2500 manat birdəfəlik maddi yardım neçə nəfərə veriləcək?
По материалам сайта Day.az, передает Icma.az.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin yeni sərəncamı ilə İkinci Dünya müharibəsi iştirakçılarına, sənəddə nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardım veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, sərəncam ümumilikdə 2469 şəxsə şamil olunacaq.
"Prezident İlham Əliyevin yeni "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncamı bu kateqoriyadan olan vətəndaşların daim yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını bir daha təsdiq edir.
Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2500 manat birdəfəlik maddi yardım ödəniləcək", - məlumatda deyilir.
Bildirilib ki, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək:
"Sərəncamın ümumilikdə 2469 şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 21-i İkinci Dünya müharibəsi iştirakçılarıdır.
Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək".


