Selfi əhvalatı (R)
Как сообщает Icma.az со ссылкой на сайт Day.az.
Elçin Orucov, Sosioloq
Eşşək dünənki ağır iş günündən sonra bərk yorulmuşdu. Sahibi ev tikirdi və onu səhərdən axşama qədər işlədirdi. Eşşək işləməyi çox sevirdi. Sahibinə qulluq etmək, ona faydalı olmaq üçün əlindən gələni edirdi. Xidmət etməkdən həmişə qürur duyardı. Hərçənd ki, sahibi ona lazımınca dəyər vermirdi, amma bu durum eşşək üçün bir o qədər də üzücü deyildi. Nəticədə bir eşşək olduğunun fərqindəydi. Necə olmalıydı ki?
Allahından razı idi, çünki Allah onu eşşək olaraq yaratmışdı və o bir dəfə də olsun taleyindən şikayətlənməmişdi. Bircə arzusu sahibindən bir kəlmə "təşəkkür" sözünü eşitmək idi. O günün arzusu ilə yaşayırdı və bir gün bunun gerçəkləşəcəyinə ümid bəsləyirdi...
Bəli, axşam o qədər işləmişdi ki, sahibi bu gün ona bir az istirahət verdi. Bu dəfə sahibi ona təşəkkür etmək yerinə, o sahibinə təşəkkür etdi. Onsuz da uzun illərdir sahibinə sədaqətlə xidmət etməsinə baxmayaraq, artıq ondan minnətdarlıq gözləntisi gündən günə azalıb yox olmuşdu. Həmişə kəndin o tayında yaşayan qara eşşəklə bir araya gələndə gileylənərdi ki, "9 ildir bu dünyada yaşayıram, amma hələ də bu insanları başa düşə bilmədim. Onlar üçün özünü fəda edirsən, qarşılığı isə həmişə hörmətsizlikdir, ya da təhqir". O da: "Qəm yemə, taleyimiz belə gətirib. Bu günümüzə şükür olsun" - deyərək onu sakitləşdirməyə çalışırdı...
Eşşək səhər-səhər otlağa çıxmışdı. Bu gün tək idi. Hər gün birlikdə gəzdiyi qara eşşək gözünə dəymədi. Sakitcə başını aşağı salıb asta addımlarla "söyüdlük" adlanan yerə üz tutdu. Nədənsə oranı çox sevirdi. Yorğun anlarda insanlardan uzaq olmaq istəyirdi. Ordakı ağaclar isə bunun üçün ən əlverişli yer idi. Çünki orda ağacların kölgəsində gizlənərək insanların təhqirlərini və kinayəli gülüşlərini eşitmirdi. Sahibi bu gün palanını da onun üstündən çıxarmışdı. Yüksüz və palansız irəliləyərək hər anın dadını çıxarmağa çalışırdı. Özünü o qədər yüngül hiss edirdi ki, sanki quş kimi uçurdu.
Hər yer yam-yaşıl rəngə boyanmışdı. Ağacların tumurcuqları təzə açmışdı. Gül-çiçəyə boyanan yamaclar göz oxşayırdı. Eşşək arada şehli otlardan yeyərək zövq alırdı. Günəş üfüqdən təzə boylanırdı və şüaları ilə bu yaz günündə eşşəyi isindirirdi. Ətrafda əsrarəngiz naxışları olan kəpənəklər uçuşurdu. Arılar uzun qulaqlarının yanından vızıltı ilə uçaraq çiçəklərdən bal toplamağa tələsirdilər. Eşşək bir anda yaşadığı bu dünyanın nə qədər gözəl olduğunu fərq etdi və başını yuxarı qaldırıb gözlərini yumdu. O bu şəkildə şükür edirdi...
Elə bu anda bir maşın gördü. Qonşuluqda yaşayan bir cavan oğlanın maşını idi. Maşın uzaqda olsa da, içindən gələn musiqi səsi qulaqlarını batırdı. Musiqinin səsindən az qala dırnaqlarının altındakı torpaq titrəyirdi. İçindəki rahatlığı bir anda yoxa çıxdı.
Eşşək yoldan təzəcə uzaqlaşmışdı. Dönüb yorğun gözləri ilə gələn maşına baxdı. Bu cavan oğlanı heç sevməzdi. Atası maşını oğluna təzə alsa da, eşşək ona qədər oğlanı belində çox gəzdirmişdi. Maşına minəndən sonra isə eşşəyi harda görsəydi, onunla pis rəftar edirdi. Eşşək də bunun səbəbini anlamırdı. Çünki adama yaxşılıqdan başqa heç nə etməmişdi. Oğlan maşını ilə yoldan çıxıb, yol kənarında təzə əkilmiş nazik tut ağaclarını qıraraq, yaşıl çəmənliyə girdi və maşını sürətlə eşşəyin üstünə sürdü. O ağacların əkilməsində eşşək nə qədər əziyyət çəkmişdi. Keçən il kənd məktəbinin direktoru onun sahibindən eşşəyi ona verməsini istəmişdi. Məktəblilərlə bərabər eşşək də bu xeyirli işdə iştirak etmişdi. Gənc ağaclara su daşımaqda üç gün kömək etmişdi. Tut ağaclarının gövdəsi hələ nazik idi. Hamısı yerə sərildi.
Eşşək yerdəki ağaclara üzülərək baxdı. Maşın düz üstünə gəlirdi. Əvvəlcə nə baş verdiyini anlamadı və sonra qaçmaq istəyəndə adam gözlənilmədən maşının əyləcinə basdı. Eşşək bir az kənara çəkildi və bunun bir "zarafat" olduğunu anladı. Bu "zarafat" onun xəsarəti ilə də nəticələnə bilərdi. Maşının təkərləri çəmənlikdə olan yaşıllığı bərbad vəziyyətə salmışdı. Təkərin altında qalan təzə otlar və gözəl çiçəklər torpağa qarışıb əzildilər. Nazik tut ağacları dibindən qırılmışdı. Eşşək küskün gözləri ilə oğlana baxdı. Baxışları ilə ona sanki "Niyə belə bir şey etdin?" deyirdi... Adam maşınından endi və qarnını tutub gülməyə başladı. O qədər səsli güldü ki, yoldan ötüb keçən maşınlardakı adamların diqqətini cəlb etdi. Səhər-səhər işə tələsən adamlar yoldan dönüb bu səhnəyə baxırdılar. Eşşək utanaraq başını aşağı saldı. O eşşək olsa da, anqıranda da səsini qısmağa çalışırdı ki, ətrafdakılar narahat olmasın. Amma indi anqırsaydı belə, maşından gələn musiqinin səsindən və oğlanın qəhqəhəsindən eşşəyin anqırtısını duyan olmayacaqdı. Bəli, anqırmaq onun təbiətində idi. Çünki bir eşşək idi. Amma insanların arasında yaşadığına və bir az da adı bədnam olduğuna görə belə şeylərə diqqət edərdi. Bir natamamlıq hissi vardı içində. Eşşək olmağın ağırlığını yaxşı bilirdi. Düşünürdü ki, bir at olsaydı, bəlkə də daha hörmətli olardı. Amma nə yazıq ki, uzun qulaqları olan bir eşşək idi. Bəli, adi bir eşşək. Nə edə bilərdi ki?
Hə, anqırmaq demişkən... Bu arada eşşək qonşu həyətdə olan çilli boz ata həsəd aparırdı həmişə. Hətta özündə müşahidə etmişdi ki, onu əməlli-başlı qısqanırdı. Çünki atın kişnəməsi insanların xoşuna gəlirdi. Həmişə düşünürdü ki, "Niyə insanlar kişnəməni anqırtıdan daha çox sevir? Axı məni də, atı da eyni Allah yaradıb. Nə edim ki, yaradanım məni belə yaradıb. Mən ki, insanlara pislik etmirəm, xidmət edirəm. Budurmu insanlardan mükafatım?" Eşşək hələ əvvəllər bir neçə dəfə at kimi kişnəməyə cəhd etmişdi. Amma "Yaradanın xoşuna gəlməz!" - deyə düşünərək istəyini içində boğdu. Axı Allah onu bir eşşək olaraq yaratmışdı. Ona necə qarşı çıxa bilərdi? Bu ki, günahdır! Odur ki, əvvəllər ürəyində atı qısqansa da, indi özünü olduğu kimi qəbul edirdi. Bu isə içinə bir rahatlıq verirdi: "Nəyəmsə buyam. Eşşəyə anqırmaq bir qəbahət deyil. Taleyimlə razılaşmalıyam". Eşşək Allahla və öz təbiəti ilə barış içində yaşamağa çalışırdı. İlk baxışda asan görünsə də, bu ona çətin idi. Bunu heç insanlar edə bilmir - özünü olduğu kimi qəbul etmək...
...Cavan oğlan doyunca gülüb qurtardıqdan sonra, eşşəyə yaxınlaşdı. Eşşəyin kürəyindən şillə ilə möhkəm vurdu və yenidən gülməyə başladı. Eşşək səsini çıxarmadan oğlana baxırdı. Bu anda oğlanın telefonuna zəng gəldi. Açdı ki, dostudur. Dostu nə soruşdusa, "Qaqa, eşşəklə selfi çəkdirməyə gəlmişəm"- dedi və yenidən qarnını tutub gülməyinə davam etdi. Eşşək burda gülməli şeyin nə olduğunu anlamağa çalışdı, amma məntiqli bir səbəb tapa bilmədi. Nəhayət cavan oğlan özünə gələndən sonra, telefonunun ön kamerasını açdı və orda özünə baxaraq kirpiklərinə qədər uzanan saçlarını düzəltməyə başladı. Eşşək sakitcə dayanmışdı. Oğlan arada eşşək tərəfə ironiya ilə baxır və yenidən telləri ilə oynamağa davam edirdi. Eşşək yorğunluğunu almaq üçün "söyüdlüyə" getmək istəyirdi, amma qonşu oğlana hörmətsizlik olmasın deyə yerindən tərpənmədi.
Nədənsə oğlanın fikri bir anda dağıldı və baş barmağını tez-tez yuxarı sürdürərək durmadan telefonda nəyəsə baxmağa başladı. Arada gülürdü və yenə telefonun ekranına baxmağa davam edirdi. Sanki eşşəyi unutmuşdu. Yarım saat bu şəkildə davam etdi. Eşşək oğlana: "Selfi çəkəcəksən çək, gedim bir az istirahət edim, yorğunluqdan ölürəm" - demək istədi. Amma yenə hörmət naminə sakitcə gözlədi. Cavan oğlan sanki başını soxub telefonun içinə girmişdi. Eşşək həmişəki sözünü yadına saldı: "Bu insanları hələ də anlaya bilmədim ki, bilmədim". Güllü-çiçəkli yamaclara baxdı və düşündü ki, "İnsanlar bu gözəl təbiəti niyə görə bilmir? Nə var o telefonda? Axı bu gözəllikdə təbiəti Allah tək heyvanlar üçün deyil, insanlar üçün də yaradıb". Sonra sanki özü-özünü tənbeh edərək fikirləşdi ki: "Sən bir eşşəksən. Sus! İnsanlardan da ağıllı ola bilməzsən ki. Yəqin ki, onlar nə etdiklərini bilirlər". Və beləcə oğlanın telefonun içindən çıxmasını səbrlə gözlədi. Bir saatdan sonra oğlan telefondan nəhayət ayrıldı, eşşəyin kürəyindən bir dənə də şillə vuraraq dedi:
"Sən eşşəksən, sosial medianın ləzzətini hardan biləsən ay yazıq". Eşşək: "Mən telefonla oynamaq yerinə bu bir saatda nə qədər faydalı işlər görərdim" - demək istədi. Amma yenə susmağı uyğun gördü. Eşşək olduğunun fərqində idi və bilirdi ki, sözü keçməyəcəkdi. Nəhayət eşşək dilə gəldi, oğlana yaxınlaşdı və hörmət əlaməti olaraq salam verdi. Oğlan təəccüblənərək: "Eşşək hara, salam hara.." - dedi və yenə qarnını tutub gülməyə başladı. Eşşək başını aşağı saldı. O oğlandan qarşılıqlı olaraq "salam" gözləyirdi. Oğlan eşşəyin salamını almadan davam etdi: "Eşşək qardaş, bu nədir, danışmağı hardan öyrəndin?". Eşşək cavabında: "Biz eşşək olsaq da, təvazökarıq, üzü yolayıq, insanlara təmənnasız qulluq edərik, onlara ağır gələn yüklərini daşıyarıq, nə qədər yükləsələr də səsimizi çıxarmarıq" - dedi. Oğlan danışan eşşəyin videosunu telefona çəkmək istədi. Sonra nə fikirləşdisə fikrindən döndü. Eşşək davam etdi: "Bilirsən biz niyə səsimizi çıxarmırıq?". Oğlan heyrətindən susaraq bir şey deyə bilmədi. Eşşək davam etdi: "Yəqin fikirləşirsən ki, biz eşşəyik ona görə. Doğrudur eşşəyik. Bu həqiqəti dana bilmərəm. Amma 9 ildir sahibimə qulluq edirəm, o əziyyət qalmadı ki, mənə yaşatmasın. Bir dəfə də oturub Allaha şikayət etmədim ki, məni niyə eşşək yaratdın. Ama sahibimin hər şeyi var və hər gün şikayət edir". Oğlan dedi: "Sən öləsən işə bax e, eşşəkdən belə ağıllı sözlər.. Eşşək olasan, bu qədər diqqətli olasan". Eşşək başını aşağı salıb əzilmiş çiçəklərə baxırdı.
Oğlan maraqla soruşdu: "Ay eşşək qardaş, hardan öyrənmisən bu müdrik sözləri?"
Eşşək cavabında: "Biz eşşəklər insanlardan çox şey öyrənirik" - dedi.
Oğlan zarafatla soruşdu: "Olmaya hansısa kursa gedirsən?".
Eşşək yenə ələ salındığını anlayıb, səssizcə başını aşağı saldı. Qısa sükutdan sonra oğlandan soruşdu: "Səhər-səhər hara gedirdin?:
Qonşu oğlan: "Vallah eşşək qardaş, desəm qanmayacaqsan. Mən kursa gedirəm". Bunu deyəndə, oğlan təkəbbürünü gizlədə bilmədi və kinayəli baxışlarla eşşəyi yuxarıdan aşağıya süzdü. Eşşək bunu hiss etdi, amma əhəmiyyət vermədən soruşdu: "Nə kursuna gedirsən ay qonşu?". Oğlan dili topuq vura-vura anlaşılmaz bir şəkildə nəsə cavab verdi. Elmi termin olduğundan oğlan getdiyi kursun adını normal tələffüz edə bilmirdi.
Eşşək: "Nə dedinsə, anlaya bilmədim".
Onsuz da maşından gələn musiqi səsindən heç nə eşitmək olmurdu. Eşşək isə səsi azaltmasını oğlana deməyə cürət etmirdi. Bilirdi ki, təhqir olunacaq. Eşşək bir anda bunları düşünürkən, oğlan yenə təhqirə keçdi:
"Eşşəksən, otur eşşək yerində. Sən hardan biləsən kurs-murs işlərini?".
Eşşək yenə heç nə demədən küskün və gözəl gözləri ilə oğlana baxdı.
Oğlan: "Yaxşı, xətrinə dəyməsin. Ağzımdan çıxdı. Üzərimdə əməyin var, vaxtında məni belində çox gəzdirmisən. O mənada dedim ki, yəni sən bu kurs işlərini anlamazsan".
Qonşu oğlan kursun adını unutduğuna görə söhbəti uzatmaqla vəziyyətdən çıxmaq istəyirdi. Eşşək sual dolu baxışları ilə oğlana baxırdi.
Oğlan təslim olaraq: "Kursun adını tam xatırlamıram, amma nəsə psixologiya ilə bağlı bir şeydir" - dedi. Eşşək oğlanın üzünə baxaraq susdu. Oğlan məsələyə bir az aydınlıq gətirərək: "Ümumiyyətlə mən getmək istəmirdim. Atam zorla yazdırıb o kursa. Məni tanıyırsan. Bilirsən ki, belə işlərlə aram yoxdur. Mənimki ancaq səhərdən axşama kimi əylənməkdir. Kursun adını tam bilməsəm də, atam deyir ki, "O kursu bitirsən adam olacaqsan". Hələ ora nə qədər də pul ödəyib"- dedi. Ardından da gülümsəyərək əlavə etdi:
"İnsan olmaq kursuna gedirəm, ay eşşək qardaş. Bildin?". Eşşək bu zarafatı başa düşmədi və təəccüblə soruşdu: "Axı sən onsuz da insansan da. Kursu neynirsən?".
Oğlan: "Ay eşşək, sən hardan biləsən ki, insan olmaq asan iş deyil".
Eşşək ardınca soruşdu: "Dediyin o kurs çox bahalıdır?"
Oğlan: "Təbii ki, ucuz deyil. Sən hansı dünyada yaşayırsan? Ağlın eşşəklərə getməsin. Biz insanların işi asan deyil. Pulun olmasa o kursa necə gedə bilərsən?".
Eşşək, "aydındır" deyib sakitcə başını aşağı saldı. "Kaş siz insanlar sizə verilən bu həyatın və imkanlarınızın qədrini bilsəydiniz" - demək istədi, amma qarşı tərəfin yanlış anlayacağından əmin olduğu üçün növbəti dəfə susmağı seçdi. Təhqirdən çəkindi.
Eşşək maşından gələn musiqinin zövqsüz və səsin nədən bu qədər gurultulu olduğunu soruşmaq istədi və utanaraq fikrini dəyişdi. O bilmirdi ki, oğlan maşını gurultulu səslə tək çöldə deyil, şəhərin ortasında da belə sürür. Sonra oğlana başqa bir sual verdi:
"İnsan olmağına nə qədər qalıb?"
Adam sərt cavab verdi: "Bura bax eyy! O nə sözdür? Nə demək istəyirsən?".
Eşşək: "İncimə, sadəcə onu soruşmaq istədim ki, kurs nə vaxt bitəcək?".
Oğlan əsəbi şəkildə: "Eşşək qardaş, görürəm həddini aşırsan ha..." - dedi. Eşşək heç nə demədən yenidən başını aşağı saldı və gözlərini əzilmiş çiçəklərə zillədi.
Oğlan təkəbbürlə: "Mənim evdə 2 diplomum var, sən nə cürətlə mənimlə belə danışırsan?" - dedi. Eşşək başını qaldırmadan utancaq səslə soruşdu:
"Diplom nədir?".
ğlan: "Sən eşşək şeysən, hardan biləsən bunları ay yazıq. Diplom mənim savadımı və səviyyəmi göstərən sənəddir. Bildin?" Eşşək oğlana baxdı və yenə səsini içinə çəkdi. Soruşmağına peşman oldu. Ürkək səslə: "Bağışla, xətrinə dəymək istəmədim"- dedi.
Cavan oğlan sinəsini qabağa verib lovğalanaraq dedi: "Sən kimsən ki, mənim xətrimə dəyəsən? Sən heç bilirsən ki, mən idmanla da məşğul oluram, karateyə gedirəm? Bir dənə vuraram, yerdə qalarsan...". Eşşək heç nə demədən sadəlövhcə oğlana baxırdı.
Sonra soruşdu: "Karate nədir ay qonşu?"
Oğlan istehza ilə gülərək eşşəyə sadəcə "özünü yığışdırmasını" məsləhət gördü.
Eşşək: "Mən nə dedim ki? Axı sən özün dedin ki, İnsan olmaq kurslarına gedirsən. Əgər gedirsənsə, demək ki, çatışmayan bir şeyin var. Doğrudurmu?". Oğlan cavabında: "Bəli var. İnsan kimi davranmağı hər adam bacarmır"- dedi və balaca pauzadan sonra əlavə etdi: "Ehh, o qədər qanmaz və eşşək insanlar var ki... Bilirsən, onların əlindən hər gün nələr çəkirik? Səviyyə başqa şeydir". Eşşək yenə susdu. Nə deyəcəyini bilmədi. Bu musiqi gurultusu da qulağını batırmışdı. Sanki heç vaxt bitməyəcəkdi. Oğlanın dediyi "eşşək insan" sözünün mənasını ondan soruşmaq istədi, amma oğlan onun sözünü ağzında qoydu: "Ay eşşək incimə, sənə bir sualım var. Eşşək olmaq necə bir hissdir?"
Eşşək gözəl gözləri ilə adamın düz gözünün içinə baxdı. Heç nə demədi. Adam eyni sualı bir də təkrar verdi. Eşşək də cavabında: "Səncə?" - deyə soruşdu.
Oğlan: "Məncə eşşək olmaq asandır. Eşşək onsuz da eşşəkdir da. Qanmaz bir eşşək".
Eşşək dedi: "Mən bir eşşəyəm və eşşək olaraq yaradılmışam. Nə etsəm də, dönüb hamının sevdiyi at olmayacağam. Özümü belə qəbul edirəm. Bu taleyi mənə Allah yazıb."
Eşşək bilirdi ki, onların bu qədər əziyyətli həyatını və acı taleyini insanlar anlamaz. Allah eşşəyi yaradanda bir söz demişdi. O sözləri yadına saldı: "Həmişə təhqirlərə məruz qalacaqsan, bir kimsə səni anlamayacaq. Əksinə, səni qanmaz sayacaqlar. Amma sənin taleyinə səbr yazıram ki, bunlara dözə biləsən". Küskün şəkildə başını aşağı salıb dedi: "Siz insanlarda hələ belə bir məsəl var - Eşşək nə qanır palan nədir? Palanın vacib olduğunu hər eşşək bilir, amma...". Sözünə davam etmək istəyəndə, oğlan onun sözünü kəsdi və yenidən qəhqəhə çəkib yüksək səslə güldü: "Sən öləsən işə bax ee, məsəlləri də bilir. Bəs sənin palanın hanı?"
Eşşək heç nə demədi. Oğlan istehzalı sözlərinə davam edərək: "Amma öz aramızdır, yaman avazla anqırmağın var ha..." - dedi və yenə gülməkdən uğundu.
Nədənsə elə bu anda eşşəyin içindən ürəkdən bir anqırmaq gəldi. Amma qonşu oğlanın yanında və belə söhbətdən sonra heç yeri deyildi. Anqırmaq sadəcə bir vərdiş və ya davranış məsələsi deyildi. Əgər anqırmasaydı, onda onu yaradan Allaha qarşı çıxmış olardı. Nə etsin ki, insanlar anqırtı səsindən xoşlanmırdı. Yenə də özünü zorla saxladı.
Eşşək maşından gələn gurultulu musiqi səsinə başı ilə işarə etdi, amma oğlan onun nə demək istədiyini anlamadı. Səs sanki havanı titrədirdi. Yoldan keçənlər belə qulaqlarını tutub keçirdilər. Deyəsən bu səs bir tək oğlanın xoşuna gəlirdi. Eşşək oğlanı başa sala bilməyəcəyini fərq etdi və dedi: "Allah mənə səhərdən axşama qədər işləməyi və insanlara kömək etməyi buyurub. Mən buyrulana əməl edirəm. Anqırmaq isə bir ehtiyacdır". Eşşək yenə həmişəki kimi utanaraq başını aşağı saldı. Sonra oğlandan: "Bəs sənə buyrulanlara əməl edirsən?" - deyə soruşmaq istədi, amma təhqirdən qorxaraq cəsarət etmədi. Susdu. Nədənsə özünün normal saydığı sualları oğlana verməkdən çəkinirdi..
Eşşək oğlana kədərli gözləri ilə baxmaqda davam edirdi.
Oğlan: "Mən kursa yubanıram. Atam o boyda pul ödəyib, getməsəm məni öldürəcək. Mən gedim. Vaxtımı sənin kimi səviyyəsiz eşşəklərə sərf etmək mənə yaraşmaz" - dedi.
Eşşək incik bir şəkildə başını yenə aşağı saldı. Sakit səslə: "Yolun açıq olsun. Nə vaxt ağır yükün olsa və onu daşımaqda əziyyət çəksən, sənə kömək edə bilərəm" - dedi.
Eşşək tam səmimi idi, çünki insanlara faydalı olmaq onu həmişə sevindirirdi. Xidmət etməkdən zövq alırdı. Eşşəyin ona kömək təklifinin qarşılığında, oğlan kinayə ilə güldü, göyə tullandı və "Kiyaaay!" qışqıraraq ayağı ilə eşşəyin dalından təpiklə vurmaq istədi. Amma vura bilmədi və yerə yıxıldı. Bütün paltarı torpağa bulaşdı.
Eşşək: "Ay qonşu, niyə qışqırırsan, nə olub? Karate dediyin budur?"
Oğlan əsəbindən nə edəcəyini bilmirdi. Eşşəyə cavab vermədi. Yerə sərilmişdi. Bu səhnəni yoldan keçənlər də gördü. Hamı başını bulayıb keçirdi. Oğlanın yıxılmağından elə zənn etdilər ki, eşşəyin şıllağına məruz qalib. Eşşək məsum baxışları ilə insanlara sanki: "Mən etmədim" - demək istəyirdi. Oğlan ayağa qalxdı, üst-başını torpaqdan təmizləyərək təhqirə keçdi. Eşşək bilirdi ki, insan qüruru elə bir şeydir ki, eşşək qarşısında belə bir hala düşsə də, yenə nəticədə günahkar eşşək olacaqdı. Cavan oğlan vəziyyətdən çıxmaq üçün, yaxınlaşıb eşşəyə bir təpik vurdu. Bayaqkı kimi yerə yıxılmaması üçün göyə tullanmaqdan çəkindi. Eşşək yerindən belə tərpənmədi və kədərli gözləri ilə oğlanın gözlərinə baxdı. Oğlan gözlərini eşşəyin gözlərindən çəkib əsəbi şəkildə: "Sən hara, mən hara. Köməyin lazım deyil. Ölməmişəm ki. Maşınım var, nə lazımdırsa özüm daşıyaram" - dedi. Eşşək bu təhqirlərə alışmışdı. Cavan oğlanın halına acıyaraq dedi: "Yerə yıxıldığına görə üzüldüm. Düşünürəm ki, hər şey qaydasındadır".
Oğlan aşağılayıcı şəkildə: "Ay eşşək qardaş, sən hələ düşünməyi də bacarırsan?"- dedi və ironiya ilə güldü. Amma bu dəfə zorla güldü, çünki eşşəyin qabağında yerə yıxılmışdı, utanırdı və özünü eşşəkdən üstün aparmağa çalışırdı. Eşşək incik şəkildə kənara çəkildi və sonra ehtiramla oğlana dedi: "Mən bir eşşəyəm. Bu cür yaradıldığıma görə fəxr edirəm. Əlimdən ancaq yük daşımaq gəlir, onu da sənə təklif etdim. Yanlış anlama. Mən insanlara kömək edəndə özümü yaxşı hiss edirəm. Günün uğurlu olsun. Özünə yaxşı bax dostum". Sanki ləyaqətini qorumağa çalışırdı.
Oğlan: "Yaxşı, dəymədüşər olma" - dedi və gülərək ardınca əlavə etdi: "Sən eşşəkliyində davam et, mən qaçdım, kursa yubanıram". Eşşək heç nə olmamış kimi: "Yaxşı yol. Sənə uğurlar!" - dedi və baxışları ilə mərifətlə oğlanı yola saldı.
Oğlan sağollaşmadan maşınına mindi və yenidən çəmənlikdəki gülləri əzərək və yol kənarında qırdığı tut ağaclarının üstündən təkrar keçərək sürüb getdi. Bir az uzaqlaşmışdı ki, qan-tər içində yenidən geri döndü.
Eşşək: "Nə oldu ay qonşu?" - deyə soruşdu.
Oğlan: "O qədər başım qarışdı ki, sənlə selfi çəkdirməyi unutdum. O şəkli sosial media səhifəmə yerləşdirəcəyəm. Qoy görsünlər ki, danışan bir eşşəklə şəklim var".
Selfi çəkdirdilər və sonra oğlan tələsik maşına doğru qaçdı. Eşşək arxadan səsləndi:
"Şəkli paylaşanda altından yazmağı unutma ki, sağdakı sənsən, soldakı isə mən".
Qonşu oğlan eşşəyin bu son cümləsinə əhəmiyyət vermədən: "Oldu, yaxşı"- deyib maşına mindi və gözdən itdi.
Eşşək nəhayət otlağa qayıtdı. Bu hadisədən sonra "söyüdlüyə" tələsirdi. Orda oturub bir az əvvəl başına gələni düşünmək istəyirdi. Əslində eşşək özünü xoşbəxt sayırdı. "Eşşək qismətinə" baxmayaraq həyatından məmnun idi. Anı yaşayırdı. İnsanlara necə faydalı olmağı bilirdi. Düşündü ki, hardasa "eşşək olmaq" kursu olsaydı, əsla getməzdi. Onsuz da o bir eşşək idi. Bunu sübut etməyə və ya danmağa nə ehtiyac var idi?
Eşşək bu düşüncələrə dalırkən oğlan maşında sosial şəbəkəyə girib eşşəklə olan şəklini paylaşırdı. Amma şəklə başlıq yazanda bir anda durdu və barmağını dişlədi.
Eşşəyin son sözləri yadına düşdü...


