Icma.az
close
up
RU
20 manata ananas, 60 manata püstə “Yaşıl Bazar”dan bayram REPORTAJI

20 manata ananas, 60 manata püstə “Yaşıl Bazar”dan bayram REPORTAJI

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün çərşənbələrin sonuncusu, baharın müjdəçisi ilaxır çərşənbədir. Xalqımızın ən dadlı adətlərindən biri də çərşənbədə, bayramda xonça tutmaq, süfrə açmaq, qapıya atılan papaqlara pay qoymaqdır.

Lent.az-ın əməkdaşı da xonçalıq qoz-fındıq, çərəz, meyvə, yumurta qiymətləriylə maraqlanmaq üçün  üz tutdu “Yaşıl Bazar”a.

Bazara girib ilk gözümüzə sataşan böyüklü-kiçikli, bərli-bəzəkli səmənilərin qiyməti ilə maraqlandıq. Satıcı bizə qiymətləri sadalaya-sadalaya bir əliylə də səməniləri dekorlarla bəzəyir: “İrilər 35 manat, orta böyüklükdə olanlar 25, kiçiklər isə 10 manatdır.”.

Düzü, əl boyda səmənilərin bu qədər bahalığı özümü də təəccübləndirdi. Elə bu təəccüblə də soruşdum: Sərf eləyir səməni satmaq? Alan olur?

Satıcı sözümü ağzımda qoyub, “alan olmasa, sataram?, alırlar, ən çox 25 manatlığı alırlar. Çoxu bayramqabağı qudalığa gedəndə alıb aparır. Gəlin, düzünü danışaq da, evdə belə səməni qoya bilərsiniz? Yox”,-deyir. 

Bazar olsun deyib, yollanırıq meyvə-tərəvəz piştaxtasına.

Burada 4-5 alıcı növbədə durub, satıcıyla danışırlar: “2 kilo pomidor çək, ətlisindən olsun”.

Yadıma bir video düşür. O vaxt Rusiyada işləyən bir azərbaycanlı var idi, Şəmkir xurması satırdı, alıcılar başına yığılmışdı. Qəflətən bir qadın gəlir, hər şeyin qiymətini soruşur. Satıcının başı qarışır buna, o biri real alıcılar yaddan çıxır. Elə olur ki, bu qadın heç nə almır, durur gedir. Satıcı başlayır gileylənməyə ki, almırdınsa niyə imkan vermədin xurmamı satardım o birilərə.

Mən də o situasiyaya düşməmək üçün 2-3 dəqiqə sırada gözlədim. Növbə mənə çatanda soruşdum, pomidor neçəyədir?

- Səkkiz manat.

­ - Bəs almalar?

- Baxır sənin imkanına. Qırmızı almayla yaşıl 6 manatdır, simirinka 7.

­- Bəs armud?

- Armud da 8 manatdır, duşesdir, içi sulu-suludur.

Elə mən qiymətlərlə maraqlanan yerdə yenə alıcı gəlir, “ağsaqqal almaların hər rəngindən çək 1 kilo olsun.  Sən Allah eləsin qoy ki, çürüyü olmasın, vaza qoyuruq”. 

Gedirik o biri sıralara, göy-göyərtilər üst-üstə qalaq-qalaq alıcılarını gözləyir. Xalalar yaxınlaşıb, “ay qızım, nə istəyirsən, verim?” deyir. Heç nə lazım deyil, sağ olun. “Müştəri var?” - soruşuram. “Yox, hələ ki, heç kim yoxdur. Elə bil bayram deyil, gəlib-gedən yoxdur. Camaatı da qınamıram heç, neyləsinlər”, -deyir.

Bayramın simvolu qoz-fındıqdır axı. İri, ağappaq qozlar adama gəl-gəl deyir.

Satıcı deyir ki, bunları Zaqataladan gətirib: “Qabıqlı qoz 12 manat, fındıq 10. Qarışıq çərəzlər 12-16 manatdır. Qoz ləpəsi 14-ə, 16-ya, 18-ə, 22-yə, 24-ə. Bal kimi ağappaq, içində 1-cə dənə də çürüyü olmayan, yağ kimi ağızda əriyən qoz ləpəsi axtarırsınızsa, bax, o 24 manatdır”.

Soruşuram ki, bəs keçən ilə baxanda qiymətlərdə fərq var?

- Hə, əlbəttə.

- Bəs alıcılar var?

- Yox, ay xanım, əvvəlki bayram yoxdur, o ki qalsın alıcı. Ürəyimizdə bayram həvəsi qalmayıb heç.

- Nə deyək, Allah müştəri yetirsin.

Bir az irəlidə başqa ləpələr də görürəm. Keçib ilk püstəni soruşuram. Kilosu neçəyədir?

­­- Püstəni kilo ilə alan qalmayıb e, hərə bir ovuc alar, almaz. Amma belə kilosu 60 manatdır.

Buradan da uzaqlaşıb, bazarın ikinci hissəsinə keçirik. Qarşıda xoş simalı yaşlı dayı dayanıb, səməni satır: “2 manatdan başlayır, qızım. 5-ə, 10-a, 20 manata da var. Şükür, alan var. Gəl birini də sənə verim, apar qoy işə”, -deyir.

Dayıyla sağollaşıb, gedirik bayramın gözünün işığı ətin, balığın qiymətiylə maraqlanmağa.

İçəri müştəri ilə dolub. Qəssab əlində qıpqırmızı mal ətini tikələrə ayıran yerdə yanına yaxınlaşıb qiymətləri soruşuram: “Mal əti 21 manat 50 qəpik, quzu əti isə 23 manat 50 qəpikdir. Beyləqan heyvanıdır”, - deyir.

Yadıma düşür ki, pomidorun qiymətini soruşdum, amma xiyar qaldı. Elə qarşıda satıcını görüb soruşuram. O isə mediadan qaçan bütün satıcılara məxsus şirin yalanı danışır: “Bunlar satılmır, xanım”, deyir.

Bu şirintəhər yalana o qədər öyrəşmişəm ki, bu dəfə cavab verirəm: “Onda lap gözəl, satılmırsa, pay verilir yəqin, mənə də oradan 4-5 kilo çəkərsiniz”. 

Satıcı gülümsəyib, deyir, dağ da dağa rast gələrmiş: “Xiyarlar 5-6 manatadır, növünə görə dəyişir”.

Qabaqda yaşlı bir nənə qarşısındakı 1 balaca yeşikdə qırmızı “qızıl əhməd” almaları satır. Onun bu boyda bazarda bapbalaca yerinin olması, orada da xırdaca yeşikdə təkcə alma satması diqqətimi çəkir. Yaxınlaşıb qiyməti soruşanda deyir ki, məni çəkməsəniz deyəcəm qiymətləri. Razılaşırıq. “Almanın kilosu 4 manatdır”.

Bazar olsun nənə, deyib gedəndə məni çağırdığını görürəm: Ay qızım, ay qızım, gəl birini verim sənə. Nə qədər yox, götürə bilmərəm, olmaz, sağ olun desəm də, əlimə 2 alma qoyur. “Biri sənin, biri də o oğlanın” - əliylə fotoqrafımız İlkini göstərib deyir: “Elə bil ki, sən papaq atdın, mən də iki alma qoydum”.

Bazarın içində qəşəng şüşə rəfləri olan çərəz mağazası gözümə dəyir. Satıcı bikef halda deyir: “Alan yoxdur, qiymətlə maraqlanıb gedirlər, heç kim çərəz almır”. Sağollaşıb, gedirik irəli.

Yaxşı müştəriləri olan bir çərəz satanla da qarşılaşırıq. Elə biz soruşmadan o deyir: “Qabıqlı qoz 8-9-10 manatdır. Qabıqlı fındıq 7-8-12 manatdır”.

Bizə qiymətləri deyə-deyə bir naxçıvanlı müştəri yaxınlaşır. Satıcı ona deyir ki, mən də naxçıvanlıyam, burada da Ordubad malları satıram. Elə məndən alın, yerliyik. Nədənsə yerlisi də bahadır, deyib, uzaqlaşır.

“Makadamiya fındığı neçəyədir?, -deyirəm.

“Bu, 23 manatdır. Münasib qiymət, yüksək keyfiyyət”.

Səhərdən bazarı gəzib kişmiş görməmişəm. Elə bu dəmdə çərəz satanlardan birində qara, sarı kişmiş görüb, yaxınlaşıram.

“Qara kişmiş 12-18-22 manatdır. Amma indi 12 manatlıqdan qalmayıb. Alver yaxşı deyil heç. 2026-cı il bizə düşmədi, biabırçılıqdır. Müharibə də bir yandan. Mən şəxsən qiymətləri qaldırmamışam. Marketlərdən qat-qat ucuzdur, di gəl ki, alıcı yoxdur”.

- Yaxşı olar. Fındıq ləpəsini siz neçəyə verirsiniz?

- Fındıq ləpəsi 23-25 manatdır. Qovurulmuş fındıq ləpəsi 28 manatdır.

Burayla da işimi yekunlaşdırıb, meyvə satılan piştaxtaya keçirəm: Bazar olsun, neçəyə satırsınız bunları?

- Naringi 5-6, duşes armud 6 manat, üzüm də 5-6 manatadır.

Gözümə qəhvəyi rəngdə naringiyə oxşayan meyvə sataşır: “Bu nədir, neçəyədir?”, deyirəm.

- Portağaldır, içi qıpqrımızıdır, kilosu 12 manatdır.

- Bəs alıcı var?

- Zəifdir, zəif. Bayramınız mübarək olsun.

Bazara gedib, siyahı tutan adamlar kimi mən də öz siyahıma baxıb, deyirəm. Ay, aman şam yaddan çıxdı. Şamsız xonça olar?

Bərbəzəkli xonçalar, əl-işləri və şamlarla bəzənmiş bir piştaxta bizi qarşılayır. Nurani üzlü dayıdan soruşanda o deyir ki, kiçik şamların paçkası 1, böyüyü 2 manatdır.

- Bu dekorları kim hazırlayır, necə gözəldirlər...

- Hamısını özüm düzəldirəm. Əl qabiliyyətim yaxşıdır.

Buradan da çıxıb, kartof-soğan satılan tərəfə keçirik. Di gəl ki, satıcılardan qiymət soruşanda demirlər, əksinə adamı acılayırlar. Amma bunun da yolunu tapıram. Arxadan bir nəfər həqiqi alıcı qiymətlə maraqlanmaq üçün gələndə “təzə kartof 2 manat”, sözünü eşidirəm. Satıcı məni görüb deyir, yarı əsəbi, yarı gülərüz formada “hə, eşitdin axır ki”, deyir. Gülümsəyib, gedirəm.

Kartof-soğan hissəsindən çıxan kimi xarici meyvələr, bər-bəzəkli piştaxta olan yer diqqətimi çəkir. Yadıma düşür ki, ananasla maraqlanmamışam, qoy elə indi soruşum.

- Ananas neçəyədir?

- 20 manat.

- Nə? 20 manata ananas olar? 5 manat deyildi o?

- Bu ananas o ananasdan deyil. Bunlar Azərbaycanda yetişdirilmir.

- Yaxşı, nə deyirəm ki, bəs banan?

- Banan da 5 manat.

- Baha deyil sizcə?

- Mayasını ödəmir, neyləyim ki mən.

Heç nə, sağollaşıb, qabağa gedirik. Burada da bir balaca yeşikdə yumurta satan nənəylə rastlaşırıq: Bizi gördükdə, deyir, “kənd yumurtasıdır, 35 qəpiyə verirəm. Elə indicə gəlib kənddən”. Almaq üçün gəlmədiyimizi deyib, irəli gedirik.

Xırda nəlbəki içində 4-5 dənə alçanı görüb, soruşuram: Alça neçəyədir?

- 15 manat.

Bu qiyməti də bilib, bazarın ən sonuna, balıq satılan tərəfə keçirik. Eşitdiyimizə görə son günlər qonşu ölkələrdəki gərginliklərə görə, balıqların da qiyməti qalxıbmış. Satıcılar da bunu təsdiqləyir: “Balığın qiymətində 4-5 manat artım var. Farel 18-20 manatdır. Əvvəllər hamı farel alırdı, amma indi öz Xəzərimizin balıqlarını, sazanı, xanını daha çox alırlar. Onlar daha münasibdirlər. 1 kilo balığa 20 manat verməyə əlləri gəlmir, deyirlər ondansa 1 kilo mal əti alıb yeyərik”.

Beləcə, bayram süfrəsi üçün lazım olan ərzaqların məbləğlərini öyrənib, bazardan çıxırıq. Bayramımız mübarək olsun!

Foto - İlkin Nəbiyev © APA GROUP 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://lent.az
archiveBu xəbər 17 Mart 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see279

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see199

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see199

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see196

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see187

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see187

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see186

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see186

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see185

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see184

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see181

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see180

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see180

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see177

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see177

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see176

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri