Yıxılmaqdan qorxmayanlar üçün ayağa qalxmaq daha ağrısız olur
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Reportaj
Yeni nəsil cüdoçuların yetişdiyi zaldan reportaj
Bir soyuq payız axşamı... cüdo kimanosunda yalın ayaqlarında çəkələk üzüaşağı 7-8 yaşlarında iki balaca oğlan qaçır. Düşünəndə ki, onlar yəqin reportaj hazırlamaq istədiyimiz cüdo zalına tələsirlər, əhvalımız xeyli yüksəlir. Yolüstü biri-birlərinə ayaqüstü fənd tətbiq edərək şənlənən uşaqlar sürətlə bizdən uzaqlaşır, tini burulub 35 saylı orta məktəbin həyətinə yan alırlar. Elə biz də bu məktəbdə yerləşən cüdo zalına tələsirik. Bir azdan kiçik yaşlı idmançıların məşqləri başlayacaq.
Səsli-küylü zala daxil olanda məşqçilər – Cüdo Federasiyasının təhsil üzrə eksperti, Şuşa Gənclər və İdman Məktəbinin baş məşqçisi Asiman Allahverdiyev və federasiyanın kəmər üzrə mütəxəssisi Fuad Abbaslının rəhbərliyi altında yeniyetmə qız və oğlanların hazırlığı hələ davam edirdi. Yıxılma texnikalarının tətbiqi zamanı qol, çiyin, bel və ayaq fəndləri ilə yerə salınan rəqiblərin böyük çevikliklə ayağa qalxmaları diqqətimizi çəkir. Fuad Abbaslı fəndlərin düzgün yerinə yetirilməsi üçün özü də məşqlərə qoşulur, texnikaların daha tez mənimsənilməsinə kömək edir. Tatamidə emosiyalar güclü bir element kimi hərəkətləri daha da dinamikləşdirir.
Zalda məşq edən cüdoçulardan gənclər arasında mötəbər turnirlərin qalib və mükafatçıları var. Öyrənirik ki, bugünlərdə belə idmançılardan biri, istedadlı tatami ustası Südabə Ağayeva Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Zalda cəldliyi, sürət və texnikası ilə fərqlənən qızlardan biri – Zeynəb Seyidzadə ilə tanış oluruq. Bacısı Zəhra da bu zalda onunla birgə məşq edir. Onlar bir sıra turnirlərdə artıq qalib və mükafatçı adını qazanıblar. Zeynəb deyir ki, bacısı ilə çox mehriban olsalar da, bu, meydanda ciddi rəqabətə mane olmur: “Bir-birimizə məğlub olanda məyus olmuruq. Hər qarşılaşmadan dərs çıxarmağa çalışırıq”.
Onu da qeyd edək ki, qrupda qızların sayı çox az olduğu üçün onlar da oğlanlarla birgə məşq edirlər. Fəallığı ilə seçilən Nərmin Niftəlizadə bildirir ki, çoxlarının düşündüyü kimi cüdo qızlar üçün heç də ağır idman növü deyil: “Şanslıyıq ki, cüdonu seçmişik, sevə-sevə sirlərinə yiyələnirik. Çox istərdik ki, qızlar arasında da güclü rəqabət olsun”.
Nərmin federasiyanın liqa turunda 3 dəfə gümüş medal alıb. Bir sıra yarışların qalibidir. Məşqlərə böyük həvəslə gəlir. Ən böyük arzusu Azərbaycan bayrağını mötəbər turnirlərdə qaldırmaq, himnimizi səsləndirməkdir.
İstedadlı tatami ustalarından biri Avropa kubokunun, Gimnaziadanın qalibi, Asiya Oyunlarının gümüş medalçısı Məhəmməd Rüstəmli ilə həmsöhbət oluruq. 308 nömrəli orta məktəbin 11-ci sinif şagirdidir. Onun arzusu Olimpiya çempionu olmaqdır. 18 yaşlı idmançının fikirləri də maraqlıdır: “Uşaqların əksəriyyəti döyüş növlərinə özünümüdafiə üçün gəlirlər. Cüdo isə ədalətli mübarizə yollarını öyrədir. Rəqibə düşmən kimi baxmaq lazım deyil. Tatamidə mübarizə apardığımız insan nə qədər güclüdürsə, bu, bizim inkişafımız üçün o qədər faydalıdır. Güclü rəqibə hörmət etmək, onun üstün cəhətlərindən faydalanmaq lazımdır. Bu, təkcə meydanda yox, həyatda da belədir”.
Məşqin son mərhələsi dartınma hərəkətləri ilə başa çatır. Asiman müəllim məşq boyu əzələlərin yüklənməsi səbəbindən dartınma və akrobatik hərəkətlərin faydalı olduğunu bildirir.
İndi isə növbə balacalarındır. Sıraya düzülən cüdoçuların məşqi salamlaşma ilə başlayıb, əzələ hazırlığı - irəli, geriyə qaçma, yan addımlar, dartınma, çömbəlmə, tullanma, akrobatik hərəkətlərlə davam edir. Uşaqların məşqi elə qurulub ki, onlar tədricən intizamın əsas prinsiplərinə öyrəşsinlər. Dərslər yumşaq formatda keçirilir ki, bu da zədələnmələrin qarşısını almağa kömək edir.
Asiman müəllim kiçik yaşlı cüdoçuların məşqlərinə xüsusi diqqət yetirdiklərini dedi: “Məqsədimiz yalnız cüdoçu yetişdirmək deyil, həm də fiziki və mənəvi cəhətdən sağlam nəsil ərsəyə gətirməkdir. Nizam-intizama xüsusi diqqət yetiririk, eyni zamanda, onların təhsili ilə maraqlanırıq. Kiçik yaşlı uşaqlarla işləmək çətin olsa da, maraqlıdır. Bu idman növü uşaqlarda həm də xarakter formalaşdırır. Uşaqlar cüdo dərslərində özünümüdafiə bacarıqlarını qazanmaqla yanaşı, həm də nizam-intizam, səbir, rəqibə hörmət kimi keyfiyyətlərə də malik olurlar”.
Zala yeni qədəm basanlardan biri 6 yaşlı Azad Mustafayevdir. 47 nömrəli tam orta məktəbin 1–ci sinfində təhsil alır. O, dostu – həmin məktəbin 1-ci sinif şagirdi Fateh Məlikovla birgə məşqlərə qoşulub. Deyir ki, hər ikisinin arzusu böyüklər kimi yaxşı güləşib, çempion olmaqdır.
Məşqçilərin əminliklə söylədikləri kimi, təhsili, nizam-intizamı yüksək olan uşaqlar texnikaların mükəmməl mənimsənilməsində də nümunə göstərirlər. Yeni başlayanlar arasında idmançıların yaş fərqi də xüsusi diqqət tələb edir. Buna görə də, əsas texnikaları tətbiq etmək üçün cütlüklərin seçilməsinə, onların eyni yaşda və çəkidə olmalarına xüsusi önəm verilir. Azad və Fateh kimi, digər 6-7 yaşlı cüdoçular da böyük həvəslə məşqləri davam etdirib, öyrəndikləri atış texnikalarını rəqiblərinə tətbiq etmək üçün səy göstərirlər. Məşqçilər onlara tələsməməyi, fəndləri daha yaxşı mənimsəməyi tövsiyə edirlər.
Fuad Abbaslı deyir ki, kiçik yaşlı idmançılara daha güclü nəzarət lazımdır: “Böyüklərin məşqlərinə qoşulmaqla onların hətta xırda səhvlərini belə görə bilirəm. Amma balacalarla məşq bir qədər fərqlidir. Onlara həm də kənardan güclü nəzarət lazımdır. Kiçiklərin qrupuna 6 və daha böyük yaş kateqoriyasında uşaqlar qoşulur. Məşqlər həftəiçi hər gün səhər saat 8-dən axşam 9-dək davam edir”.
Balacaların məşqi diz üstə, daha sonra ayaq üstə güləşlə davam edir. Fuad Abbaslı yetirmələrinə tövsiyə edir ki, yıxılma texnikaları zamanı bədənin enişini yumşaltmaq üçün əlləri ilə tatamiyə möhkəm çırpmalıdırlar. Bədənin tatamiyə dəyməsindən bir an əvvəl endirilən zərbə nə qədər güclü olarsa, yıxılma da bir o qədər yumşaq olur.
Kiçikyaşlı cüdoçulardan Əsma Abdulla və Səma Mustafayeva ilə həmsöhbət oluruq. Əsma164 saylı orta məktəbin 4-cü sinfində təhsil alır. 1 ildir ki, məşqlərdə iştirak edən bu qız artıq sarı kəmər də alıb. Yarışlara qatılmaq üçün öz üzərində ciddi çalışır.
Səma Mustafayeva isə 2 ildir cüdo ilə məşğuldur. Öyrənirik ki, oğlanlarla məşq etmək onun üçün o qədər də çətin deyil. Deyir ki, qızlar cüdoya az gəldikləri üçün oğlanlarla rəqabət aparmaq məcburiyyətindədirlər, amma bu, daha yaxşıdır. Düşünürük ki, bu balaca qızlar öz yaşıdları oğlanlarla bərabər döyüşə bilmək bacarığı qazandıqlarına görə, özlərini daha güclü hiss edirlər.
Uşaqlara nisbətən yaşca daha böyük və ucaboy olan bir oğlan - Fərid Eldarovla söhbət edirik. 3 ildir cüdo ilə məşğul olan Fərid burada çoxlu dostlar da qazanıb: “Məşqləri səbirsizliklə gözləyirəm. Burada çoxlu dostlar qazanmışam. Cüdoda hər bir səhvdən nəticə çıxarmaq bizə daha da ağıllı olmağı öyrədir”.
Məşqlər sona çatsa da, yorulmaq bilməyən balaca cüdoçular zalı tərk etmək istəmirlər. Öyrəndikləri texnikaları bir-birlərinə tətbiq etməkdən zövq alır, akrobatik hərəkətlərdə özlərini sınayırlar.
Sadə prinsiplər üzərində qurulduğuna görə, uşaqlar üçün asan başa düşülən, zədə riski az olan bu idman növü ilə məşğul olanlar fəndlərin köməyi ilə fiziki cəhətdən özlərindən daha güclü adama rahat qalib gələ bilirlər. İdman növü ilə yeni tanış olan, tez-tez yıxılmaqdan, səhv etməkdən və ya uduzmaqdan qorxan uşaqlarda məşqçinin dəstəyi ilə tədricən özünəinam yaranır, bununla qorxuların öhdəsindən gəlməyi və yeni çətinlikləri qəbul etməyi öyrənirlər. Əmin olurlar ki, həyatda olduğu kimi, cüdoda da əsas məsələ yıxılmamaq deyil, etdiyin səhvlərdən dərs çıxarmaqdır. Çünki təhlükəsiz yıxılmağı öyrənənlər üçün ayağa qalxmaq daha ağrısız olur.
Zalda kiçik yaşlı idmançıların məşqlərdə göstərdikləri əzmkarlıq, döyüş ruhu, yüksək əhval-ruhiyyə də elə bunun göstəricisi idi.
Leyla QURBANOVA
Baxış sayı:62
Bu xəbər 17 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















