Qəzanın səbəbləri ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunmalıdır Ceyhun Bayramov
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəbləri ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunmalıdır.
Day.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı zamanı deyib.
Nazir Ceyhun Bayramov bütün həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb.
Nazir, ən qısa müddət ərzində, beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.
Bununla yanaşı, başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub.