Icma.az
close
up
RU
3 zirvənin fatehi

3 zirvənin fatehi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Həyatda hər kəsin yerini və rolunu tarix müəyyən edir”

Tərcümeyi-halı ilə tarix yaradan, Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərən görkəmli ədib, böyük alim, unudulmaz müəllim, xeyirxah insan Mir Cəlal Paşayevin anadan olmasından 118 il ötür.

Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Güney Azərbaycanın Əndəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkar ruhun qida yerinə, millətin istiqlal manifestinə çevrilən “Bir gəncin manifesti” əsəri ilə tarix yaradıb.

Zamanın güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, milli ədəbiyyatın 1905-1917-ci illər dövrünü əhatə edən “Azərbaycanda ədəbi məktəblər”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin sütunlarından birinə çevrilib.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Tərəddüd etmədən deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi.

1928-ci ildə mətbuatda ilk şeirləri – “Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir” işıq üzü görən, 1930-cu ildən etibarən hekayələr yazan ustad sənətkar o dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” əsərləri ilə oxucuların görüşünə gəlib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub. 1935-ci ildə işıq üzü görən “Dirilən adam” romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin dili ilə desək, realist yazıçı olduğunu göstərib.

Yazıçının qələmindən çıxan 6 roman – “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz harayadır”, “Açıq kitab”, “Yaşıdlarım” və “Yeni şəhər” kitabları tarixlə müasirlik arasında körpüyə çevrilib.

1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alan görkəmli alim, pedaqoq 1978-ci il sentyabrın 28-də dünyaya vida nəğməsi oxusa da, əbədiyyət dastanını qələmlə kəlamın vəhdətində yaradıb.

Yazıçı, müəllim, alim kimi üç zirvənin fatehi sayılan Mir Cəlal kiçik hekayələrin ustadı, ciddi roman və povestlərin müəllifi, ədəbi irsi aforizmlərlə, atalar sözləri ilə zəngin olan fikir və düşüncə sahibi kimi tanınır.

Mir Cəlalın taleyinə təlatümlərlə dolu XX yüzil düşmüşdü. İnqilabları, repressiya və müharibələri əhatə edən bu zaman kəsiyi hər bir ciddi qələm sahibinin imtahanı idi. Ondan üzüağ çıxmaq üçün isə Mir Cəlal təmizliyi və əyilməzliyi gərəkdi. Vaxtın, zamanın fövqünə qalxmaq, onu millətinin nəfinə işlətmək üçün mənindəki mənə tapınmaq, quruluşun, zamanın üstünə yerimək o qədər də asan deyildi. Mühiti, şəxsiyyəti, irsi və varisləri ilə bu gün də nümunəyə çevrilən Mir Cəlal dövrdaşlarından fərqli olaraq, qələmlə kəlamın vəhdətində oxucusuna tarixin ən mühüm suallarını ünvanlayıb.

“Kölgədə bitən ağacın kölgəsi olmaz”, “Gərək elə yazasan ki, ya yazdıqlarına, ya da ünvan seçdiklərinə görə xatırlanasan”, “ən böyük nailiyyətim ailəm, ən qiymətli əsərim övladlarımdır” kimi kəlamları ilə dəyərlərin əyarına çevrilən Mir Cəlalın milli mənlik, milli kimlik uğrunda mücadilədə mücahid dastanını yazan hər bir vətənpərvər insan üçün örnəyə çevrilən bir kəlamı da var: “İtə ataram, yada satmaram!”.

Bir yazıçı kimi Mir Cəlalın təmtəraqlı adı, orden və medalları olmayıb, amma Mir Cəlal adı, imzası özü bir etalon olub. O, doğuluşdan paralanmış, yaralanmış Azərbaycanın haqq səsi olaraq var olmuşdu. Taleyin sərt üzündən özü öz tarixi torpaqları ilə həmsərhəd olan Azərbaycanın iri və paytaxt şəhərləri Təbriz və Bakı onun ömründən keçirdi. “Bir gəncin manifesti”ndə Azərbaycan anasının gələcəyə ünvanlanan sevgi məktubunun Azərbaycan xalısının “Yusif və Züleyxa” dastanını yaradan Mir Cəlal Sonanın dili ilə ingilis zabitinə sərt şillə vurur: “İtə ataram, yada satmaram”.

Bu gün Azərbaycan xalısı Mir Cəlalın sevimli nəvəsinin – ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iradəsi ilə dünyanın maddi-mədəni irsi siyahısına yazılıb.

Mir Cəlal bu dünyaya 3 zirvənin fatehi kimi könüllərdə taxt qurmağa gəlmişdi. Ruhunu, duyğusunu, sevgilərini Şeyx Cəmaləddin Əfqani kimi doğmalarının və yetirmələrinin beyinlərinin şırımlarına dən kimi səpmişdi. Həmin müqəddəs dəndən cücərib dirçələn, 44 günlük tarixi savaşdan, Vətən müharibəsindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin, qüdrətli Azərbaycan Ordusunun iradəsi ilə Şuşa qalasında, Xudafərin körpüsündə Bayrağa dönən millət “kölgədə bitən ağacın kölgəsi olmaz”, Vətən torpağının bir qarışını da yağıya, “yada satmaram!” nidası ilə tarix yaratdı.

Qalın deyil, qalan kitabların müəllifi Mir Cəlal bu dünyaya mənsub olduğu millətin əbədiyyət dastanını yazmağa gələnlərdən idi. Gəldi, sevdi, yazıb-yaratdı, bütövlüyün, birliyin, diriliyin şərbətini mənsub olduğu millətə, məmləkətə içirib getdi. Bu il milli maraqları manifestə çevirən Mir Cəlalın “Bir gəncin manifesti” əsərinin çapdan çıxmasının 85 ili tamam olur.

Biz bir millət, məmləkət olaraq 85 ildir dəyərlər tariximizin incisinə çevrilən bu əsərlə nəfəs alırıq. Bu, Mir Cəlalın ədəbiyyat kəhkəşanında sönməyən ulduz olduğunu sübut edən amillərdən biridir. Şah əsərlər min ildə bir yarandığı kimi, fitri istedad sahibləri, dahilər də min ildə bir doğulur. Bu gün onun ruhunu cisminə geyinib Yer üzünə endiyi gündür. Məqamı uca, məkanı cənnət olsun!

Şərəf CƏLİLLİ,
tədqiqatçı-publisist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış

22 İyul 2026 16:55see555

Asif İbrahimov: Hazırda bazarlar neftdən çox müharibəyə reaksiya verir

23 İyul 2026 14:47see438

ABŞ administrasiyası diplomatiyaya qapını bağlamaq istəmir

23 İyul 2026 15:33see363

Məşhurların Bodrum tətili Aktrisanın suya düşməsi gündəm oldu

22 İyul 2026 19:46see357

Premyer Liqa klubundan Qarnaçoya 50 milyon avroluq təklif Çelsi satacaqmı?

23 İyul 2026 01:30see347

İspaniyada DÇ 2026 çempionlarını POMİDORLA mükafatlandırdılar VİDEO

23 İyul 2026 01:02see299

Azərbaycan Mədəniyyəti 2040 Konsepsiyası çərçivəsində 84 genişmiqyaslı tədbirə nəzarət mexanizmi yaradılıb

23 İyul 2026 11:35see281

İngiltərə klubunun baş məşqçisi casusluqda ittiham olunur

22 İyul 2026 19:46see261

“Mənim işim insan öldürməkdir” 24 qətl törədən “Saşa Soldat”ın inanılmaz taleyi

22 İyul 2026 20:17see261

“Kəpəz” Benito ilə danışıq aparır

22 İyul 2026 23:56see254

“Liverpul”un potensial həmsahibləri Vinisius və Oliseni transfer etmək istəyirlər

23 İyul 2026 00:50see253

5 dəqiqəlik üsulla stressi idarə edin

23 İyul 2026 15:05see248

Ət niyə od tutub yanır?

23 İyul 2026 13:49see246

Sabah bu rayonda qazın verilməsində fasilə olacaq

22 İyul 2026 19:32see239

Braqa dan qələbə, Başakşehir dən heç heçə

23 İyul 2026 02:45see238

Müstəmləkəçiliyə qarşı mübarizə əzmimiz

23 İyul 2026 11:13see237

“Kəpəz”də portuqaliyalı forvard

22 İyul 2026 21:12see235

Sosial yardımlar və müavinətlərin ödəniləcəyi tarix AÇIQLANDI

23 İyul 2026 18:24see229

Gürcüstanın işığını kimsə söndürdü?.. KİBER HÜCUM? Yoxsa!.. FOTO

24 İyul 2026 07:39see210

Avropada benzinin qiyməti qalxdı

23 İyul 2026 18:48see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri