1918 dən bu günə Müstəqilliyimizin 107 illik şanlı yolu
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 107 il ötür. Bu gün Azərbaycanda Müstəqillik Günü kimi qeyd olunur.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, Şərqdə ilk demokratik respublika olan AXC-nin yaradılması Azərbaycan dövlətçiliyi tarixində mühüm hadisədir:
“Bu, 1828-ci ildən sonra 90 il davam edən çar Rusiyası işğalından bəri Azərbaycan xalqının milli və dövlətçilik iradəsinin təntənə etməsi idi. XX əsrin əvvəllərində dünya xalqlarının dövlətçilik tarixində yeni mərhələni göstərirdi. O dövrdə yeni tipli demokratik, hüquqi dövlətlər yaranırdı. Azərbaycan xalqı intellektual və maarifpərvər potensialını bir daha sübut etdi ki, dünyanın qabaqcıl xalqları sırasına daxil olmaqla, demokratik cümhuriyyət qurmaq qabiliyyətinə malikdir. Bu, milli mentalitetimizdəki dövlətçilik şüuru ilə bağlıdır. Azərbaycan Prezidenti çıxışlarından birində qeyd edib ki, Azərbaycan xalqı dövlət qurmaq istedadına malikdir. Doğrudan da, biz tarixin ən kritik mərhələsində, müxtəlif coğrafiyalarda 5000 ildir ki, dövlət qurmağı bacarırıq”.

Deputat qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti müasir tarixi mərhələdə, yəni 100 il əvvəl konkret bir ərazi formalaşdırdı, sərhədlərini müəyyənləşdirdi, dövlət qurdu və dövlət atributlarını qəbul etdi:
“İlk dəfə müasir demokratik Azərbaycan Respublikası yaradıldı, onun gerbi və digər dövlət atributları təsdiq olundu, funksional dövlət institutları quruldu, dövlət idarəetmə formaları müəyyənləşdi və təhsil müəssisələri, ilk növbədə Bakı Dövlət Universiteti fəaliyyətə başladı. Beləliklə, Azərbaycan xalqı növbəti tarixi mərhələyə qədəm qoyaraq daha da güclənmək üçün fundamental əsaslar yaratdı. Buna görə də biz bu gün böyük qürurla müstəqil Azərbaycan Respublikasını AXC-nin varisi hesab edirik. Öndər Heydər Əliyev tərəfindən 1995-ci ildə qəbul edilmiş Konstitusiyada da bu nəzərə alınmışdır. Bu gün Müstəqillik Günü kimi qeyd etdiyimiz 28 may tarixi göstərir ki, Azərbaycan xalqının müstəqillik tarixi 30 il və ya 35 il deyil, düz 107 il bundan əvvələ gedib çıxır. Bu, əlbəttə ki, qürurvericidir”.
H.Babaoğlu bu gün də müstəqil Azərbaycan dövlətinin AXC-dən miras qalan dəyərlərə sahib çıxdığını, onun ənənələrini davam etdirdiyini vurğulayaraq ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının bir daha dövlətçilikdə varisliyin nə qədər əhəmiyyətli olduğunu sübut etdiyini vurğulayıb.
Millət vəkili Elçin Mirzəzadə saytımıza açıqlamasında Azərbaycanın suverenlik tarixinin təməlində dərin dövlətçilik ənənələrinin dayandığını qeyd edib:
“Tarixi proseslər sübut edir ki, bu coğrafiyada xalıqmızın iştirakı ilə formalaşmış dövlətlər, təkcə ilkin hüquqi çərçivələr, ictimai münasibətlər, mədəniyyət və ordu quruculuğu ilə deyil, həm də mərkəzləşdirilmiş idarəçilik və siyasi legitimlik prinsipləri ilə yadda qalıblar. Lakin müasir anlamda xalq suverenliyi ideyasının ilk real təcəssümü Azərbaycan Xalq Cümhuriyyətidir. Cümhuriyyət 23 ay yaşasa da, onun qəbul etdiyi İstiqlal Bəyannaməsi, hüquqi baxımdan Azərbaycan xalqının öz müqəddəratını təyin etmə hüququnu beynəlxalq hüquq müstəvisinə çıxaran ilk mühüm hüquqi-siyasi sənəd kimi qəbul oluna bilər. Cümhuriyyət süquta uğrasa da, onun müqəddəs idealları yaşadı və müasir Azərbaycanın dövlət quruculuğu prosesinin əsas ideoloji dayaqlardan birinə çevrildi. 73 illik fasilədən sonra, 1991-ci ildə AXC-nin hüquqi, siyasi və mənəvi mirasına söykənərək Azərbaycan Respublikası dövlət suverenliyini yenidən bərpa etdi. Amma həm 1918-1920-ci, həm də 1991-1993-cü ilin reallıqları sübuta yetirdi ki, suverenlik hüquqi aktla bərpa oluna bilər, lakin onun reallaşması üçün güclü siyasi liderlik və institusional əsaslar zəruridir”.

E.Mirzəbəylinin sözlərinə görə, dövlət suverenliyi dövlətin öz ərazisində vahid və şəriksiz üstünlüyü, beynəlxalq münasibətlərdə müstəqilliyi deməkdir:
“Suverenlik dövlətin və dövlətçiliyin əsas əlamətidir, onu siyasi münasibətlərin xüsusi subyekti, cəmiyyətin siyasi sisteminin əsas tərkib hissəsi kimi səciyyələndirir. Dövlət suverenliyi anlayışına beynəlxalq hüququn müstəqil subyektinin ərazisinin bütövlüyü və bölünməzliyi, sərhədlərinin toxunulmazlığı və onun daxili işlərinə kənar müdaxilənin yolverilməzliyi kimi fundamental prinsiplər daxildir. Dövlət suverenliyinin iqtisadi əsaslarını onun ərazisi, təbii və mədəni sərvətləri, siyasi əsasını isə sabit, bərqərar olmuş dövlət və onun institutlaşmış dövlət idarəçiliyi mexanizmləri təşkil edir. Suverenliyin hüquqi əsasında isə dövlətin konstitusiyası və digər hüquqi-normativ aktları, eləcə də dövlətlərin bərabərliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, suveren hüquqlarına müdaxilənin yolverilməzliyi hüququnu təsbit edən beynəlxalq hüququn qəbul edilmiş prinsipləri dayanır. Bu baxımdan, Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı, müstəqilliyin qorunması və suverenliyin praktik təsbitində dönüş nöqtəsi hesab olunmalıdır. Ulu Öndərin rəhbərliyi ilə ölkədə konstitusion quruluş bərpa olundu, hüquqi islahatlara start verildi və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Konstitusiya ilə təsbit olunan prinsiplər – xalq suverenliyi, dövlətin bölünməzliyi, hakimiyyət bölgüsü, qanunun aliliyi və insan hüquq və azadlıqlarının təminatı Azərbaycan dövlətinin hüquqi suverenliyini möhkəmləndirən təməl sütunlara çevrildi”.
Deputat son 22 il ərzində Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən milli dövlətçilik, iqtisadi inkişaf və təhlükəsizlik strategiyası, “güclü dövlət” konsepsiyasının ölkə həyatının bütün sahələrinə tətbiqi gerçək milli suverenlik anlayışının, onun hüquqi, iqtisadi, siyasi əsaslarının möhkəmləndirilməsində, təhlükəsizliyinin təmin edilməsində və genişləndirilməsində müstəsna rol oynadığını bildirib:
“Şübhəsiz ki, bütün bu komponentlər, son nəticədə vahid lider və vahid hədəflər ətrafında yumruq kimi birləşən Azərbaycan xalqının milli iradəsinin təntənəsinə zəmin yaradıb. Milli suverenliyimizin gerçək mahiyyətini ifadə edən bu reallıq 2020-ci ildə, Vətən müharibəsi zamanı özünü daha qabarıq şəkildə büruzə verdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin dəqiq strateji planlaması, qətiyyətli mövqeyi, əsgər və zabitlərimizin hünər və rəşadəti nəticəsində Azərbaycan, yalnız öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərini gerçəkləşdirməklə beynəlxalq münasibətlər sistemi üçün yeni president formalaşdırdı. Bu baxımdan, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi, beynəlxalq münasibətlər sistemində hüquqi və siyasi suverenliyin praktiki göstəricisi kimi də mühüm tarixi əhəmiyyətə malikdir. Bu gün biz suverenliyimizi yalnız bərpa etməmişik. Bu mühüm hüquqi-siyasi anlayışı Prezident, Ali Baş Komandan İlham Əliyevin liderliyi bütün istiqamətlərdə uğurla tətbiq edir, tarixi yurd yerlərimizə qayıdışımızı təmin edəcək yeni komponentlərlə gücləndiririk”.
Millət vəkili Naqif Həmzəyev də öz açıqlamasında 28 May 1918-ci il tarixinin Azərbaycan xalqının həyatında dönüm nöqtəsi olduğunu qeyd edib:
“Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsinin imzalanması ilə yalnız Azərbaycanın deyil, bütün müsəlman dünyasının ilk demokratik respublikası yaradılıb. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaradan bu tarixi hadisə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinin parlaq nümunəsi olub. Cəmi 23 ay mövcud olmuş bu respublika, müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib. Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı və Azərbaycan vətəndaşlığı təsis olundu, milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi”.

N.Həmzəyev qısa müddət ərzində AXC-nin əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib:
“Respublikanın yarandığı gün - 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyi təsis edildi, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən qərarlar qəbul olundu. Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin tanınması və dünya dövlətləri ilə diplomatik əlaqələrin yaradılması istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətini dəfələrlə vurğulayıb ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. Ulu Öndər həmçinin qeyd etmişdir ki, 28 May günü Azərbaycan xalqı üçün əziz gündür. Çünki 1918-ci ildə məhz 28 Mayda Azərbaycanın qabaqcıl insanları Azərbaycanın müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul ediblər. 1991-ci il oktyabrın 18-də qəbul olunan "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının AXC-nin varisi olduğu təsbit edilib”.
Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi" sözləri bu gün də aktuallığını saxlayır:
“Məhz onun siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bilmiş və uğurlu inkişaf yoluna qədəm qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesini uğurla davam etdirməkdədir. 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi, İstiqlal Bəyannaməsi abidəsinin ucaldılması və 2021-ci ildə "Müstəqillik günü haqqında" Qanunun qəbul edilməsi dövlətçilik ənənələrinə sadiqliyin göstəricisidir. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşub və işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan bayrağı yenidən dalğalanıb. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağın qələbəsinin rəmzidir. 28 May Müstəqillik Günü Azərbaycan xalqı üçün əziz və müqəddəs gündür. Bu gün 1918-ci ildə qoyulmuş demokratik dəyərlərin, milli müstəqillik ideallarının davam etdirilməsi və gələcək nəsillərə ötürülməsinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq tarixi, müasir Azərbaycanın güclü dövlətçilik ənənələrinin təməlini təşkil edir”.
N.Həmzəyev fikirlərini Prezident İlham Əliyevin sözləri ilə tamamlayıb:
“Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”.
Sevinc İbrahimzadə / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə hazırlanmışdır.



