəyiriksə, bu prinsipləri qəbul etməliyik. Əks halda, daha çox problem və bədbəxt həyat tərzi ilə qarşılaşacağıq.
Bizdə kapitalizmin azğın forması hökm sürür. Mal-mülk hərisliyi, əşyabazlıq, maddi zənginlik və əyləncəyə meyillilik ön plandadır. Əyləncə anlayışımıza baxın: onlar təbiət qoynuna gedir, velosipedlə və ya ucuz maşınla yüngül yeməklər götürüb meşədə, dağda gəzirlər. Bu həm ucuz başa gəlir, həm də ruhu dincəldir. Bizdə isə istirahət üçün minlərlə manat xərcləmək lazımdır. Halbuki bu qədər pul xərclənsə də, təbiətin verdiyi rahatlığı əldə edə bilmirlər. Bizimkilər səs-küylü, bahalı restoranlarda yemək yeməyi istirahət sayırlar. Onlar isə təbiətdə gəzməyi, görməyi istirahət hesab edirlər.
İnsanlar ehtiyac olmadan üç mərtəbəli, on beş otaqlı evlər tikirlər. Onlar isə iki otaqlı evdə xoşbəxt yaşayırlar. Bu müqayisələr göstərir ki, biz xəstə, onlar isə sağlam cəmiyyətik. Belə cəmiyyətlərdə nə kriminal olur, nə də sosial xəstəliklər. Çünki hər kəs - həkim, müəllim, usta - öz işini vicdanla yerinə yetirir. Heç kim heç kimi aldatmır, hər kəs bir-birinə hörmət və qayğı ilə yanaşır. Bizdə isə tam əksi baş verir. Maddi zənginliyimiz, təbiətin bizə verdiyi sərvətlər - neft, qaz, torpaq, iqlim - olmasaydı, bu imkanlara belə sahib ola bilməzdik. Baxın, Skandinaviya ölkələri kimi az təbii sərvətə malik olan ölkələr necə sosial ədalətli, bərabər və sağlam cəmiyyətlər qurublar. Deməli, məsələ gəlirdə və sərvətdə deyil. Məsələ ağıllı, vicdanlı, əxlaqlı və düzgün yaşamaqdadır”.
Sosioloq vurğulayıb ki, arzularımız, düşüncəmiz və həyat tərzimiz bütövlükdə ölkənin gələcəyini müəyyən edir: “Tarix boyu biz bu prinsipləri tətbiq etməmişik. Sovet dövründə müəyyən qədər bu sistem qurulmuşdu – dövlət insanlara ev və iş təmin edirdi. Amma kapitalizm bizim cəmiyyətimizi dağıtdı. İnsanlar maddi gəlir uğrunda hər yola əl atır, bir-birini aldadır, təbiətə və xalqa zərər vururlar. Bu da hər sahədə problem yaradır.
Bugünkü psixologiyamız elə formalaşıb ki, sağlam cəmiyyət modelinə keçid çətin görünür. Amma bu bir seçimdir. Cəmiyyət ya sağlam və düzgün bir yol seçəcək, ya da bədbəxtlik və problemlərlə dolu bir həyat tərzini davam etdirəcək. Bu, xalqın öz seçimidir. İnsan necə düşünürsə, necə yaşayırsa, ona da layiq olur. Arzularımız, düşüncəmiz və həyat tərzimiz bütövlükdə ölkənin gələcəyini müəyyən edir. Və bu gün yaşadığımız vəziyyət də məhz bu psixologiyanın nəticəsidir.
Heç kim, hətta pul və sərvət gücünə də, bu cəmiyyətdə xoşbəxt ola bilmir. Bu, artıq faktdır. Çünki insan elə bir varlıqdır ki, əslində minimal ehtiyaclarla da yaşaya bilir. İnsana gündəlik iki ovuc yemək, bir neçə paltar və bir qədər ev əşyası kifayət edir ki, sadə, rahat və xoşbəxt həyat sürsün. Ancaq insan daha çox əmlak, daha çox texnika əldə etdikcə, bu əşyaların qulluqçusuna çevrilir. Onları təmir etmək, qorumaq, yeniləmək insanın enerjisini, əsəblərini, vaxtını alır. Əşyalar sənə deyil, sən əşyalara xidmət etməyə başlayırsan. Halbuki bu əksinə olmalı idi.
Necə yaşamaq bizim seçimimizdir. Əgər həqiqətən sağlam, düzgün, hüzurlu bir həyat istəyiriksə, bunun üçün nümunə var - götürüb tətbiq etmək yetərlidir. Əgər, bugünkü kimi “meşə qanunları” ilə yaşamağa davam etmək istəyiriksə, yəni kim güclüdürsə, kim daha bic və ya fırıldaqçıdırsa, o daha çox oğurlasın, daha çox qazansın, daha çox rüşvət alsın - bu da bir seçimdir. Amma normal bir insan cəmiyyəti qurmaq istəyiriksə, yol bəllidir. Seçim bizimdir”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















