2025 ci il ABŞ Azərbaycan əlaqələrinin yüksəliş ili TƏHLİL VİDEO
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 25 dekabr, AZƏRTAC
Tramp və yeni siyasi dalğa
2025-ci ilin yanvarında bütün dünyanın gözü Amerika Birləşmiş Ştatlarına yönəlmişdi. Yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimindən sonra səsləndirdiyi bəyanatlar təkcə ABŞ üçün deyil, eyni zamanda, bütün dünya üçün yeni istiqamət formalaşdırdı. Donald Tramp ölkənin daxili siyasəti ilə yanaşı, beynəlxalq arenada da münaqişələrin həllinə dair mövqeyini gücləndirəcəyini, dünyada demək olar bütün münaqişələri həll edəcəyini bəyan etdi.
Onun münaqişələrin həlli istiqamətində verdiyi vədlər bir il keçmədi ki, reallaşdı. Tramp “qaynar nöqtələr”dəki bir çox münaqişələrin həllində vasitəçiyə çevrildi.
2020-ci ildə Azərbaycan öz torpaqlarını işğaldan azad edərək suverenliyini bərpa etdi. Bu prosesin siyasi təsiri və beynəlxalq səviyyədə təsdiqi isə öz kulminasiya nöqtəsini 2025-ci il avqustun 8-də Ağ evdə üç lider arasında keçirilən görüş zamanı yaşadı.
Tramp administrasiyası, həmçinin böyük rifah vəd edən ölkələrlə və regionlarla əlaqələrin inkişafı istiqamətində aktiv fəaliyyətə keçdi.
ABŞ-Azərbaycan münasibətlərində dönüş nöqtəsi
Heç şübhəsiz ki, 2025-ci il Amerika–Azərbaycan münasibətlərində də böyük dönüş ili oldu. 1997-cü ildə Ulu Öndər Heydər Əliyevin ABŞ-a səfərindən sonra iki ölkə arasında münasibətlərin inkişafı, 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ-a dəstək göstərməsi və bunun ardınca əlaqələrin yeni mərhələyə qədəm qoyması fonunda 2025-ci il avqustun 8-də keçirilən görüş əlaqələri indiyədək olan ən üst səviyyəyə çatdırdı.
Bayden administrasiyası dövründə tənəzzülə uğramış Amerika–Azərbaycan münasibətləri Donald Tramp administrasiyası dövründə çiçəklənmə dövrünü yaşadı. 8 avqust görüşündə Ağ evdə ilk dəfə olaraq ABŞ ilə Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində işçi qrupunun yaradılması barədə qərar qəbul edildi. Bununla yanaşı, əlaqələrin bir çox istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olundu.
Azərbaycan Prezidenti İlham Əliyevin Ağ evə ilk rəsmi səfəri zamanı ABŞ Prezidenti Donald Tramp tərəfindən ona qarşı nümayiş etdirilən səmimi və mehriban münasibət dövlətimizin başçısının həm müdrik siyasi lider, həm də güclü dövlət başçısı kimi mövqeyinin göstəricisi oldu. Donald Tramp Prezident İlham Əliyevi xüsusi ehtiramla qarşıladı və onu Azərbaycanın böyük Lideri adlandırdı.
Bu tarixi səfər təkcə ABŞ-da deyil, bütün dünyada geniş rezonans doğurdu və 2020-ci il Zəfərindən sonra Azərbaycanın qürur yaşadığı növbəti mühüm günlərdən biri kimi tarixə düşdü.
Çox keçmədən Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində işçi qrupunun yaradılmasına dair fəal işlər həyata keçirildi və görüşlər baş tutdu. Bu, növbəti ildə sözügedən istiqamətdə məhsuldar görüşlərin keçiriləcəyi mesajını ötürür.
Regiondakı münaqişənin həllində ABŞ-ın rolu
2020-ci ildə Azərbaycan Liderinin nümayiş etdirdiyi güclü siyasi iradə nəticəsində ölkəmiz öz torpaqlarını işğaldan azad etdi. Daha sonra Xankəndinin və ətraf ərzilərin Azərbaycanın tam idarəçiliyinə keçməsi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə bərpa olundu.
Amerika Birləşmiş Ştatları daha əvvəl də, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində dəfələrlə müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişdi. Lakin bu fəaliyyətlər heç vaxt danışıqlar mərhələsindən real nəticə səviyyəsinə keçməmişdi.
Müharibə başa çatdıqdan sonra Bayden administrasiyası Azərbaycan ilə Ermənistan arasında görüşlərə bir neçə dəfə vasitəçilik etsə də, bu təşəbbüslərin real nəticə verməyəcəyi aydın idi. Yekunda həm Azərbaycan, həm də Ermənistan tərəfi münasibətlərin və danışıqların ikitərəfli formatda davam etdirilməsini daha məqsədəuyğun hesab etdi.
Donald Trampın Azərbaycan və Ermənistan liderlərini bir araya gətirməsi isə bu prosesdə keyfiyyətcə yeni mərhələ oldu. ABŞ bu prosesdə güc nümayiş etdirməkdən daha çox, ilk dəfə səmimi, xoş niyyətini ortaya qoydu. Tramp administrasiyası iki ölkə arasında əməkdaşlıq şəraitində işləməyin, əldə olunacaq sülhün regionun inkişafına, eləcə də ABŞ-la hər iki ölkə arasındakı münasibətlərin gələcəyinə nə qədər böyük təsir göstərəcəyini açıq şəkildə nümayiş etdirdi.
2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalandı.
İlk dəfə olaraq Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında gələcəkdə imzalanması nəzərdə tutulan sülh müqaviləsinin paraflanması prosesi başlandı. Üç lider – Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan dünyanın siyasi mərkəzlərindən biri olan Ağ Evdən beynəlxalq ictimaiyyətə mühüm siyasi mesajlar ötürdülər.
Beləliklə, bütün dünya Ermənistan–Azərbaycan münaqişəsinin həllinin real mərhələyə keçdiyinin şahidi oldu və dünyanın aparıcı dövləti olan ABŞ-ın təsiri ilə bu proses beynəlxalq səviyyədə də qəbul edildi.
Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu
ABŞ, Azərbaycan və Ermənistan liderləri arasındakı görüşün ən əhəmiyyətli məqamlarından biri həm də Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu, yəni TRIPP layihəsinin icrasına dair siyasi iradənin nümayiş etdirilməsi oldu. Bu layihə, əslində, Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin bir hissəsi olan Zəngəzur dəhlizinin yenilənməsi və ABŞ-ın bu prosesdəki dəstəyini göstərən mühüm addım idi.
Azərbaycanı onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birləşdirəcək və regiondakı nəqliyyat bağlantılarının əhəmiyyətli halqası olacaq bu dəhliz ABŞ-ın regionun iqtisadi inkişafına verdiyi əhəmiyyəti və özünün buradakı iqtisadi maraqlarını göstərir.
Bununla yanaşı, Prezident Donald Tramp 10 ildən sonra Mərkəzi Asiya ölkələri və ABŞ arasında strateji əlaqələr çərçivəsində Ağ Evdə Mərkəzi Asiya liderləri ilə ilk rəsmi görüşünü keçirdi. Bu görüşün məhz 2025-ci ildə keçirilməsi də təsadüfi deyil. Belə ki, görüş zamanı Tramp TRIPP layihəsinə diqqət çəkdi və bu təşəbbüsün ABŞ ilə Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlığın inkişafında nə qədər əhəmiyyətli olduğunu bildirdi.
907-ci düzəliş
ABŞ-Azərbaycan münasibətləri qarşısında ən böyük maneələrdən biri “Azadlığa dəstək aktı”na 907-ci düzəliş idi. Amerika və Azərbaycan liderlərinin tarixi Vaşinqton görüşündə bu maddənin ləğvi məsələsi də gündəmə gəldi və Tramp 907-ci düzəlişin icrasını bir il dayandırmaqla bağlı sənəd imzaladı. İki ölkə arasında əlaqələrin ruhuna uyğun olaraq illərdir onun dayandırılması prosesi hər il yenilənirdi. Lakin Bayden administrasiyası bu maddədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək məqsədilə onun yenilənməsini dayandırdı. Nəhayət bu ilin sonlarına yaxın ABŞ Konqresinə bu ölkənin Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi ilə bağlı qanun layihəsi təqdim edildi. Bu, faktiki olaraq 907-ci düzəlişin qüvvədən düşməsi deməkdir. Bu onu göstərir ki, ilk dəfədir iki ölkə arasında əlaqələr tamamilə xoş niyyət və səmimi məcrada irəliləyir.
Gələcək əlaqələr üçün güclü baza qurulur
Bütün bunlar göstərir ki, ABŞ artıq siyasi kursunu dəyişir və əvvəlki administrasiya dövründə diqqətdən kənarda saxlanılmış regionlara münasibətlərə ciddi önəm verilir. Başqa sözlə desək, Azərbaycanla və daha geniş mənada regionla əlaqələr artıq ABŞ-da hakimiyyətdə olan administrasiyanın seçimi deyil, ölkənin xarici siyasətinin uzunmüddətli vizyonunun bir hissəsidir.
Donald Tramp administrasiyası Bayden hakimiyyətinin uğursuz siyasətinin əksinə, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu, daha geniş mənada isə Mərkəzi Asiya ölkələri ilə əlaqələrə xüsusi önəm verir. Atılan addımlar gələcək illərdə bu münasibətlərin bütün tərəflərin maraqlarına xidmət edəcək nəticə verəcəyini göstərir.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Baxış sayı:79
Bu xəbər 25 Dekabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















