Azərbaycan Afrika əlaqələrinin əhəmiyyəti
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Pərvanə SULTANOVA
[email protected]
Son illər Azərbaycanla Afrika ölkələri arasındakı münasibətlərdə yeni bir dinamika özünü göstərir. Bir sıra Afrika liderləri Azərbaycanda səfərdə olur, əməkdaşlıq imkanları qiymətləndirilir, ikitərəfli sazişlər imzalanır. Ümumiyyətlə, Azərbaycan beynəlxalq aləmin bir parçası olaraq bütün dünya dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlərdə maraqlıdır. Bu mənada Afrika qitəsi də istisna deyil.
Hələ sovet dövründə Azərbaycanla Afrika ölkələri arasında çox yaxşı münasibətlər olub, bir sıra qitə dövlətlərində yüksək vəzifə tutmuş şəxslər vaxtilə məhz Bakıda təhsil alıblar. Azərbaycan müstəqillik əldə etdikdən sonra Afrika ölkələri ilə diplomatik münasibətlər qurmağa başlayıb. 2019-cu ildə Qoşulmama Hərəkatının sədri olandan sonra Afrika ölkələri ilə Azərbaycanın münasibətləri daha dinamik xarakter alıb.
Azərbaycan həm də Afrika ölkələrinə humanitar dəstək göstərir, bir sıra vacib və ən çox ehtiyac duyulan layihələr həyata keçirir. Afrikaya humanitar yardım göstərilməsində dövlətimiz ilk 20 ölkə arasında yer alır. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə artıq neçə ildir ki, müxtəlif Afrika ölkələrində tibbi və texniki yardım layihələri həyata keçirilməkdədir. Bu fəaliyyətə, həmçinin Heydər Əliyev Fondu mühüm töhfə verir.
Yada salaq ki, pandemiya dövründə Azərbaycan 80-dən çox ölkəyə kömək göstərib, onların əksəriyyəti məhz Afrika dövlətləri idi.
Bakı, eyni zamanda, Fransanın hələ də davam etdirdiyi neokolonial siyasətinə qarşı çıxır, bu siyasətdən əziyyət çəkən keçmiş müstəmləkə ölkələrinin, o cümlədən Afrikada yerləşən Niger, Mali, Burkina-Faso, Seneqal və s. kimi ölkələrin öz hüquqları və suverenlikləri uğrunda, həmçinin fransız imperialist hökmranlığından xilas olmaq üçün apardıqları mübarizəyə dəstək verir. Ölkəmizin təşəbbüsü ilə keçirilən çoxsaylı beynəlxalq konfrans və forumlara Afrikanın keçmiş müstəmləkə ölkələrinin nümayəndələri də qatılaraq Fransanın neokolonial siyasətini ifşa edir, buna kəskin etirazlarını bildirirlər.
Xatırladaq ki, ötən il aprelin 4-5-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso, bu il fevralın 11-14-də Somali Prezidenti Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfərləri zamanı həmin ölkələrlə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi niyyəti ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.
Hazırda Azərbaycanla Afrika qitəsi ölkələri arasında iqtisadiyyat, neft-qaz, mədənçilik, müdafiə sənayesi, minatəmizləmə, təhsil sahələrində, eləcə də humanitar yardımların həyata keçirilməsi və "ASAN xidmət" modelinin Afrika ölkələrində tətbiqi istiqamətlərində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycanın qitədə ən geniş iqtisadi əlaqələrə malik olduğu ölkələr Tunis, Cənubi Afrika Respublikası, Misir, Mərakeş, Liviya və Keniyadır. Son vaxtlar Konqo ilə enerji sahəsində əməkdaşlıq üçün addımlar atılıb. Belə ki, SOCAR ilə Konqo Milli Neft Şirkəti arasında "Congolaise de Raffinage" neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsinə dair sənəd imzalanıb.
Azərbaycan Afrika ölkələrinə hərbi təyinatlı məhsulların ixracında da maraqlıdır. Somali Prezidentinin ölkəmizə səfəri zamanı müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında sənəd imzalanıb.
Bir neçə gün əvvəl isə Qvineya-Bisaunun Prezidenti Umaro Moktar Sissoko Embalo Azərbaycanda səfərdə oldu.
Prezident İlham Əliyev görüş zamanı bunu tarixi səfər adlandırıb: "Bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür və onu göstərir ki, biz qardaş və dost kimi birgə işləyirik və bunu davam etdirəcəyik".
Dövlət başçısı bildirib ki, beynəlxalq təsisatlarda iki ölkə bir-birini hər zaman dəstəkləyir, bunu belə də davam etdirəcəyik.
Prezident Umaru Sisoku Embalo isə deyib ki, Azərbaycanla əlaqələri yeniləmək üçün burdadır: "Qvineya-Bisau və Azərbaycan iki dost ölkədir, bizim amallarımız ümumidir. Bir sıra vacib məsələlər üzrə əminlik var. BMT və İƏT çərçivəsində əməkdaşlıq edirik. Biz də, siz də həmin iki təşkilatın üzvüyük.
Təkbətək görüşdə biz beynəlxalq münasibətlərə aid çox məsələləri müzakirə etdik və bir-birimizi dəstəkləməklə bağlı razılığa gəldik. Düşünürəm ki, bu, daha vacibdir. Birgə işləmək üçün hədəfləri müəyyən edə bilərik. Əl-ələ verib ölkələrimizi daha yaxın etmək üçün işləyə bilərik".
Onu da qeyd edək ki, Azərbaycan ilə Qvineya-Bisau arasında əlaqələr əsasən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində davam etdirilir. İƏT çərçivəsində Azərbaycanla bağlı qəbul edilən qətnamələrə Qvineya-Bisau dəstək göstərib. Azərbaycan koronavirus pandemiyası ilə qlobal mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə Qvineya-Bisauya 2020-ci ildə 100 min ABŞ dolları həcmində yardım göstərib.
Afrika qitəsi ilə əməkdaşlığın əhəmiyyətinə toxunan Milli Məclisin deputatı Hikmət Babaoğlu "525"ə bildirib ki, hazırda Afrika ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini müəyyən edir. Çünki indiki tarixi mərhələdə bütün dünyanın diqqəti Afrikaya yönəlib. Afrika qitəsi coğrafi tale etibarilə yeni bir mərhələyə qədəm qoyub.
Deputat vurğulayıb ki, uzun əsrlər boyu Afrikanı müstəmləkə altında saxlayan bir sıra ölkələr geri çəkilmək məcburiyyətində qalıb, xüsusən Qərbi və Orta Afrika ölkələrində mühüm, tarixi hesab edilə biləcək hadisələr baş verir: "Əsas etibarilə Orta Afrikadan Fransa kimi imperalist ölkələr geri çəkilməklə və yeni reallıqda yeni xarici siyasət imkanları üçün perspektivlər açıb. Ona görə də biz bilirik ki, Afrika ölkələri həm təbii sərvətlər baxımından zəngindirlər, həm də dünyanın inkişaf etməkdə olan mühüm coğrafiyası kimi investisiya tələb edən ərazilərdir. Başqa sözlə, Afrika həm də təbii ehtiyatlar coğrafiyasıdır. Bu mənada mən düşünürəm ki, son dövrlərdə iki Afrika ölkəsi prezidentlərinin Azərbaycana səfər etməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti ilə Qvineya-Bisau Prezidentinin görüşməsi, Afrika ölkəsi rəhbərinin Azərbaycana səfəri məhz bu kontekstdə qiymətləndirilməlidir. Bu, eyni zamanda Azərbaycanın yeni statusda dünyaya yenidən açılması hadisəsidir.
Biz bilirik ki, uzun illər Azərbaycanın xarici siyasətinin əsas priotiteti yalnız və yalnız bir istiqamətə - ərazi bütövlüyümüzün bərpa olunması istiqamətinə yönəlmişdir. Xarici siyasət enerjimizin az qala hamısı buna xərclənirdi. İndi isə vəziyyət tamamilə dəyişib və düşünürəm ki, bu, həm də Azərbaycanın yaratdığı yeni reallıqlarla bağlıdır. Dolayısı ilə bu, Azərbaycanın dünyaya yenidən açılması, böyüməsi deməkdir. Yəni xarici siyasətimiz bu gün Sakit Okean adalarından tutmuş, Afrika ölkələrinə qədər genişlənibsə, bu, Azərbaycanın diplomatiyası tarixində yeni bir mərhələdir".
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli "525"ə deyib ki, Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirir: "Ölkəmiz adətən çoxvektorlu xarici siyasətində dünyanın güc mərkəzləri ilə münasibətlərə böyük əhəmiyyət verib. Amma son zamanlar Azərbaycanın xarici siyasətində yeni istiqamətlər açılıb və burada fəallıq özünü göstərir. Düşünürəm ki, yeni istiqamətlərdən biri də Afrika ölkələri ilə münasibətlərdir".
Afrika ölkələri ilə münasibətlərin inkişafını vacib edən məqamlara toxunan ekspert ilk növbədə münasibətlərin həm siyasi, həm iqtisadi tərəflərinə diqqət çəkib: "Siyasi baxımdan qeyd etmək istəyirəm ki, Azərbaycan harada yerləşməsindən asılı olmayaraq bütün dünya dövlətləri ilə münasibətlər qurmağın, əlaqələri inkişaf etdirməyin tərəfdarıdır və ölkəmiz olduqca fəal bir diplomatiya, xarici siyasət həyata keçirir. Afrika ölkələri ilə münasibətlərə həm də bu kontekstdən yanaşırıq. Məlum olduğu kimi, Afrika ölkələrinin əksəriyyəti həm də Qoşulmama Hərəkatında təmsil olunurlar. Azərbaycan son illər Qoşulmama Hərəkatının işinə mühüm töhfələr verib. Ölkəmiz bu quruma çox uğurla sədrlik edib. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində üzv dövlətlərlə münasibətlərindən hesab edirəm ki, həm siyasi olaraq özü, həm də bu qurumda təmsil olunan ölkələr faydalanıblar".
M.Məmmədli xatırladıb ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra da Qoşulmama Hərəkatına daxil olan bir sıra ölkələr Azərbaycanı beynəlxalq müstəvidə dövlətimiz üçün vacib olan məsələlərdə müdafiə ediblər: "Həmçinin Afrika ölkələri ilə münasibətlərin digər vacib siyasi tərəflərindən biri də ondan ibarətdir ki, Azərbaycan dünyada müstəmləkəçiliyə qarşı mübarizə aparan dövlətlərdən biridir, xüsusilə əsrlər boyu istismar edilən bir çox fundamental hüquqlardan - siyasi, iqtisadi, mədəni hüquqlardan məhrum edilən xalqların yanında olduğumuzu daim nümayiş etdiririk. Bu işdə də bilirsiniz ki, Azərbaycanın xarici siyasəti, diplomatiyası xeyli fəaldır və həmçinin biz məhz Afrika ölkələri ilə münasibətlərdə də bu məsələyə xüsusi diqqət yetiririk. Yəni Afrika ölkələrinin müstəqilliyinin qorunması, möhkəmlənməsi, onların müstəmləkə, istismar obyekti olmaması üçün Azərbaycan da öz töhfəsini verməyə çalışır. Bu işdə onları müdafiə edir, bütün bunlarla bərabər təbii ki, Azərbaycanla Afrika ölkələri arasında münasibətlərin həm də iqtisadi tərəfləri var. Buna misal olaraq qeyd etmək istəyirəm ki, hər iki tərəf - həm Azərbaycan, həm də Afrika ölkələrinin iqtisadi münasibətləri inkişaf etdirmək üçün ciddi potensialı var".
Əlavə edib ki, son zamanlar bir sıra Afrika ölkələri liderləri, o cümlədən Somali, Qvineya-Bisau prezidentləri Azərbaycanda səfərdə olublar: "Bu səfərlər zamanı əldə olunan razılaşmalara baxsaq görərik ki, bir çox vacib sahələr üzrə əməkdaşlıq müqavilələri, sazişlər imzalanıb. Kənd təsərrufatı, mədənçilik, təhsil, müdafiə və s. qeyd etmək olar. Düşünürəm ki, elə bu istiqamətlər üzrə də biz əlaqələrimizi inkişaf etdirəcəyik və bu münasibətlərdən hər iki tərəf, həm Azərbaycan həm də Afrika ölkələri qarşılıqlı fayda götürə bilərlər".

