“Yarıtmaz kadrları Prezidentə təqdim edənlər də cəzalanmalıdır” sabiq nazirdən ÇAĞIRIŞ
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Biz hamımız cəmiyyətdə olan problemlərə, kadrlarla bağlı məmur özbaşınalığına - buna daha dözülməz olmalıyıq, mən başda olmaqla, hamımız daha dözülməz olmalıyıq”.
Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Prezident deyib ki, qərarlarının bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir:
“Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər. Vəzifəyə təyin etmək böyük etimaddır. Ancaq bu etimad əgər məmur tərəfindən doğrulmasa, onda sərəncam da özünü çox gözlətməyəcək”.
Prezidentin bu fikirləri ictimai nəzarətin ölkənin inkişafı üçün əhəmiyyət kəsb etdiyini bir daha təsdiq edirmi və ictimai nəzarət institutuna müsbət təsirini göstərəcəkmi? Həm məmurların, dövlət qurumlarının ictimaiyyətdən gələn mesajları bundan sonra daha ciddiyə alacağına gətirəcəkmi?
Sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov Musavat.com-a bildirib ki, Prezidentin ictimai nəzarətə verdiyi bu önəm ölkədə vətəndaş cəmiyyətinin və medianın ictimai nəzarətdəki rolunu yetərincə artıracaq:
“Bu isə dövlət idarəçiliyində səmərəliliyin artmasına, cəmiyyəti narahat edən problemlərin vaxtında çözülməsinə yol açacaq. Dövlət idarəçiliyində yüksək effektivlik cəmiyyətdə gedən prosesləri obyektiv qiymətləndirməkdən keçir. Bu obyektivliyi təmin edən ən doğru yollardan biri isə ictimai nəzarət nəticəsində əldə olunan məlumatlara uyğun qəbul edilən qərarlardır.
Real olan budur ki, dövlət rəhbərinə ən dolğun siqnalları məhz ictimai nəzarət vasitəsilə ötürmək mümkündür. Əgər qabaqcıl ölkələrin inkişaf yollarına nəzər salsaq, onların bu yüksəlişi məhz həmin yolla əldə etdiklərinə şübhə qalmaz.
Azərbaycan Prezidenti ilk dəfə deyil ki, ictimai nəzarətə belə yüksək qiymət verir. O, çox yaxşı bilir ki, cəmiyyətdə baş verən proseslər barədə ən dolğun məlumatları məhz ictimai nəzarət vasitəsilə əldə etmək mümkündür. Prezident əbəs yerə demir ki, mən bir çox qərarları məhz ictimai nəzarət nəticəsində əldə edilən məlumatlar əsasında qəbul edirəm. Bu, doğrudan da belədir. İllər uzunu mənim apardığım müşahidələr də bu fikirləri təsdiqləyir və buna dair onlarla nümunələr gətirmək mümkündür”.
Prezidentin etimad göstərdiyi kadrların bəzilərinin etimadı doğrultmamasına gəlincə isə sabiq nazir hesab edir ki, burada məsuliyyət həmin məmurlarla yanaşı, həmin məmurların təqdimatını verənlərin də üzərinə düşür:
“Prezident bir şəxsdir, o, yüksək vəzifələrə təyin etdiyi onlarla adamların hamısını yaxından tanıya bilməz, bu mümkün deyil və o, heç buna borclu da deyil. Bu məsuliyyət tam olaraq həmin adamları bacarıqlı kadr kimi Prezidentə təqdim edənlərindir. Dünən vəzifəyə təyin olunan adam törətdiyi yaramaz əməllərə görə bu gün Prezident tərəfindən vəzifəsindən kənarlaşdırılırsa, onun haqqında cinayət işi açılırsa və ya o həbs olunursa, həmin kadrı Prezidentə təqdim edən şəxs də eyni məsuliyyəti daşımalı və eyni cəzaları almalıdır. Yalnız bu halda kadr təqdim edənlər öz məsuliyyətlərini dərk edəcəklər və qeyri-peşəkar, tamahı başından yuxarı olan yaramazları vəzifəyə təyin etmək üçün Prezidentə təqdimat verməyəcəklər. İllər uzunu Ramiz Mehdiyevin təqdimatı ilə vəzifəyə təyinat almış azğın icra başçılarınin bir qismi işdən qovuldu, həbs edildilər və onların dəyəri milyardlarla manatla ölçülən var-dövləti ortaya çıxdı. Nə yaxşı ki, belə kadrları Prezidentə təqdim edən Ramiz Mehdiyev kimi birisi gec də olsa ifşa olundu və indi onun vaxtılə Prezidentə təqdim etdiyi “bacarıqlı” kadrlar bir-birinin ardınca işdən qovulur, həbs olunurlar”.
F.Yusifovun sözlərinə görə, Ramiz Mehdiyevin tövsiyəsi ilə yüksək vəzifələr tutmuş və ona hər ay milyonlarla manat rüşvət verən onlarla kadrlar hələ də ya vəzifədədirlər, ya da yığdıqları milyardların üstündə oturub cəmiyyətə göz dağı verirlər:
“Belələrinin qudurğanlığı o həddə çatıb ki, övladları Bakıda sürdükləri bahalı avtomobili təyyarə ilə daşıyıb yaşadığı ölkəyə aparırlar ki, orada idarə etsinlər. Bu qudurğanlığın ən son həddidir. Belələrinin əlindən işlədikləri vəzifələrdə dövlətdən və xalqdan oğurladıqları nə varsa hamısı alınmalıdır. Biz onda daha güclü və daha dəyanətli bir dövlətdə yaşadığımızdan daha böyük məmnunluq duyacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 06 Yanvar 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















