Azərbaycan Çin əlaqələrində yeni mərhələ: iqtisadi əməkdaşlıq davamlı inkişafdadır
По данным сайта Day.az, передает Icma.az.
Azərbaycan və Çin arasında olan iqtisadi münasibətlər özünün ən dinamik dövrünü yaşayır.
Day.Az bildirir ki, bunu Trend-ə açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 20,7% artıb.

"Artıq Çin Azərbaycan üçün idxalda oynadığı rola görə Rusiyanı üstələyib. Birbaşa investisiyaların həcmində də 86% artım var idi. Ötən il 14 milyon dollarlıq birgə investisiya dövriyyəsi olub ki, bunun da böyük hissəsi Çinin payına düşür. Belə ki, Çin 2023-cü illə müqayisədə ötən il ölkəmizə 92% artıq investisiya yatırıb. Bu da 11,4 milyon dollar deməkdir", - o əlavə edib.
İqtisadçı qeyd edib ki, eyni zamanda, Orta Dəhliz formatında da əməkdaşlıq inkişaf edir:
"Çinin Ələt İqtisadi Zonasına və işğaldan azad edilmiş ərazilərə investisiya yatırmaq marağı iki ölkəni daha da yaxınlaşdıracaq. Bir çox istehlak məhsulları Çindən ölkəmizə idxal olunur. Azərbaycan isə Çinə daha çox neft, xam neft məhsulları, spirtli və spirtsiz içkilər satır".
İqtisadçı ekspert Eyyub Kərimli açıqlamasında bildirib ki, ötən ilin iqtisadi göstəricilərinə nəzər salsaq, iki ölkə arasında 3.7 milyard dollar ticarət dövriyyəsi olub.

"Bu da 2023-cü illə müqayisədə 20,7% çoxdur. Hazırda Çin ölkəmizin əsas idxal tərəfdaşlarından biridir. Ölkəmizə idxal olunan malların 17,8%-i Çinin payına düşür. Çindən ölkəmizə 3,1 milyard dollarlıq, bizdən isə ora 14 milyon dollarlıq mal ixrac edilir. Təəssüf ki, ötən il ölkəmizdən Çinə idxalımız 2023-cü illə müqayisədə 80,5% azalıb", - iqtisadçı deyib.
E.Kərimli vurğulayıb ki, iki ölkə Orta Dəhliz çərçivəsində ciddi əməkdaşlıq edir.
"Çin logistika imkanlarımızın genişləndirilməsində maraqlı olan ölkələrdəndir. Amerikanın tətbiq etdiyi tarif siyasəti Çinin ölkəmizə marağını daha da artıracaq. Gələcəkdə iqtisadi əlaqələr daha da genişlənəcək", - deyə o qeyd edib.


