Dünya mediası Azərbaycanda aşkarlanan nadir tapıntıdan danışır FOTO
Icma.az сообщает, что по информации сайта Day.az.
İsrailin The Jerusalem Post ingilisdilli və fransız dilli qəzeti, Yunanıstanın Greekreporter xəbərlər şəbəkəsi, Hindistanın Indian Defence Review jurnalında və d. beynəlxalq media orqanlarında Damcılı mağarasında aşkar edilmiş mezolit dövrünə aid heykəlcik barədə xəbərlər dərc ediblər.
Day.Az xəbər verir ki, Damcılı mağarasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun Azərbaycan - Yaponiya birgə arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmiş və mezolit dövrünə aid daşdan insan fiquru ilə bağlı ilk rəsmi məqalə, Web of Science (WOS) və SCOPUS bazalarına daxil, Q1 kateqoriyalı "Asiyada arxeoloji tədqiqatlar" (Archaeological research in Asia) jurnalın 42-ci sayında dərc olunmuşdur. Məqalənin müəllifləri Tokio Universiteti Universitet Muzeyinin direktoru Professor Yoşihiro Nişiaki, AMEA Arxeologiya və Antropologiya İnstitunun elmi işçisi Ülviyyə Səfərova, Tokio Universiteti Humanitar və Sosiologiya Ali Məktəbinin əməkdaşı Dr. Fumika İkeyama, Çiba Texnologiya İnstitutunun nəzdindəki Geo-Kosmologiya İnstitutun əməkdaşı Dr.Vataru Satake və AMEA Arxeologiya və Antropologiya İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovdur.
Uzunluğu 51 mm, eni 15 mm təşkil edən fiqur, qum daşından hazırlanmışdır. Daşın səthi aşınmaya məruz qaldığından tədqiqi üçün müxtəlif müasir laborator texnologiyalardan (kompüter tomoqrafiyası, X-ray floresan təhlilindən, elektron mikroskop skanerindən) istifadə olunmuşdur. Fiqur üzərində cizgilərlə səliqəli saç düzümü və kəmər əks olunsa da, sifət cizgiləri təsvir edilməyib.
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda istehsal təsərrüfatı təxminən 8000 il əvvəl Qərbi Asiyanın təsiri ilə yayılıb. Məhsuldarlığın simvolu olan qadın gil heykəlcikləri təxminən eyni vaxtda meydana gəlir. Maraqlıdır ki, Damcılıdan nümunə ayaq üstə, əkinçilərin qadın fiqurları isə oturaq şəkildə təsvir edilir. Həmçinin, heykəlciyin kişini və ya qadını simvolizə etdiyi mübahisə predmeti olaraq qalır.
Bu artefakt Azərbaycanda və umumən bölgədə 8000 min il bundan əvvələ aid orta Kür vadisində aşkar edilmiş mezolit dövrünə aid ilk insan heykəlciyidir. Qeyd edək ki, bölgənin məlum mezolit abidələrindən buna bənzər insan heykəlcikləri indiyədək aşkar edilməyib.








